Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1273/2023 02.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: Nənədən aliment tutulması tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X9 (sədrlik edən və məruzəçi), X6 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5637/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 02 fevral 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları
1. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 03 avqust 2017-ci il tarixli qətnaməsi ilə X3 X4 atası olması müəyyən edilmiş və X2 uşağın yektinlik yaşına çatanadək saxlanması üçün əmək haqqının ¼ hissəsi miqdarında aliment tutulması qət edilmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 18 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə əvvəlki qətnamə ilə müəyyən edilmiş alimentin məbləğində dəyişiklik edilərək uşağa hər ay 154 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir.
2. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1712/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə X2 xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün həmin məhkəmənin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq hər ay 170 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
3. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-266/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünə əsasən X7 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 08 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat məbləğində alimentin Cavabdeh alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, X7 ilə xx.xx.2015-ci il tarixdə faktiki nikah münasibətinə daxil olmuş və xx.xx.2015-ci il tarixdə Kərimov Abidin adlı uşağı doğulmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə atalıq müəyyənləşdirilmiş və atasından uşaq yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay əmək haqqının ¼ hissəsi miqdarında alimentin tutulması qət edilmişdir. Daha sonra Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə alimentin məbləği artırılaraq hər ay 154 manat, xx.xx.2020-ci il tarixli qətnamə ilə isə hər ay 170 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Hazırkı iş üzrə cavabdehin oğlu X7 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək, 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. O, hal-hazırda cəzasını cəzaçəkmə müəssisəsində çəkməkdədir. Samran həbs olunmamışdan öncə aliment ödəmiş, uşağın xərclərini çətinliklə də olsa qarşılamışdır. Lakin həbs edildikdən sonra aiment ödənişləri dayanmışdır. İddiaçı hazırkı dövrdə övladını saxlamaqda çətinlik çəkir. Samranın valideynləri isə öz nəvələrinin saxlanmasına heç bir köməklik göstərmirlər, uşaqla maraqlanmırlar. Övladı uzun müddətdir ki, kəskin qastrit və bronxit xəstəliyindən əziyyət çəkir. İddiaçı təkbaşına övladının maddi ehtiyaclarını ödəməyə çalışsa da, dərman və digər xərclərini ödəməkdə çətinlik çəkir. Həmçinin övladının xəstəliyi ilə əlaqədar iddiaçı işləyə də bilmir. İş üzrə cavabdeh, yəni uşağın nənəsinin mütəmadi gəlirləri vardır. Cavabdeh təqaüd və şəhid pulu alır. Bu barədə əvvəlki məhkəmə iclasında özü də etiraf etmişdir ki, onun gəliri vardır. Göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5637/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “aliment təyin edilməsi” barədə iddia tələbinin rədd edilməsi qət edilmişdir.
7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, ailə qanunvericiliyinə əsasən öz valideynlərindən maddi yardım ala bilməyən nəvələr saxlanmaq üçün zəruri vəsaitə malik baba və nənədən aliment almaq hüququna malik olduğundan, Cavabdeh onkoloji xəstə olduğundan və onun nəvəsinə aliment ödəmək üçün zəruri vəsaitə malik olması barədə iddiaçı tərəfindən sübut təqdim edilmədiyindən iddia tələbi təmin oluna bilməz. Cavabdeh nəvəsinin saxlanması üçün kifayət qədər zəruri vəsaitə malik olması iş materialları ilə öz təsdiqini tapmır. İddiaçı cavabdehin nəvəsinin saxlanması üçün zəruri gəlirə malik olmasını göstərsə də, bu barədə hər hansı bir sübutu iddia ərizəsinə əlavə etməmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı özü də uşağın valideyni olmaqla, onu saxlamaq vəzifəsini daşıyır, hazırkı iş üzrə cavabdeh olan valideynin cəzaçəkmə müəssisəsində olması və bu səbəbdən aliment ödəyə bilməməsi, digər əmək qabiliyyətli valideynin (yəni iddiaçının) nənədən aliment ala bilməsi üçün əsas ola bilməz. Rəsmi olaraq heç bir yerdə işləməmək və qazanca malik olmamaq valideyni uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Belə olan halda iddia tələbi Ailə Məcəlləsinin 89-cu maddəsində göstərilən birinci şərtlə uzlaşmır, ikinci şərti, yəni cavabdehin zəruri vəsaitə malik olmasını isə araşdırmağa zərurət yoxdur.
8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitutsiyasının 17-ci maddəsinə, Ailə Məcəlləsinin 56.1, 75.1, 89-cu maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5637/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin tam ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayətində göstərilmişdir ki, cavabdehin oğlu X7 ilə xx.xx.2015-ci il tarixdə faktiki nikah münasibətinə daxil olmuş və bu münasibətdən xx.xx.2015-ci il tarixdə Kərimov Abidin adlı uşaqları doğulmuşdur. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə ataliq müəyyənləşdirilmiş və cavabdehdən uşaq yetkinlik yaşına çatanadək əmək haqqının ¼ hissəsi miqdarında aliment tutulması qət edilmişdir. Daha sonra Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə alimentin məbləği artırılmış, əvvəlki qətnamədə dəyişiklik edilərək cavabdehdən uşağın marağına hər ay 154 manat sabit pul məbləğində alimentin tutulmasi nəzərə alınmışdır. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(008)-1712/2020 saylı qətnaməsi ilə X2 xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Sabunçu rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq hər ay sabit pul məbləğində 170 manat aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdehin oğlu X7 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)- 266/2022 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. O hal hazırda cəzasını cəzaçəkmə müəssisində çəkməkdədir. X7 həbs olunmamışdan öncə onun ödədiyi alimentlə xx.xx.2015-ci il təvəllüdlü X4 məsrəflərini çətinliklə də olsa qarşılayırdı. X1 həbs olunduqdan sonra aliment ödənişləri dayandı və o bu gün övladını maddi cəhətdən təmin etməkdə çətinlik çəkir. X3 valideynləri isə öz doğma nəvələrinin saxlanmasında zərrə qədər də addım atmırlar. xx.xx.2015-ci il tarixdə X4 müqəddəratı ümumiyyətlə onları maraqlandırmır. Baxmayaraq ki, X8 uzun müddətdir ki, kəskin qastrit və bronxit xəstəliyindən əziyyət çəkir. Məhkəmə prosesi zamanı cavabdeh 800-900 manata yaxın məbləğdə pensiya və müavinət aldığını bildirmişdir. Lakin bu hal məhkəmə tərəfindən nəzərə alınmamışdır. Məhkəmə nəzərə almamışdır ki, “Uşaq hüquqları” haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Məhkəmə nəzərə almamışdır ki, yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
12. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə teleqram ünvanlayaraq bildirmişdir ki, 02 fevral 2023-cü il tarixdə saat 10:00-da və 10:30da Suraxanı rayon məhkəməsində ardıcıl məhkəmə prosesində iştirak etdiyindən hazırkı iş üzrə məhkəmə prosesində iştirak edə bilməyəcək. Eyni zamanda cavabdehin rəsmi gəlirləri barədə vəkil sorğusuna cavab gəlməyib, qeyd edilənlər nəzərə alaraq məhkəmə prosesinin təxirə salınmasını xahiş edir.
13. Məhkəmə kollegiyası iddiaçının üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini, habelə işin halları ilə bağlı sübutların birinci instansiya məhkəməsinə təqdim edilməli olmasını nəzərə alaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir.
Tətbiq edilən maddi hüquq normaları:
14. Azərbaycan Respublikası Konstitutsiyasının 17-ci maddəsinə əsasən Ailə Məcəlləsinin uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
15. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər.
16. Həmin Məcəllənin 75.1-ci maddəsin əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.
17. Məcəllənin 89-cu maddəsində qeyd edilir ki, yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir.
Apellyasiya baxışının hədləri
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
20. Hazırki halda iddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
22. Belə ki, cavabdehin 800-900 manata yaxın məbləğdə pensiya və müavinət almasının birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmaması ilə bağlı iddiaçının apellyasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, elektron çıxarış məlumatlarından görünür ki, cavabdeh 600 manat məbləğində təqaüd alır. Bundan əlavə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzi tərəfindən verilmiş xəstəlik tarixindən çıxarışlardan (epikrizlərdən) görünür ki, Cavabdeh C20-Düz bağırsağın bədxassəli yeni törəməsi cT4N2M1 mərhələ İİİC (İVC), diaqnoz qeydi: C20-Düz bağırsağın karsinoması (xərçəngi), qaraciyərə metastaz cT4N2M1 (HEP) İV mərhələ diaqnozu qoyulduğu müəyyən edilir.
23. Göründüyü kimi, cavabdehin daimi müalicə tələb edən xəstəliyi vardır. Məhkəmə hesab edir ki, cavabdehin aldığı təqaüd onun gündəlik və müalicə xərclərini qarşılaması üçün yetərli olmaqla, nəvəni saxlaması üçün zəruri vəsait hesab edilmir.
24. Beləliklə, məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir.
25. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
26. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
27. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5637/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Məhəmməd Rüstəmli Fuad Babayev