Məhkəmə qərarları › İş №2(103)-1286/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1286/2024

02.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1286/2024 02.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı aliment borcunun silinməsi tələbinə dair mülki iş üzrə QƏRARDADİ Açar sözlər: icraata xitam verilməsi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X5 və Sarıyev Xəyal Əjdər ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil1, cavabdehin nümayəndələri Nümayəndə və Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment borcunun silinməsi tələbinə dair iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 noyabr 2023-cü il tarixli, 2(004)-114/2023 nömrəli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək birgə nikahdan olan 12 dekabr 2008-ci il təvəllüdlü X1 üçün Bakı şəhər Yasamal rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli qətnaməsi ilə təyin edilmiş aylıq 250 manat alimentin tutulması ilə bağlı icra sənədi üzrə yaranmış 4500 manat məbləğdə aliment borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, tərəflər 28 aprel 2007-ci il tarixdə rəsmi nikaha daxil olmuş, nikah Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Nikahın məhkəmə qaydasında pozulmasına baxmayaraq cavabdeh ailə kimi iddiaçıya məxsus olan ünvan 1 ünvanında yaşamağa davam etmişdir. İddiaçının atası Dadaş İsmayılovun 12 noyabr 2021-ci il tarixdə ölümündən sonra o, X8 ilə birlikdə atasına məxsus ünvan 2 ünvanında yerləşən mənzilə köçmüşdür və həmin vaxtdan övladı ilə birgə yaşayır, onun bütün xərclərini özü qarşılayır. Baxmayaraq ki, o, nikah pozularkən 12 dekabr 2008-ci il təvəllüdlü X4 anasından ayırmamaq üçün Cavabdeh yanında saxlanılmasına və iddiaçının 250 manat məbləğində aliment ödəməsinə razılıq vermiş, həmin vaxt uşağın fikri nəzərə alınmamış, iş üzrə Qəyyumluq və Himayəçilik Komisiyasında uşağın mənafeyi baxımından hansı valideyinin yanında qalmasına dair ətraflı araşdırma aparılmamış, hansı valideynin yanında qalmasının uşağın maraqlarına uyğunluğu öyrənilməmiş, eləcə də, həmin vaxt 13 yaşında olmasına baxmayaraq öz taleyi ilə bağlı qərar qəbul edilərkən uşağın fikrinin söyləməsi və bunun nəzərə alınmalı olmasına dair qanunun tələbinə və bu sahədə formalaşmış vahid məhkəmə təcrübəsinə əməl olunmamışdır. Məhz buna görə də valideynləri ayrılandan sonra Kənan İsmayılov atasına daha çox bağlı olduğundan onun yanında qalmışdır. Hazırda övladının bütün xərclərini iddiaçı ödəyir, belə olan halda məhkəmə qətnaməsində formal olaraq anaya aliment ödənilməsi əsassız olmuş olur. Hadisələrin sonrakı axarı və X8un davranışları göstərdi ki, onun atasına daha çox bağlılığı olduğu halda anasının yanında saxlanılması uşağa psixoloji cəhətdən pis təsir etmişdir. Bundan başqa anası Cavabdeh 14 saylı Poliklinikada işləməsi, günün çox hissəsinin işdə olması, eləcə də, doğulduğu vaxtdan X8un atası ilə daha çox vaxt keçirməsi, bağçadan və birinci sinifdən başlayaraq hər gün onun tərəfindən təhsil müəssisələrinə aparılması, dərsləri, təlim tərbiyəsi ilə məşğul olması, onu əlavə tədris planı üzrə ingilis dili və riyaziyyat fənlərindən repititorlara, eləcə də, idman dərnəklərinə aparması və gündəlik həyatında ehtiyaclarının ödənməsində çox iştirak etməsi səbəbindən atasına bağlılığı daha çox olmuş, bu baxımdan övladının anasının himayəsinə verilməsi uşağın maraqlarına və qabiliyyətlərinin inkişaf etdirilməsinə cavab verməmişdir. X8 nikah pozulduqdan sonra faktiki olaraq heç vaxt anasının himayəsində olmamış, ondan ayrı yaşamamışdır, onun bütün xərclərini istər nikah dövründə, istərsə də nikah pozulduqdan sonra tam şəkildə iddiaçı ödəmişdir və hazırda da ödəyir. Qeyd etmişdir ki, nikah pozulduqdan övladı və keçmiş həyat yoldaşı olan Cavabdeh ilə birlikdə bir müddət ünvan 3 ünvanındakı mənzildə birlikdə yaşamaqda məqsədi övladına psixoloji travma yaşatmamaq olmuşdur ki, hazırda da həmin məqsədlə cavabdeh onun mülkiyyətində olan mənzildə yaşamağa davam edir. Baxmayaraq ki, 12 noyabr 2021-ci il tarixdən oğlu Kənan İsmayılov onunla birlikdə öz istəyi ilə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə köçmüş və hazırda da həmin ünvanda onunla birlikdə yaşamağa davam edir. Cavabdeh onun aliment borcuna görə hədələdiyindən hazırda əsassız olaraq hesablanan borcun silinməsini tələb edir. Məhz oğlunun psixoloji travma yaşamaması səbəbindən bu qədər müddətdir ki, 19 fevral 2021-ci ildən o, heç vaxt aliment tələb etməmişdir, halbuki həmin aliment uşağa təyin olunmuş, iddiaçı isə uşağa həmin aliment məbləğindən artıq məbləği ona xərcləyir.

3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 noyabr 2023-cü il tarixli, 2(004)- 114/2023 nömrəli qətnaməsi ilə iddia təmin olunaraq Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli qətnaməsi üzrə 12 dekabr 2008-ci il təvəllüdlü X1 üçün təyin olunmuş aylıq 250 manat sabit pul məbləğində alimentin ödənilməsi ilə bağlı olaraq yaranmış 5500 manat məbləğində aliment borcunun silinməsi qət edilmişdir.

4. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək ləğv edilməsi və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

5. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 106.3. Borclar alimentin məhkəmənin qətnaməsi və ya aliment ödənilməsi barədə saziş ilə müəyyən edilən miqdara uyğun olaraq icra məmuru tərəfindən müəyyən edilir. Maddə 106.5. İcra məmuru tərəfindən aliment üzrə borcun müəyyən edilməsi ilə razılaşmayan tərəflərdən hər biri onun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə bilər. Maddə 107.2. Məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər.

6. “İcra məmurları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. İcra xidmətinin icra məmuru icra ilə əlaqədar aşağıdakı vəzifələri yerinə yetirir: ... alimentin məhkəmənin qətnaməsində və ya aliment ödənilməsi barədə sazişdə göstərilən miqdarına uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş qaydada borcları müəyyən edir.

7. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsinin tətbiqi üzrə” 08 dekabr 2023-cü il tarixli, 04/2023 nömrəli qərardadı: “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulan tələb qətnamənin icra qaydasının müəyyən edilməsi barədə müraciətdir. ... Məhkəmə qətnaməsi ilə tutulan alimentə münasibətdə bu məsələ borclunun ərizəsi əsasında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsində nəzərdə tutulan qaydada həll edilir. ... Məhkəmə qətnaməsi ilə tutulan alimentin bir hissəsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsinə uyğun şəkildə ödənilməsi, habelə bu icra qaydasının ləğvi və yaxud dəyişdirilməsi ilə bağlı müraciətlər iddia icraatı qaydasında verildikdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, iddia ərizəsinin qəbulundan imtina olunmalı, iş səhvən icraata qəbul edildikdə isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməli, hər iki halda iddiaçıya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən qətnamənin icra qaydasının müəyyən edilməsi barədə ərizə ilə aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır.”

8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.5. Birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1- 259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

9. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir.

10. Hazırkı mübahisənin predmetini icra sənədi üzrə yaranmış aliment borcunun silinməsi təşkil edir.

11. Mübahisənin düzgün həlli üçün Ailə Məcəlləsinin 2 normasının təhlil olunması zəruridir: 106.5 və 107.2-ci maddələri.

12. Ailə Məcəlləsinin 107.2-ci maddəsində nəzərdə tutulmuş hallar mövcuddursa, maddənin məzmununda “aliment ödəməli şəxsin iddiası üzrə” sözləri qeyd olunduğundan işə mülki mühakimə (iddia icraatı) icraatı qaydasında baxılmalıdır. Həmin hallar aşağıdakılardır: məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə.

13. Lakin hazırkı mübahisə üzrə qeyd olunan hallar mövcud deyildir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, Ailə Məcəlləsinin 107.2-ci maddəsi bu iş üzrə tətbiq oluna bilməz.

14. Ailə Məcəlləsinin 106.5-ci maddəsi isə icra məmuru tərəfindən aliment üzrə borcun müəyyən edilməsi ilə razılaşmayan tərəflərdən hər birinin onun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət etmək imkanını nəzərdə tutur.

15. Həmçinin, qeyd etmək lazımdır ki, “İcra məmurları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən alimentin məhkəmənin qətnaməsində göstərilən miqdarına uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş qaydada borcları müəyyən etmək icra məmurunun vəzifəsi kimi nəzərdə tutulmuşdur.

16. Hazırkı mübahisənin məzmununu da məhz məhkəmənin qətnaməsinə əsasən tutulmalı olan borcun silinməsi (müəyyən edilməsi) təşkil edir. Buna görə də bu borcun müəyyən olunması icra məmurunun səlahiyyətindədir və iddia ərizəsində göstərilən hallar icra məmuru tərəfindən araşdırılmalıdır.

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsinin tətbiqi üzrə” 08 dekabr 2023-cü il tarixli, 04/2023 nömrəli qərardadında şərh olunan hallar hazırkı işlə eyniyyət təşkil etməsə də, həmin qərardada əsasən gəlinən nəticə ondan ibarət olmuşdur ki, əgər mübahisə məhkəmə qətnaməsi ilə tutulan alimentə münasibətdədirsə, borclunun ərizəsi əsasında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsində nəzərdə tutulan qaydada həll edilməlidir.

18. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası qeyd edilənlərə məcmu halda hüquqi qiymət verərək hesab edir ki, qətnamə qanuni və əsaslı deyildir, şikayətin dəlilləri qismən təsdiq edilməklə qətnamənin ləğvinə əsas verir. Buna görə də şikayət qismən təmin edilərək qətnamə ləğv olunmalı, iş üzrə icraata xitam verilməlidir.

19. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 noyabr 2023-cü il tarixli, 2(004)- 114/2023 nömrəli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 noyabr 2023-cü il tarixli, 2(004)- 114/2023 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı aliment borcunun silinməsi tələbinə dair iş üzrə icraata xitam verilsin. İddiaçı izah edilsin ki, aliment borcunun silinməsi (müəyyən edilməsi) barədə ərizə ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsində nəzərdə tutulan qaydada məhkəməyə müraciət edə bilər. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar