Məhkəmə qərarları › İş №2(103)-1315/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1315/2023

24.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1315/2023 24.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı aliment tələbinə dair mülki iş üzrə (açar sözlər: alimentin tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X7 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı aliment tələbinə dair iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli, e-2(001)- 6546/2022 nömrəli qətnaməsindən iddiaçının verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İŞİN HALLARİ

1. 5 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 10 avqust 2016-cı il tarixli AZ İİ № 142471 nömrəli “Nikah haqqında” şəhadətnaməyə əsasən Cavabdeh2 ilə X2 10 avqust 2016-cı il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 4167 nömrəli qeyd aparılmışdır.

2. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, 2(008)- 2765/2022 nömrəli qətnaməsinə əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək 04 yanvar 2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh2 hər ay qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentin Cavabdeh1 xeyrinə tutulması qət edilmişdir.

3. Elektron məhkəmə informasiya sistemində olan Cavabdeh2 gəlir məlumatlarından müəyyən olunur ki, o, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində böyük mühəndis vəzifəsində çalışmaqla aylıq əmək haqqı 2507 manat təşkil edir.

4. Elektron məhkəmə informasiya sistemində olan Cavabdeh1 gəlir məlumatlarından müəyyən olunur ki, o, "xxxx" MMC-də idarə qulluqçusu vəzifəsində işləməklə aylıq əmək haqqı 656,5 manat təşkil edir.

5. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası ilə Cavabdeh1 arasında 09 sentyabr 2022-ci il tarixdə bağlanmış müqavilənin surətindən müəyyən olunur ki, sonuncu Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında bir tədris ilinə görə təhsil haqqı 1800 manat olmaqla qiyabi təhsil alır.

6. "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 21 iyul 2022-ci il tarixli CC/21245/87 nömrəli kredit sazişindən müəyyən olunur ki, borcverən borcalana illik 14% ilə, 12 ay müddətinə, yəni 21 iyul 2023-cü il tarixədək qaytarmaq şərti ilə 2000 manat kredit verməyi öhdəsinə götürmüşdür.

7. "xxxx" ASC-nin 21 iyul 2022-ci il tarixli kassa məxaric orderindən müəyyən olunur ki, "xxxx" ASC Cavabdeh1 21 iyul 2022-ci il tarixli CC/21245/87 nömrəli kredit sazişinə əsasən 2000 manatı ödəmişdir.

8. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə Cavabdeh2 arasında bağlanmış 22 sentyabr 2020-ci il tarixli müqavilənin surətindən müəyyən olunur ki, Cavabdeh2 Azərbaycan Dövlət Neft və Sənaye Universitetində neft-qaz mühəndisliyi ixtisası üzrə təkrar qiyabi təhsil alır. Müqavilənin 3.2-ci bəndindən müəyyən olunur ki, tədris ili üçün təhsil haqqı tələbənin hər smestrdə mövcud qaydalara uyğun götürdüyü fənlərin kreditləri cəminin 38 manata hasilindən alınan məbləğlə müəyyən edilir.

BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT

9. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 03 iyun 2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün onun xeyrinə və 04 yanvar 2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh1 xeyrinə Cavabdeh2 aylıq qazancının 1/3 hissəsi miqdarında yəni hər bir uşağa görə hər ay 333 manat alimentin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh2 ilə nikahı 10 avqust 2016ci il tarixdə 5 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsində qeydə alınmış, birgə nikahlarından bir övladları 03 iyun 2018-ci il təvəllüdlü X9 doğulmuşdur. Nikaha daxil olduqdan sonra ilk vaxtlar münasibətləri normal olsa da son vaxtlar həmin münasibətlər pozulmuşdur. Cavabdeh2 əvvəllər iddiaçını və azyaşlı uşağını maddi cəhətdən tam təmin etsə də, son vaxtlar həmin təminatdan əsər-əlamət qalmamışdır. Cavabdeh evə nadir hallarda pul gətirir ki, bu da iddiaçının və uşağının maddi tələbatını ödəmir. Cavabdeh könüllü olaraq uşağını saxlamaq və maddi cəhətdən təmin etmək istəmədiyi üçün qanunla müəyyən edilmiş qaydada uşağının saxlanması üçün aliment ödəməlidir. Cavabdeh2 maddi təminatının azaldılmasını iddiaçıya onunla izah edir ki, nikahdan əvvəl Cavabdeh1 ilə faktiki nikahından 04 yanvar 2013-cü il tarixdə anadan olmuş X1 üçün əvvəllər 160 manat, hazırda isə Cavabdeh1 qaldırdığı iddiaya əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli qətnaməsi ilə qazancının ¼ hissəsi miqdarında aliment ödəyir. Məhkəmə qətnamə çıxaran zaman Cavabdeh2 iddiaçı ilə birgə nikahından olan uşağı barədə məlumat verilməmişdir. Bunun nəticəsidir ki, məhkəmə Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə istinad edərək bir uşağa görə Cavabdeh2 qazancının tutulmalı məbləğini müəyyən etmişdir. İddiaçı da həmin qətnamədən apellyasiya şikayəti verməmişdir. 2002-ci ilin avqust ayından iddiaçı Cavabdeh2 faktiki olaraq ayrılmış və onunla birgə təsərrüfat aparmır. E.B.Yaquvovun əmək haqqından tutmalar aparıldıqdan sonra o, 2000 manat əmək haqqı alır. İddiaçı heç bir yerdə işləmir, Cavabdeh1 isə işləməklə əmək haqqı alır. Aliment təyin edilərkən Cavabdeh1 da qazancı da nəzərə alınmalıdır.

11. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli, e-2(001)- 6546/2022 nömrəli qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, 11 oktyabr 2022-ci il tarixdən hesablanmaqla 03 iyun 2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh2 hər ay 333 manat alimentin İddiaçı xeyrinə tutulması, Cavabdeh2 dövlət rüsumuna görə 50 manatın İddiaçı xeyrinə tutulması, Cavabdeh2 dövlət rüsumuna görə 9,96 manatın dövlət nəfinə tutulması qət edilmişdir.

12. Qətnamə onunla əsaslandırılmışdır ki, məhkəmə tərəflərin hər birinin maddi vəziyyətini, valideynlərin uşaqlarına münasibətdə bərabər hüquq və vəzifələrə malik olmalarını, cavabdehin aliment ödəməli olduğu övladlarından yaş hədlərinə görə 04 yanvar 2013-cü il təvəllüdlü X1 üçün daha çox vəsaitin tələb olunmasını, bu uşağın saxlanması üçün təyin olunan və mübahisələndirilməyən alimentin miqdarının dəyişdirilməsi barədə məhkəmə aktı qəbul edildikdən sonra tərəflərin ailə və ya maddi vəziyyətində dəyişiklik olmasına dair sübutların məhkəməyə təqdim edilmədiyini, iddiaçının himayəsində olan uşağın saxlanması üçün tələb etdiyi alimentin cavabdeh tərəfindən etiraf edilməsini, iddiaçının himayəsində olan uşağın saxlanması üçün yetərli hesab edərək tələb etdiyi aliment məbləğinin cavabdehin digər uşağının da saxlanması üçün təyin olunmalı olan məbləğ olmadığını nəzərə alır.

13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1, 75.1, 75.4, 76.1, 78.1, 112.1-cü maddələrinə istinadla əsaslandırmışdır.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

14. Qətnamə ilə razılaşmayan iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Apellyasiya şikayətinin dəlillərinə görə, Cavabdeh1 tərəfindən guya uşağın təhsili üçün 2000 manatlıq kompüter alınması barədə məhkəməyə təqdim etdiyi sənəd və Azərbaycan Dövlət Bədən Tərbiyəsi Akademiyasında ödənişli qiyabi təhsil alması və illik 1800 manat ödənilməsi barədə təqdim etdiyi müqavilələrin alimentin ödənilməsi ilə heç bir əlaqəsi yoxdur. Bundan əlavə Cavabdeh1 tərəfindən 4-cü sinifdə oxuyan uşağın riyaziyyat azərbaycan və ingilis dilinin daha mükəmməl öyrənməsi üçün repetitorların yanına göndərməsi və buna görə 160 manat əlavə pul ödəməsi X1 üçün daha çox vəsaitin tələb olunması anlamına gələ bilməz. Belə ki, Cavabdeh1 öz təhsili üçün aldığı kompüteri və təhsil haqqını aliment hesabına ödəməməlidir. Azərbaycan Respublikasında ümumi orta təhsil müəssisələrində pulsuz təhsilin olduğu və X5 repetitor yanına getməsi üçün alimentin miqdarını artırmaq əsassızdır. Həm də Ailə Məcəlləsində bu xərclər əlavə xərclər hesab olunur. Çıxarılan qətnamə iddiaçının hüquqlarını pozur. Cavabdeh2 gəlirinin ¼-ni aliment kimi Cavabdeh1 ödəməklə birgə nikahdan olan uşaqlarının maddi təminatı pisləşmişdir. Məhkəmə zamanı onun qazancının bir uşaq deyil, iki uşağa aliment kimi tutulması daha ədalətli və uşaqların mənafelərinə daha uyğundur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətlərinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verib, şikayətin təmin olunmasını xahiş etdi.

18. Məhkəmə iclasında Cavabdeh2 göstərdi ki, apellyasiya şikayəti təmin olunmalıdır, alimentin hər iki uşaq üçün bərabər paylarda müəyyən olunmasını ədalətli hesab edir.

19. Məhkəmə iclasında Cavabdeh1 apellyasiya şikayəti ilə razı olmadığını bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

20. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar; Maddə 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər; Maddə 233.4. Cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarı: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.”

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi tələb edilsə də, iddia qismən təmin edildiyindən, cavabdehlərin iddianın təmin edilən hissəsindən şikayət vermədiklərindən, hazırkı apellyasiya araşdırmasının predmetini yalnız iddia rədd edilən hissə təşkil etməklə, məhkəmə aktı da həmin hissədə yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

26. İddia tələbi iki hissədən ibarətdir: - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli qətnaməsi ilə 04 yanvar 2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh2 Cavabdeh1 xeyrinə tutulması müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi - 03 iyun 2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün iddiaçının xeyrinə Cavabdeh2 aylıq qazancının 1/3 hissəsi miqdarda, yəni ay 333 manat məbləğdə alimentin tutulması.

27. Hazırkı apellyasiya araşdırmasının predmeti yalnız birinci tələb - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli qətnaməsi ilə 04 yanvar 2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh2 Cavabdeh1 xeyrinə tutulması müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi tələbidir.

28. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı bu tələbi irəli sürmək üçün subyektiv hüquqa malik deyildir.

29. Belə ki, bu tələbin hüquqi əsasını təşkil edən Ailə Məcəlləsinin 112.1-ci maddəsinin dəqiq göstərişidir ki, yalnız tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarı həmin maddədə göstərilən şərtlər çərçivəsində dəyişdirilə bilər. Bu hüququn yalnız həmin iş üzrə tərəflərə məxsus olması, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamənin qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən halların dəyişməsi nəticəsində tərəflərin yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etmək hüququnu təsbit edən MPM-in 233.4-cü maddəsinin məzmunundan da aydın olur.

30. Hazırkı iş üzrə iddiaçı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatında olmuş 2(008)-2765/2022 nömrəli iş üzrə tərəf olmamışdır. Bu iş üzrə çıxarılmış qətnamə ilə müəyyən edilən alimentin məbləğini də mübahisələndirmək hüququ Cavabdeh2 məxsusdur.

31. Apellyasiya şikayətinin dəlilləri iddianın mahiyyəti ilə bağlı olduğundan, məhkəmə kollegiyası bu dəlillərə ayrı-ayrılıqda qiymət vermir.

32. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə yoxlanılan hissədə faktiki cəhətdən əsaslı və qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

33. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli, e-2(001)- 6564/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli, e-2(001)- 6564/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Fərrux Qasımov

Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar