Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1286/2022 05.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, iddiaçı LPO İddiaçı2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi və s.” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2789/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı LPO İddiaçı2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı2 ASC-nin Yasamal filialı ilə Cavabdeh arasında bağlanmış 11 mart 2014-cü il tarixli, 11032014/105760 nömrəli X4 müqaviləsinə xitam verilməsinə; cəmi 3653,99 ABŞ dolları məbləğində borcun – bundan 3073,49 ABŞ dolları əsas, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 580.50 ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq, ləğv prosesində olan İddiaçı2 ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı2 Açıq Səhmdar Cəmiyyətinin Yasamal filialı (bundan sonra “Bank” adlanacaq) ilə Cavabdeh arasında bağlanmış 11 mart 2014- cü il tarixli 11032014/105760 nömrəli X4 müqaviləsinə (bundan sonra Lizinq Müqaviləsi) əsasən İddiaçı2 Açıq Səhmdar Cəmiyyəti Lizinq alanın sifariş etdiyi və həmin Lizinq müqaviləsində göstərilən əmlakı (bundan sonra Lizinq obyekti) yəni “JAC HFC5020K” markalı (Tip:furqon soyuducu, Buraxılış ili-2008, rəngli ağ, Şassi:LJl 1KBBC6********) öz mülkiyyətində əldə edilməsini və muzdla Lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini öhdəsinə götürmüşdür. Lizinq müqaviləsinin ümumi məbləği 8050 (səkkiz min əlli) ABŞ dolları, o cümlədən lizinq obyektinin qiyməti 8050 (səkkiz min əlli) ABŞ dolları təşkil etmişdir. Lizinq obyekti Lizinq alana 36 (otuz altı) ay müddətinə lizinq ödənişi illik 24 (iyirmi dörd) faiz olmaqla lizinqə verilmişdir. Cavabdeh lizinq müqaviləsi üzrə üzərinə düşən vəzifələri lazımınca yerinə yetirməmiş və borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********041 saylı xx.xx.2021-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Cavabdeh 11 dekabr 2020-ci il tarixə lizinq üzrə borcu cəmi 3653.99 ABŞ dolları təşkil edir. Bundan 3073.49 (Üç min yetmiş üç ABŞ dolları 49 sent) ABŞ dolları əsas borc, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 580.50 (Beş yüz səksən ABŞ dolları 50 sent) ABŞ dolları faiz borcu təşkil edir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş tədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Lizinq alana dəfərlərlə xəbərdarlıq edilməsinə baxmayraq ardıcıl olaraq 2 (iki) dəfədən artıqdır ki, lizinq ödənişlərini etməmişdir. Lizinq alan sonuncu dəfə 30 mart 2018-ci il tarixində 147.06 (bir yüz qırx yeddi ABŞ dolları 06 sent) ABŞ dolları ödəniş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2789/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, əsas borc üzrə 3073,49 ABŞ dolları, müqavilə müddəti bitdikdən sonra borc məbləğinin gecikdirildiyi vaxt üçün illik 5% hesablanmaqla faiz borcu üzrə 580,80 ABŞ dolları, cəmi 3653,99 ABŞ dolları (ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla) və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 15 manatı məbləğində pulun Cavabdeh alınaraq iddiaçı LPO «Amrahbank” ASC-yə ödənilməsi, iddianın digər hissədə rədd edilməsi qət edilmişdir (sədrlik edən: Cəmilə Musayeva). Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Nəsimi rayon Məhkəməsixx.xx.2021 tarixli, 2(006)-2789/2021 tarixdə qəbul etdiyi qətnamədə əsassız olaraq cavabdehin məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəməyə gəlməmiş və gəlməmələri səbəbləri barədə məhkəməyə məlumat verməməyi qeyd edilmişdir. Həmçinin hakim cavabdehin iştirakını təmin etməyərək, məhkəmə çəkişməsi və bərabərlik prinsipini açıq aydın pozmuşdur. Belə ki, cavabdeh xx.xx.2021 tarixli məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməmişdir. Hakim - bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. İş materiallarına əsasən işin faktiki hallarından göründüyü kimi, birinci məhkəmə baxışı zamanı cavabdehin iştirakı təmin edilmişdir. Həmin məhkəmə prosesində cavabdeh iddiaya etiraz edərək sözügedən müqavilədən xəbərinin olmadığını, həmin müqavilənin cavabdeh tərəfindən imzalanmadığını bildirmiş və prossesdə müqavilədəki imzaların ona aid olmadığını göstərmək üçün şəxsiyyət vəsiqəsindəki imza ilə müqayisə etmiş və hakimin diqqətinə çatırmışdırki müqavilədəki imza ilə şəxsiyyət vəsiqəsindəki imza eynilik təşkil etmir. Bundan sonra xəttşünaslıq ekspertizasının keçirilməsi barədə vəsatət vermişdir. Vəsatət təmin edilmişdir. Vəsatətin icrası üçün həmin iclasda 4 nüsxədə imza nümunələri götürülmüş və iş ekspertizaya göndərilmişdir. Daha sonra cavabdeh bir daha məhkəmə haqqında məlumat ala bilməmişdir. 2021-ci il dekabr ayında Nəsimi icra və probasiya idarəsindən cavabdehlə əlaqə saxladıqları zaman məlumatı olmuşdur ki, artıq iş üzrə yekun məhkəmə qətnaməsi çıxarılmışdır. Ekspertizanın keçirilməsi barədə vəsatət, ekspertizanın keçirilməsi qeyd edilməmiş, hakim həmin hallara qiymət verməmişdir. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Göründüyü kimi, işə baxan birinci intansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən normativ hüquqi aktların müddəalarının ziddinə olaraq, iş üzrə yanlış hüquqi nəticəyə gəlinmişdir. Belə ki, Məhkəmə işin faktiki hallarını və sübütları tam araşdırmamış, müqavilədəki imzanın mənə aid olub olmaması sübüta yetirilməmişdir. Ekspert rəyinə əsaslanmamışdır. Birinci instansiya məhkəməsi qanunun müddəasınaəməl etməmişdir, iş tam və hərtərəfli yoxlamamış və ekspert rəyinə nəyə əsasən əsaslanmadığın qeyd etməmişdir. Qeyd edilmiş əsaslar açıqaşkar göründüyü halda məhkəmə əsassız olaraq qanunsuz qətnamə qəbul etmişdir. Tərəflərin izahatları: Kollegiya iclasında iştirak edən iddiaçının nümayəndəsi Ə.Muradov apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kollegiya iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə bamayaraq cavabdeh kollegiya iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməlidir. Hüquqi dəyərləndirmə: Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən iddiaçı ilə Cavabdeh (cavabdeh-lizinq alan) arasında bağlanmış xx.xx.2014-cü il tarixli daxili lizinq müqaviləsinə əsasən iddiaçının, yəni lizinq verənin lizinq obyektini “Furqon soyuducu” avadanlığını lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verməsini, lizinq alanın isə lizinq obyektini qəbul edib, müəyyənləşdirilmiş dövriliklə lizinq ödənişlərini verməyi öhdəsinə götürdüyünü, lizinq verənin lizinq obyektini lizinq alana təhvil verərək müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etdiyinə, lakin cavabdehin isə müəyyən olunmuş qrafik əsasında ödənişləri həyata keçirməməsi nəticəsinə 3073,49 ABŞ dolları əsas borc, 580,80 ABŞ dolları məbləğində hesablanmış faiz borcu, cəmi 3653,99 ABŞ dolları məbləğində borcunun yaranması halına istinad etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə xəttşünaslıq ekspertizası təyin edilmiş, lakin cavabdehin yüksək sürətlə yazılmış eksperimental xətt nümunələrinin ekspertizaya təqdim edilməsi ilə bağlı ekspert vəsatəti cavablandırılmadığından rəyin verilməsindən imtina edilmişdir. Mülki Prosessual Məcəllənin 101.3-cü maddəsinə əsasən, ekspert rəy verilməsi üçün əlavə tədqiqat materiallarının təqdim edilməsinə zərurət olduğunu müəyyən etdikdə, ekspertiza təyin edilməsi haqqında məhkəmənin qərardadının məhkəmə ekspertizası idarəsinə daxil olduğu vaxtdan 5 gündən gec olmayaraq bu barədə məhkəməyə vəsatət göndərir. Vəsatətdə tələb olunan tədqiqat materiallarının dəqiq və tam siyahısı göstərilir. Mülki Prosessual Məcəllənin 101.4-cü maddəsinə əsasən Məhkəmə tərəfindən ekspertin həmin vəsatətinə 3 gün müddətində baxılır və əlavə tədqiqat materiallarının əldə edilməsi müəyyən vaxt tələb etdikdə məhkəmə ekspertizası idarəsinin rəhbərinə məlumat verilməklə bu Məcəllənin 101.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzadılır. Mülki Prosessual Məcəllənin 101.5-ci maddəsinə görə, ekspertin həmin vəsatəti bu Məcəllənin 101.4-cü maddəsində nəzərdə tutulan müddətdə təmin edilmədikdə məhkəmə ekspertizası idarəsinin rəhbəri ekspertiza təyin edilməsi haqqında məhkəmənin qərardadını icra olunmadan geri qaytarmaq hüququna malikdir. Kollegiya qeyd edir ki, hazırki mübahisənin həllində müqavilədəki imzanın cavabdehə aid-olub olmaması məsələsinin vacib rol oynaması nəzərə alındıqda, məhkəmənin ekspert vəsatətini cavablandırmaması iş üzrə yanlış nəticəyə gəlməsinə səbəb olmuşdur. Belə ki, apellyasiya instansiyası məhkəməsində icraat zamanı məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmiş və ekspert qarşısında AmrahBank ASC ilə Cavabdeh arasında bağlanmış 11 mart 2014-cü il tarixli 11032014/105760 nömrəli X4i müqaviləsindəki imza Cavabdeh tərəfindən icra olunmuşdurmu? – sualı qoyulmuşdur. Məhkəmə Ekspertizası Mərkəzinin 4/865 saylı, xx.xx.2022-ci il tarixli rəyinə əsasən, AmrahBank ASC ilə Cavabdeh arasında bağlanmış 11 mart 2014-cü il tarixli 11032014/105760 nömrəli X4i müqaviləsinin 1-9-cu vərəqlərində aşağı sağ küçnclərindəki imzalar və sonuncu vərəqdə “Lizinq alan” qrafasındakı imza Cavabdeh tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. İddiaçı (bank) məhkəməyə vəsatət göndərərək təkrar ekspertizanın keçirilməsini xahiş etmiş və bildirmişdir ki, cavabdeh vaxtilə Bankın əməkdaşı olduğu dövrdə müqavilənin mövcudluğu barədə məlumatlı olmasına baxmayaraq onu mübahisələndirməmişdir. Ekspert ekspertizanın keçirilməsinə səthi yanaşmış, mülki işdə ola bütün sübutlar əsasında deyil, yalnız kredit müqaviləsinin əslində və cavabdehin şəxsiyyət vəsiqəsinin surətində olan imzalar əsasında ekspertizanın keçirilməsi ilə kifayətlənmişdir. Kollegiya iddiaçının vəsatətinə münasibətdə qeyd edir ki, cavabdehin vaxtilə bankın əməkdaşı olması onun hazırki müqaviləni imzalamasını qeyd-şərtsiz qəbul etmək üçün əsas deyildir. Kollegiya həmçinin Bankın vəsatətinə münasibət bildirərək vurğulayır ki, ekspert rəyindən görünür ki, ekspertiza yalnız kredit müqaviləsinin əsli və cavabdehin şəxsiyyət vəsiqəsinin surətində olan imzalar əsasında deyil, iş materiallarının 140-cı vərəqində olan qəbzdəki imza, eksperimental xətt və imza nümunəsi qismində mülki işin 85-93 və 156-160-cı vərəqlərində olan xətt və imza nümunələri əsasında aparılmışdır. Odur ki, iddiaçının vəsatətində ekspertin ekspertizaya səthi yanaşması ilə bağlı göstərdiyi dəlilləri əsassızdır. Sadalanan hallara əsasən kollegiya hesab edir ki, ekspert rəyinin mötəbərliyinə şübhə yaradan hallar aşkar edilmədiyindən ekspert rəyi iş materiallarında olan digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilərək, hazırki mübahisənin həllində əsas götürülməlidir. Kollegiya iş materiallarına qiymət verərək qeyd edir ki, hazırki iddia tələbi meqavilə üzrə börc öhdəliyinin icrası ilə bağlı olduğundan, həmin öhdəliyin yaranmasına səbəb olan müqavilənin olması iddia tələbinin təmin edilməsində əsas amildir. Belə ki, Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Qeyd edilən hüquq normalarının tələbindən də aydın olur ki, öhdəliyin əsası olan müqavilə cavabdehin iradə ifadəsini əks etdirmədiyindən tərəflər arasında hüquq münasibətinin yaranmasına səbəb olan əsas kimi çıxış edə bilməz. Məhkəmə araşdırması zamanı müqavilənin cavabdeh tərəfindən imzalanmadığı müəyyən olunduğundan, həmin müqavilənin hüquqi nəticələri cavabdehə aid edilə bilməz. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki mülki iş üzrə iddiaçının iddia tələbi təmin edilmədiyindən iş üzrə məhkəmə xərci iddiaçıdan tutulmalıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsində icraat zamanı keçirilmiş məhkəməxəttşünaslıq ekspertizasının dəyəri olan 124 manat iddiaçı LPO İddiaçı2 ASC-dən tutulmalıdır. Sadalanan xüsusatlara və qeyd edilən hüquq normalarının tələblərinə əsasən kollegiya hesab edir ki, mübahisələndirilən X4i müqaviləsi cavabdeh tərəfindən imzalanmadığından həmin müqavilənin hüquqi nəticələri cavabdehə aid edilə bilməz. Belə olan halda, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1. və 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 388-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, mübahisələndirilən X4i müqaviləsi cavabdeh tərəfindən imzalanmadığından həmin müqavilənin hüquqi nəticələri cavabdehə aid edilə bilmədiyindən, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iddia tələbi rədd edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2789/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia rədd edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 124 (bir yüz iyirmi dörd) manat məbləğində pul iddiaçı LPO İddiaçı2 ASC-dən Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzinin xeyrinə (Büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X1 kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-1286/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1286/2022
05.08.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver