Məhkəmə qərarları › İş №2(103)-1307/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1307/2024

31.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1307/2024 31.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-1307/2024 (Açar sözlər: mənəvi ziyanın ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X17 və X8 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(011)-7415/2023 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh təşkilatın əməkdaşının səhlənkarlığı ucbatından iddiaçı qızını, baldızını və baldızı qızını itirmişdir. Zaqatala Rayon Məhkəməsinin 1(033)-25/2018 nömrəli 22 may 2018-ci il tarixli hökmü ilə X26 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdən təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 2 il müddətinə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 30 noyabr 2018-ci il tarixli 1(107)- 151/2018 saylı hökmü ilə X18 müdafiəçisi tərəfindən verilmiş şikayət təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 1(102)-550/20196 saylı 23 aprel 2019-cu il tarixli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin 30 noyabr 2018-ci il tarixli 1(107)-151/2018 saylı hökmü dəyişdirilmədən saxlanılmışdır.

2. İddiaçı hazırda cavabdehin işçisinin təqsiri ucbatından ailə üzvlərini itirməsi səbəbindən keçirdiyi mənəvi sarsıntı və iztirablara görə mənəvi ziyanın ödənilməsini tələb edir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonuncudan iddiaçının xeyrinə azyaşlı qızı - X3, baldızı - X9 və baldızının 2 yaşlı uşağı - X4 faciəvi surətdə ölmələri ilə bağlı 80.000 manat məbləğində mənəvi ziyana görə kompensasiyanın, həmçinin ödənilmiş 330 manat dövlət rüsumunun tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ana kimi qızını - X5, baldız kimi– X12 və bibi kimi isə baldızı qızı – X10 birdən faciəvi surətdə itirmişdir. Baş vermiş cinayət hadisəsi nəticəsində oxuduğu məktəbdə məktəb birincisi seçilən 12 yaşlı azyaşlı qızının, orta məktəbdə dil-ədəbiyyat müəllimi işləyən baldızının və baldızının 2 yaşında olan uşağının faciəvi surətdə ölməsi ilə müvafiq qurum cavabdehlik daşıyır. Cavabdeh qurumun məsuliyyətsiz, işlərinə səhlənkar yanaşan əməkdaşlarının səhvi nəticəsində iddiaçı bu ağrı-acını yaşayır. Ana kimi bunlara dözmək çox çətindir. X22 Azərbaycan Respublikası CM-in 314.3-cü maddəsi ilə ittiham elan edilmişdir. Ondan ötrü ki, təqsirləndirilən şəxs X2 Regional Qaz İstismarı İdarəsinin Zaqatala rayonu üzrə Təbii qazın qəbulu və satış xidmətinin rəisi vəzifəsində işləyən vəzifəli şəxs olmaqla, işə laqeyd münasibət göstərib, öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməyərək, səhlənkarlıq etməklə ehtiyatsızlıqdan üç nəfər şəxsin ölümünə, bir nəfər şəxsin isə sağlamlığına yüngül zərər yetirilməklə fiziki şəxsin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulmasına səbəb olmuşdur. Belə ki, verilmiş ittihamda göstərilmişdir ki, X2 Regional Qaz İstismarı İdarəsinin Zaqatala rayonu üzrə Təbii qazın qəbulu və satış xidmətinin rəisi vəzifəsində işləyərkən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarına” uyğun olaraq, tərtib edilmiş xx.xx.2017-ci il tarixli 17841 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqaviləsinin” 2.1.2-ci, həmçinin X34 İstismarı İdarəsinin rəisi tərəfindən təsdiq edilmiş 09 dekabr 2016-cı il tarixli X34 İstismarı İdarəsinin inzibati rayonlar üzrə Təbii qazın qəbulu və satışı xidməti rəisinin peşə təlimatının 1.1-ci bəndinin 3-cü abzasına əsasən xidmətin işçiləri tərəfindən evdaxili qaz cihazlarının təhlükəsiz istifadə qaydalarına dair bütün əhali və qeyri-əhali abonentlərə il ərzində bir dəfədən az olmayaraq, təlimatın keçirilməsini təmin etmək, o cümlədən həmin Təlimatın 1.1-ci bəndinin 19-cu abzasına əsasən tabeçiliyində olan işçi heyətinin fəaliyyətini təşkil etmək, istiqamətləndirmək və rəhbərlik etmək funksiyalarının yerinə yetirilməsinin ona həvalə edilməsinə baxmayaraq, işə laqeyd münasibət göstərib öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməyib xidməti ərazidə olan evdaxili qaz cihazlarının təhlükəsiz istifadə qaydalarına dair tabeliyində olan əməkdaşların abonentlərlə təlimatın keçirilməsini düzgün təmin etməmiş, həmçinin tabeliyində olan işçi heyətinin fəaliyyətini düzgün təşkil etməmiş, nəticədə X34 İstismarı İdarəsinin Zaqatala rayonu üzrə onun rəisi olduğu Təbii qazın qəbulu və satış xidmətində qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri vəzifəsində işləyən X13 üzərinə müvafiq əmrlə Zaqatala şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən mənzillərdə abonentlərlə təlimatın keçirilməsi vəzifəsi qoyulmasına baxmayaraq, sonuncu “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisiarasında qazın alqı-satqısı barədə müqaviləsinin” 2.1.2-ci həmçinin çilingərin peşə Təlimatının 2.3-cü bəndinə əsasən, istehlakçının ildə bir dəfədən az olmayaraq “X11 tələblərinə uyğun olaraq təlimatlandırmalı, o cümlədən, həmin Müqavilənin 2.1.4-cü və Qaydaların 2.9-cu bəndinin “a” yarımbəndinə əsasən, abonentin yaşadığı ünvanda istismarda olan qaz qurğularının tam və dəqiq uçotunu aparmaqla əlavə qaz cihazlarının quraşdırılması hallarını aşkar etdikdə bu barədə xidmət rəisinə rəsmi məlumat təqdim etməli olduğu halda, bunları etməməklə qeyd olunan müqavilənin və peşə təlimatının tələblərini kobud surətdə pozaraq ünvan 1 ünvanında mənzilin mülkiyyətçisi, eyni zamanda istehlakçı olan X23 deyil, qanunsuz olaraq istehlakçı hesab edilməyən X1 xx.xx.2017-ci il tarixdə qazdan istifadə qaydaları ilə bağlı təlimatlandırıb, bununla bağlı müvafiq jurnalda qeydiyyat aparmış, həmçinin 2017-ci ilin təqribən noyabr ayında göstərilən ünvanda sayğac göstəricilərini çıxaran zaman, evin mətbəxinin pəncərəsindən bayıra çıxarılmış axımlı su qızdırıcısının yanma məhsullarının xaric olunma borusunu gördükdən sonra, abonentin yaşadığı ünvanda əlavə qaz cihazının quraşdırıldığını bilib, həmin ünvanda qaz qurğularının tam və dəqiq uçotunu aparmamış, müvafiq olaraq bu barədə xidmət rəisinə rəsmi məlumat verməmiş və nəticədə qazdan istifadə qaydaları ilə bağlı təlimatlandırılmayan istehlakçı X27 və 2017-ci ilin oktyabr ayından öz ailəsi ilə həmin ünvanda kirayədə yaşayan X24 qazdan istifadə qaydalarından xəbərsiz olmuş, həmçinin 2017-ci ilin oktyabr ayında Nuranə Muxtarlının iştirakı ilə həmin evin mətbəxində qazla işləyən axımlı su qızdırıcısı quraşdırılarkən su qızdırıcısı olan otaq lazımı şəraitlə yəni, ventilyasiya kanalları və qəfəsə, yaxud otağa hava keçməsi qapı ilə döşəmə arasında sahəsi 0.02 kv.m.-dan az olmayan məsafənin kəsilməsi təmin olunmadığından, quraşdırılması və istifadə olunması normativ aktların tələblərinə uyğun olmamış, axımlı su qızdırıcısı qurularkən tüstü borusu müvafiq qaydaların tələblərinə zidd olaraq polad materialdan olmamaqla qızdırıcının yuxarı hissəsindən 0.5 metrə qədər şaquli vəziyyətdə çəkilmədiyindən, borunun çölə çıxarılmış hissəsi dam örtüyündən ən az 0.5 metr hündürlüyə qaldırılmadığından, yanma məhsullarının xaric olunma borusu qızdırıcının tüstüçıxanına kip birləşdirilmədiyindən, həmin hissədə boru yüksək temperaturun təsirindən əriyərək təxminən 3 sm məsafədə olduğundan, mətbəxə davamlı hava (normal yanma prosesi üçün zəruri olan həcmdə oksigen) axını təmin edilmədiyindən, oksigen çatışmazlığı şəraitində su qızdırıcısının odluğunda ifrat dərəcədə açılmış təbii qazın tam yanmaması səbəbində yaranan dəm qazının 31 dekabr 2017-ci il tarixdə gecə saatlarında mənzilə dolması nəticəsində ehtiyatsızlıqdan 3 nəfərin yəni, X24, X19 və X3 dəm qazından zəhərlənərək ölməsinə, X6 isə sağlamlığına yüngül zərər yetirilməklə hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulmasına səbəb olmuşdur. Zaqatala rayon məhkəməsinin 1(033)-25/2018 saylı, 22 may 2018-cu il tarixli hökmünə əsasən X26 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 02 (iki) il müddətinə dövlət orqanlarında, yerli özünüidarə orqanlarda rəhbər və maddi – məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş. Zaqatala Rayon Məhkəməsinin 1(033)-25/2018 saylı, 22 may 2018-ci il tarixli hökmü X22 münasibətdə qanuni qüvvəyə minmiş və hökm icraya yönəldilmişdir. Bu baş vermiş hadisə ilə əlaqədar cinayət işi üzrə təyin edilmiş ekspertizaların rəylərindən görünür ki, hadisə X34 İstismarı İdarəsinin Zaqatala rayonu üzrə Təbii qazın qəbulu və satış xidmətinin rəisinin-Cavabdeh əməkdaşının təqsiri ucbatından baş vermişdir. Cavabdeh orqanın məsul vəzifədə çalışan əməkdaşının qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkətləri və baş verən hadisə nəticəsində iddiaçıya mənəvi ziyan dəymişdir. Baş vermiş cinayət hadisəsi nəticəsində oxuduğu məktəbdə məktəb birincisi seçilən 12 yaşlı azyaşlı qızının, orta məktəbdə dilədəbiyyat müəllimi işləyən baldızının və baldızının 2 yaşında olan uşağının faciəvi surətdə ölməsi ilə bağlı iddiaçının və digər ailə üzvlərinin mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və bu hadisə nəticəsində və ondan sonrakı proseslər zamanı yaşanan stresslər, əzab və əziyyətlər ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etmək hüququ vardır. Bu baxımdan azyaşlı qızı - X3, baldızı - X9 və baldızının 2 yaşlı uşağı - X4 faciəvi surətdə ölmələri nəticəsində keçirdiyi narahatlıq, məyusluq, mənəvi sarsıntı, iztirab və s. kimi halları nəzərə alaraq 80.000 manat məbləğində mənəvi zərər tam həcmdə cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən alınaraq iddiaçıya ödənilməlidir.

5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(011)- 7415/2023 saylı qətnaməsi ilə (hakim Aygün Həsənova) iddia tələbinin qismən təmin edilməsi, iddiaçıya dəymiş mənəvi ziyanın ödənilməsinin əvəzi olaraq Cavabdeh İB-dən 30.000 manat məbləğində pul vəsaiti və ödənilmiş 180 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 150 manatı onun özünə aid edilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət etmişdir.

6. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1, 1097.1, 1099.1, 1099.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 82.4 və 119.1-ci maddəsinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin olunmayan hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti öz iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərmişdir ki, məhkəmə iddiaçının baldızı ilə bacı münasibətində olmasını lazımi qədər düzgün qiymətləndirməmişdir. Bildirmişdir ki, onun həm qızının, həm baldızının və həm də baldızı qızının faciəvi surətdə ölməsinə görə mənəvi ziyan almaq hüququ vardır. Məhkəmə bu hüquq normasını düzgün qiymətləndirməmiş və yanlışlığa yol vermişdir.

9. Qətnamədən həmçinin cavabdeh apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin olunan hissədə ləğv edilməsi və iddianın bütövlükdə rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, 2017-ci il tarixində Zaqatala şəhərində iddiaçının qızının, baldızının və baldızının azyaşlı qızının dəm qazından boğulub ölmə hadisəsinin üzərindən 6 ildən artıq müddət keçmişdir. Bu fakt da belə qənaətə gəlməyə əsas verir ki, İddiaçı hadisənin ilk vaxtlarında keçirdiyi arzuolunmaz mənəvi-psixoloji stressinin səviyyəsi ilə hazırki vaxtda keçirdiyi stressin səviyyəsi eyni deyil və eyni də qala bilməzdi. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçının ailə üzvü və yaxınları (əri, qayını, qayınanası) apellyasiya şikayətlərində 6 il öncə baş vermiş ölüm hadisəsinin əsl səbəbkarının X9 olmuş olduğunu qeyd etmişlər, lakin bununla belə iddiaçının ailə üzvü olan əri, yaxınları olan qayını və qayınanası qanunvericiliyinin onlara verdiyi imkanlardan sui-istifadə edərək bu halı maddi qazanc əldə etməyə yönəltmişlər, ölmüş yaxınlarının sayəsində də kifayət qədər maddi qazanc əldə etmişlər. Xətai Rayon Məhkəməsi müvafiq işə baxarkən, iş üzrə iddiaçının qayınanası Yekibaşova Aşurey Ramazan qızının, iddiaçının qayını X14 və iddiaçının əri X7 ayrı-ayrılıqda mənəvi zərərə görə Cavabdeh İBdən məhkəmə qərarları əsasında müvafiq olaraq 70.000, 50.000 və 60.000 manat məbləğində təzminat almış olduqlarını nəzərə almamışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin tam olaraq rədd edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətlərinə qarşı etirazlar daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

12. Məhkəmə baxışı zamanı cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən yekun məhkəmə aktının çıxarıldığı iclasın vaxtı və yeri barədə cavabdehə heç bir məlumat verilməmiş, məhkəmə prosesi çəkişmə prinsipinə əməl edilmədən keçirilmiş və bununla da cavabdehin qanunla qorunan mənafeləri pozulmuşdur.

13. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

14. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

15. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

16. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

17. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

18. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

19. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

20. Maddə 1099.2. İşçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.

“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenum Qərarı

21. Mülki qanunvericilikdə şəxsin ölümü və ya sağlamlığına zərər yetirilməsi ilə əlaqədar mənəvi zərərin ödənilməsi əsaslarını müəyyən edən konkret hüquq normasının nəzərdə tutulmaması bu barədə iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz və belə tələb Mülki Məcəllənin 23-cü maddəsinə əsaslanmaqla mənəvi zərərin ödənilməsi qaydasında irəli sürülə bilər.

22. Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər.

23. Şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınlarından, o cümlədən ailə üzvlərindən birinin mənəvi zərərə görə təzminat almış olduğu halda, digərlərinin təzminat tələbi bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən mütənasiblik və ədalətlilik meyarlarına uyğun olaraq işə baxan məhkəmə tərəfindən həll edilməlidir.

“Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarı

24. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əçlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir.

“Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarı

25. Qərarın 1-ci bəndində göstərilmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya”-nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər.

26. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin prsedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

27. Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.

28. Maddə 9.2. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin.

29. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

33. Maddə 171. Hakim işi kifayət qədər hazırlanmış hesab etdikdə, işdə iştirak edən şəxslərə prosesin vaxtı və yeri haqqında məlumat verməklə, onun məhkəmə iclasında baxılmağa təyin edilməsi haqqında qərardad çıxarır.

34. Maddə 173. Bu Məcəllədə nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında baxıldığı hallar istisna olmaqla, işə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclası barədə həmin iclasa ən azı 5 (beş) iş günü qalmış xəbərdar edilməlidirlər.

35. Maddə 185.2. İşdə iştirak edən şəxslərdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, onlara məhkəmə bildirişi verilməsi haqqında məlumat olmadıqda, işə baxılması təxirə salınır.

36. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

37. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

38. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun.

39. Maddə 387.2 və 387.2.2. Şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa, ləğv edilməlidir.

Apellyasiya baxışının hədləri

40. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

41. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

42. Hazırki iş üzrə hər iki tərəf apellyasiya şikayəti verdiyindən apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının bütünlüklə yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

43. Kollegiya iş materiallarını və faktiki halları araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin həlli ilə bağlı prosessual normaların tətbiq olunmasında səhvə yol vermişdir və belə olduğu təqdirdə birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalıdır.

44. Belə ki, iş materiallarına nəzər yetirildikdə görünür ki, birinci instansiya məhkəməsi tərəfindən işin məhkəmədə hazırlanması yekunlaşdıqdan sonra baxış iclası təyin edilsə də, cavabdehə növbəti prosesin vaxtı və yeri haqqında məlumatlandırılmasına dair hər hansı məhkəmə bildirişi göndərilməmiş, məhkəmə tərəfindən cavabdehin nümayəndəsinin iştirakı qanunvericiliyin tələblərinin ziddinə olaraq təmin edilməmişdir.

45. Halbuki Mülki Prosessual Məcəllənin tələblərinə görə ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Hakim işi kifayət qədər hazırlanmış hesab etdikdə, işdə iştirak edən şəxslərə prosesin vaxtı və yeri haqqında məlumat verməklə, onun məhkəmə iclasında baxılmağa təyin edilməsi haqqında qərardad çıxarır. Bu Məcəllədə nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında baxıldığı hallar istisna olmaqla, işə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclası barədə həmin iclasa ən azı 5 (beş) iş günü qalmış xəbərdar edilməlidirlər. İşdə iştirak edən şəxslərdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, onlara məhkəmə bildirişi verilməsi haqqında məlumat olmadıqda, işə baxılması təxirə salınır.

46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” xx.xx.2019-cu il tarixli qərarında da qeyd edilmişdir ki, Mülki Prosessual Məcəllədə çəkişmə prinsipinin təsbit edilməsi mülki prosesdə insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin olunmasının və iş üzrə qəbul edilən qərarın ədalətli və qanuni olmasının təminatıdır. Çəkişmə prinsipinə görə, məhkəmə ədalət mühakiməsi funksiyaları ilə uyğun gəlməyən səlahiyyətlərdən azad olunmuşdur. Məhkəmə tərəfindən obyektiv, düzgün, ağlabatan qərarın qəbul edilməsi üçün “audiatur et altera pars” – “digər tərəf də dinlənilməlidir” qaydası tətbiq edilməlidir. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Çəkişmə prinsipinin əsasını, həmçinin tərəflərin prosessual hüquq bərabərliyi prinsipi təşkil edir. Bu prinsipə görə, tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün hüquqi cəhətdən tam bərabər imkana malik olmalıdırlar. Bu imkanlar qanunla və məhkəmə tərəfindən təmin edilir. Mülki prosessual qanunvericilik tərəflərə eyni hüquqlar verir. Buna görə də prosesdə tərəflərdən heç biri prosessual hüquqların həcminə görə digəri qarşısında üstünlüyə malik deyildir. Tərəflərin prosessual bərabərliyi prosesin çəkişmə prinsipi əsasında həyata keçirilməsinə şərait yaradır.

47. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarının məzmunundan da göründüyü kimi çəkişmə prinsipinin təmin edilməsi məhkəmələr üçün işin hərtərəfli araşdırılması ilə bağlı olduqca lazımi bir institutdur. Lakin hazırki iş üzrə cavabdeh öz hüquq və mənafelərini müdafiə etmək imkanından məhrum edilmiş, qanunvericiliyin ona verdiyi hüquqlarından lazımi qaydada istifadə edə bilməmişdir. Bu da Mülki Prosessual Məcəllənin tələbləri baxımından apellyasiya şikayətlərinin dəlillərindən asılı olmayaraq qətnamənin ləğv olunması üçün əsas təşkil edir.

48. Bununla belə kollegiya tərəflərin apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə qətnamənin tam həcmdə yoxlanılması məqsədilə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

49. İş materiallarından görünür ki, Zaqatala Rayon Məhkəməsinin 1(033)-25/2018 nömrəli 22 may 2018-ci il tarixli hökmü ilə X26 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdən təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 2 il müddətinə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 30 noyabr 2018-ci il tarixli 1(107)-151/2018 saylı hökmü ilə X18 müdafiəçisi tərəfindən verilmiş şikayət təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 1(102)-550/20196 saylı 23 aprel 2019-cu il tarixli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin 30 noyabr 2018-ci il tarixli 1(107)-151/2018 saylı hökmü dəyişdirilmədən saxlanılmışdır.

50. İş materiallarında olan şəhadətnamələrdən görünür ki, X15 iddiaçının qızıdır və 31 dekabr 2017-ci il tarixdə dəm qazından zəhərlənmə səbəbindən vəfat etmişdir

51. Qeyd edilənlərə əsasən işin mübahisəsiz halıdır ki, 31 dekabr 2017-ci il tarixdə baş vermiş hadisə nəticəsində cavabdeh təşkilatın əməkdaşının səhlənkarlığı ucbatından iddiaçı qızını, baldızını və baldızı qızını itirmişdir.

52. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh İB-nin əməkdaşının səhlənkarlığı, işə laqeyd münasibəti, xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsi nəticəsində iddiaçının anasının, bacısının və nənəsinin dəm qazından zəhərlənməsinə görə ölümü ilə nəticələnmiş hadisə baş vermişdir. Dəyən zərər məhz Cavabdeh İB-nin əməkdaşının Cavabdeh İB-nin fəaliyyəti ilə birbaşa əlaqəli olan əmək vəzifələrinin icrası zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduğundan iddiaçı cavabdehdən mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlı olmuşdur.

53. Şübhəsiz ki, iddiaçının öz doğma qızını itirməsi onda mənəvi sarsıntılar, şüurunda mənfi hallar, ümidsizlik, yaşamaq eşqinin azalması və s. kimi hallar yaratmışdır. Çünki onların arasında uzun illər ərzində formalaşmış ailə münasibətlərindən irəli gələn mənəvi bağlılıq mövcud olmuşdur.

54. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenum Qərarında da göstərilmişdir ki, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur.

55. Göstərilənlərə əsasən kollegiya cavabdehin iddianın əsassız olmasına dair apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək iddiaçıya ona dəymiş mənəvi zərərə görə müəyyən bir məbləğin ödənilməli olduğunu qeyd edir.

56. Kollegiya iddiaçının birinci instansiya məhkəməsi tərəfindən ona dəymiş mənəvi zərərə görə 30.000 manat məbləğində kompensasiya müəyyənləşdirilməsini əsassız hesab edərək həmin məbləğin az olması, onun keçirdiyi sarsıntıya ekvivalent olmaması və iddiasının tam həcmdə, yəni 80.000 manat məbləğində təmin edilməli olması barədə apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.

57. İşin hallarından da məlum olur ki, iddiaçı cavabdehin işçisinin təqsiri üzündən öz qızını itirmişdir. Onun keçirdiyi iztirabın və sarsıntının dərəcəsinin hansısa pul vəsaiti ilə azaldılması və ya onun həyata qaytarılması mümkün olmasa da, mövcud şəraitdə pul kompensasiyası vasitəsilə ilə o, təsəlli ala bilər.

58. Lakin məhkəmə iddia tələbinin iddiaçının baldızının və baldızının qızının ölmələri ilə bağlı mənəvi ziyana görə kompensasiyanın ödənilməsinə münasibətdə qeyd edir ki, iddiaçının baldızı və sonuncunun qızı ilə mənəvi bağlılıqları, onların birlikdə yaşaması və sonuncuların ölməsi nəticəsində iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi kimi hallar iddiaçı tərəfindən əsaslandırılmamış və həmin hallar məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır.

59. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən xx.xx.2020-ci il tarixli qərarında da qeyd edilmişdir ki, mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır. Hazırki işin hallarına görə isə iddiaçı ilə mərhum baldızı və baldızı qızı arasındakı mənəvi bağlılığının möhkəmliyinə, o cümlədən qeyd edilən şəxslərin birlikdə yaşamalarına dair hər hansı sübutlar məhkəmə araşdırması zamanı aşkarlanmamışdır.

60. Kollegiya, həmçinin, qeyd edir ki, iş materiallarına əlavə olunmuş məhkəmə aktlarından görünür ki, iddiaçının qayınanası Yekibaşova Aşurey Ramazan qızı da öz qızı və nəvələrinin ölümünə görə hazırki iş üzrə Cavabdeh İB-yə qarşı mənəvi zərərin ödənilməsinə dair iddia ərizəsi ilə məhkəmə müraciət etmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-4135/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiası qismən təmin edilmiş, ona dəymiş mənəvi ziyana görə 70.000 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi qət edilmişdir.

61. O cümlədən, hazırki iş üzrə iddiaçının qayını X25 öz qızı X4 ölümünə görə hazırki iş üzrə Cavabdeh İB-yə qarşı mənəvi zərərin ödənilməsinə dair iddia ərizəsi ilə məhkəmə müraciət etmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10105/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiası qismən təmin edilmiş, ona dəymiş mənəvi ziyana görə 50.000 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi qət edilmişdir və sözügedən qətnamə kassasiya instansiyası məhkəməsi tərəfindən də qüvvədə saxlanılmışdır.

62. Həmçinin, hazırki iş üzrə iddiaçının əri X20 öz qızı, bacısı və bacısı qızının ölümünə görə hazırki iş üzrə Cavabdeh İB-yə qarşı mənəvi zərərin ödənilməsinə dair iddia ərizəsi ilə məhkəmə müraciət etmiş, Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e- 2(011)-3924/2022 saylı qətnaməsi ilə iddiası qismən təmin edilmiş, ona dəymiş mənəvi ziyana görə 60.000 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi qət edilmişdir.

63. Göründüyü kimi artıq eyni hadisə ilə bağlı dünyasını dəyişmiş şəxslərin müxtəlif dərəcədən olan ailə üzvləri tərəfindən cavabdehə qarşı iddia tələbləri olmuş və həmin iddia tələblərinin nəticəsində artıq kifayət qədər məbləğin cavabdehdən ödənilməsi müxtəlif qətnamələrdə qət edilmişdir. Hazırki iddia tələbinin də tam həcmdə təmin edilməsi artıq cavabdehin mənafeləri baxımından ədalətli mövqe olmazdı və onun üzərinə həddindən artıq öhdəliyin qoyulması ilə nəticələnəkdi.

64. Qeyd edilən mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən xx.xx.2020-ci il tarixli qərarında da öz əksini tapmışdır. Qərarda qeyd edilmişdir ki, ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınlarından, o cümlədən ailə üzvlərindən birinin mənəvi zərərə görə təzminat almış olduğu halda, digərlərinin təzminat tələbi bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən mütənasiblik və ədalətlilik meyarlarına uyğun olaraq işə baxan məhkəmə tərəfindən həll edilməlidir.

65. Bundan əlavə iş materiallarındakı Zaqatala Rayon Məhkəməsinin xx.xx.2018ci il tarixli, 1(033)-25/2018 saylı hökmündən iddiaçının qayınanası Yekibaşova Aşurey Ramazan qızı tərəfindən verilən apellyasiya şikayətində sonuncu baş verən hadisənin öz qızı və eyni zamanda hazırki iş üzrə iddiaçının baldızı X9 Zaqatala şəhərində kirayə yaşadığı evə köçən zaman orada evin sahibinə və qaz idarəsinə heç bir məlumat vermədən evə qanunsuz olaraq, özbaşına şəkildə “ptiminutka” və “qaz peçi” kimi məişət qaz qurğularını quraşdırması nəticəsində baş verdiyini, həmin ptiminutkadan evə sızmış dəm qazının iddiaçının qızı – X3, o cümlədən iddiaçının baldızı və baldızının azyaşlı qızının ölümlərinə səbəb olduğunu bildirmişdir.

66. Odur ki, məhkəmə kollegiyası hazırda işin qeyd edilən bütün faktiki hallarına və qanunvericiliyin tələblərinə məcmu halında qiymət verərək birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya dəymiş mənəvi zərərin əvəzinin 30.000 manat məbləğində qiymətləndirilməsi barədə mövqeyini işin halları və tərəflərin mənafeləri baxımından ədalətli hesab edir və qətnamənin tutulan məbləğin miqdarı ilə bağlı dəyişdirilməsinə hər hansı əsas görmür.

67. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

68. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

69. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

70. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

71. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

72. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəflərin özlərinə aid edilməlidir.

73. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı apellyasiya şikayəti qismən təmin olunsun. Cavabdeh İB-nin apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(011)-7415/2023 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçıya dəymiş mənəvi ziyanın ödənilməsiın əvəzi olaraq Cavabdehndən 30.000 (otuz min) manat məbləğində pul vəsaiti və ödənilmiş 180 (bir yüz səksən) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən iddia ərizəsi üçün ödənilmiş dövlət rüsumunun 150 (bir yüz əlli) manatı onun özünə aid edilsin. Apellyasiya şikayəti ilə bağlı ödənilmiş dövlət rüsumlarının məbləğləri onu ödəmiş şəxslərin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar