Məhkəmə qərarları › İş №2(103)-1311/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1311/2025

12.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1311/2025 12.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və "X17 Şəbəkə” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “mənəvi ziyanın ödənilməsi” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X10 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi, Cavabdeh "X17 Şəbəkə” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və "X17 Şəbəkə” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)- 2490/2024 nömrəli, 04 oktyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı və cavabdeh "X17 Şəbəkə” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəflərindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 xx.xx.2009-cu il tarixli 17 nömrəli ekspert rəyindən görünür ki, X1 meyidinin üzərində olan xəsarətlər yüksək gərginlikli texniki elektrik cərəyanının təsirindən əmələ gəlmiş və onun ölümünə səbəb yüksək gərginlikli texniki elektrik cərəyanının təsirindən törənmiş ağır dərəcəli elektrotravmatik şok səbəb olmuşdur. X4 29 sentyabr 2009-cu il tarixdə vəfat etmişdir.

2. Cəlilabad Rayon Məhkəməsinin 1(073)-39/2010 nömrəli hökmü ilə, təqsirləndirilən X8 Azərbaycan Respublikasının CM-nin 162.2-ci maddəsi ilə təqsirli bilinib müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməməklə, yəni elektrik mantyoru fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməməklə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi hökm edilmişdir.

3. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2010-cu il tarixli, AÜ/127 nömrəli “Şirvan Yüksək X7” Məhdud Məsuliyyətli Cəmiyyətin, Azərbaycan Respublikası Vergilər Nazirliyinin 5 saylı Ərazi Vergilər İdarəsində ********** nömrəli şəhadətnamə ilə xx.xx.2008ci il tarixində qeydiyyatdan keçmiş nizamnaməsində dəyişiklik edilməsi” haqqında əmrindən görünür ki, “Şirvan Yüksək X7” Məhdud Məsuliyyətli Cəmiyyətin adı dəyişdirilərək “X17 Şəbəkəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti adlandırılmışdır.

4. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2008-ci il tarixli, AÜ/117 nömrəli “İmişli bölgə şöbəsində xx.xx.2002-ci il tarixində 0602-A1-25 nömrə ilə dövlət qeydiyyatına alınmış “X27 X7” Məhdud Məsuliyyətli Cəmiyyətinin” nizamnaməsinə edilmiş dəyişiklik” haqqında əmrindən görünür ki, cəmiyyətin nizamnaməsinin titul vərəqində və mətnində “Əli Bayramlı” sözü “Şirvan” sözü ilə əvəz edilmişdir.

5. Məhkəmənin xx.xx.2024-cü il tarixli sorğusuna cavab olaraq, "xxxx" Açıq Səhmdar Cəmiyyəti xx.xx.2024-cü il tarixli, 13-9/2-2387/15/24 nömrəli məktubla bildirmişdir ki, "xxxx" ASC-nin tərkibindəki “X16 Elektrik Şəbəsi" (YGEŞ) MMC hüquqi şəxs olaraq, hazırda "X17 Şəbəsi” (REŞ) MMC kimi fəaliyyət göstərir. "Əli Bayramlı YGEŞ” MMC, 07 mart 2002-ci il tarixində 0602A1-25 dövlət qeydiyyatından keçib. Əli Bayramlı şəhərinin adının Şirvan olaraq dəyişdirilməsi ilə 20 may 2008-ci il tarixində ********** nömrə ilə qeydiyyatdan keçərək "xxxx" MMC adlandırılıb, 09 avqust 2010-cu il tarixində ********** nömrə ilə adının "Şirvan REŞ” MMC olaraq dəyişdirilməsi (YGEŞ-REŞ ilə əvəzlənib) ilə əlaqədar yenidən qeydiyyatdan keçmişdir. 35/10 kV-luq “Ləkin" kənd yarımstansiyası 2015-ci ilədək "xxxx" MMC-nin tabeliyində olmuşdur. Azərbaycan Respublikası Prezidentinin “Azərişıq" Açıq Səhmdar Cəmiyyəti haqqında” 2015-ci il 10 fevral tarixli 1045 nömrəli Sərəncamına əsasən "xxxx" ASC-nin Respublika ərazisində istehlakçıların elektrik enerjisi ilə təmin edilməsi fəaliyyəti "xxxx" ASC-yə ötürüldüyü üçün istehlakçıların elektrik enerjisi ilə təchizatına aid əmlak və digər avadanlıqlar, o cümlədən 35/10 kV-luq “Ləkin” yarımstansiyası 2015-ci ilin aprel ayından "xxxx" ASC-yə təhvil verilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr ilə məhkəməyə müraciət edərək, cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətindən, "xxxx" Açıq Səhmdar Cəmiyyətindən və "X17 Şəbəkə” Məhdud Məsuliyyətli Cəmiyyətindən müştərək qaydada İddiaçı xeyrinə 60.000 manat məbləğində mənəvi zərərə görə kompensasiya və ödənilmiş 270 (iki yüz yetmiş) manat dövlət rüsumunun alınıb verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin “Cənub RETSİ”-nin X5 “Ləkin” şəbəkə sahəsində usta işləyən X2 öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsi, yəni səhlənkarlıq etməsi fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulmasına, o cümlədən ağır nəticələrin baş verməsinə - iddiaçının oğlu X14 ölümünə, qızı X9 ağır xəsarət almasına və digər şəxslərin ölümünə və müxtəlif xəsarətlər almasına səbəb olmuşdur. Cəlilabad rayon məhkəməsinin 19 fevral 2010-cu il tarixli, 1(073)-39/2010 nömrəli hökmünə əsasən təqsirləndirilən şəxs X8 Azərbaycan Respublikası CM-in 162.2-ci maddəsi ilə təqsirli bilinərək cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cinayət işinə əlavə edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X21-Təcrübi və X12 rayon şöbəsinin 30 sentyabr 2009-cu il tarixli 17 nömrəli ekspert rəyindən görünür ki, X1 ölümünə yüksək gərginlikli texniki elektrik cərəyanının təsirindən törənmiş ağır dərəcəli elektrotravmatik şok səbəb olmuşdur. X1 sağ əlin 1-2-3-4-cü barmaqlarında sol saidin və hər iki ayaqların elektrik cərəyanı termiki yanıqları müəyyən olunmuşdur. Qeyd olunan xəsarətlərdən yüksək gərginlikli texniki elektrik cərəyanının təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 29 sentyabr 2009-cu il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma əlamətlərinə malikdir. Bu baş vermiş hadisə ilə əlaqədar Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi ilə cinayət işinin ibtidai istintaqı aparılmış və cinayət işi məhkəməyə göndərilmiş, iş üzrə Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 1(073)-39/2010 saylı hökmü çıxarılmış və qanuni qüvvəsini almışdır. Cinayət işindən görünür ki, hadisə "xxxx" ASC-nin “Cənub RETSİ”-nin X5 “Ləkin” şəbəkə sahəsində usta işləyən əməkdaşının təqsiri ucbatından baş vermişdir. Məhkumun cinayət əməlində təqsiri tam sübuta yetirilmiş, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspertiza rəyləri və işin bütün materialları ilə tam təsdiq olunmuşdur. Cavabdeh orqanın məsul vəzifədə çalışan əməkdaşının qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkətləri və baş verən hadisə nəticəsində ona maddi və mənəvi ziyan dəymişdir. Baş vermiş cinayət hadisəsi nəticəsində oğlunun ölməsi və qızının ağır xəsarət alması ilə bağlı onun və digər ailə üzvlərinin mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və bu hadisə nəticəsində və ondan sonrakı prosesslər zamanı yaşanan streslər, əzab və əziyyətlər ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə hüquqları vardır. Qanunverici isə bu halda mənəvi ziyanın pul məbləğində ifadə olunmasını mümkün sayır. O, əziz oğlunu itirmiş, həmçinin qızı da ağır xəsarət alıb, bu itkini və ağrını söz ilə ifadə etmək çətindir, çünki bunlar daha duyğusal hisslərdir. Bu baxımdan mərhum oğlunun ölümü və qızının ağır xəsarət alması nəticəsində keçirdikləri stress, narahatlıq, məyusluq, mənəvi sarsıntı və s. kimi halları nəzərə alaraq ona, dəymiş mənəvi zərər cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən alınaraq ona ödənilməlidir.

8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2490/2024 nömrəli, 04 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, vurulmuş mənəvi zərərin əvəzi olaraq 30.000 manat məbləğində pul və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 180 manat dövlət rüsumunun cavabdeh "X17 Şəbəsi” (REŞ) Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim X15)

9. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab etmişdir ki, mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkət və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsini, bunun nəticəsində iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsirini (qəsd və yaxud ehtiyatsızlıq), habelə işin sair diqqətəlayiq hallarını nəzərə almaqla ağlabatan məbləğ olaraq 30.000 manat pul vəsaiti vurulmuş mənəvi ziyanın tutularaq iddiaçının xeyrinə ödənilməsi daha ədalətli və ağlabatandır. Məhkəməyə iddiaya cavab verməli olan cavabdeh barəsində qeyd etməyi zəruri hesab edir ki, işin araşdırılmış hallarından müəyyən edilir ki, hadisənin baş verməsində təqsirli "X16 Elektrik Şəbəsi” MMC-nin X13 Elektrik Şəbəkə rayonunun “Ləkin" kənd yarımstansiyasının növbətçi elektrik mantyoru vəzifəsində işləyən X8 olmuşdur. 35/10 kVluq “Ləkin" kənd yarımstansiyası 2015-ci ilədək "xxxx" MMC-nin tabeliyində olması nəzərə alınmaqla hazırki iddia üzrə cavabdeh "X17 Şəbəsi” (REŞ) MMC hesab edilməklə iddiaçının tələbi yalnız ona münasibətdə təmin edilməlidir. Belə ki, Ləkin kənd yarımstansiyasının "xxxx" ASC-yə 2015-ci ildən sonra verilməsi və "X17 Şəbəsi” (REŞ) MMC-nin "xxxx" ASC-nin tabeliyində olsa da, müstəqil hüquqi şəxs olması digər cavabdehlərin mülki məsuliyyətini istisna edir. Məhkəmə qeyd etmişdir ki, məlum hadisənin üzərindən 15 il sonra iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntılar ilk günkü qədər dərin olmasa da, insanın, xüsusilə də milli dəyərlərdən irəli gələrək gələcəklə bağlı ümidlərin birbaşa bağlı olduğu övladın itkisi daim insana təsir edir. 15 ildə bu hisslərin də azalmasını və qanunvericiliklə də məhz mənəvi ziyanın mahiyyətindən irəli gələrək onun tələb edilməsinə görə iddia müddətinin tətbiq edilməməsini nəzərə alaraq iddiaçıya 30.000 manat məbləğində kompensasiya ödənilməsini məhkəmə ağlabatan hesab etmişdir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci, 26cı, 125-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 -ci, 21.2-ci, 1096-cı, 1097-ci, 1099-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 82.4-cü, 119.2-ci maddələrinə və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

11. Qətnamədən cavabdeh "X17 Şəbəkə” Məhdud Məsuliyyətli Cəmiyyəti apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin edilmiş hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, məlum haldır ki, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Lakin məhkəmə mənəvi zərər müəyyən edilərkən ilk növbədə hüquqazidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqazidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir. Yuxarıda qeyd olunanlara əsasən hesab edirik ki, hazırki iş üzrə iddiaçıya vurulmuş mənəvi ziyanın miqdarını 30.000 (otuz min manat) məbləğində müəyyən etməklə məhkəmə kompensasiyanın həcmini kifayət qədər əsaslandırmamış və baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsini müəyyən edən xx.xx.2023-cü il tarixli, 2(102)-388/2023 nömrəli qərarında qeyd olunmuşdur ki, mənəvi zərər bilavasitə zərərvuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə, mənfi psixoloji reaksiyaya səbəb olduğu üçün, hadisədən uzun müddət keçdikdən sonra mənəvi zərərin təsirinin azalmasının labüddür. Hesab edirlər ki, iddiaçının oğlu X14 ölümü ilə nəticələnən hadisədən 15 il müddət keçdiyi üçün iddiaçıya dəyən mənəvi zərərin təsirinin təbii olaraq azalmasını nəzərə alanda, məhkəmə iş üzrə kompensasiya məbləğini xeyli aşağı müəyyən etməli idi.

13. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin edilmiş hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış, əlavə olaraq göstərmişdir ki, məhkəmə onun oğlunun ölümündə və qızının ağır xəsarət almasında həm "xxxx" Açıq Səhmdar Cəmiyyətini, həm də "xxxx" Açıq Səhmdar Cəmiyyətini müştərək qaydada məsuliyyət daşımalı olmaları barədə nəticəyə gəlməli idi. Eyni zamanda mənəvi zərərə görə təyin edilən məbləği ədalətli hesab etmir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə iclasında iştirak edən cavabdeh nümayəndəsi X11 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək öz apellyasiya şikayətlərinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

17. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ünvanlayaraq bugünə təyin edilmiş iclasın onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyəti, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qanunla müəyyən edilmiş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli nümayəndələrinin iştiraklarını təmin etməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Kollegiya işə iddiaçının və digər cavabdehlərin iştirakları olmadan keçirilməsini mümkün hesab edir.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 14.2-ci və 14.2.6-cı maddələrinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi müəyyən edilmişdir; 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir; 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

20. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2021-ci il tarixli Qərarına əsasən “Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Nəzərə alınmalıdır ki, mənəvi təzminat tələbi vərəsəliklə əlaqəli deyil. Belə ki, mənəvi təzminat tələbi ilə çıxış edən iddiaçı ölən şəxsin vərəsəsi olsa da, onların ölümdən əvvəl emosional yaxınlığı olmadığı, iddiaçı şəxsin ölməsi ilə əlaqədar ağrı və kədər hissi və ya mənəvi sarsıntı keçirmədiyi təqdirdə onun mənəvi təzminat almaq tələbi də istisna edilir. Mənəvi təzminatı tələb etmək hüququ olan şəxslərin dairəsinə gəlincə isə qeyd edilməlidir ki, bu hüquqa ölən və ya sağlamlığına zərər vurulan şəxsin yaxınları malik ola bilər. Şəxsin “yaxını” dedikdə onun məhz ailə hüququ çərçivəsində qohumu deyil, ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxslə xüsusi bağlılığı ilə səciyyələnən, səmimi münasibətinin və mənəvi yaxınlığının olduğu, həyatında mühüm yer tutan, uzun müddət birgə yaşadığı və birgə təsərüfat apardığı, ölümündən və ya sağlamlığına vurulan zərər nəticəsində həyat şəraiti dəyişmiş, həqiqətən mənəvi sarsıntı, əzab və iztirab keçirmiş insan nəzərdə tutulur. Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır. Ana və atanın uşaqlarının, nənə və babanın nəvələrinin ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində zərərçəkmişin tək uşaq (nəvə) olması, valideynlərin yenidən uşaq dünyaya gətirəcək yaşda olubolmamaları kimi amillər də diqqətə alınmalıdır. Uşaqların ana və atalarının ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində onların ata və analarına möhtac yaşda olmaları, fiziki və ya əqli məhdudiyyətli olmaları əsas götürülməlidir. Hüquqa zidd hərəkətdən zərərçəkmiş qardaş və ya bacıların mənəvi təzminat tələbinə baxılarkən onlar arasında doğmalıq və sevgi hislərinin, mütəmadi və sıx ünsiyyətlərinin olub-olmaması kimi məqamlar nəzərdən keçirilməlidir.

23. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarının: 2-ci bəndinə əsasən zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Qərarın 4-cü bəndinə əsasən şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Qərarın 7-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. Qərarın 8-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Qərarın 10-cu bəndinə əsasən mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

Apellyasiya baxışının hədləri

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

25. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

26. Hazırki apellyatorlar qətnamənin ləğv edilməsini və iddia tələbinin həm təmin edilən, həm də təmin edilməyən hissələrini mübahisələndirdiklərinə görə, qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətlərinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırıb, hеsаb еdir ki, birinci instansiya məhkəməsi mənəvi zərərin tutulması ilə bağlı düzgün nəticəyə gəlsə də, tutulan mənəvi zərərin məbləği ilə bağlı nəticə düzgün olmamışdır. Bu baxımdan kollegiya məhkəmənin mövqeyi ilə razlaşmaması ilə bağlı aşağıdakıları qeyd edir.

28. Hazırkı işin faktiki hallarına əsasən Cəlilabad Rayon Məhkəməsinin 1(073)- 39/2010 nömrəli hökmü ilə, təqsirləndirilən X8 Azərbaycan Respublikasının CM-nin 162.2ci maddəsi ilə ona görə təqsirləndirilmişdir ki, texniki təhlükəsizlik və əmək mühafizəsi qaydalarının pozulması nəticəsində ehtiyatsızlıqdan insan ölümünə səbəb olan cinayət əməlini törətmişdir. Bu səbəbdən müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməməklə, yəni elektrik mantyoru fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməməklə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi hökm edilmişdir.

29. Göründüyü kimi, cavabdehin işçisinin təqsirindən iddiaçının oğlu ölmüşdür. Şübhəsiz ki, iddiaçının oğlunun itirməsi onda mənəvi sarsıntılar, şüurunda mənfi hallar, ümidsizlik, yaşamaq eşqinin azalması və s. kimi hallar yaratmışdır. Çünki onların arasında uzun illər ərzində formalaşmış ailə münasibətlərindən irəli gələn mənəvi bağlılıq mövcud olmuşdur.

30. Məhkəmə iddiaçının oğlunun ölümü nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsi ilə bağlı vurğulayır ki, X14 ölməsi nəticəsində iddiaçının arzulamadığı hisslər yaşamaq məcburiyyətində qalması, eyni zamanda ağrı və kədər hissi, habelə mənəvi sarsıntı, əzab və iztirab keçirməsi və bu halın davamlı olması qənaətinə gəlmək üçün kifayətdir. Oğlunun vəfat etməsi nəticəsində iddiaçının çəkdiyi mənəvi ağrının hər hansı pul vəsaiti ilə azaldılması və oğlunun həyata qaytarılması mümkün olmasa da, mövcud şəraitdə pul kompensasiyasının ödənilməsi vasitəsi ilə müəyyən qədər təsəlli ala bilər.

31. İddiaya cavab verməli olan cavabdeh barəsində qeyd etməyi zəruri hesab edir ki, işin araşdırılmış hallarından müəyyən edilir ki, hadisənin baş verməsində təqsirli "X16 Elektrik Şəbəsi” MMC-nin X13 Elektrik Şəbəkə rayonunun “Ləkin" kənd yarımstansiyasının növbətçi elektrik mantyoru vəzifəsində işləyən X8 olmuşdur. 35/10 kV-luq “Ləkin" kənd yarımstansiyası 2015-ci ilədək "xxxx" MMC-nin tabeliyində olması nəzərə alınmaqla hazırki iddia üzrə cavabdeh "X17 Şəbəsi” (REŞ) MMC hesab edilməklə iddiaçının tələbi yalnız ona münasibətdə təmin edilməlidir. Belə ki, Ləkin kənd yarımstansiyasının "xxxx" ASC-yə 2015-ci ildən sonra verilməsi və "X17 Şəbəsi” (REŞ) MMC-nin "xxxx" ASC-nin tabeliyində olsa da, müstəqil hüquqi şəxs olması digər cavabdehlərin mülki məsuliyyətini istisna edir.

32. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Konstitusiya Məhkəməsinin Qərarında qeyd edilmişdir ki, mənəvi təzminatı tələb etmək hüququ olan şəxslərin dairəsinə ölən və ya sağlamlığına zərər vurulan şəxsin yaxınları malik ola bilər. Şəxsin “yaxını” dedikdə onun məhz ailə hüququ çərçivəsində qohumu deyil, ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxslə xüsusi bağlılığı ilə səciyyələnən, səmimi münasibətinin və mənəvi yaxınlığının olduğu, həyatında mühüm yer tutan, uzun müddət birgə yaşadığı və birgə təsərrüfat apardığı, ölümündən və ya sağlamlığına vurulan zərər nəticəsində həyat şəraiti dəyişmiş, həqiqətən mənəvi sarsıntı, əzab və iztirab keçirmiş insan nəzərdə tutulur. Həmin Qərarla formalaşdırılmış hüquqi mövqeyə görə, mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən ana və atanın uşaqlarının, nənə və babanın nəvələrinin ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində zərərçəkmişin tək uşaq (nəvə) olması, valideynlərin yenidən uşaq dünyaya gətirəcək yaşda olub-olmamaları kimi amillər də diqqətə alınmalıdır.

33. Kollegiya qeyd edir ki, məmnunetmə (razısalma) yanaşmasına görə mənəvi zərərin əvəzinin ödənilməsində məqsəd zərərin kompensasiyası və ya zərərvuranın cəzalandırılması deyil, zərər çəkəndə məruz qaldığı mənəvi sarsıntı və iztirabı müəyyən qədər azaltmaqdır. Zərərə çəkənə mənəvi zərərin əvəzi kimi pul məbləğinin ödənilməsi halında onda məruz qaldğı mənəvi zərərin qismən və ya tamamilə aradan qaldırmağa yarayan məmnunetmə hissi yaradılmış olur. Şəxsin çəkdiyi əzabın, ağrıların, iztirabın ona kompensasiya verilməsilə tam aradan qaldırılması mümkün deyildir. Bu halda mənəvi zərərin ödənilməsi zərər çəkəni təsəlli edən bir vasitədir. Mənəvi zərərə görə müəyyən miqdarda pulun ödənilməsini istisna edilmir. Bu yanaşma obyektiv mənəvi zərər nəzəriyyəsinə əsalanır və zərər çəkənin mənəvi sarsıntı və iztirab çəkib-çəkməməsini araşdırmadan şəxsin əmlak və ya şəxsi qeyri-əmlak dəyərlərində müəyyən əksilmənin olması halında mənəvi zərərin vurulduğunu qəbul edir.

34. Lakin məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən iddiaçının xeyrinə müəyyən edilmiş mənəvi zərərin (təzminatın) məbləği ilə razılaşmır və bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, məlum hadisənin üzərindən 15 il keçmiş və uzun müddət ərzində bu hisslərin də azalması mümkün olan bir haldır. Göründüyü kimi, hətta hadisə ilə bağlı başlanmış cinayət işinə məhkəmədə baxılarkən X14 hüquqi varisi kimi atası İddiaçı tanınmış, sonuncu isə təqsirləndirilən şəxsə qarşı heç bir tələb və şikayətinin olmadığını bildirmişdir. Lakin iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntılar ilk günkü qədər dərin olmasa da, insanın, xüsusilə də milli dəyərlərdən irəli gələrək gələcəklə bağlı ümidlərin birbaşa bağlı olduğu övladın itkisi daim insana təsir edir.

35. Avropa Məhkəməsinin “Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə” Qərarında da göstərilmişdir ki, şəxslərin mənəvi iztirablarının dərəcəsinin müəyyən edilməsi üçün qohumluq əlaqələrinin yaxınlıq dərəcəsi, qohumluq münasibətlərinin spesifikası, qohumun hadisənin şahidi olub-olmaması və s. faktorların müəyyən edilməsi əhəmiyyət kəsb edir.

36. Həm bu hallar, həmmçinin də baş vermiş hadisədən artıq 15 ilə yaxın müddətin keçməsi qəti surətdə belə qənaətə gəlməyə əsas verir ki, iddiaçının hadisənin ilk vaxtlarında keçirdiyi arzuolunmaz mənəvi-psixoloji stressin səviyyəsi ilə hazırkı vaxtda keçirdiyi stressin səviyyəsi eyni deyil və ola da bilməz. Əlavə olaraq da qeyd olunmalıdır ki, iddiaçı ötən dövr ərzində məhkəməyə müraciət etməmişdir. Halbuki, bu sahəni tənzimləyən və mənəvi təzminatın tutulması üçün hüquqi imkanlar müəyyən edən qanunvericilik mövcud və məhkəmələr tərəfindən bu qəbildən olan iddiaların təmin olunması təcrübəsi formalaşdırılmışdır. Kollegiya qeyd edilərə əsasən hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərin əvəzi adekvat şəkildə aradan qaldırılmalı və mənəvi tarazlığın bərpa edilməsi gözlənilməlidir.

37. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, mənəvi zərərin əvəzi olaraq cavabdeh "X17 Şəbəkə” Məhdud Məsuliyyətli Cəmiyyətindən 15.000 manat məbləğində pulun tutulması ağlabatan və ədalətlidir.

38. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdeh "X17 Şəbəkə” Məhdud Məsuliyyətli Cəmiyyətindən iddiaçının mənəvi zərərin əvəzi qismində pul məbləğində kompensasiya tutmaqda haqlı olmuş, lakin nəticədə müəyyən edilmiş mənəvi zərərin miqdarı ağlabatan və ədalətli olmamışdır. Bu səbəbdən iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdeh "X17 Şəbəkə” Məhdud Məsuliyyətli Cəmiyyətinin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ilə müəyyən edilən mənəvi zərərin məbləği dəyişdirilərək vurulmuş mənəvi zərərin əvəzi olaraq cavabdeh "X17 Şəbəkə” Məhdud Məsuliyyətli Cəmiyyətindən 15.000 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları apellyatorlara aid edilməlidir.

39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 402-403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh "X17 Şəbəkə” Məhdud Məsuliyyətli Cəmiyyətinin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2490/2024 nömrəli, 04 oktyabr 2024-cü il tarixli qətnaməsi tutulmuş mənəvi zərərin məbləği dəyişdirilərək vurulmuş mənəvi zərərin əvəzi olaraq cavabdeh "X17 Şəbəkə” Məhdud Məsuliyyətli Cəmiyyətindən 15.000 (on beş min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları apellyatorların özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar