Məhkəmə qərarları › İş №2(103)-1280/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1280/2022

16.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1280/2022 16.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, İddiaçı, onun vəkili Vəkil2, cavabdehin vəkili Vəkil3 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 may 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus olan və Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, bina № 81 “A”-da yerləşən 49 №-li mənzilə, yuxarı mərtəbədə yerləşən və cavabdehə məxsus 50 №-li mənzildən suyun axıdılması nəticəsində ona vurulmuş maddi ziyanın ödənilməsi məqsədi ilə 2.000 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh da öz növbəsində iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilk iddianın rədd edilməsini, qarşılıqlı iddianın isə təmin edilərək yaşadıqları binanın zirzəmisinin iddiaçı tərəfindən bağlanmasının, zirzəminin iddiaçı tərəfindən zəbt edilməsinin qanunsuz hesab edilməsi, iddiaçının şəxsi vəsaiti hesabına binanın çirkab borularının yenisi ilə əvəz edilərək təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 may 2019-cu il tarixli qətnaməsi ilə (hakim R.Səmədov, iş № 2(006)-456/19) ilk iddia təmin olunaraq, iddiaçıya vurulmuş maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 2.000 manat, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu olaraq 30 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya verilməsi, eləcə də iş üzrə keçirilmiş ekspertiza xərcinin ödənilməsi məqsədi ilə 170 manat məbləğində pulun cavabdehdən tutularaq dövlət nəfinə ödənilməsi qət edilmiş, qarşılıqlı iddia isə təmin olunmamışdır. Cavabdeh (qarşılıqlı iddiaçı) qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər M.Məmmədov-sədrlik edən və məruzəçi, Şeyda Məhərrəmova və Rəşad Həsənov, iş № 2(103)-115/21) Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Nəsimi Rayon Məhkəməsinin 08 may 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, ilk iddia rədd olunmuş, qarşılıqlı iddia qismən təmin edilməklə, ünvan 1 ünvanında yerləşən binanın çirkab su borularının birinci mərtəbədə yerləşən və birinci mərtəbədən zirzəmiyə gedən hissəsinin İddiaçı hesabına tikinti norma və qaydalarına uyğun, habelə işlək vəziyyətə gətirilməsi qət olunmuş, qalan hissədə qarşılıqlı iddia təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 01 noyabr 2021-ci il tarixli qərarı ilə (hakimlər E.Vəliyeva-sədrlik edən və məruzəçi, A.Abbasov və E.Şamayev, iş № 2(102)-5496/21) iddiaçının kassasiya şikayəti təmin olunaraq, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 12 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddia ərizəsində qeyd edilən 49 saylı mənzil iddiaçıya məxsusdur. Cavabdehin mənzilindən onun mənzilinə əvvəllər bir neçə dəfə su sızmış, iddiaçı bu barədə cavabdehə məlumat vermiş, yaranmış problemin aradan qaldırılmasını xahiş etmiş, lakin cavabdeh heç bir tədbir görməmiş, bu səbəbdən də, iddiaçı mənzilini öz vəsaiti hesabına təmir etdirmişdir. 23.02.2018-ci il tarixdə iddiaçı evə qayıdarkən mənzilini su basdığını görmüşdür. Mənzildə olan xalçalar, yumşaq mebel, noutbuk suda islanmış vəziyyətdə idi. İddiaçının mənzilinin üstündə yerləşən 50 saylı mənzildən çirkab suların daşması nəticəsində mənzilini su basmış və mənzil yararsız hala düşmüşdür. Həmin mənzilin mülkiyyətçisi olan cavabdehə kanalizasiya və su sistemində problemin olması, bununla əlaqədar lazımi təmirin aparılması barədə müraciət etsə də, cavabdeh iddiaçının xahişlərini nəzərə almamışdır. Qeyd olunan hadisə ilə əlaqədar 151 saylı Mənzil-Kommunal İstismar Sahəsinin mühəndisi və rəisi tərəfindən iddiaçının mənzilinə 24.02.2018-ci il tarixdə baxış keçirilmiş və müvafiq akt tərtib edilmişdir. Onun mənzilinə dəymiş zərərin aradan qaldırılması üçün 2.000 manat məbləğində vəsait tələb olunur. Buna görə də, o hesab edir ki, cavabdeh həmin zərərin əvəzini ona ödəməlidir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, binanın birinci mərtəbəsində yaşamasından istifadə edən iddiaçı, binanın kommunikasiya xətləri, o cümlədən çirkab su boruları keçən zirzəmiyə gedən yola qapı qoyaraq yolu bağlamış və zərurət yarandığı təqdirdə təmir-bərpa işlərinin görülməsi üçün zirzəmiyə daxil olmağa heç kimə icazə vermir. Bina isə öz-özlüyündə köhnə bina olduğuna görə tez-tez istifadə müddəti keçmiş kanalizasiya boruları bütün sakinlərə problemlər yaradır. Blokda ana kanalizasiya xəttinin (istifadə müddəti keçdiyi səbəbindən) tez-tez tutulması nəticəsində yuxarı mərtəbələrdən axan çirkab suları 2-ci mərtəbədə cavabdehin mənzilinin hamanına dolaraq trapdan aşağı, o cümlədən iddiaçının mənzilinə və hətta bloka axır. Cavabdehdə olan məlumata görə, birinci (yarı zirzəmi) mərtəbədə yaşayan iddiaçı öz mənzilini təmir etdirən zaman öz mənzilinə aid kanalizasiya xəttini ümumi xətdən ayırmış, iddiaçının mənzilində işləyən ustalar ümumi kanalizasiya borusunu zədələmiş və ya xəttin istiqamətini dəyişmişlər. Nəticədə çirkab sularının normal axıntısı pozulmuş və boru tez-tez dolaraq su axıntısı baş verir. Yuxarıda qeyd olunanlarla bağlı iddiaçı tərəfindən binaya xidmət göstərən 151 saylı MKİS-ə hələ 27.04.2018-ci il tarixdə rəsmi müraciət olunmasına baxmayaraq, zirzəminin qapısının iddiaçı tərəfindən qanunsuz olaraq bağlanması və onun binanın zirzəmisinə daxil olmağa icazə verməməsi səbəbindən artıq köhnəlmiş kanalizasiya (çirkab su) borularına baxış keçirilməsi mümkün olmamışdır. Həmin borular məhz iddiaçı tərəfindən məcburi qaydada dəyişdirilərək onun şəxsi vəsaiti hesabına təmir edilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 34174 saylı, 14 fevral 2019-cu il tarixli məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyinə əsasən ünvan 2, 49 saylı mənzilə su sızması nəticəsində mənzildəki əşyalara dəymiş ümumi ziyanın məbləği 1000 manat müəyyən olunur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29337 saylı, 28 mart 2019-cu il tarixli məhkəmə tikinti-texniki ekspertizasının rəyinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 81A saylı evin, 49 saylı mənzilinə, həmin mənzilin üst mərtəbəsində yerləşən 50 saylı mənzildən kanalizasiya borusunda yaranmış qəza ilə əlaqədar su axıdıldığı və nəticədə 49 saylı mənzilin tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. 49 saylı mənzildə yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir-tikinti işlərinin hazırda mövcud olan bazar qiymətlərinə uyğun dəyəri təqribən 2795 manat məbləğində müəyyən olunmuşdur. Tədqiq olunan yaşayış evinin mühəndis-kommunikasiya xətlərini əks etdirən tikinti layihəsi ekspertizaya təqdim edilmədiyindən, qərardadın 4-cü və 5-ci sualları üzrə tədqiqat aparılması mümkün olmamışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh (qarşılıqlı iddiaçı) apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və ilk iddianın rədd, qarşılıqlı iddianın isə təmin olunmasını xahiş etmişdir. Apelyator qarşılıqlı iddia ərizəsi ilə eyni məzmun daşıyan apellyasiya şikayətini əlavə olaraq onunla əsaslandırmışdır ki, çirkab suların daşmasının səbəbi iddiaçının zəbt etdiyi ərazidə boru xətlərinin sıradan çıxmasıdır. İddiaçının təqdim etdiyi fotoşəkillərdən də görünür ki, iddiaçı binanın ümumi istifadədə olan hissəsini, yəni zirzəmini zəbt etmişdir, kanalizasiya xətlərində problem məhz həmin hissədə yaranmışdır. Lakin iddiaçı oranı zəbt etdiyi üçün təmir qeyri-mümkün olmuşdur. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və təmin olunmasını xahiş etdi. İddiaçı və vəkili apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə 08 may 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 81A saylı evin 49-cu mənzilinə Cavabdeh məxsus Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 81A saylı evin 50-ci mənzilindən su axmış və bunun nəticəsində İddiaçı maddi ziyan dəymişdir. Ekspert rəyində Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 81A saylı evin 49-cu mənzilinə 2795 manat, mənzildə olan əşyalara 1000 manat ziyan vurulması göstərilsə də, ilkin iddia ərizəsində vurulmuş zərərin əvəzi kimi 2000 manat tələb edilmişdir. Birinci instansiya məhkəməsi ilkin iddia tələbindən kənara çıxmayaraq bu qənaətə gəlmişdir ki, zərərin əvəzi cavabdehdən ilkin iddia ərizəsində göstərilən məbləğdə tutulmalıdır. Qarşılıqlı iddia tələbi ilə bağlı məhkəmə qeyd etmişdir ki, Cavabdeh tərəfindən qarşılıqlı iddianın əsaslı olmasına dair hər hansı sübut təqdim olunmamışdır. Belə ki, məhkəmə araşdırması ilə İddiaçı tərəfindən ünvan 2 ünvanında yerləşən binanın zirzəmisinin qapısının bağlanılması və zəbt olunması faktı öz təsdiqini tapmamışdır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096, 1097.1, 1115-ci maddələrinə əsaslanaraq hesab etmişdir ki, ilkin iddia tələbi təmin, qarşılıqlı iddia isə rədd olunmalıdır. Cavabdehin apellyasiya şikayəti üzrə işə birinci dəfə baxılarkən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmayaraq qətnaməni ləğv etmiş və ilk iddianın rədd, qarşılıqlı iddianın isə təmin olunması barədə yeni qətnamə çıxarmışdır. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, alınmış ekspert rəyi ilə cavabdeh tərəfindən hüquqazidd əməlin törədilməsi müəyyən olunmur. Əksinə ekspert rəyindən görünür ki, iddiaçının mənzilinə su birbaşa cavabdehin təqsirli hərəkəti nəticəsində deyil, kanalizasiya borusunda yaranmış qəza ilə əlaqədar axmışdır. Nə qədər ki cavabdehin təqsirini müəyyən edən tutarlı sübutlar mövcud deyil, onun həmin əməldə təqsirləndirilməsi yolverilməzdir. İddiaçı kassasiya şikayətinə əsasən işə baxan Ali Məhkəmənin Mülki Kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmamış və hesab etmişdir ki, apellyasiya məhkəməsi sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, maddi və prosessual hüquq normalarının tələblərini pozmaqla, düzgün olmayan nəticəyə gəlmişdir. Kassasiya məhkəməsinin qərarında şərh olunan göstərişlərə görə apellyasiya məhkəməsi tərəfindən mübahisə həll edilərkən ümumi normaya - Mülki Məcəllənin 1096-cı maddəsinə istinad edilmiş, iddianın birbaşa qanuni əsasını təşkil edən Mülki Məcəllənin 1111.2-ci maddəsi ümumiyyətlə tətbiq edilməmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi boru xətlərində yaranmış qüsurların hansı səbəbdən və kimin təqsirli hərəkəti nəticəsində yaranmasını müəyyən etmədən, binaya aid su və kanalizasiya xətlərinin işlək vəziyyətdə saxlanmasının kimin vəzifəsi olduğunu araşdırmadan, iş üzrə tərəflərin yaşadıqları binanın çirkab su borularının birinci mərtəbədə yerləşən və birinci mərtəbədən zirzəmiyə gedən hissəsinin iddiaçının hesabına tikinti norma və qaydalarına uyğun olaraq təmir edilərək, işlək vəziyyətə gətirilməsi barədə qarşılıqlı iddia tələbini təmin etməsi əsassız olmuşdur. Halbuki, göstərilən hallar araşdırılmadan hüquq pozuntusunun (delikt) törədilməsinin iddiaçının təqsirindən baş verməsini müəyyən etmək mümkün deyildir. Məhkəmə kollegiyası kassasiya məhkəməsinin qərarında şərh olunan göstərişləri nəzərə alaraq və işin araşdırılan və müəyyən edilən hallarına əsaslanaraq hesab edir ki, Cavabdeh apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda qeyd olunduğu kimi, apellyasiya şikayətinin əsas dəlilləri iddiaçı tərəfindən binanın ümumi istifadədə olan hissəsinin, yəni zirzəminin zəbt edilməsi, çirkab suların daşması səbəbinin iddiaçının zəbt etdiyi ərazidə boru xətlərinin sıradan çıxması, kanalizasiya xətlərində problemin məhz həmin hissədə yaranması, lakin iddiaçı oranı zəbt etdiyi üçün təmir işləri aparmağın qeyri-mümkün olması barədədir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verməklə ilk növbədə qeyd edir ki, xətlərin keçdiyi zirzəminin iddiaçı tərəfindən zəbt edilməsi kimi halların mövcud olmasını təsdiq edən hər hansı sübut işdə mövcud deyildir. Bundan əlavə ekspert rəyində su axmasının İddiaçı təqsirindən yaranması da birmənalı şəkildə təsdiq olunmur. Yuxarıda qeyd olunduğu kimi, kassasiya məhkəməsinin qərarında şərh olunan əsas göstərişlərdən biri binaya aid su və kanalizasiya xətlərinin işlək vəziyyətdə saxlanmasının kimin vəzifəsi olduğunun araşdırılmasından ibarətdir. Məhkəmə kollegiyası bu məsələyə aydınlıq gətirmək məqsədilə Azərbaycan Respublikası "xxxx" ASC-yə sorğu göndərmiş və sorğuya əsasən “Bakı Sukanal” İdarəsinin və Nəsimi Rayon Sukanal İdarəsinin Əsasnamələri məhkəməyə təqdim olunmuşdur. Nəsimi Rayon Sukanal İdarəsinin Əsasnaməsinin 3.2.3-cü bəndində balansında olan su və kanalizasiya kəməri xətlərinin, qurğuların, mexaniki və texnoloji avadanlıqların müvafiq aydada saxlanmasını və istismar edilməsini təmin etmək, qabaqcıl texnologiyaları tətbiq etmək İdarənin birbaşa vəzifəsi kimi nəzərdə tutulmuşdur. Əsasnamənin 4-cü bəndində isə balansında olan kanalizasiya şəbəkələrinin, nasos stansiyalarının və təmizləyici qurğuların istismar edilməsi, su anbarlarının, xətlərinin, qurğuların, mexaniki və texnoloji avadanlıqların istismarı, vaxtlı-vaxtında cari və əsaslı təmir edilməsi, eləcə də bütün qurğuların sanitar-texniki vəziyyətinin lazımi qaydada və texniki cəhətdən saz halda saxlanması İdarənin fəaliyyət növü kimi qeyd edilmişdir. “Bakı Sukanal” İdarəsinin Əsasnaməsində də eyni məzmunlu normalar nəzərdə tutulmuşdur. Göründüyü kimi, binaya aid su və kanalizasiya xətlərinin işlək vəziyyətdə saxlanması vəzifəsi Əsasnamə ilə Rayon Sukanal İdarəsinin üzərinə qoyulmuşdur və hazırkı işdə bu vəzifə heç bir qanuni əsas olmadan İddiaçı üzərinə qoyula bilməz. Zərərin ödənilməsi ilə bağlı məsələyə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mənzilinə su axıdılması, suyun məhz yuxarı mərtəbədə yerləşən 50-ci mənzildən axması və zərərin mövcudluğu işin müəyyən edilmiş halıdır və bu fakt ekspert rəyi ilə də təsdiq olunur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq Mülki Məcəllənin 21.1, 21.2, 1096, 1097.1, 1115-ci maddələrinə istinad etməklə zərərin əvəzinin ödənilməli olduğu qənaətinə gəlmişdir. Məhkəmənin gəldiyi bu qənaət Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 1111.2ci maddəsinin tələbinə də uyğundur. Həmin maddəyə əsasən əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Maddənin məzmunundan göründüyü kimi, məsuliyyətdən azad olunmaq üçün otağı tutan şəxs zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi halları sübut etməlidir. Hazırkı işdə Cavabdeh qeyd olunan halları sübut edə bilməmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi, yaxud ləğv olunması üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad olunan hallar sübuta yetirsə də, cavabdeh həmin iddiaya qarşı etirazının, eləcə qarşılıqlı iddiasının əsası kimi istinad etdiyi faktları sübut edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən və qətnamə çıxarılarkən işdə olan sübutlar məhz MPM-nin 88-ci maddəsinin tələbinə uyğun şəkildə düzgün qiymətləndirilmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə 08 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar