Məhkəmə qərarları › İş №2(103)-1315/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1315/2024

08.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1315/2024 08.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia tələblərinə dair iş üzrə (Açar sözlər: uşaqla ünsiyyət, uşağın mənafeyi, baba-nənənin uşaqla ünsiyyət hüququ) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, Cavabdeh nümayəndəsi (vəkili) Nümayəndə1 iştirakı ilə İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “uşaqla ünsiyyət hüququnun təmin edilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. X7 ilə X6 xx.xx.2021-ci il tarixdə rəsmi nikaha girməklə ailə qurmuş, nikahdan sonra qadına “Kətanova” soyadı verilmiş, nikahlarından 30 aprel 2022-ci il tarixdə Uğur adını verdikləri uşaqları dünyaya gəlmişdir.

2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə xx.xx.2022-ci il tarixdə bağlanmış MŞB/11-00975 saylı barışıq sazişinin təsdiq edilməsi, xx.xx.2022-ci il tarixdən başlayaraq X2 hər ay 600 manat sabit pul məbləğində alimentin tutulub İddiaçı1, hər ay 600 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı2 ödənilməsi qət edilmişdir.

3. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə X7 və Cavabdeh arasında bağlanmış nikahın pozulması, xx.xx.2022-ci il təvəllüdlü X4 anası Cavabdeh yanında qalması, yetkinlik yaşına çatanadək onun saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq, hər ay aylıq qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında alimentin, habelə xx.xx.2025-ci il tarixədək hər ay 200 (iki yüz) manatın X2 tutulub Cavabdeh verilməsi qət edilmişdir.

4. X3 Cavabdeh qarşı “uşaqla ünsiyyət hüququnun təmin edilməsi” tələbi Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 07 aprel 2023-cü il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, X5 xx.xx.2022-ci il təvəllüdlü X9 barəsində valideynlik və ünsiyyət hüquqlarının həyata keçirilməsi ilə əlaqədar hər həftənin cümə günü 14:00-dan 18:00-dək – 4 saat ərzində görüş vaxtının müəyyən edilməsi, uşaqla ünsiyyətin sərbəst qaydada, heç bir maneçilik törədilmədən uşağın anası Cavabdeh və ya onu əvəz edən (müvəkkil etdiyi) şəxsin iştirakı ilə həyata keçirilməsi, görüş yerinin tərəflərin qarşılıqlı razılığı əsasında müəyyən edilməsi, əgər belə bir razılıq ünsiyyət vaxtında müəyyən edilə bilməzsə icra məmurunun müəyyən etdiyi qapalı məkanda keçirilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət olunmuşdur.

5. İddiaçı1 və İddiaçı2 Vüqar Kətanovun valideynləridirlər (ata-anasıdırlar).

6. İddiaçı1, İddiaçı2 və X7 hazırda ünvan 1 ünvanında yerləşən, 2 mərtəbəli 6 otaqlı evdə birlikdə yaşayırlar.

7. Cavabdeh azyaşlı övladı Uğur Kətanovla birlikdə Bakı şəhəri, Yasamal rayonu, Həsən Məcidov 3 ünvanında yerləşən binanın 35 saylı mənzilində yaşayır.

8. İddiaçı1 və İddiaçı2 nəvələri ilə ünsiyyət hüquqlarının təmin edilməsi üçün Maraqlı şəxs yanında Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət etmiş, həmin qurumun xx.xx.2022-ci il tarixli məktubu ilə onlara cavab verilmişdir ki, azyaşlının anası Cavabdeh Komissiyanın iclasına gəlməkdən imtina etdiyindən, Uğur Kətanovla ünsiyyət hüququnun təmin edilməsi mümkünsüz olmuşdur.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

9. İddiaçı1 və İddiaçı2 (iddiaçılar) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, xx.xx.2022-ci il təvəllüdlü nəvələri X9 ilə ünsiyyətlərinin şəxsi görüş formasında uşağın anasının iştirakı olmadan hər həftənin bazar ertəsi, çərşənbə və bazar günləri saat 11:00-dan 20:00-dək həyata keçirilməsinin müəyyən olunması, qeyd olunan günlərdə və vaxtlarda ünsiyyət hər hansı səbəbdən mümkün olmadıqda ünsiyyətin həftənin digər gününə keçirilməsinin təmin edilməsi, göstərilən müddətlərdə nəvələri ilə ünsiyyət hüququnu təmin etmək və uşaqla unsiyyətin cavabdehin hazırda yaşadığı valideynlərinin evində qeyri-mümkün olduğunu nəzərə alaraq nəvələri ilə yaşadıqları ünvan 3 ünvanında görüşə bilmək hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

10. İddia ərizəsində Bakı şəhəri Maraqlı şəxs başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi göstərilmişdir.

11. İddiaçılar iddia tələblərini belə əsaslandırmışlar ki, xx.xx.1991-ci il təvəllüdlü oğulları Vüqar Kətanov xx.xx.2021-ci il tarixdə cavabdehlə nikaha daxil olmuş, xx.xx.2023-cü il tarixdə onların arasında bağlanmış nikah Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə pozulmuş, nikahlarından doğulmuş xx.xx.2022-ci il təvəllüdlü nəvələri X4 anası Cavabdeh yanında saxlanılması qət edilmişdir. Onların bir baba və nənə kimi nəvələri ilə görüşmək hüquqları olsa da, cavabdeh və onun ailəsi onlara bu imkanı vermirlər.

12. Cavabdehin məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) iddianın əsassız olduğunu bildirmiş, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

13. Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2023-cü il tarixli rəydə göstərilmişdir ki, Komissiya uşağın mənafeyini nəzərə alaraq, iddiaçıların xx.xx.2022-ci il təvəllüdlü nəvələri X9 ilə görüşmələrinə etiraz etmir.

14. Birinci instansiya məhkəməsinin 20 noyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia tələblərinin qismən təmin edilməsi, İddiaçı1 və İddiaçı2 nəvələri - xx.xx.2022-ci il təvəllüdlü X9 ilə hər həftənin çərşənbə günü saat 14:00-dan 17:00-dək unsiyyət hüququnun müəyyən edilməsi, nəvə ilə ünsiyyətin uşağın anası Cavabdeh və ya onu əvəz edən (müvəkkil etdiyi) şəxsin iştirakı ilə həyata keçirilməsi, nəvə ilə ünsiyyət yerinin tərəflərin qarşılıqlı razılığı əsasında müəyyən edilməsi, əgər belə bir razılıq ünsiyyət vaxtında müəyyən edilə bilməzsə icra məmurunun müəyyən etdiyi qapalı məkanda keçirilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət olunmuşdur.

15. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçıların oğlu X7 ilə Cavabdeh arasında olan nikahın pozulması onların bu nikahdan olan azyaşlı uşağın hüquqlarına təsir etməməli, uşağın öz nənə və babası ilə, nənə və babanın isə uşaqla ünsiyyətdə olmaq, onun mənafeləri ilə bağlı məsələlərinin həll edilməsində iştirak etmək hüququ təmin edilməlidir.

16. İddiaçıların nəvələri ilə ünsiyyət hüququnun hansı qaydada (təkbaşına və ya uşağın anasının iştirakı ilə), harada və hansı müddətdə təmin edilməsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, bu zaman ilk növbədə uşağın mənafeyi, o cümlədən nəvələri ilə ünsiyyətdə olmaq istəyən baba və nənənin (iddiaçıların) və uşağın anasının (cavabdehin) iş və məişət rejimi, onların münasibətlərindəki gərginlik və mübahisənin müəyyən olunmuş diqqətəlayiq digər halları nəzərə alınmaqla ünsiyyət qaydası mümkün qədər elə müəyyən edilməlidir ki, baba və nənə özlərinin ən əsas hüquqlarından biri olan nəvə ilə ünsiyyət imkanından maksimum istifadə edə bilsin. Məhkəmə hesab etmişdir ki, uşağın yaşı və mənafeyi nəzərə alınmaqla iddiaçıların nəvələri ilə ünsiyyət hüququ uşağın anasının və ya onu əvəz edən (müvəkkil etdiyi) şəxsin iştirakı ilə müəyyən edilməli, həmçinin tərəflərin bir-birilərinin yaşayış yerlərinə getmələri aralarındakı münasibətlərin gərginliyi səbəbindən mümkün olmadığından həmin hüquq onların yaşayış yerindən kənarda həyata keçirilməlidir.

17. Ünsiyyət hüququnun həyata keçiriləcəyi günə və saatlara münasibətdə isə məhkəmə vurğulamışdır ki, iddiaçılara nəvələri Uğurla hər həftənin çərşənbə günü saat 14:00-dan 17:00-dək ünsiyyət vaxtının verilməsi məqsədəuyğun sayılmalıdır

18. Mövqeyinin hüquqi əsaslandırması zamanı məhkəmə, Ailə Məcəlləsinin 50ci və 62-ci, “Uşaq hüquqları haqqında” Qanunun 5-ci, “Uşaq hüquqlarına dair” BMT Konvensiyasının 3-cü maddələrinə, “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 oktyabr 2011-ci il tarixli 6 nömrəli Qərarına istinad etmişdir.

19. Qətnamədən cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun “hər həftənin çərşənbə günü saat 14:00-dan 17:00-dək unsiyyət hüququnun müəyyən edilməsi” hissəsində ləğv olunmasını və iddiaçılara uşaqla hər həftənin cümə günü saat 12:00-dan saat 14:00-dək görüş hüququ verilməsini xahiş etmiş, şikayətini işin hallarına düzgün qiymət verilmədiyi, uşağın atası ilə ünsiyyət hüququnu təmin edən qətnamənin nəzərə alınmadığı, uşağa atası və iddiaçılarla fərqli günlərdə görüş verilməsinin həm uşağa, həm də anaya çətinliklər yaradağacağı arqumentləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinə qarşı etiraz

20. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı, verilən izahat

21. Cavabdehin məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, lazımi qaydada məlumatlandırılmış iddiaçılar, həmçinin Maraqlı şəxs başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi məhkəməyə gəlməmişlər.

22. İşin halları və şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınmaqla işə, iddiaçıların iştirakı olmadan baxılması mümkün hesab olunmuşdur.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Ailə Məcəlləsi

23. Maddə 50. Uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. Valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir. Valideynlər ayrı yaşadıqda uşaq onların hər biri ilə ünsiyyət hüququna malikdir.

24. Maddə 52. Uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər.

25. Maddə 62. Baba, nənə, qardaş, bacı və digər qohumlar uşaqla ünsiyyət hüququna malikdirlər. Valideynlər (onlardan biri) uşağın yaxın qohumları ilə ünsiyyətinə etiraz etdikdə müvafiq icra hakimiyyəti orqanı valideynlərin (onlardan birinin) bu ünsiyyətə mane olmamağını tələb edə bilər. Valideynlər (onlardan biri) müvafiq icra hakimiyyəti orqanının qərarına tabe olmadıqda, uşağın yaxın qohumları və ya müvafiq icra hakimiyyəti orqanı uşaqla ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə uşağın rəyini və marağını nəzərə almaqla mübahisəni həll edir.

“Uşaq hüquqları haqqında” Qanun

26. Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı,onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır.

“Uşaq hüquqlarına dair” BMT Konvensiyası

27. Maddə 3. Məhkəmələr, uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər.

“Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli Qərarı

28. Bənd 2. Məhkəmələrin diqqətinə çatdırılsın ki, qanunvericilik uşaqlarla ünsiyyət hüququnun birbaşa məhkəmə müdafiəsi qaydasını yalnız ayrı yaşayan valideynlərə aid etmişdir. Məhkəmələr uşaqla ünsiyyətdə olma vaxtını müəyyən edərkən işin bütün hallarını, o cümlədən ailədə neçə uşağın olmasını, onların yaşını, bağçaya, yaxud məktəbə gedib-getməməsini, səhhətini, hansı valideynə daha çox bağlılığını, onun mənəvi, psixi və fiziki inkişafına təsir edən digər amilləri nəzərə almalıdır. Tərəflərin qarşılıqlı münasibətləri, işin faktiki halları nəzərə alınmaqla məhkəmənin qətnaməsində uşaqla görüşün (ünsiyyətin) yeri, vaxtı, hansı şəraitdə keçirilməsi, eyni zamanda görüşdə iştirak edən şəxslərin dairəsi göstərilə bilər.

29. Bənd 4. Uşaqla ünsiyyət hüququnun həyata keçirilməsi barədə baba, nənə, qardaş, bacı və digər qohumların müraciətinə müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) tərəfindən qanunla müəyyən edilmiş müddətdə baxılmaması və ya bu müraciətin təmin edilməsindən imtina edilməsi həmin orqanın qərarından, hərəkət və ya hərəkətsizliyindən şikayət verilməsinə deyil, uşaqla ünsiyyət qaydasının müəyyən edilməsi məqsədilə məhkəməyə iddia vermək üçün əsasdır.

30. Bənd 10. Valideyn və digər qohumların uşaqlarla ünsiyyət hüquqlarına dair mübahisələrə baxılarkən valideynlər arasında və yaxud valideynlə digər qohumlar arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafeləri, eləcə də yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının rəyini nəzərə almaqla həll edir. Qanuni maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın öz valideynləri və digər qohumları ilə ünsiyyətdə olmasına dair məsələyə baxılarkən Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən uşağın fikri mütləq nəzərə alınmalıdır. Zərurət olduqda, məhkəmə öz mülahizəsi ilə valideynlərin iştirakı olmadan pedaqoqun iştirakı ilə uşağın dindirilməsini həyata keçirir. Bu zaman “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının 12-ci maddəsinin tələblərindən irəli gələrək, özünü dərketmə qabiliyyəti olan, öz fikrini ifadə etməyi bacaran uşağın fikrinə diqqət yetirilməlidir. Qanunda nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə bilər. Məhkəmə qərar qəbul edərkən həmçinin 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

34. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

35. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

38. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

39. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

40. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

41. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

43. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin “İddiaçı1 və İddiaçı2 nəvələri - xx.xx.2022-ci il təvəllüdlü X9 ilə hər həftənin çərşənbə günü saat 14:00-dan 17:00-dək unsiyyət hüququnun müəyyən edilməsi” hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni iddiaçılar mübahisələndirməmiş, cavabdeh (nümayəndəsi) isə yalnız qeyd olunan hissədən apellyasiya şikayəti vermişdir. Başqa sözlə qətnamənin, “nəvə ilə ünsiyyətin uşağın anası Cavabdeh və ya onu əvəz edən (müvəkkil etdiyi) şəxsin iştirakı ilə həyata keçirilməsi, nəvə ilə ünsiyyət yerinin tərəflərin qarşılıqlı razılığı əsasında müəyyən edilməsi, əgər belə bir razılıq ünsiyyət vaxtında müəyyən edilə bilməzsə icra məmurunun müəyyən etdiyi qapalı məkanda keçirilməsi”, eləcə də iddia tələbinin qismən təmin edilməməsi ilə bağlı hissələri hazırkı apellyasiya baxışı çərçivəsində yoxlanılmır.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

44. Kollegiya hesab edir ki, qanunvericiliyin yuxarıda sadalanmış (§ 23,25) müddəalarına əsaslanan birinci instansiya məhkəməsi haqlı olaraq uşaqlarla ünsiyyət hüququnun həyata keçirilməsinə mane ola biləcək ciddi səbəblərin müəyyən olunmadığını nəzərə almaqla iddiaçıların nəvələri ilə ünsiyyət hüquqlarının təmin edilməli olduğu qənaətinə gəlmişdir.

45. Nəzərə alınmalıdır ki, nəvələri ilə ünsiyyətdə olmaq baba-nənənin hüququ kimi təsbit edilmişdir və uşaqlarının analarının bu ünsiyyətə etiraz etməsinə əsaslanılaraq müvafiq iddianın rədd olunması qanunun məqsədinə uyğun deyildir.

46. Qeyd olunmalıdır ki, ünsiyyət hüququnun təmin olunması ilə bağlı qərarlar, həm də yaxın qohumlarla (hazırkı halda baba-nənə ilə) uşaq arasında münasibətlərin bərpası və ünsiyyət bağının kəsilməsinin qarşısını almaq məqsədinə xidmət edir. Başqa sözlə, məhkəmənin qəbul etdiyi qərarın icra olunmasının mümkünsüzlüyü ilə bağlı irəli sürülən hallar (uşağın görüşmək istəməməsi və s.) uşaqla ünsiyyət hüququna dair iddianın rədd edilməsi üçün əsas hesab oluna bilməz. Belə hallar ünsiyyətdə olma zamanı, yəni icra mərhələsində aşkar edilən hallara aid olduğundan, yalnız icra qaydasında həll olunmalıdır.

47. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli Qərarında (§ 28-30) da məhkəmələrə izah edilmişdir ki, uşaqla ünsiyyətdə olmaq onun sağlamlığına zərər vurduqda məhkəmə valideynin, yaxud uşaq himayəsinə verilmiş digər şəxsin, yaxud da icra məmurunun ərizəsinə əsasən uşağın müəyyən yaş həddinə çatmasına kimi görüşün məhdudlaşdırılması və yaxud həmin müddətdə görüşün qadağan olunması barədə qərar qəbul edə bilər.

48. Uşaqla ünsiyyət hüququnun həyata keçirilməsi qaydasına, yəni bu hüququn həyata keçiriləcəyi yerə, onun gününə və davam etmə müddətinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, bu zaman ilk növbədə uşağın mənafeyi, o cümlədən nəvələri ilə ünsiyyətdə olmaq istəyən babanın (nənənin) və uşağın anasının (cavabdehin) iş və məişət rejimi, onların münasibətlərindəki gərginlik və mübahisənin müəyyən olunmuş diqqətəlayiq digər halları nəzərə alınmaqla ünsiyyət qaydası mümkün qədər elə müəyyən edilməlidir ki, iddiaçılar əsas hüquqlarından olan uşaqla ünsiyyət imkanından istifadə edə bilsin, eyni zamanda bu, uşağın və onun anasının da hüquqlarını pozmasın. Ümumiyyətlə bu qəbildən olan mübahisələrin həlli zamanı mövcud və yaxın gələcək üçün həyata keçəcəyi mütləq olan vəziyyət nəzərə alınmalı, məhkəmə tərəflərin münasibətlərinin mövcud vəziyyətinə, uşaqların yaşı və onların mənafeyi ilə bağlı digər diqqətəlayiq hallara əsaslanmaqla nəticəyə gəlməlidir.

49. Bu mənada kollegiya iddiaçılara öz nəvələri ilə ünsiyyətdə olmaq üçün birinci instansiya məhkəməsinin müəyyən etdiyi vaxt intervalını göstərilən meyarlara uyğun hesab etmir; belə ki, tərəflərin münasibətlərində gərginlik mövcuddur və iddiaçıların 2 yaşlı uşaqla həftənin çərşənbə günü saat 14:00-dan saat 17:00-dək olan müddət ərzində uşağın daimi yaşadığı ünvandan kənarda ünsiyyətdə olmaları uşağın mənafeyinə uyğun olmaya bilər. Xüsusilə nəzərə alınmalıdır ki, iddiaçılarla uşağın atası eyni ünvanda yaşayırlar və uşağın atasına hər həftənin cümə günü 14:00-dan 18:00-dək görüş hüququnun verilməsinə dair qanuni qüvvəsini almış qətnamə vardır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, 2 yaşlı uşağın rahatlığının təmin olunması və onun həftənin 2 fərqli günündə münasibətləri gərgin olan tərəflərin (o cümlədən atası ilə anasının) davranışlarından əziyyət çəkməməsi, eləcə də iddiaçıların və uşağın atasının görüş saatlarının ardıcıllığının təmin edilməsi üçün, qətnamə iddiaçıların nəvələri ilə ünsiyyətdə olmalarının müəyyən edilən vaxtına münasibətdə dəyişdirilməli, onlara nəvələri ilə həftənin cümə günləri saat 12:00-dan saat 14:00-dək ünsiyyətdə olmaq hüququ verilməlidir.

50. Bununla yanaşı kollegiya izah edir ki, tərəflər arasında münasibətlərin, onlardan hər hansı birinin ailə vəziyyətinin, iş və məişət şəraitinin sonradan dəyişməsindən asılı olaraq, eləcə də uşaqların yaşının artması və digər əsaslar yarandığı hallarda gələcəkdə tərəflər yaranmış yeni hallardan çıxış edərək müəyyən olunmuş ünsiyyət qaydasının dəyişdirilməsinə dair iddia qaldırmaqda haqlıdırlar.

51. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-798/2023 saylı iş üzrə 20 noyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilsin. İddiaçı1 və İddiaçı2 nəvələri - xx.xx.2022-ci il təvəllüdlü X9 ilə hər həftənin cümə günü saat 12:00-dan 14:00-dək ünsiyyətdə olmaq hüququ (görüş vaxtı) verilsin. Apellyasiya şikayəti üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar