Məhkəmə qərarları › İş №2(103)-1307/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1307/2023

20.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1307/2023 20.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: “aliment tələbi”) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X9 (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X6 cəlb edilməklə) aliment tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(010)-4728/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Cavabdeh ilə X7 xx.xx.2019-cu il tarixdə nikahlarını bağlamılar, arvada “İbrahimova” soyadı verilmişdir.

2. Tərəflərin birgə nikahlarından xx.xx.2021-ci il tarixdə X10 doğulmuşdur.

3. Cavabdeh “DOST X4” MMC-də şöbə müdiri vəzifəsində işləyir və əmək haqqı 3.400 manat təşkil edir.

4. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-815/2022 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə X2 birgə nikahlarından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-8055/2019 saylı qətnaməsi ilə tutulan alimentin məbləği dəyişdirilərək hər ay cavabdehin qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında müəyyən edilməsi qət edilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən birgə nikahdan anadan olmuş xx.xx.2021-ci il təvəllüdlü X1 üçün hər ay qazancının və ya başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə xx.xx.2019-cu il tarixdə nikaha girərək ailə qurmuş və nikahları 2 saylı Bakı ASAN Xidmət Mərkəzinin Qeydiyyat şöbəsində 2748 nömrəsi ilə qeydiyyata alınmışdır. Birgə nikahdan xx.xx.2021-ci il təvəllüdlü X10 anadan olmuşdur. Evliliyin ilk dönəmində cavabdehlə münasibətləri normal olsa da, son vaxtlar cavabdehin əsassız hərəkətləri nəticəsində münasibətləri pozulmuş və o, artıq bir müddətdir ki, uşağı ilə birlikdə cavabdehdən ayrı yaşayır və faktiki olaraq uşaq onun himayəsindədir. Nikahları pozulmasa da, ayrı yaşadıqları müddətdə cavabdeh uşağı ilə maraqlanmır və ümumiyyətlə uşağın saxlanması ilə bağlı xərclərdə iştirak etmir. O, özü işləmədiyimdən və cavabdeh də uşağın saxlanması ilə bağlı xərcləri qarşılamadığından, birgə nikahdan olan körpə uşağın xərclərini qarşılamaqda maddi çətinlik çəkir. Ona görə də hesab edir ki, uşağın saxlanması üçün aliment məbləği cavabdehdən məhkəmə qaydasında tutulmalıdır. Cavabdehlə mübahisəni mediasiya prosesi vasitəsilə həll etməyə çalışsa da, nəticəsi olmamışdır.

7. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(010)- 4728/2022 saylı qətnaməsi ilə (hakim T.Mahmudova) iddia təmin edilmiş, Cavabdeh xx.xx.2021-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay qazancın və (və ya) başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentin İddiaçı xeyrinə tutulması, alimentin tutulması müddətinin xx.xx.2022-ci il tarixdən müəyyən edilməsi, qətnamənin dərhal icra olunması qət edilmişdir.

8. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab etmişdir ki, hazırda cavabdehin əmək haqqına münasibətdə götürdükdə, bir uşağa görə təqribən 850 manat (3400/4) aliment ödənilir. Cavabdehdən hazırki iş üzrə də ¼ hissə miqdarında aliment tutulduqda, cavabdehin əmək haqqından özünə (850+850=1700, 3400-1700=1700) yetərincə məbləğ qalır ki, həmin məbləğ onun şəxsi ehtiyaclarının ödənilməsinə kifayət edəcək miqdardadır.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 17, 34-cu maddələrinə, Ailə Məcəlləsinin 2.3, 19.1, 20.1, 21.1, 22.1, 22.2, 75.1, 75.4, 76.1, 76.2, 100.2-ci maddələrinə, “Uşaq hüquqları haqqında” Qanunun 5-ci maddəsinə, “Uşaq hüquqları haqqında” xx.xx.1959-cu il tarixli Bəyannamənin 6-cı maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli qərarına, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 saylı qərarına, Mülki Prosessual Məcəllənin 234-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin qismən təmin edilərək xx.xx.2021-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay qazancının və (və ya) başqa gəlirlərinin 1/6 hissəsi miqdarında alimentin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi onun əvvəlki nikahdan olan uşağının olması və ona qazancının və digər gəlirlərimin ¼ hissəsi miqdarında aliment ödəməyini qəbul etmiş, lakin Ailə Məcəlləsi ilə müəyyən edilmiş olan iki uşağa görə 1/3 hissə aliment tutulur müddəasını tətbiq etməmişdir. Eyni zamanda, aliment ödəməli olan şəxsin məhkəmə qətnaməsi ilə aliment ödədiyi digər uşaqlarının mövcud olması ortaya çıxdığı halda, məhkəmə xeyrinə aliment ödənilən şəxsi işdə iştirak etməyə cəlb etməlidir, çünki qəbul ediləcək qətnamə ilə aliment miqdarının azaldılması birbaşa olaraq onun hüquqlarına toxunacaqdır. Həm Ailə Məcəlləsi, Həm Ali Məhkəmənin Plenumu açıq-aşkar, konkret olaraq qeyd etməsinə baxmayaraq, məhkəmə özlüyündə əsassız olaraq onun əmək haqqından hesablama apararaq hər uşağa görə ¼ hissə hesablamış və əmək haqqından çıxaraq, guya ona kifayət qədər vəsait qalması əsası ilə iddiaçının iddiasını təmin etmiş, onun irəli sürdüyü dəlilləri təkzib etmişdir. Hesab edir ki, məhkəmə qanunun imperativ tələblərindən açıq-aşkar surətdə kənara çıxmış, yekunda maddi və prosessual hüquq normalarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək qətnamənin ləğv ediməsi və apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi, həmçinin bildirdi ki, iddiaçı artıq nikahın pozulması ilə bağlı məhkəməyə müraciət etmiş və bununla bağlı məhkəmə hazırlıq iclası xx.xx.2023-cü il tarixə təyin edilmişdir.

14. İddiaçının nümayəndəsi və vəkili məhkəməyə ərizə göndərərək məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyini bildirərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və cavabdeh tərəfindən verilən apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

15. Məhkəmə kollegiyası tərəfindən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X3 işə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi

16. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.

17. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

18. Maddə 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı.

19. Maddə 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.

20. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun:

21. Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 112.1.3. İddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.

25. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

26. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

27. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.

Apellyasiya baxışının hədləri

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

29. Hazırki işdə iddia tam təmin olunduğundan və apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən qətnamə tam həcmdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

31. Belə ki, işin müəyyən olunmuş faktiki hallarına və işdə olan sübutlardan görünür ki, cavabdehin əvvəlki nikahından bir uşağı var və cavabdehdən məhkəmə qətnaməsi ilə həmin uşağın saxlanmasına görə qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutulur.

32. Cavabdehin hazırki nikahından da bir uşağı doğulmuş və iddiaçı həmin uşağın saxlanması üçün cavabdehin qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutulmasını məhkəmədən xahiş etmişdir.

33. Cavabdehin hazırda əmək haqqı 3.400 manat təşkil edir.

34. Məhkəmə kollegiyası hesab edir ki, hazırda cavabdehin ikinci uşağının saxlanması üçün qazancının və başqa gəlirlərinin 1/6 hissəsi miqdarında alimentin tutulması, birinci uşağa görə isə ¼ hissəsi miqdarında aliment tutulması, iki uşaq arasında ayrı-seçkiliyə yol açmış olur.

35. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Ailə Məcəlləsinin 76.1-ci maddəsində nəzərdə tutulmuş alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.

36. Birinci instansiya məhkəməsi tərəfindən məhz cavabdehin əmək haqqının miqdarı nəzərə alınaraq qanuni və əsaslı qətnamə qəbul edilmişdir.

37. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

38. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə, tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər.

39. Həmçinin qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır (850 - 566 (əmək haqqının 1/6 hissəsi) = 284 manat; 284 x 12 ay =3.408 manat). Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir.

40. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh tərəfindən apellyasiya şikayəti təmin olunmasın. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(010)- 4728/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehə aid edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

HAKİMLƏR Məhəmməd Rüstəmli Akif İsgəndərov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar