Məhkəmə qərarları › İş №2(103)-1287/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1287/2025

11.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1287/2025 11.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Cəfərli Pəri İlham qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbi” barədə mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-3261/2024 nömrəli, 31 oktyabr 2024-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) Cavabdeh (bundan sonra, cavabdeh) qarşı “aliment tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan doğulmuş övladları – 07 dekabr 2018-ci il təvəllüdlü X5, 02 iyul 2020-ci il təvəllüdlü X6 və 02 iyul 2020-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər bir uşaq üçün 500 (beş yüz) manat, ümumilikdə 1500 (min beş yüz) manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 17 yanvar 2014-cü il tarixdə Səadət Sarayında (Bakı nikah evi) AZ-T №042557 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah bağlanmışdır. Tərəflərin birgə nikahdan 07 dekabr 2018-ci il təvəllüdlü X5, 02 iyul 2020-ci il təvəllüdlü X6 və 02 iyul 2020-ci il təvəllüdlü X7 anadan olmuşdur. Evliliklərinin ilk vaxtı yaxşı olsa da, sonradan münasibətləri heç bir əsaslı səbəb olmadan pozulmuşdur. Cavabdehin özünü qeyri adekvat aparması, iddiaçıya və uşaqlara qarşı davamlı olaraq şiddət göstərməsi ailənin dağılmasına gətirib çıxarmışdır. Bu səbəbdən iddiaçı nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Tərəflər hazırda ayrı yaşayır, azyaşlı uşaqlar iddiaçının himayəsindədir. Uşaqların təlim tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq iddiaçı üçün çətindir. Cavabdeh onlara qarşı heç bir diqqət və qayğı göstərmir, maddi vəziyyətləri ilə maraqlanmır. İddiaçı tərəfindən cavabdehə Mediasiya təklifi barədə məktub göndərilmiş, cavabdehdən bu təklifə heç bir cavab gəlməmiş, Bakı 9 saylı Mediasiya Təşkilatı tərəfindən MŞB/9/2024-00749 nömrəli xx.xx.2024-ci il tarixli Arayış (X2 iştirak edilməməsi barədə) tərtib edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən iddianın təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-3261/2024 nömrəli, 31 oktyabr 2024-ci il tarixli qətnaməsi ilə (hakim Zaur Tağıyev) iddia qismən təmin edilmiş, 07 dekabr 2018-ci il təvəllüdlü X5, 02 iyul 2020-ci il təvəllüdlü X6 və 02 iyul 2020-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər bir uşaq üçün 180 (yüz səksən) manat olmaqla, ümumilikdə 540 (beş yüz qırx) manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması, qətnamənin dərhal icra edilməsi qət olunmuşdur. İddiaçı qeyd edilən qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin dəyişdirilməsini, iddianın tam təmin olunmasını xahiş etmiş, şikayəti iddia ərizəsində göstərilən dəlillərə uyğun əsaslandırmış, həmçinin qətnamənin iddianın təmin olunmayan hissəsində əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılması, cavabdehin rəsmi qaydada işləyərək əmək haqqı alması, məhkəmənin müəyyən etdiyi alimentin məbləğinin azyaşlı uşaqların saxlanılması üçün yetərli olmaması, halbuki 2024-cü il üçün uşaqlar üzrə yaşayış minimumunun 235 manat müəyyən olunması və s. göstərilmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. Həmçinin cavabdeh qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın rədd olunmasını xahiş etmiş, şikayəti - qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılması, birinci instansiya məhkəməsi tərəfindən haqlı olaraq iş üzrə icraata xitam verilməsi, lakin sonradan ləğv olunması, bu zaman cavabdehin məlumatlandırılmaması, çəkişmə prinsipinin pozulması və s. kimi əsaslandırılmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, orada göstərilən dəlillərə uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, Bakı 9 saylı Mediasiya təşkilatı tərəfindən onunla cavabdeh arasında 04 oktyabr 2023-cü il tarixli barışıq sazisi bağlanmışdır. Sazişin 1.2 və 1.3-cü bəndlərinə görə, xx.xx.2018-ci il təvəllüdlü X5, xx.xx.2020-ci il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün onun himayəsinə verilmiş, eyni zamanda Cavabdeh işlədiyi zaman aliment ödəyəcəkdir. Cavabdeh işləsə də aliment ödəmədiyindən o, sazişin həmin bəndlərinin təsdiq olunaraq icraya yönəldilməsi üçün məhkəməyə müraciət etmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2066/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə sazişin qeyd edilən bəndləri təsdiq edilmiş və icraya yönəldilmişdir. İcra icraatı zamanı icra məmuru ona bildirmişdir ki, sazişdə alimentin konkret məbləği müəyyən olunmadığından qətnaməni icra edə bilmir, bu səbəbdən də aliment tələbi ilə müstəqil qaydada məhkəməyə müraciət etməlidir. O da məcbur qalıb hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə əsasən cavbadehin apellyasiya şikayətinin təmin olunmamasını, onun şikayətinin isə təmin olunmasını, iddianın tam təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabehin nümayəndəsi (vəkili) iddiaçının apellyasiya şikayətini əsassız sayaraq, həmçinin cavabdehin apellyasiya şikayətini müdafiə edərək, şikayətin dəlillərinə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, cavabdeh kifayət qədər daşınmaz əmlakı iddiaçıda saxlamış, iddiaçı bəzi əmlakları yüksək qiymətlərlə satmış, maddi vəziyyəti yaxşıdır. Eyni zamanda, tərəflər arasında Bakı 9 saylı Mediasiya təşkilatında 04 oktyabr 2023-cü il tarixli barışıq sazisi bağlanmış, sazişin 1.2 və 1.3-cü bəndlərində tərəflər uşaqların iddiaçının yanında saxlanılması və alimentlə bağlı məsələlərdə razılığa gəlmişlər. Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 2(003)-2066/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə sazişin qeyd edilən bəndləri təsdiq edilmiş və icraya yönəldilmişdir. Belə olan halda isə, iddiaçı yenidən alimentlə bağlı müstəqil tələblə məhkəməyə müraciət edə bilməzdi. Düzdür, cavabdeh Sazişi məhkəmə qaydasında mübahisələndirmiş, lakin iddiası rədd olunmuş, qətnamə apellyasiya qaydasında qüvvədə qalmışdır. Lakin, sazişin təsdiq olunması barədə Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi hazırda da qüvvədədir və icraya yönəldilmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmaqla, hazırki işin icraatına xitam verilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini nəzərdən keçirib, izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin olunmamalı, cavabdehin apellyasiya şikayəti qismən təmin olunaraq, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə müdafiəsi hüququnun tam həcmdə həyata keçirilməsi və pozulmuş hüquqların ədalət mühakiməsinin əsas prinsiplərinin tələblərinə cavab verən şəkildə bərpa edilməsi üçün qanunvericilikdə digər təminatlar da nəzərdə tutulmuşdur. Həmin təminatlardan biri Konstitusiyanın 62-ci maddəsində təsbit edilmiş hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququdur. Bu normada qeyd edilən “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydaları, qanuni məhkəmə tərkibinin mövcudluğu və s. subyektiv elementləri ehtiva edir. Qanunvericilikdə mübahisələrin məhkəmə aidiyyəti məsələsinin aydın və dəqiq göstərilməsi insan və vətəndaş hüquq və azadlıqlarının məhkəmə təminatı baxımından olduqca əhəmiyyətlidir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biridir və qanunla dəqiq müəyyən edilməlidir. Əks təqdirdə bu və ya digər işin hansı məhkəmə icraatı qaydasında baxılması ilə bağlı qeyri-müəyyənlik yaranmış olar. Belə qeyri-müəyyənlik işə məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasında çətinlik yarada, son nəticədə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsini qeyri-mümkün edə bilər (Konstitusiya Məhkəməsi Plenumunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair “ 6 oktyabr 2012-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Vasilesku Rumıniyaya qarşı iş üzrə 22 may 1998-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə əsasən, yalnız işə baxmaq üçün tam həcmdə səlahiyyətə malik olan məhkəmə Konvensiyanın 6-cı maddəsində əks olunan «məhkəmə» anlayışının tələblərinə cavab vermiş olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Çekniçkin Rusiya Federasiyasına qarşı iş üzrə 16 sentyabr 2010-cu il tarixli qərarında qeyd etmişdir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və Konvensiyanın 6-cı maddəsinin İ bəndinin tələblərini pozur. Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında hər kəsin hüquq və qanuni maraqlarının qorunmasında məhkəmə aidiyyətinin dəqiq müəyyən edilməsinin əhəmiyyətini vurğulamaqla yanaşı, bu qaydalara uyğun olaraq qəbul edilən qərarların icrasının ümumilikdə məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmasını da xüsusilə qeyd etmişdir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2 sentyabr 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsinə nəzarət etmək vəzifəsini müəyyən edir. Bu məsələ ilə bağlı Konstitusiyanın 129-cu maddəsinin müddəaları böyük əhəmiyyətə malikdir. Həmin maddənin tələblərinə görə, məhkəmənin qəbul etdiyi qərarların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar). Beləliklə, Konstitusiya və beynəlxalq-hüquqi aktların tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli bərpa olunmasını təmin etməlidir. Məhz bu baxımdan qanunverici öz səlahiyyətləri çərçivəsində hər kəsin hüquq və azadlıqlarının qorunması məqsədilə qanuni qüvvəyə minmiş məhkəmə aktının icrası mərhələsində həmin aktın icra olunmasının təmin edilməsinə yönəlmiş qaydaları müəyyən edir və onları mütəmadi təkmilləşdirir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə, işin hallarına, iddia tələbinin hüquqi təbiətinə, həmçinin aşağıdakılara əsasən hesab edir ki, hazırki məsələ (aliment) məhz tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq olunması ilə bağlı Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 2(003)-2066/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin icrası qaydasında həll edilməli olduğundan, ona müstəqil qaydada mülki mühakimə icraatı qaydasında (iddia icraatı qaydasında) baxıla bilməz. İşdə olan sənədlərdən (barışıq sazişi, sazişin təsdiq olunması barədə qüvvədə olan müvafiq məhkəmə aktı və s.) görünür ki, tərəflər arasında Bakı 9 saylı Mediasiya təşkilatında mediasiya prosesi zamanı 04 oktyabr 2023-cü il tarixli barışıq sazisi bağlanmış, tərəflər uşaqların iddiaçının yanında saxlanılması və cavabdeh tərəfindən aliment ödənilməsinin şərtləri ilə bağlı müvafiq razılığa gəlmişlər. Bundan sonra, iddiaçının ərizəsinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2066/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Sazişin 1.2 və 1.3-cü bəndləri (uşaqların iddiaçının yanında saxlanılması və alimentin ödənilməsi hissələrində) təsdiq edilmiş və icraya yönəldilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 10 mart 2025-ci il tarixli məktubundan və ona əlavə olunmuş icraata başlamaq haqqında 31 may 2024-cü il tarixli qərardan görünür ki, qətnamə qanuni qüvvədə olmaqla, icraya yönəldilmiş və icra icraatına başlanılmışdır. “Mediasiya haqqında” Qanunun 3.1.2-ci maddəsinin tələbinə görə, ailə münasibətlərindən irəli gələn mübahisələrə medisiya tətbiq olunur. Həmin Qanunun 26.1.4-cü maddəsinə əsasən, uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası mediasiya vasitəsilə həll oluna bilər. Həmin Qanunun 32.1.1-ci maddəsinə əsasən, tərəflər arasında barışıq sazişi bağlandıqda mediasiya prosesinə xitam verilir. Həmin Qanunun 34-cü maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. MPM-nin 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. MPM-in 355-25.3-cü maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Ailə Məcəlləsinin 75.3-cü maddəsinə əsasən valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Ailə Məcəlləsinin 76.1 və 78.1-ci maddələrinin tələblərinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay müvafiq miqdarda aliment tutulur. Hazırki işin hallarından və qanunvericiliyin qeyd edilən normalarının müqayisəli təhlilindən göründüyü kimi, tərəflər mediasiya prosesi zamanı həmçinin uşaqların saxlanılması üçün alimentin ödənilməsi istiqamətində müvafiq razılığa gəlmişlər, cavabdeh sazişin şərtlərinə pozduğundan saziş məhkəmə qətnaməsi ilə təsdiq olunmuş və icraya yönəldilmişdir. Buna baxmayaraq, iddiaçı cavabdehə qarşı müstəqil aliment tələbi ilə iddia icraatı qaydasında məhkəməyə müraciət etmişdir. İddiaçı bunun səbəbini sazişdə alimentin konkret miqdarının müəyyən olunmaması ilə əsaslandırmağa çalışsa da, bu hal özü-özlüyündə yeni iddia tələbinin verilməsinə prosessual əsas yaratmır. Yuxarıda da qeyd edildiyi kimi, sazişin həmin bəndi (alimentin ödənilməsi) məhkəmə qətnaməsi ilə təsdiq edilmişdir. Bu hal isə, sazişin aliment hissədə qanuna zidd olmaması, icra oluna biləcək olmasını ehtiva edir (əks halda, sazişin təsdiq olunmasından MPMnin 355-26-ci maddəsinə əsasən imtina edilərdi). Bununla yanaşı, tərəflər, eləcə də icra məmuru qətnamənin aliment hissədə icrasının hansı qaydada həyata keçirilməsi ilə bağlı məhkəmə nəzarətini həyata keçirən müvafiq məhkəməyə müraciət etmək (qətnaməyə və ya icra sənədinə izah verilməsi və ya icra üsul və qaydasının müəyyən edilməsi) hüququna malikdirlər. Göründüyü kimi, hazırki vəziyyətdə alimentlə bağlı məsələ yeni iddia vermək yolu ilə deyil, yalnız icra qaydasında («İcra haqqında» Qanunun və MPM-nin 231 və əlaqəli digər maddələrinin tələbləri çərçivəsində) həll oluna bilər. Qeyd edilən icraatlar isə fərqli olmaqla, özlərində, həmçinin müvafiq icraat qaydasını («Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair» Təlimata uyğun olaraq müxtəlif indeksləri) ehtiva edirlər. “İcra haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Qeyd edilən normalardan da göründüyü kimi, məhkəmə qərarlarının icrası icra məmurları tərəfindən həyata keçirilməklə, sonra müvafiq qərarla yekunlaşır. Tərəflər isə icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) qanunla müəyyən olunmuş formada və qaydada şikayət vermək hüququna malikdirlər. Bununla yanaşı, yuxarıda qeyd edilən normada göstərildiyi kimi icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət eyni zamanda məhkəmə tərəfindən də öz səlahiyyətləri daxilində həyata keçirilir. Lakin, belə nəzarət yeni iddia vermək yolu ilə deyil, MPM-in 230, 231, 232 və digər normaları, həmçinin “İcra haqqında” Qanunun tələbləri çərçivəsində həyata keçirilir. Sonda, məhkəmə kollegiyası xüsusi olaraq qeyd etməyi zəruri hesab edir ki, alimentlə bağlı mediasiya sazişinin onun icrası qaydasında həll olunması, bir tərəfdən qanuni qüvvədə olan məhkəmə qərarının preyudisiallığı, yəni məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsi olmaqla, eyni zamanda yetkinlik yaşına çatmayanların hüquq və mənafelərinin qısa müddətdə tam və hərtərfli həllinə yönəlmişdir. Məhkəmə kollegiyası, həmçinin qeyd etməyi zəruri hesab edir ki, sazişin cavabdeh tərəfindən mübahisələndirilməsi də vəziyyəti dəyişdirmir. Belə ki, hazırki vaxtda sazişin qüvvədən düşməsi (ləğv olunması, etibarsız sayılması və s.) ilə bağlı qüvvədə olan yekun məhkəmə aktı mövcud deyildir (cavabdehin nümayəndəsinin bildirməsinə görə cavabdehin müvafiq iddia tələbi birinci instansiya məhkəməsində rədd olunmuş, apellyasiya şikayəti isə təmin olunmamışdır). Lakin, gələcəkdə bunun əksini təsdiq edən hal yaranarsa, o zaman maraqlı tərəf alimentin tutulması ilə bağlı analoji iddia ilə məhkəməyə müraciət etmək hüququna malik olacaqdır. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. MPM-in 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Nəzərə alınmalıdır ki, “iş məhkəmədə baxılmalı deyildirsə” müddəası, özündə mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olmasını, eləcə də iş məhkəməyə aid olsa da, ona mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı (cinayət, inzibati, inzibati xətalara dair işlər üzrə icraat və ya icra icraatı qaydasında) qaydasında baxılmalı olmasını ehtiva edir. Beləliklə, məhkəmə kollegiyası, hesab edir ki, iddiaçı mediasiya sazişinin və onun təsdiq olunması barədə məhkəmə qərarının icrası zamanı yaranan müvafiq mübahisəli məsələni yeni iddia vermək yolu ilə həll etməkdə haqlı olmamış, birinci instansiya məhkəməsi isə yuxarıda göstərilən halları nəzərə almamış, əsassız olaraq həmin iddia ərizəsini icraata qəbul edərək, ona mahiyyəti üzrə baxmışdır. Belə olan halda isə, yəni birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulduğundan, nəticədə qəbul edilmiş qətnamə qanuni və əsaslı hesab edilə bilməz. MPM-in 385.1 və 385.1.1-ci maddələrinə əsasən, maddi hüquq normalarının və ya prosessual huquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası iş üzrə icraata xitam verilməsi qənaətinə gəldiyindən, apellyasiya şikayətinin dəlillərinə mahiyyəti üzrə (alimentin miqdarının müəyyən olunması istiqamətində) baxılmasını zəruri hesab etmir. MPM-in 262.3-cü maddəsinə əsasən, işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. MPM-in 384.0.5-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Beləliklə, məhkəmə kollegiyası, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və mülki işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və MPM-in 261, 263-264, 357-358, 391, 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “aliment tələbi” barədə mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-3261/2024 nömrəli, 31 oktyabr 2024-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın, cavabdehin apellyasiya şikayəti qismən təmin olunsun. İş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-3261/2024 nömrəli, 31 oktyabr 2024-ci il tarixli qətnaməsi ləğv edilsin, mülki iş üzrə icraata xitam verilsin. İzah edilsin ki, iddia ərizəsində göstərilən mübahisəli məsələ tərəflər arasında bağlanmış barışıq sazişi və onun təsdiq olunması barədə məhkəmə qətnaməsinin, habelə qanunvericiliyin tələblərinə uyğun icra qaydasında həll oluna bilər. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar