Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1317/2021 04.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Hüseynli Gültəkin Xalıq qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı "kredit müqaviləsinin etibarsız hesab olunması" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-3030/2020 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsinin etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin bağlandığı andan etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxx 2015-ci ildə onunla Cavabdeh arasında kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən o, xx xxxxxx 2017-ci il tarixədək 9720 manat pulu hər ay 405 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Lakin həmin kredit müqaviləsi Cavabdehla aralarında şifahi olaraq bağlanılan alqı-satqı müqaviləsinin təminatı olaraq bağlanılmışdır. Belə ki, o, Cavabdeh xx xxxxxx 2014-cü il tarixdə VAZ 21214 markalı (Niva) **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili 6200 manata almış, lakin faizi ilə birlikdə cəmi 9720 manat pulu hər ay 405 manat olmaqla ödəyəciyini şifahi olaraq razılaşmışlar. O, ilkin ödəniş qismində 1300 manat pulu Cavabdeh ödəmiş, Niva markalı avtomobil ona Cavabdeh qohumu X1 tərəfindən verilən nəqliyyat vasitəsini istifadə etmək üçün etibarnamə əsasında verilmişdir. Bundan təxminən 10 gün sonra o, istifadəsində olan Niva markalı avtomobil ilə yolnəqliyyat qəzası törətmiş və avtomobili öz hesabına təmir etdirdikdən sonra şifahi razılığa əsasən Cavabdeh özünə qaytarmışdır. Niva markalı avtomobilin əvəzinə BMW markalı, **-XL-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh almışdır. Bundan sonra həmin borcun təminatı olaraq aralarında yuxarıda göstərilən kredit müqaviləsini notariusda rəsmiləşdirmişlər. O, 8 ay ödəniş etdikdən sonra Cavabdeh aldığı BMW markalı avtomobili şifahi razılığa əsasən qalan borcun müqabilində onun özünə qaytarmış və aralarında olan öhdəliyin ləğv olunduğuna əmin olmuşdur. Təxminən 2019-cu ilin noyabr ayının sonunda ona məlum olmuşdur ki, Cavabdeh 2017-ci il tarixdə ona qarşı 9720 manat pulun tələb edilməsi haqqında Ağdam rayon məhkəməsində iddia qaldırmış, həmin iddiadan xəbəri olmadığından məhkəmə qətnamə çıxararaq 8100 manat pulun ondan tutulması barədə qiyabi qətnamə qəbul etmişdir. Cavabdehlə aralarında kredit münasibətləri deyil, alqı-satqı münasibətləri olmuşdur. Göründüyü kimi, Cavabdehla aralarında guya faizsiz olaraq bağlanmış xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi başqa müqaviləni pərdələmək üçün bağlandığından həmin kredit müqaviləsi etibarsız hesab olunmalıdır. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-3030/2020 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti iddia ərizəsində qeyd olunan dəlillərə istinad edilməklə onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən iş kifayət qədər araşdırılmamış, iddianın əsaslı olduğuna dair sübutların olmasına baxmayaraq, iddianı qanunsuz olaraq təmin etməmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçı və cavabdeh məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Belə ki, mülki işin materiallarında olan Bakı şəhəri 27 saylı notariat kontorunda xx.xx.2015-ci il tarixdə bağlanmış reyestrdə 3“M”2-60 nömrə ilə qeyd edilmiş kredit müqaviləsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx xxxxxx 2017-ci il tarixədək qaytarmaq şərti ilə 9720 manat faizsiz kredit (hər ay 405 manat qaytarmaq şərti ilə) verilməsi haqqında müqavilə bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Məcəllənin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələgəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradəifadəsidir. Həmin Məcəllənin 324.4-cü maddəsinə görəmüqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Eyni Məcəllənin 331.1-ci maddəsinə görəyazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Həmin Məcəllənin 334.1-ci maddəsinə görə əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Eyni Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Mülki Məcəllənin 340.2-ci maddəsinə görə yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. İddiaçının apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verən məhkəmə kollegiyası həmin dəlilləri əsassız hesab edir. Belə ki, iddiaçı aralarında kredit müqaviləsi deyil, alğı-satqı müqaviləsi bağlandığına istinad etsə də, həmin halları sübuta yetirə bilməmişdir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2019-cu il tarixli Qərarında göstərilir ki, mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verən məhkəmə kollegiyası həmin dəlillərlə razılaşmır. Belə ki, iddiaçı tərəfindən dəlillərini təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi Q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-3030/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(103)-1317/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1317/2021
04.03.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver