Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1272/2021 04.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(001)-4678/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Məmmədxanlı Xəyalə Mətləb qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Məmmədxanlı Anur Sucəddin oğlu ilə birgə nikahlarından doğulmuş 30 dekabr 2015-ci il təvəllüdlü Məmmədxanlı Kamil Anur oğlu və 10 avqust 2018-ci il təvəllüdlü Məmmədxanlı Cahandar Anur oğlu adlı uşaqlarının saxlanması üçün cavabdehdən hər ay hər uşağa görə 200 manat olmaqla ümumilikdə 400 manat sabit pul məbləğində alimentin tutulması barədə qətamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlə ailə qurduqları ilk vaxtlar münasibətləri yaxşı olsa da, sonradan pisləşmiş, artıq dözülməz həddə çatmışdır. Faktiki olaraq ailə münasibətləri bitmişdir. Hazırda birgə nikahlarından doğulmuş uşaqlar onun himayəsindədirlər və o, uşaqların maddi tələbatlarını qarşılamaq üçün hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Sonda İddiaçı məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(001)- 4678/2020 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 30 dekabr 2015-ci il təvəllüdlü Məmmədxanlı Kamil Anur oğlu və 10 avqust 2018-ci il təvəllüdlü Məmmədxanlı Cahandar Anur oğlunun 18 yaşa çatanadək saxlanması üçün Məmmədxanlı Anur Sucəddin oğlundan hər ay hər uşağa görə 170 manat olmaqla ümumilikdə 340 manat sabit pul məbləğində aliment tutularaq Məmmədxanlı Xəyalə Mətləb qızına ödənilməsi və alimentin tutulmasının əvvəli 21 avqust 2020-ci il tarixdən hesablanması, iddianın digər hissədə rədd edilməsi, qətnamənin dərhal icra edilsi,20manat məbləğində dövlət rüsumunun Məmmədxanlı Anur Sucəddin oğlundan tutularaq dövlət büdcəsinə keçirilməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4678/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi ilə xx.xx.2015-ci il təvəllüdlü X2 üçün ödədiyi alimenti onun himayəsində qaldığını nəzərə alaraq qətnamənin həmin hissəsə ləğv edilməsini və ondan yalnız İddiaçı himayəsində qalan xx.xx.2018-ci il təvəllüdlü X1 üçün aylıq 170 manat alimentin tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, hesab edir ki, bu qətnamə əsassızdır, qəbul edilən zaman hüquqları pozulmuş, maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş və məhkəmə zamanı səsləndirdiyi fikirlər nəzərə alınmamışdır. Belə ki, hazırkı iş üzrə iddiaçı məhkəməyə müraciət edən zaman onların nikahlarına xitam verilməmişdir, uşaqların kimin yanında saxlanılması barədə məhkəmə qərarı olmamışdır. Hazırkı iddia qaldırılan zaman uşalarının biri - xx.xx.2015-ci il təvəllüdlü Kamil Məmmədxanlı onun, xx.xx.2018-ci il təvəllüdlü Cahandar Məmmədxanlı isə İddiaçı yanında qalmışdır. Bu barədə məhkəmə baxışı zamanı hakimə bildirsə də tələbi hazırkı qətnamədə qeyd edilməmiş və nəzərə alınmamışdır. Belə ki həmin işə baxılan zaman o, iclaslara Kamil Məmmədxanlı ilə birgə getmiş, və onunla da evə qayıtmışdır. Bu hal məhkəmə tərəfindən araşdırılmamış və ya araşdımağa cəhd edilməmişdir ki, nəticədə hər iki uşağa görə ondan aliment tələb olunur. Hazırda da uşaqlardan biri onun yanımdadır, anası onu özü ilə aparmır, ona baxmır, saxlanılması üçün maddi cəhətdən kömək etmir, onun bütün xərclərini özü çəkir. Qeyd edir ki, mən “xxxx” MMC-də işləyir və aylıq əmək haqqı 250 manat təşkil edir. Ödədiyi aliment isə 340 manatdır. Uşağın birinin onun yanında qalması və ona xərcləyəcəyi pulu isə İddiaçı verməyi onun himayəsində qalan uşağa baxmağında çətinliklər yaradır. İş üzrə tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada təkrar xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası iş üzrə materiallarını, apellyasiya şikayətinin dəllillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarında olan, AZİİ seriyalı, 042716 nömrəli “nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, Məmmədxanlı Anur Sucəddin oğlu ilə Mənsimova Xəyalə Mətləb qızı 21 aprel 2015-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, nikaha daxil olarkən Xəyalə Mətləb qızına “Məmmədxanlı” soyadı verilmişdir. AZİİİ seriyalı, 690616 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahlarından 30 dekabr 2015-ci il təvəllüdlü Məmmədxanlı Kamil Anur oğlu adlı uşaqları vardır. AZİV seriyalı, 173309 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahlarından 10 avqust 2018-ci il təvəllüdlü Məmmədxanlı Kamil Anur oğlu adlı uşaqları vardır. “Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi”ndən görünür ki, Məmmədxanlı Anur Sucəddin oğlu 01 oktyabr 2020-ci il tarixdən “xxxx” MMC-də kitab cildləri tikən vəzifəsində işləyir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü hissəsində qeyd olunmuşdur ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. - 78.1 ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu hallarda, habelə uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. - 78.2 ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı ərizəsində hər uşaq üçün 200 manat olmaqla ümumilikdə 400 manat sabit pul məbləğində alimentin cavabdehdan tutulmasını xahiş etsə də, cavabdehin həmin məbləğdə alimenti ödəmək üçün maddi imkanının olmasına dair heç bir sübut məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, normal, yəni, qida rassionlarına uyğun şəkildə qidalanmalarını, fiziki cəhətdən inkişaflarını, digər xərclərin mövcudluğunu nəzərə alaraq hesab edir ki, 1-ci instansiya məhkəməsi haqlı olaraq qənaətə gəlmişdir ki, Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edildiyidən yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün alimentin məbləği hər uşağa görə 170 manat sabit pul məbləğində müəyyən olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. İddiaçı 21 avqust 2020-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyinə görə məhkəmə kollegiyası hesab edir ki, alimentin tutulması həmin tarixdən başlanmalıdır. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə Kollegiya qeyd edir ki, Cavabdeh məhkəmə iclası təkrar təxirə salınaraq, iclasların vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsə də məhkəmə iclaslarında iştirak etməmiş, nə də şikayətdə göstərilənləri təsdiq edəcək sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(001)- 4678/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-1272/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1272/2021
04.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver