Məhkəmə qərarları › İş №2(103)-1282/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1282/2020

03.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1282/2020 03.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi X1 və cavabdehlər “xxxxxxxxxxxxxx” MMC və “xxxxxx” MMC-nin nümayəndəsi X2 və cavabdeh “xxxxxx” MMC-nin direktoru X3 iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3/2019 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı “xxxxxxx” ASC, cavabdeh “xxxxxxxxxxxxxx” MMC və cavabdeh “xxxxxx” MMC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı “xxxxxxx” ASC cavabdehlər Cavabdeh3, Cavabdeh4, “xxxxxxxxxxxxxx” MMC və “xxxxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər “xxxxxxxxxxxxx” MMC-dən və “xxxxxx” MMC-dən xx xxxx 2009-cu il tarixli K- OOl/OPEC/sum saylı kredit müqaviləsi üzrə faiz borc qismində 106905 ABŞ dolları 67 sent məbləğində pul vəsaitinin tutulması, habelə “xxxxxxxxxxxxxx” MMC-dən, Cavabdeh3, Cavabdeh4 və “xxxxxx” MMC-dən xx xxxxxx 2010-cu il tarixli 606/sum/m saylı kredit müqaviləsi üzrə 977750 manat məbləğində əsas borcun, 247507 manat 48 qəpik məbləğində faiz borcunun, 431552 manat 16 qəpik məbləğində artırılmış faiz borcunun, cəmi ******* manat 64 qəpik məbləğində borcun tutulması, Sumqayıt şəhəri, Baş Dəmir yolu stansiyası rayonu, Bakı-Dərbənd baş avtomobil yolunun şimal tərəfində istifadədə olan 0,35265 hektar torpaq sahəsində yerləşən 3512 kvadrat metr ümumi, 671,7 kvadrat metr əsas, 2840,3 kvadrat metr köməkçi sahədən ibarət əmlak kompleksinin və xx xxxxxx 2010-cu il tarixli, G- 606/sum/m saylı girov müqaviləsi üzrə girov qoyulmuş avadanlıqların açıq hərracdan satılması, Sumqayıt şəhəri, Baş Dəmir yolu stansiyası rayonu, Bakı- Dərbənd baş avtomobil yolunun şimal tərəfində istifadədə olan 0,35265 hektar torpaq sahəsində yerləşən 3512 kvadrat metr ümumi, 671,7 kvadrat metr əsas, 2840,3 kvadrat metr köməkçi sahədən ibarət əmlak kompleksinin boşaldılması, həmin əmlak kompleksinin və xx xxxxxx 2010-cu il tarixli G-606/sum/m saylı girov müqaviləsi üzrə girov qoyulmuş avadanlıqların satışından əldə olunmuş vəsaiti hesabına xx xxxx 2009-cu il tarixli K-001/OPEC/sum saylı və xx xxxxxx 2010-cu il tarixli G-606/sum/m saylı kredit müqaviləsi üzrə cavabdehlərin iddiaçıya olan borcunun ödənilməsi, bundan əlavə məhkəmə xərclərinin cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda “xxxxxx” MMC ilk iddia ilə birlikdə baxılmaq üçün cavabdeh “xxxxxxx” ASC-yə qarşı qarşılıqlı iddia qaldıraraq, “xxxxxx” MMC ilə “xxxxxxx” ASC arasında xx xxxxxx 2007-ci il tarixdə bağlanmış İ-1079 saylı ipoteka müqaviləsinin və onun ƏMDK yanında DƏDRX-də qeydiyyatının ləğv edilməsi və ona qanunsuz edilmiş əlavələrin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(007)-3/2018 saylı qətnaməsi ilə ilk iddia qismən təmin edilərək, cavabdehlər “xxxxxxxxxxxxx” MMC-dən Cavabdeh3 və Cavabdeh4 birgə qaydada “xxxxxxx” ASC-nin xeyrinə xx xxxx 2009-cu il tarixli K-001/OPEC/sum saylı kredit müqaviləsi üzrə faiz borc qismində 103759 (yüz üç min yeddi yüz əlli doqquz) ABŞ dolları 78 (yetmiş səkkiz) sent məbləğində pul vəsaitinin ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan manatı ilə, xx xxxxxx 2010-cu il tarixli 606/sum/m saylı kredit müqaviləsi üzrə 977750 (doqquz yüz yetmiş yeddi min yeddi yüz əlli) manat məbləğində əsas borcun, 247507 (iki yüz qırx yeddi min beş yüz yeddi) manat 48 (qırx səkkiz) qəpik məbləğində faiz borcunun, 49.359 manat (qırx doqquz min üç yüz əlli doqquz) manat 21 (iyirmi bir) qəpik məbləğində artırılmış faiz borcunun, cəmi ******* (bir milyon iki yüz yetmiş dörd min altı yüz on altı) manat 21 (iyirmi bir) qəpik məbləğində borcun, habelə məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 30 (otuz) manat məbləğində pul vəsaiti tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, mülkiyyət hüququ əsasında “xxxxxx” məhdud məsuliyyətli cəmiyyətinə məxsus Sumqayıt şəhəri, Baş Dəmir yolu stansiyası rayonu, Bakı-Dərbənd baş avtomobil yolunun şimal tərəfində istifadədə olan 0,35265 hektar torpaq sahəsində yerləşən 3512 kvadrat metr ümumi, 671,7 kvadrat metr əsas, 2840,3 kvadrat metr köməkçi sahədən ibarət əmlak kompleksinə və xx xxxxxx 2010-cu il tarixli, G- 606/sum/m saylı girov müqaviləsinə 1 saylı əlavədə qeyd edilmiş 70 tonluq dəyirmana daxil olan avadanlıqlara (5 ədəd vals, 1 ədəd ələk, 2 ədəd kəpək fırçası, 2 ədəd filtr, 3 ədəd irmik fanı, 3 ədəd elevator, 1 ədəd pnevmatik hava sensoru, 1 ədəd blover, 4 ədəd taxıl daşıyan şinek, 1 yıxama, 1 ədəd triyer, 1 ədəd seperator, 2 ədəd qabığ soyucu, 1 ədəd hava kanalı, 2 ədəd elektrik panosu, 2 ədəd un daşına şınek, 20 ədəd hava kilədi) 80 tonluq dəyirmana daxil olan avadanlıqlara (6 ədəd vals, 3 ədəd taxıl daşıyan şinek, 1 ədəd qabığ soyucu, 4 ədəd kəpək fırçası, 1 ədəd asperator, 3 ədəd irmik fanı, 2 ədəd kəpək fırçası, 1 ədəd pnevmatik hava sensoru, 1 ədəd blover, 3 ədəd un daşına şınek, 1 ədəd dik şınek, 2 ədəd ələk, 2 ədəd elektrik panosu, 1 ədəd daşıyıcı elevator) Təmziləmə sisteminə daxil olan avadanlıqlara (2 ədəd yıxama, 1 ədəd ciləmə, 1 ədəd qabıq soyucu, 1 ədəd tryer, 1 ədəd separator, 1 ədəd şinek, 2 ədəd elevator) Avtomatik paketləmə sisteminə daxil olan avadanlıqlara (1 ədəd un paketləmə, 1 kəpək paketləmə, 1 ədəd un çəni, 4 ədəd kəpək çəni, 3 ədəd un şimeki, 1 ədəd ələk, 6 ədəd vibrator şinek, 1 ədəd pano) yönəldilməsi, “xxxxxx” məhdud məsuliyyətli cəmiyyətinə məxsus olan Sumqayıt şəhəri, Baş Dəmir yolu stansiyası rayonu, Bakı-Dərbənd baş avtomobil yolunun şimal tərəfində istifadədə olan 0,35265 hektar torpaq sahəsində yerləşən 3512 kvadrat metr ümumi, 671,7 kvadrat metr əsas, 2840,3 kvadrat metr köməkçi sahədən ibarət əmlak kompleksinin ilkin satış qiyməti 1500000( bir milyon beş yüz min) ABŞ dolları, hərracın keçirildiyi vaxtda məzənnə qiyməti üzrə Azərbaycan manatı ilə müəyyən edilməsi, həmin ipoteka predmetinin və girov əmlakların açıq hərracdan satılması yolu ilə əldə edilmiş vəsait hesabına “xxxxxxxxxxxxx” məhdud məsuliyyətli cəmiyyətinin, Cavabdeh3 və Cavabdeh4 “xxxxxxx” açıq səhmdar cəmiyyətinə olan borcunun ödənilməsi, ilk iddianın qalan hissədə və qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir. İddiaçı “xxxxxxx” ASC apellyasiya şikayəti verərək, həmin qətnamənin ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə ləğv edilməsi və həmin hissədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh “xxxxxxxxxxxxx” MMC də apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini xahiş etmişdir. Həmçinin cavabdeh “xxxxxx” MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, məhkəmənin müəyyən etdiyi ilkin satış qiyməti hazırkı dövrə uyğun hesab edilə bilməz. Belə ki, xx xxxxxx 2007-ci il tarixli İ-1079 saylı ipoteka müqaviləsi bağlanarkən əmlakın dəyəri 1.500.000 ABŞ dolları məbləğində qiymətləndirilmiş və müqavilənin bağlandığı andan on iki ildən artıq vaxt keçmişdir. Digər tərəfdən, manat ekvivalenti ilə 1.500.000 ABŞ dolları həmin dövr üçün olan məzənnəyə uyğun olaraq 1.170.000 manat təşkil etmişdir. Hazırkı məzənnə ilə isə 2.550.000 manat təşkil edir. Yəni, ABŞ dollarının bahalaşması ilə əmlakın dəyərinin də bu nisbətdə artmasını ehtimal etmək düzgün deyil. Cavabdehlər “xxxxxxxxxxxxxx” MMC və “xxxxxx” MMC-nin apellyasiya şikayətlərində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə iclasında iddiaçı və cavabdehlər “xxxxxxxxxxxxx” MMC və “xxxxxx” MMC-nin nümayəndələri təmsil etdikləri şəxslərin apellyasiya şikayətini müdafiə etdilər və əks tərəfin apellyasiya şikayətinə etiraz etdilər. Cavabdehlər Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, cavabdehlərin apellyasiya şikayətləri isə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətlərinin dəlillərini və cavabdehlər Cavabdeh3 ilə Cavabdeh4 tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı həmin cavabdehlərdən (zaminlərdən) başqa digər hissələrdə yoxlanılır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, “xxxxxxx” ASC ilə “xxxxxxxxxxxxx” MMC arasında xx xxxx 2009-cu il tarixli, K-OOl/OPEC/sum saylı kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən bank tərəfindən “xxxxxxxxxxxxx” MMC-yə 36 ay müddətinə, illik 19% ödəmək şərti ilə, 700.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmçinin həmin tərəflər arasında xx xxxxxx 2010-cu il tarixli 606/sum/m saylı kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən bank tərəfindən “xxxxxxxxxxxxx” MMC-yə 36 ay müddətinə, illik 17% ödəmək şərti ilə 990.000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı kimi “xxxxxxx” ASC ilə Cavabdeh3 və Cavabdeh4 arasında ayrı-ayrılıqda xx xxxxxx 2010-cu il tarixli ZA-606/sum/m saylı və xx xxxxxx 2010-cu il tarixli ZB-606/sum/m saylı zaminlik müqavilələri bağlanmış və müqavilələrə əsasən zaminlər Cavabdeh3 və Cavabdeh4 borclu “xxxxxxxxxxxxx” MMCnin bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür və onunla birgə məsuliyyət daşıyırlar. Eyni zamanda həmin kredit müqaviləsinin təminatı kimi “xxxxxxx” ASC ilə “xxxxxxxxxxxxx” MMC arasında xx xxxxxx 2010-cu il tarixli G-606/sum/m saylı girov müqaviləsi bağlanmış və müqaviləyə əsasən “xxxxxxxxxxxxx” MMC-yə məxsus 1 saylı əlavədə qeyd edilmiş, ümumi dəyəri 680.000 manat olan avadanlıqlar girov qoyulmuşdur. Bundan başqa “xxxxxxx” ASC ilə “xxxxxx” MMC arasında xx xxxxxx 2007-ci il tarixli İ-1079 saylı ipoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən “xxxxxx” MMC-yə məxsus olan Sumqayıt şəhəri, Baş Dəmir yolu stansiyası rayonu, Bakı-Dərbənd baş avtomobil yolunun şimal tərəfində istifadədə olan 0.35265 hektar torpaq sahəsində yerləşən 3512 kvadrat metr ümumi, 671,7 kvadrat metr əsas, 2840,3 kvadrat metr köməkçi sahədən ibarət əmlak kompleksi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Eyni tərəflər arasında həmin ipoteka müqaviləsinə ayrı-ayrılıqda xx xxxx 2009-cu il tarixli və xx xxxxxx 2010-cu il tarixli müvafiq olaraq 3 və 5 saylı əlavə razılıqlar bağlanmış və razılıqlara əsasən “xxxxxxxxxxxxx” MMC-nin xx xxxx 2009-cu il tarixli K-001/OPEC/sum saylı, xx xxxxxx 2009-cu il tarixli 549/sum/m saylı və xx xxxxxx 2010-cu il tarixli 606/sum/m saylı kredit müqavilələri üzrə öhdəliyinin təmin edilməsi məqsədi ilə, həmin müqavilənin 4 saylı əlavəsində qeyd edilmiş və “xxxxxx” MMC-nin mülkiyyətində olan Sumqayıt şəhəri, Baş Dəmir yolu stansiyası rayonu, Bakı-Dərbənd baş avtomobil yolunun şimal tərəfində istifadədə olan 0,35265 hektar torpaq sahəsində yerləşən 3512 kvadrat metr ümumi, 671,7 kvadrat metr əsas, 2840,3 kvadrat metr köməkçi sahədən ibarət əmlak kompleksi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İddiaçı bildirir ki, cavabdeh “xxxxxxxxxxxxx” MMC müqavilə üzrə öz üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmişdir. Cavabdehin xx xxxx 2009-cu il tarixli K- OOl/OPEC/sum saylı kredit müqaviləsi üzrə faiz borcu 106905,67 ABŞ dolları, xx xxxxxx 2010-cu il tarixli 606/sum/m saylı kredit müqaviləsi üzrə əsas borcu 977750 manat, faiz borcu 247507,48 manat, artırılmış faiz borcu 431552,16 manat, cəmi borcu 1656809,64 manat təşkil edir. Cavabdeh “xxxxxx” MMC iddiaya etiraz edir və qarşılıqlı iddia irəli sürərək, bildirir ki, İddiaçı ASC ilə “xxxxxx” MMC arasında bağlanmış xx xxxxxx 2007-ci il tarixli İ-1079 saylı ipoteka müqaviləsi həmin vaxt qüvvədə olan kredit müqaviləsinin təminatı olaraq bağlanmışdır. İpoteka müqaviləsinə əsasən Sumqayıt şəhəri, Baş Dəmir Yolu Stansiyası rayonu, Bakı Dərbənd baş avtomobil yolunun şimal tərəfində istifadədə olan 0,35265 ha torpaq sahəsində yerləşən əmlak kompleksi ipoteka qoyulmuş və ipoteka xx.xx.2008-ci il tarixli MH seriyalı № ******* saylı çıxarış ilə təsdiq edilmişdir. Bu əmlak kompleksi xx xxxx 2009-cu il tarixli K-001/opec/sum saylı kredit müqaviləsi və xx xxxxxx 2010-cu il tarixli 606/sum/m saylı kredit müqaviləsinin təminatı olaraq sonradan ipoteka qoyulmamışdır. İddiaçı ASC xx xxxxxx 2007-ci il tarixli İ-1079 saylı ipoteka müqaviləsinə əlavələr etməklə ipotekanı xx xxxx 2009-cu il tarixli K-001/opec/sum saylı kredit müqaviləsinə və xx xxxxxx 2010-cu il tarixli 606/sum/m saylı kredit müqaviləsinə aid etmişdir. İddiaçı ASC ipotekanı qeyd edilən kredit müqavilələrinə bağlamaq üçün hər bir müqavilə üzrə təsisçilərin və həyat yoldaşlarının razılığı alınmaqla sonrakı ipoteka müqaviləsi bağlamalı idi ki, bunu etməmiş və bununla da “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun və Mülki Məcəllənin tələblərini pozmuşdur. İddiaçı ASC xx xxxxxx 2007-ci il tarixli İ-1079 saylı ipoteka müqaviləsinə əlavələri həmin dövrdə qüvvədə olan əsas öhdəliyin mahiyyəti, ölçüsü və ya icra müddətinin dəyişməsi, əsas öhdəlik üzrə tələb hüququnun başqa şəxsə keçməsi, ipoteka predmetinin dəyişdirilməsi və ya ipoteka predmetinin özgəninkiləşdirilməsi ilə deyil, ayrı bir xx xxxx 2009-cu il tarixli K-001/opec/sum saylı kredit müqaviləsinin və xx xxxxxx 2010-cu il tarixli 606/sum/m saylı kredit müqaviləsinin təminatı kimi qəbul etmişdir. xx xxxxxx 2007-ci il tarixli İ-1079 saylı ipoteka müqaviləsi üzrə əsas öhdəlik yerinə yetirildiyi üçün ipotekaya “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 48.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. Cavabdeh “xxxxxxxxxxxxxx” MMC də birinci instansiya məhkəməsində ilk iddiaya etiraz etmiş və əvvəlcə bildirmişdir ki, borc bank tərəfindən hədsiz dərəcədə şişirdilmişdir. Belə ki, İddiaçı ASC ilə “xxxxxxxxxxxxxx” MMC arasında bağlanmış xx xxxxxx 2007-ci il tarixli 1079 saylı kredit müqaviləsi, xx xxxxxx 2008-ci il tarixli k-024ebrd saylı kredit müqaviləsi, xx xxxxxx 2008-ci il tarixli k-073/sum saylı kredit müqaviləsi, xx xxxx 2009-cu il tarixli K-001/opek/sum saylı kredit müqaviləsi və xx xxxxxx 2010-cu il tarixli 606/sum/m saylı kredit müqaviləsi üzrə əsas və faiz borclarının hesablanması və bu borcdan nə qədər ödənilməsinin aydınlaşdırılması zərurəti yaranmışdır. Yəni “xxxxxxx” ASC-nin xx.xx.2009cu il tarixli K-001/opek/sum saylı kredit müqaviləsi və xx xxxxxx 2010-cu il tarixli 606/sum/m saylı kredit müqaviləsi üzrə tələb etdiyi 1267989,5 manat məbləğində əsas və faiz borclarının düzgün hesablanmasına aydınlıq gətirilməsi üçün əvvəlki kredit müqavilələri də araşdırılmalıdır. Çünki, bu müqavilələrin bir-biri ilə bağlılığı vardır, hər sonrakı alınan kredit hesabına əvvəlki kredit bağlanmışdır. Daha sonra isə həmin cavabdeh bildirmişdir ki, “xxxxxxxxxxxxxx” MMC və İddiaçı ASC arasında xx xxxxxx 2010-cu il tarixli 606 sum/m saylı kredit müqaviləsi bağlansa da, İddiaçı ASC müqavilədə üzərinə götürdüyü öhdəliyi kobud şəkildə pozaraq dövriyyə vəsaiti olaraq “xxxxxxxxxxxxxx” MMC-yə kredit verməmişdir. “xxxxxxxxxxxxxx” MMC tərəfindən kreditin nağd alınmasına dair heç bir kassa məxaric orderinə və çekə imza atılmamış, eləcə də ssuda (kredit) hesabından köçürmə əməliyyatlarına dair ödəniş tapşırığı və ödəniş tələbnamə-tapşırıqları verilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ilk iddia qismən əsaslıdır. Belə ki, kredit borcunun müəyyən edilməsi üçün birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxxxxxx 2015-ci il tarixli 11024 saylı ekspert rəyinə əsasən xx xxxx 2009-cu il tarixli K- OOl/OPEC/sum saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla xx xxxxxx 2010-cu il tarixə “xxxxxxxxxxxxxx” MMC-nin “xxxxxxx” ASC-yə olan faiz borcu 82286 ABŞ dolları 18 sent, artırılmış faiz borcu qismində 21473 ABŞ dolları 60 sent, cəmi 103759 ABŞ dolları 78 sent məbləğində müəyyən edilir. xx xxxx 2009-cu il tarixli K-001/OPEC/sum saylı kredit müqaviləsi üzrə əsas kredit borcu xx xxxxxx 2010-cu il tarixdə tam ödənildiyindən, həmin tarixdən xx xxxxxx 2013-cü il tarixədək olan dövr üzrə faiz hesablanmamışdır. Hesablanmış 82286 ABŞ dolları 18 sent məbləğində faiz borcu, 21473 ABŞ dolları 60 sent məbləğində artırılmış faiz borcu xx xxxx 2009-cu il tarixdən xx xxxxxx 2012-ci il tarixədək hesablanıb ödənilməmiş qalan faiz borcundan ibarətdir. xx xxxxxx 2010-cu il tarixli 606/sum/m saylı kredit müqaviləsi üzrə xx xxxxxx 2013-cü il tarixə “xxxxxxxxxxxxxx” MMC-nin “xxxxxxx” ASC-yə olan əsas faiz borcu 977750 manat, faiz borcu 248169 manat 48 manat, artırılmış faiz borcu qismində 49359 manat 21 qəpik, cəmi ******* manat 69 qəpik məbləğində müəyyən edilir. Ekspertizanın aparıldığı xx xxxxxxx 2015-ci il tarixə “xxxxxxxxxxxxxx” MMC-nin “xxxxxxx” ASC-yə əsas kredit borcu 977750 manat, faiz borcu 698336 manat 73 qəpik (450167 manat 25 qəpik üstəgəl 248169 manat 48 qəpik), artırılmış faiz borcu isə 418916 manat 27 qəpik, cəmi ******* manat müəyyən edilir. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxxx 2016-cı il tarixli 3108 saylı ekspert rəyinə əsasən “xxxxxxxxxxxxxx” MMC tərəfindən xx xxxxxx 2010-cu il tarixədək aldığı kredit vəsaitinə görə “xxxxxxx” ASC-yə əsas borc üzrə 700000 ABŞ dolları, faiz borcu üzrə 109841 ABŞ dolları 53 sent, cəmi 809841 ABŞ dolları 53 sent məbləğində pul vəsaiti ödəmişdir. xx xxxx 2009-cu il tarixli K-OOl/OPEC/sum saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla xx xxxxxx 2010-cu il tarixə “xxxxxxxxxxxxxx” məhdud məsuliyyətli cəmiyyətinin “xxxxxxx” açıq səhmdar cəmiyyətinə olan faiz borcu 82286 ABŞ dolları 18 sent, artırılmış faiz borcu qismində 21473 ABŞ dolları 60 sent, cəmi 103759 ABŞ dolları 78 sent məbləğində müəyyən edilir. xx xxxx 2009-cu il tarixli K- 001/OPEC/sum saylı kredit müqaviləsi üzrə əsas kredit borcu xx xxxxxx 2010-cu il tarixdə tam ödənildiyindən, həmin tarixdən xx xxxxxx 2013-cü il tarixədək olan dövr üzrə faiz hesablanmamışdır. Hesablanmış 82286 ABŞ dolları 18 sent məbləğində faiz borcu, 21473 ABŞ dolları 60 sent məbləğində artırılmış faiz borcu xx xxxx 2009-cu il tarixdən xx xxxxxx 2012-ci il tarixədək hesablanıb ödənilməmiş qalan faiz borcundan ibarətdir. “xxxxxxxxxxxxxx” MMC tərəfindən x xxxxxx 2010-cu il tarixli 606/sum/m saylı kredit müqaviləsi üzrə 2013-cü ilin sonuna qədər “xxxxxxx” ASC-yə əsas borc üzrə 12250 manat, faiz borcu üzrə 97250 manat olmaqla, cəmi 109500 manat pul vəsaiti ödənilmişdir. xx xxxxxx 2010-cu il tarixli 606/sum/m saylı kredit müqaviləsi üzrə xx xxxxxx 2013-cü il tarixə “xxxxxxxxxxxxxx” məhdud məsuliyyətli cəmiyyətinin “xxxxxxx” açıq səhmdar cəmiyyətinə olan əsas faiz borcu 977750 manat, faiz borcu 248169 manat 48 manat, artırılmış faiz borcu qismində 49359 manat 21 qəpik, cəmi ******* manat 69 qəpik məbləğində müəyyən edilir. Ekspertizanın aparıldığı xx xxxx 2016-cı il tarixə “xxxxxxxxxxxxxx” məhdud məsuliyyətli cəmiyyətinin “xxxxxxx” açıq səhmdar cəmiyyətinə əsas kredit borcu 977750 manat, faiz borcu 818843 manat 04 qəpik (570673 manat 56 qəpik üstəgəl 248169 manat 48 qəpik), artırılmış faiz borcu isə 498256 manat 16 qəpik, cəmi ******* manat 20 qəpik müəyyən edilir. Birinci instansiya məhkəməsi ekspert rəylərinə uyğun olaraq xx xxxxxx 2010-cu il tarixli kredit müqaviləsi üzrə əsas və faiz borcun tutulması hissəsində iddianı tam təmin etmiş, xx xxxx 2009-cu il tarixli kredit müqaviləsi üzrə faiz borcun tutulması hissəsində isə iddianı qismən təmin etmişdir. Tərəflər arasında bağlanmış kredit müqavilələrinin şərtlərini, kredit müqavilələrinə aid ödəniş cədvəllərini, iddiaçı tərəfindən təqdim olunmuş kredit borcunun hesablanması barədə arayışları, məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxxxxx 2015-ci il və xx xxxx 2016-cı il tarixli rəylərini araşdıraraq və Mülki Məcəllənin 739 və 741-ci maddələrinə əsaslanaraq kollegiya hesab edir ki, kredit borcunun tutulması hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Eyni zamanda tərəflər arasında bağlanmış ipoteka və girov müqavilələrinin şərtlərini və Mülki Məcəllənin 269.5, 317-ci maddələri və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1.1-ci maddələrinə əsaslanaraq kollegiya hesab edir ki, cavabdeh kredit müqavilələrindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyindən, iddiaçı həmin müqavilələrdən yaranan borcun ipoteka və girov predmeti olan əmlaklara yönəldilməsini tələb etməkdə haqlıdır və məhkəmə bu hissədə də düzgün nəticəyə gəlmişdir. Bununla yanaşı kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Belə ki, məhkəmə ipoteka müqaviləsində tərəflərin razılaşdığı qiyməti ipoteka predmetinin ilkin satış qiyməti kimi müəyyən etmişdir. Halbuki, həmin müqavilə 2007-ci ildə, yəni 13 il bundan əvvəl bağlanmış və bu müddət ərzində daşınmaz əmlak bazarında əmlakların qiymətləri kifayət qədər dəyişmişdir. Bu baxımdan, həmçinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinin tələblərini nəzərə alınaraq ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi üçün hazırki apellyasiya baxışı zamanı iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və «xxxxxxxxxxxxxxx» MMC-nin xx xxxxxxxx 2020-ci il tarixli Ç- 222 saylı ekspert rəyində göstərilmişdir ki, “xxxxxx” MMC-nin mülkiyyətində olan Sumqayıt şəhəri, Baş Dəmir yolu stansiyası rayonu, Bakı-Dərbənd baş avtomobil yolunun şimal tərəfində istifadədə olan 0,35265 hektar torpaq sahəsində yerləşən 3512 kvadrat metr ümumi, 671,7 kvadrat metr əsas, 2840,3 kvadrat metr köməkçi sahədən ibarət əmlak kompleksinin qiyməti ******* manat təşkil edir. Ona görə də, kollegiya belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə dəyişdirilməlidir. Həmçinin kollegiya hesab edir ki, qarşılıqlı iddia əsassızdır. Belə ki, mülki qanunvericiliyə əsasən əqdin etibarlı olmasının ümumi şərtləri dörd qrupa bölünür: əqdin subyekt tərkibinə aid edilən şərt, əqdin məzmununa aid edilən şərt, əqddə iradə və iradə ifadə etmənin vəhdətinə aid edilən şərt, əqdin formasına aid edilən şərt. Əqdlərin etibarsız hesab edilməsi əsasları isə Mülki Məcəllənin 337.1 və 339-350-ci maddələrində göstərilmişdir. Lakin qarşılıqlı iddiaçı “xxxxxx” MMC-nin öz tələblərinin əsası kimi istinad etdiyi dəlillər qeyd olunan şərtlərə və əsaslara aid deyildir. Çünki qarşılıqlı iddiaçı ipoteka müqaviləsinə edilmiş əlavələrin etibarsız hesab edilməsi tələbini irəli sürsə də, yalnız bir hala, yəni müqavilə üzrə təsisçilərin və həyat yoldaşlarının razılığı alınmaqla sonrakı ipoteka müqaviləsi bağlanmadığına istinad etmişdir. Kollegiya qeyd edir ki, xx xxxxxx 2007-ci il tarixli İ-1079 saylı ipoteka müqaviləsi tərəflər arasında daha əvvəl bağlanmış xx xxxxxx 2007-ci il tarixli kredit müqaviləsinin təminatı olaraq bağlanmış, “xxxxxxx” ASC ilə “xxxxxx” MMC arasında həmin ipoteka müqaviləsinə ayrı-ayrılıqda xx xxxx 2009-cu il tarixli və xx xxxxxx 2010-cu il tarixli müvafiq olaraq 3 və 5 saylı əlavə razılıqlar bağlanmış və razılıqlar “xxxxxx” MMC-nin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış və notarial qaydada təsdiq edilərək, dövlət qeydiyyatına alınmışdır. Həmçinin iş materiallarında olan notariat işindən görünür ki, həmin əlavə razılıqlar bağlanılan zaman ipoteka qoyan şəxsin və onun səlahiyyətli nümayəndəsinin həyat yoldaşının razılıqları alınmışdır. Göründüyü kimi həmin əlavə razılıqlar bağlanılan zaman qanunvericilikdə nəzərdə tutulmuş bütün qaydalara əməl edilmiş və ipoteka qoyan “xxxxxx” MMC digər öhdəliyini təmin etmək üçün əvvəldən ipoteka qoyulmuş əmlakını yenidən ipoteka ilə yüklü etdirmişdir. Həmin əlavə razılıqların sonrakı ipoteka müqaviləsi deyil, məhz əlavə razılıq adlandırılması isə onların etibarsız hesab edilməsi üçün əsas deyildir. Çünki əlavə razılıqların mahiyyətindən görünür ki, onlar məhz sonrakı ipoteka müqaviləsi kimi bağlanmışlar. Tərəflər arasında daha əvvəl xx xxxxxx 2007-ci il tarixli kredit müqaviləsinin bağlanması, həmin müqavilənin təminatı olaraq xx xxxxxx 2007-ci il tarixli İ-1079 saylı ipoteka müqaviləsinin bağlanması, eyni zamanda xx xxxxxx 2007-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin tam icra olunması və həmin müqavilə üzrə ipotekanın artıq xitam olunması halları isə mübahisəsiz olmaqla hazırki işdə iddiaçının istinad etdiyi kredit müqavilələrinə hər hansı bir aidiyyatı yoxdur. Ona görə də, həmin müqavilə üzrə ipotekaya xitam verilməsi barədə tələblərin təmin edilməsi özü-özlüyündə əhəmiyyətsizdir. Bu baxımdan kollegiya hesab edir ki, qarşılıqlı iddia tələbləri tam rədd edilməlidir. Kredit məbləğinin verilməməsi ilə bağlı cavabdeh “xxxxxxxxxxxxxx” MMC-nin dəlilləri isə əsassızdır. Belə ki, əvvəla həmin cavabdeh birinci instansiya məhkəməsində hər sonrakı alınan kredit hesabına əvvəlki kreditin bağlanmasını bildirmiş və bununla da, dolayısı ilə kredit məbləğlərinin onun hesabına köçürüldüyünü etiraf etmişdir. Digər tərəfdən cavabdehin həmin dəlilinin araşdırılması üçün birinci instansiya məhkəməsi tərəfindən iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxx 2018-ci il tarixli 9793 saylı rəyinə əsasən müəyyən olunmuşdur ki, iş materiallarında olan xx xxxxxx 2008-ci il tarixli K-024/EBRD saylı, xx xxxxxx 2008-ci il tarixli K-073/sum saylı, xx xxxx 2009-cu il tarixli K-001 OPEC/sum saylı, xx xxxxxx 2009-cu il tarixli 549/sum/m/sum saylı və xx xxxxxx 2010-cu il tarixli 606/sum/m saylı kredit müqavilələrinin təyinatında verilmiş kreditlərin dövriyyə vəsaitlərinin artırılması üçün nəzərdə tutulduğu göstərilmiş və həmin məbləğlər “xxxxxxxxxxxxxx” məhdud məsuliyyətli cəmiyyətinin hesabına köçürülmüşdür. Yəni həmin kreditlərin dövriyyə vəsaiti kimi “xxxxxxxxxxxxxx” məhdud məsuliyyətli cəmiyyətinin hesabına köçürülməsi MMC tərəfindən həmin kreditlərin alınması hesab olunur. “xxxxxxxxxxxxxx” məhdud məsuliyyətli cəmiyyəti tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış və xx.xx.2007-ci il tarixli 1079 saylı kredit müqaviləsinin şərtlərinə əsasən, “xxxxxxxxxxxxxx” MMC-yə xx xxxxxx 2010-cu il tarixədək (kredit müqaviləsinin bitmə tarixinə) 500000 manat məbləğində verilmiş kreditə 27989 manat 31 qəpik məbləğində faiz hesablanmış və 500000 manat əsas borc, 27989 manat 31 qəpik faiz borcu tam ödənilmişdir. xx xxxxxx 2008-ci il tarixli K-024/EBRD saylı kredit müqaviləsi üzrə verilmiş 370000 manat (konvertasiya olunduqdan sonra) məbləğində kredit vəsaitinin xx xxxxxx 2007-ci il tarixli 1079 saylı kredit müqaviləsi üzrə borclarının silinməsinə sərf edilmişdir. Göründüyü kimi ekspert rəyi ilə kredit məbləğlərinin “xxxxxxxxxxxxxx” MMC-nin hesabına köçürülməsi tam təsdiq olunur. Beləliklə kollegiya belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, cavabdehlərin apellyasiya şikayətləri isə təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilməsi hissəsində dəyişdirilməli və qətnamənin digər mübahisələndirilən hissələri dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.3, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı “xxxxxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Cavabdehlər “xxxxxxxxxxxxxx” MMC və “xxxxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3/2019 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilsin və ipoteka predmeti olan Sumqayıt şəhəri, Baş Dəmir yolu stansiyası rayonu, Bakı-Dərbənd baş avtomobil yolunun şimal tərəfində istifadədə olan 0,35265 hektar torpaq sahəsində yerləşən 3512 kvadrat metr ümumi, 671,7 kvadrat metr əsas, 2840,3 kvadrat metr köməkçi sahədən ibarət əmlak kompleksinin ilkin satış qiyməti ******* (bir milyon altı yüz min) manat məbləğində müəyyən edilsin. Qətnamənin digər mübahisələndirilən hissələri dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar