Məhkəmə qərarları › İş №2(103)-1300/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1300/2022

19.05.2022 · Müqavilələrin ləğv edilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1300/2022 19.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) X4 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “müqavilənin ləğv olunması və müqavilə üzrə ödənilmiş pulun qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Şakir Hüseynovla arasında bağlanmış 1 №-li 19.03.2006-cı il tarixli payçı müqaviləsinin ləğv olunması, müqavilə üzrə ödədiyi 7000 ABŞ dollarının və iddiaya görə ödədiyi 30 manat dövlət rüsumunun Şakir Hüseynovun qanuni vərəsəsi olan Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, Sumqayıt şəhəri, 10-cu mikrorayon, Babək küçəsi boyunca inşa edilən 10 mərtəbəli evin 3-cü blokunun 3-cü mərtəbəsində ümumi sahəsi 110 kv. metr-dən ibarət mənzillərdən birini almaq üçün Şakir Hüseynovla 19.03.2006-cı il tarixdə payçı müqaviləsi bağlamış, müqaviləyə əsasən Şakir Hüseynov hər kvadratmetrinin qiyməti 250 ABŞ dolları olmaqla ümumi dəyəri 27 500 ABŞ dolları olan 110 kv.m mənzili 2 il müddətində iddiaçıya təhvil verməyi öhdəsinə götürmüş, öz aralarında ilkin ödəniş 3000 ABŞ dolları, hər üç aydan bir 1000 ABŞ dolları, ümumi məbləği ev təhvil verilənədək ödəməsi ilə bağlı aralarında şifahi razılığa gəlmişlər. Mənzil üçün ilkin ödəniş qismində 3000 ABŞ dolları, 12.05.2006-cı il tarixdə 1000 ABŞ dolları, 12.07.2006-cı il tarixdə 1000 ABŞ dolları, 26.10.2006-cı il tarixdə 1000 ABŞ dolları, 24.01.2007-ci il tarixdə 1000 ABŞ dolları, yəni ümumilikdə 7000 ABŞ dolları pul ödəmiş, sonradan tikinti işlərinin yubandığını görüb ödəmələri dayandırmışdır. Şakir Hüseynov 2008-ci ildə həbs olunmuş, binanın tikintisi isə yarımçıq qalmış, sonradan Şakir Hüseynovun vəfat etdiyini öyrənmişdir. Tural X1i vərəsəsidir və atasının yarım qalan bir neçə tikinti işlərini davam etdirir. Dəfələrlə ona yeni mənzillə təmin edilməsini xahiş etsə də, heç bir nəticəsi olmamışdır. Buna görə də hesab edir ki, Şakir Hüseynovla bağladığı müqavilə ləğv olunmalı və müqavilə üzrə ödədiyi pul vəsaiti onun vərəsəsi olan cavabdeh tərəfindən qaytarılmalıdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin olunması qət edilmişdir. Qətnamədən apellyasiya şikayəti verən Cavabdeh onun ləğv olunmasını və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, iddiaçının müqavilənin ləğvi ilə bağlı pretenziya qaydasına əməl etmədiyi, müqavilə ləğv edilərkən müqavilə üzrə ödənilən pulun geri qaytarılmasının qanunvericilikdə nəzərdə tutulmadığı, iddiaçının istinad etdiyi müqavilənin ödəniş qrafasında ödənildiyi göstərilən 7000 ABŞ dollarının Şakir Hüseynova verilmədiyi, həmin sənəddəki imzaların Şakir Hüseynova aid olmadığı arqumentləri ilə əsaslandırmışdır. İşə baxılmasının yeri (vaxtı) barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh məhkəməyə gəlməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi 19.03.2006-cı il tarixli müqavilədə “Ödəməni qəbul edənin imzası” qrafasındakı imzaların X3 qardaşı tərəfindən icra edildiyini və pulların ona verildiyini, lakin pulların Şakirə çatdırıldığını, məhz Cavabdeh Şakirin vərəsəsi olduğunu bildirmiş, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, məhkəmə iclasında verilən izahatları dinləyərək kollegiya hesab edir ki, şikayət qismən təmin edilməli və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli qətnaməsi “Cavabdeh qanuni vərəsəsi olan Cavabdeh 7000 ABŞ dolları məbləğində pulun və iddiaya görə ödədiyi 30 manat dövlət rüsumunun tutularaq İddiaçı verilməsi” hissəsində ləğv olunmaqla iddianın həmin hissədə təmin edilməməsi barədə yeni qətnamə çıxarılmalı, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki işin materiallarında olan 19 mart 2006-cı il tarixli müqavilədən görünür ki, həmin müqavilə X6 ilə İddiaçı Qənbər oğlu arasında Sumqayıt şəhəri, 10-cu mkr., Babək küçəsi boyunca inşa edilən 10 mərtəbəli evin 3-cü blokunun 3-cü mərtəbəsində ümumi sahəsi 110 kv.m. olan mənzilin Şakir Hüseynov tərəfindən İddiaçı pay kimi verilməsi, İddiaçı isə mənzilə görə 27 500 ABŞ dolları ödəməsi barədə bağlanmış, müqavilədə İddiaçı 19.03.2006-cı il tarixdə 3000 ABŞ dolları, 12.05.2006-cı il tarixdə 1000 ABŞ dolları, 12.07.2006-cı il tarixdə 1000 ABŞ dolları, 26.10.2006-cı il tarixdə 1000 ABŞ dolları, 24.01.2007-ci il tarixdə 1000 ABŞ dolları ödədiyi barədə qeydlər aparılmışdır. İşin müəyyən olunan halına görə, X6 19 mart 2006-cı il tarixli müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş, vəfat etməsindən sonra müvafiq öhdəliklər onun vərəsələri tərəfindən də icra olunmamışdır. Cavabdeh Şakir Hüseynovun vərəsəsi (oğlu) olduğu da işin mübahisələndirilməyən halıdır və o, vərəsə olduğunu mübahisələndirməyərək, yalnız iddiaçının ödədiyi pulların atasına verilmədiyini irəli sürmüşdür. Mülki qanunvericiliyin müddəalarına görə, müqavilənin ləğv edilməsi üç halda mümkündür; bunlardan birincisi Mülki Məcəllənin 421.1-ci maddəsində təsbit edilən tərəflərin könüllü razılaşmasıdır. Hazırki halda bu hal istisna olunur, çünki müqavilə tərəflərinin razılaşması yoxdur. İkinci hal Mülki Məcəllənin 421.2-ci maddəsində müəyyən olunmuş digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozduğunun sübuta yetirildiyi haldır. Buna görə, tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. İşin hallarından görünür ki, bu halın mövcudluğu müəyyən edilmişdir – belə ki, X3 vəfat etdiyi vaxta qədər müqaviləi üzrə öhdəliklərini icra etmiş olduğuna, onun vəfat etməsindən sonra isə vərəsələrinin müvafiq öhdəliyi icra etdiyinə dair heç bir sübut təqdim olunmamışdır. Üçüncü hal isə Mülki Məcəllənin 422-ci maddəsində təsbit olunmuş şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin ləğv edilməsi halıdır. Həmin Məcəllənin 422.1-ci maddəsinə görə, tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Kollegiyanın qənaətinə görə, hazırkı mübahisə baxımından həmin halın mövcud olub-olmadığının xüsusi araşdırılmasına ehtiyac yoxdur – çünkü, iddiaçının müvafiq tələbinin bir qanuni əsasının mövcudluğu artıq müəyyən edilmişdir. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, iddiaçının “müqavilənin ləğv olunması” tələbinə münasibətdə irəli sürdüyü faktiki hallar həmin tələbin qanuni əsasının dispozitiv əlamətləri ilə uzlaşmaqdadır və birinci instansiya məhkəməsi müvafiq nəticəyə gəlməkdə haqlı olmuşdur. İddiaçının pretenziya qaydasına əməl etmədiyi, yəni müqavilənin ləğvinə dair bildiriş vermədiyi barədə apellyatorun irəli sürdüyü dəlilə münasibətdə kollegiya qeyd edir ki, Mülki Məcəllənin 423.2-ci maddəsinin mənasına görə həmin qaydadan müqavilənin ləğvinin məhkəmədənkənar şəkildə mümkünlüyü ehtimalı olduqda istifadə olunmalıdır; hazırkı işin hallarından isə aydın olur ki, belə ehtimal mövcud olmamış, həmçinin artıq müvafiq qaydaya riayət etmək imkanı da itirilmişdir. Bununla belə kollegiya, birinci instansiya məhkəməsinin “Cavabdeh qanuni vərəsəsi olan Cavabdeh 7000 ABŞ dolları məbləğində pulun tutularaq İddiaçı verilməsi” qənaəti ilə razılaşmır. Belə ki, İddiaçı müqavilə üzrə ödədiyi pul vəsaitlərini (ödənişləri) Şakir Hüseynova verdiyini irəli sürsə də, apellyasiya baxışı zamanı təyin olunmuş ekspertizanın rəyi ilə ödəmələri qəbul edən şəxsin Şakir Hüseynov olmadığı müəyyənləşdirilmiş, İddiaçı özü də bu faktı etiraf etmişdir. Buna görə də kollegiyanın qənaətinə görə, nə qədər ki, İddiaçı qeyd olunan müqavilənin icrası qaydasında pul vəsaitlərini alan şəxsin Şakir Hüseynovun tapşırığı əsasında hərəkət etdiyi sübuta yetirilməmişdir, İddiaçı həmin şəxsə verdiyi pul vəsaitlərini əsassız varlanma müddəalarına istinadən məhz ondan tələb edə bilər. Kollegiya iddiaçıya həmçinin izah edir ki, o, Şakir Hüseynovun vərəsələrinə qarşı – vərəsələrin məsuliyyətinin həddi nəzərə alınmaqla - ona dəymiş zərərin ödənilməsi barədə iddia qaldırmaq hüququna sahibdir; belə ki, Mülki Məcəllənin 424.5-ci maddəsinə əsasən, əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbacan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.2-ci və 385.1.3-cü maddələrinə əsasən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması və birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2218/2021 saylı iş üzrə 12 noyabr 2021-ci il tarixli qətnaməsi “Cavabdeh qanuni vərəsəsi olan Cavabdeh 7000 ABŞ dolları məbləğində pulun və iddiaya görə ödədiyi 30 manat dövlət rüsumunun tutularaq İddiaçı verilməsi” hissəsində ləğv olunsun. İddia tələbi həmin hissədə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 124 (yüz iyirmi dörd) manat İddiaçı alınaraq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, X2, Kod 210005, VÖEN **********, M/h-AZ85NABZ********************, SWİFT- BİK CTREAZ22) köçürülsün. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri tərəflərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar