Məhkəmə qərarları › İş №2(103)-1315/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1315/2021

13.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1315/2021 13.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Kazımov Elşən Cələddin oğlundan və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, Üçüncü şəxsin nümayəndəsi Rauf Yusifovun iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “aliment” tələbinə dair 2(004)-3760/2020 saylı mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 600 manat pulun İddiaçı1 xeyrinə, 600 manat pulun İddiaçı2 xeyrinə, həmçinin hər ay Cavabdeh əmək haqqının ¼ hissəsinin İddiaçı1 xeyrinə, ¼ hissəsinin isə İddiaçı2 xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, onların birgə nikahından Cavabdeh anadan olmuşdur. Hal-hazırda onlar yaşlanmışlar və artıq uzun müddətdir ki, onların yaşamaq üçün maddi yardıma və qayğıya ehtiyacları var. Əvvəllər oğlu Cavabdeh maddi xərclərinin ödənilməsində köməklik edir və bunun üçün onlara müəyyən pul vəsaiti verirdi. Cavabdeh 2019-cu ilin sonlarından onlardan ayrı yaşamağa başlamış və həmin vaxtdan da onlara etdiyi maddi yardımları dayandırmış, qayğıları ilə maraqlanmamış və onlara heç bir maddi köməklik göstərməmişdir. Dəfələrlə bu barədə ona bildirmiş, maddi ehtiyaclarımızın olduğunu və valideynləri olaraq ahıl və yaşlı ata-anasına köməklik göstərməsini ondan xahiş etmişlər. Lakin o, müxtəlif bəhanələrlə ödənişlərin edilməsindən yayınmışdır. Nəhayət 2020-ci ilin iyun ayının 6-da cavabdehlə alimentin ödənilməsi barədə notariat kontorunda saziş bağlamışlar. Bu sazişə əsasən Cavabdeh maddi yardım etmək məqsədi ilə hər ay bütün qazancının 1/4 hissəsini atası - İddiaçı1, 1/4 hissəsini isə anası - İddiaçı2 aliment olaraq ödəyəcəyini öhdəsinə götürmüşdür. Sazişin 2-ci bəndinə əsasən aliment ödənişlərinin hər ayın ilk 5 günü ərzində həyata keçirilməsi nəzərdə tutulmuşdur. Həmçinin sazişin 3-cü bəndində göstərilmişdir ki, İddiaçı1 və İddiaçı2 daha əvvəldən Cavabdeh aliment tələbini nəzərə alaraq tərəflər razılaşır ki, Cavabdeh bu sazişin qüvvəyə mindiyi gündən etibarən 3 gün ərzində bu günədək ödənilməli olan aliment olaraq 600 manat İddiaçı1, 600 manat isə İddiaçı2 aliment ödəyəcək. Halbuki, sazişin 3-cü bəndində göstərilən müddət ərzində Cavabdeh yenə də öz öhdəliklərinə əməl etməmiş və nəzərdə tutulmuş pul məbləğini onlara ödəməmişdir Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilib, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə iddia tələbinə hüquqi qiymət verərkən Ailə Məcəlləsinin 82-ci maddəsini tətbiq etməklə səhvə yol vermişdir. Tərəflər arasında alimentin ödənilməsi barədə saziş olmadıqda alimentin tutulmasına dair mübahisələr Ailə Məcəlləsinin 82-ci maddəsi, saziş olduqda isə həmin Məcəllənin 95.1-ci maddəsi əsasında həll edilməlidir. Lakin, işə baxan məhkəmə qanunvericiliyə uyğun bağlanmış sazişin mövcudluğunu nəzərə almamış və mübahisəyə aidiyyəti olmayan normaları tətbiq etmişdir. Bununla yanaşı məhkəmə iş materiallarında olan sənədləri də düzgün tədqiq etməmişdir. Belə ki, məhkəmə iddiaçıların yaşını və əmək qabiliyyətinin olub-olmamasını müəyyən etmək üçün iş materiallarında hər hansı sənədin və ya məlumatın olmadığını göstərsə də, iş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli sazişdə iddiaçıların təvəllüdünün qeyd olunmasına lazımi diqqət yetirməmiş və işdə olan sənədləri yetərincə araşdırmamışdır. Halbuki, həmin sazişdən müəyyən olunmuşdur ki, xx.xx.1953-cü il təvəllüdlü Rüstəmov X1 67, xx.xx.1958-ci il təvəllüdlü İddiaçı2 isə 62 yaşı vardır. Göründüyü kimi hər iki iddiaçı qanunla müəyyən edilmiş pensiya yaşı həddinə çatmış şəxslərdir. Qanunvericiliyin tələbləri baxımından isə pensiya yaşı həddinə çatmış şəxslər əmək qabiliyyəti olmayan şəxslər hesab olunur. İş üzrə iddiaçılar əmək qabiliyyəti olmayan şəxslərdir. Məhkəmənin mövqeyindən belə çıxır ki, alimentin ödənilməsi barədə saziş bağlayan şəxslər alimentin tutulması barədə məhkəmədə iddia qaldıra bilməz, ancaq icra qeydi verilməklə həmin sazişin icrasını tələb edə bilərlər. Məhkəmənin bu mövqeyi də düzgün qəbul edilə bilməz. Çünki, bu mövqe şəxsin məhkəmə müdafiəsi hüququnun məhdudlaşdırılması deməkdir. Doğrudur, məhkəmə müdafiəsi hüququ mütləq deyil və məhdudiyyətlərə məruz qala bilər. Lakin, belə bir məhdudiyyət ancaq qanunvericilikdə müəyyən olunan hallarda yolveriləndir. Bu mənada nəzərə alınmalıdır ki, alimentin ödənilməsi barədə saziş olduqda məhkəmə qaydasında alimentin tutulmasına dair iddia qaldırılmasının yolverilməzliyi barədə qanunvericilikdə hər hansı norma mövcud deyildir. Əksinə, Ailə Məcəlləsinin 95.1-ci maddəsində sazişin icrası ilə bağlı münasibətlərə Mülki Məcəllədəki əqdlərin icrasına dair normaların tətbiq edilməsi nəzərdə tutulmuşdur ki, bu da özü-özlüyündə sazişin tərəfinə Mülki Məcəllənin müvafiq normalarına istinad etməklə sazişin icrasını məhkəmə qaydasında tələb etmək hüququnu verir. Bundan başqa, məhkəmə tərəflər arasında alimentin ödənilməsi barədə saziş olduğuna görə iddiaçıların belə bir tələblə məhkəməyə müraciət etməsini əsassız hesab etsə də, hakim nəzərə almamışdır ki, elə həmin sazişin 4-cü bəndində sazişin şərtlərinə əməl edilmədiyi təqdirdə tərəflərin məhkəməyə müraciət etmək hüququ da təsbit olunmuşdur. Bundan başqa, məhkəmə iddianın verilməsinin mümkünsüzlüyü ilə bağlı mövqeyini sazişin icra sənədi qüvvəsinə malik olması ilə əsaslandırmışdır. Məhkəmənin əsaslandırması yenə də səhvdir. Belə ki, sözügedən sazişin icra sənədi sayılması və həmin saziş əsasında verilən icra qeydinin məhkəmə qərarı ilə eyni hüquqi qüvvəyə malik olması hüquqları pozulmuş şəxsin məhkəməyə müraciət etmək hüququndan istifadə edərək onun əsaslı tələbinin məhkəmə qaydasında təmin olunmasını istisna etməməlidir. Bundan başqa, ən qəribəsi odur ki, məhkəmə həm hesab edir ki, hazırkı iddia məhkəmədə baxılmalı deyil, həm də işə mahiyyəti üzrə baxaraq iddianın rədd edilməsi barədə qətnamə çıxarır. Yəni, qətnamədə gəlinən nəticə onun əsaslanıdırıcı hissəsinə uyğun olmamış və daxilən ziddiyyətli qətnamə çıxarılmışdır. Qeyd olunanlardan başqa, məhkəmə daha bir kobud prosessual pozuntuya da yol vermişdir. Belə ki, iddia tələbini rədd edən məhkəmə elə həmin qətnamə ilə “iddianın təmin etmə tədbiri barədə” xx.xx.2020-ci il tarixli, 2(004)-3760/2020 saylı qərardadını da ləğv etmişdir. Göründüyü kimi məhkəmə iddianın təmin olunmasını ayrıca qərardad qəbul etməklə ləğv etmək əvəzinə, işi mahiyyəti üzrə həll edən məhkəmə aktında (qətnamədə) ləğv etmişdir. Apellyasiya baxışı zamanı üçüncü şəxsin nümayəndəsi şikayətə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, xx xxxx 2020-ci il tarixli, alimentin ödənilməsi barədə Sazişdən görünür ki, müqavilə iddiaçılar İddiaçı1, İddiaçı2 və Cavabdeh arasında bağlanmışdır. Müqavilənin şərtlərinə görə Cavabdeh öhdəsinə götürür ki, o, maddi yardım etmək məqsədi ilə hər ay bütün qazancının ¼ hissəsini atası - İddiaçı1, 1/4 hissəsini isə anası - İddiaçı2 aliment olaraq ödəyəcək. Aliment ödənişləri hər ayın ilk 5 günü ərzində Cavabdeh tərəfindən həyata keçiriləcək. İddiaçı1 və İddiaçı2 daha əvvəldən Cavabdeh aliment tələbini nəzərə alaraq tərəflər razılaşır ki, Cavabdeh bu saziş qüvvəyə mindiyi gündən etibarən 3 (üç) gün ərzində bu günədək ödənilməli olan aliment olaraq 600 manat İddiaçı1, 600 manat İddiaçı2 aliment ödəyəcəkdir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına qanunvericlik normalarını tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 82.1-ci maddəsinə əsasən əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. Həmin Məcəllənin 82.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 94.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş (alimentin miqdarı, ödənilmə qaydası və şərtləri) aliment ödəməli olan şəxslə onu alan şəxs arasında, aliment ödəməli olan və (və ya) onu alan şəxs fəaliyyət qabiliyyəti olmayan şəxs olduqda isə həmin şəxslərin qanuni nümayəndələri arasında bağlanır. Tam fəaliyyət qabiliyyəti olmayan şəxslər aliment ödənilməsi barədə sazişi özlərinin qanuni nümayəndələrinin razılığı ilə bağlayırlar. Həmin Məcəllənin 94.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş yazılı formada bağlanır və notariat qaydasında təsdiq olunur. Aliment ödənilməsi barədə sazişin qanunla müəyyən olunmuş formasına əməl edilməməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Həmin Məcəllənin 95.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə sazişin bağlanması, icrası, dəyişdirilməsi, pozulması və etibarsız sayılması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin mülki hüquqi əqdlərin bağlanması, icrası, dəyişdirilməsi, pozulması və etibarsız sayılması barədə normaları tətbiq olunur. Həmin Məcəllənin 95.4-cü maddəsinə əsasən tərəflərin maddi və ailə vəziyyətində əsaslı dəyişiklik olduqda və aliment ödənilməsi barədə sazişin dəyişilməsi və pozulması üçün razılıq əldə edilmədikdə, maraqlı tərəf bu sazişin dəyişdirilməsi və ya pozulması üçün məhkəmə qarşısında iddia qaldırmaq hüququna malikdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv üçün əsas təşkil etmir. Belə ki, məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri 150 nömrəli tam orta məktəbin xx xxxx 2020-ci il tarixli, 118 nömrəli məktubundan görünür ki, İddiaçı2 həmin məktəbdə ingilis dili fənnini tədris edir və aylıq əmək haqqı 833,76 manat təşkil edir. O, əmək qabiliyyətlidir və maddi yardıma ehtiyacı olması təsdiq olunmur. Digər İddiaçı1 isə həqiqətən də əmək qabiliyyətinin olmaması, maddi yardıma ehtiyacının olmasını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Qeyd edilənlərə əsasən, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(004)- 3760/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar