Məhkəmə qərarları › İş №2(103)-1289/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1289/2025

07.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1289/2025 07.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “aliment tutulması barədə” iddiasına dair mülki iş üzrə Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(003)-3733/2024 nömrəli qətnaməsindən iddiaçının apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, xx.xx.2020-ci il təvəllüdlü uşaq X1 üçün hər ay 235 manat aliment cavabehdən (anadan) tutularaq iddiaçıya (ataya) verilsin. Xəzər Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia qismən təmin olunsun, həmin uşağın saxlanması üçün xx.xx.2024-cü ildən başlayaraq hər ay 200 manat aliment anadan tutularaq ataya verilsin, iddianın qalan hissəsi təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə dəyişdirilərək alimentin miqdarı 235 manat müəyyən edilsin. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Apellyasiya şikayətində qətnamənin iddianın rədd edilməsinə aid hissəsi mübahisələndirildiyinə görə, qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılmalıdır. Yoxlanılan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, bundan əvvəl həmin uşaqla bağlı tərəflərin məhkəmə mübahisəsi olub. Bu mübahisəyə baxılarkən uşağın özünün himayəsində saxlanılmasını tələb edən atanın məhkəməyə verdiyi məlumata görə, ana xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilədək 1 saylı Respublika Psixiatriya xəstəxanasında “Yüngül nevrotik reaksiya” diaqnozu ilə stasionar müalicə alıb, ana heç bir yerdə işləmir, ananın gəliri və yaşamağa yeri yoxdur, anadan fərqli olaraq atanın daimi iş yeri var, ata hər ay 580 manat əmək haqqı alır, bundan başqa, ata fərdi təsərrüfatla məşğul olduğundan aylıq qazancı aldığı maaşla birlikdə 1.000 manat təşkil edir. Həmin iş üzrə qəbul edilmiş Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(003)- 1770/2023 nömrəli qətnaməsi ilə məhz bu hallar nəzərə alınaraq uşağın atanın yanında saxlanılması qət edilib. Hazırda ata 200 manat alimentin az olduğunu iddia edərək anadan daha çox aliment – 235 manat tələb edir. AR Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə, sabit pul məbləğində tutulan alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə atanın özünün məhkəməyə verdiyi, yuxarıda qeyd olunan məlumatlara əsaslanaraq hesab edir ki, sağlamlıq problemi olan, yaşayış və iş yeri olmayan anadan hər ay 200 manatdan artıq aliment tutulması üçün əsas yoxdur. Məhkəmə AR Ailə Məcəlləsinin 110-cu maddəsinin göstərişinə və AR Ali Məhkəməsi Plenumunun “AR Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli 15 №-li qərarında verilən izaha əsaslanaraq hesab edir ki, tutulmalı olan 200 manat alimentin miqdarı alimentin indeksasiyasının təmin edilməsi məqsədilə ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən edilməlidir. Alimentin miqdarının birinci instansiya məhkəməsi tərəfindən 200 manat müəyyən edildiyi 2024-cü ildə minimum əmək haqqının məbləği 345 manat təşkil edib. Bu hesabla alimentin miqdarı minimum əmək haqqının 0,58 misli hədində müəyyən edilməlidir (200 manat : 345 manat = 0,579). Odur ki, qətnamə dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və AR Mülki Prosessual Məcəlləsinin 372, 384-392ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(003)-3733/2024 nömrəli qətnaməsi dəyişdirilsin. xx.xx.2024-cü il tarixdən hesablanmaqla xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə sorakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,58 (sıfır tam yüzdə əlli səkkiz) misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar