Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1320/2020 23.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), X1 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, İddiaçı, Cavabdeh ləğv prosesində olan “xxxxxxxxx” ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh ləğv prosesində olan “xxxxxxxxx” ASC-yə qarşı “müqavilənin ləğvi və öhdəliyə xitam verilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, xx.xx.2012-ci il tarixdə «xxxxxxxxx» ASC ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklər tərəfindən tam icra edildiyi üçün həmin müqavilənin ləğv edilərək, öhdəliklərə xitam verilməsi barədə qətnamə çıxarılmasını və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehə aid edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə, iddia təmin edilmişdir. Cavabdeh LPO “xxxxxxxxx” ASC, apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, LPO “xxxxxxxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu, İddiaçı məlumat verərək, xx.xx.2012-ci il tarixli müqavilə üzrə borcunun olmasını bildirmişdir. İddiaçı, Fonda müraciət edərək, banka borcunun olmamasını bildirmiş və borc məbləğinin bazadan silinməsini xahiş etmişdir. ƏSF tərəfindən cavab məktubu göndərilərək, xx.xx.2019-cu il tarixə bank əməliyyat sistemində 12.887 manat 70 qəpik əsas və 39.272 manat 41 qəpik olmaqla, ümumilikdə 163.160 manat 11 qəpik borcunun mövcud olduğu bildirilmiş və həmin borcun ödənilməsinin təmin edilməsi tövsiyə edilmişdir. Lakin məhkəmə, qətnamə qəbul edərkən bunu nəzərə almamışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdir. Nümayəndə suala cavab olaraq bildirmişdir ki, «xxxxxxxxx» ASC ilə İddiaçı arasında bağlandığı bildirilən xx.xx.2012-ci il tarixli kredit müqaviləsini və iddiaçının bildirdiyi ipoteka razılaşmalarına dair sənədləri məhkəməyə təqdim edə bilmirlər. Bununla belə, apellyasiya şikayətinin təmin olunmasını xahiş edir. İddiaçı isə bildirmişdir ki, əslində o, ipoteka ilə mənzil almaq üçün bankın əməkdaşları ilə danışıq aparmış və bununla bağlı kredit və ipoteka rəsmiləşdirilmişdir. Lakin sonradan borcu vaxtında ödəyə bilmədiyi üçün mənzili banka qaytarmış və bankın əməkdaşları tərəfindən həmin razılaşmalar ləğv edilmişdir. 2015-ci ildə başqa bankdan kredit götürmək istədikdə ona bildirmişlər ki, “xxxxxxxxx” ASC qarşısında icra edilməmiş kredit öhdəliyi var. Bununla əlaqədar cavabdeh banka getmiş və borcunun olmaması haqqında ona arayış verilməsini tələb etmişdir. Bankın əməkdaşları ona bildirmişlər ki, kredit və ipoteka razılaşmalarını ləğv etsələr də, sistemdə borc silinməmiş qalmışdır. Bununla belə, “xxxxxxxxx” ASC tərəfindən ona xx.xx.2012-ci il tarixli müqavilə üzrə kredit öhdəliklərinin tam yerinə yetirilməsi və banka borcunun olmaması haqqında xx.xx.2015-ci il tarixli arayış verilmişdir. Buna baxmayaraq, tərəfindən “xxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə edilən müraciətinə əsasən ona verilmiş çıxarışa görə xx.xx.2019-cu il tarixə 123.887,70 manat əsas və 36.550,35 manat faiz borcunun olduğu bildirilmişdir. O, kredit öhdəliyinin olmaması haqqında arayışı Əmanətlərin Sığortalanması Fonduna təqdim edərək borcun silinməsini xahiş etmişdir. Buna baxmayaraq, Fondun xx.xx.2019-cu il tarixli məktubu ilə onun “xxxxxxxxx” ASC-yə xx.xx.2019-cu il tarixə bank əməliyyat sistemində 123.887 manat əsas və 39.272,41 manat olmaqla, cəmi 163.160,11 manat borcunun olduğu bildirilmiş və borcun ödənilməsi tövsiyyə edilmişdir. Hesab edir ki, onun “xxxxxxxxx” ASC qarşısında icra edilməmiş kredit öhdəliyi yoxdur və bu fakt təsbit edilməlidir. İddianı da bu məqsədlə qaldırmışdır. Ona görə də, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Kollegiya, tərəfləri dinləyib, apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. İşdə olan sənədlərdən görünür ki, LPO «xxxxxxxxx» ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən xx.xx.2019-cu il tarixli məktubla İddiaçı bildirilmişdir ki, onun xx.xx.2019-cu il tarixə bank əməliyyat sistemində 123.887,70 manat əsas və 39.272,41 manat faiz borcu olmaqla, ümumilikdə 163.160,11 manat borcu mövcuddur. «xxxxxxxxx» ASC-nin X5 Z.B.Quliyeva tərəfindən imzalanmış və bankın möhürü ilə təsdiqlənmiş xx.xx.2015-ci il tarixli arayışdan isə görünür ki, İddiaçı «xxxxxxxxx» ASC-dən xx.xx.2012-ci il tarixdə **********6030000AZN saylı hesab üzrə götürdüyü 126.650 manat məbləğində kreditin öhdəliklərini tam yerinə yetirmişdir və onun banka heç bir borcu yoxdur. Beləliklə, tərəflər, aralarında xx.xx.2012-ci il tarixli kredit müqaviləsinin bağlandığını və həmin müqavilədən irəli gələn borc öhdəliyinin mövcudluğunu (iddiaçı həmin öhdəliyin icra səbəbilə xətm olunduğunu, cavabdeh isə sistemdə borcun qaldığını) bildirirlər. Kollegiya, mübahisənin hüquqi həlli ilə bağlı bildirir ki, Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarında öhdəliyin (o cümlədən borc pul öhdəliyinin) yaranması əsasları konkret şəkildə müəyyən edilmiş və buraya müqavilədən, zərər vurmadan, əsassız varlanmadan və Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslardan irəli gələn öhdəliklərin daxil olduğu göstərilmişdir. Kollegiya vurğulayır ki, müqavilə dedikdə, iki və ya daha artıq şəxsin hüquqi nəticə əmələ gətirmək üçün ifadə etdikləri və bir-birinə uyğun olan iradə bəyanları başa düşülür. Müqavilənin bağlanmış sayılması üçün tərəflərin əmələ gətirmək istədikləri hüquqi nəticəyə dair mühüm şərtləri özündə əks etdirən iradə bəyanları mövcud olmalıdır. Məhz belə iradə ifadələri ilə müqavilə bağlanmış sayılır, tərəflər üçün tələb hüququ və öhdəlik yaradır. Əks təqdirdə isə mülki hüquqi baxımdan müqavilənin bağlanmasından söhbət gedə bilməz. Təsadüfi deyil ki, Mülki Məcəllənin 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Göründüyü kimi, müqavilənin mühüm şərtləri barədə lazımi formada razılaşma olmadıqda müqavilə bağlanmamış hesab edilir. Bu hal, yoxluq səbəbilə əqdin etibarsızlığına dəlalət edir. Mülki Məcəllənin 337.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Baxılan işdə tərəflər, aralarında xx.xx.2012-ci il tarixli kredit müqaviləsinin bağlandığına istinad edirlər. Mülki Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Normanın məzmunundan göründüyü kimi, kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş məbləğdə, müddətdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Başqa sözlə, bu hallar kredit müqaviləsinin mühüm şərtlərini təşkil edir. Tərəflər arasında kredit münasibətlərinin mövcud olması üçün əvvəlcə onların etibarlı əqd - kredit müqaviləsi bağlamaları müəyyən edilməlidir. Buna baxmayaraq, İddiaçı ərizəsində göstərdiyi, LPO «xxxxxxxxx» ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu isə xx.xx.2019-cu il tarixli məktubunda istinad etdiyi xx.xx.2012-ci il tarixli kredit müqaviləsini məhkəməyə təqdim etməmişlər. Dolayısı ilə, tərəflər belə bir müqavilənin bağlandığını və mövcudluğunu sübuta yetirə bilməmişlər. Halbuki, Mülki Prosessual Məcəllənin 14.2-ci və 77.1-ci maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə olan halda, Kollegiya bu qənaətə gəlir ki, «xxxxxxxxx» ASC ilə İddiaçı arasında xx.xx.2012-ci il tarixli kredit müqaviləsi bağlanmamış sayılır. Başqa sözlə, tərəflər belə bir əqdin bağlanıldığını şifahi şəkildə, məktub və arayışda ifadə etsələr də, mühüm şərtləri özündə əks etdirən kredit müqaviləsi olmadığı üçün iddia olunan razılaşma yoxluq səbəbilə əhəmiyyətsizlik halıdır. Əhəmiyyətsiz (o cümlədən yoxluq vəziyyətində olan) əqdlərin etibarsız sayılması üçün bir qayda olaraq məhkəməyə müraciət etməyə gərək yoxdur. Onlar məhkəmədə iddia qaldırılmadan, hansısa bir formada mübahisələndirilmədən özü-özlüyündə etibarsızdır. Ona görə də, əhəmiyyətsiz əqdlərlə bağlı iddialar bir qayda olaraq hansısa halın təsbiti və ya nəticələrinin tətbiqinə yönəlmiş tələblərdir. Belə tələbə baxılarkən əqdin əhəmiyyətsizliyi (yoxluğu) aşkar edildikdə hakim bu halı xidməti vəzifəsinə görə tələbdən asılı olmayaraq nəzərə almalıdır. Mülki Məcəllənin 337.1-ci, 337.3-cü və 337.4-cü maddələrinə görə, etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Beləliklə, «xxxxxxxxx» ASC ilə İddiaçı arasında xx.xx.2012-ci il tarixli kredit müqaviləsi bağlanmamış sayıldığı üçün hər hansı müqavilə mövcud olmamışdır. Birinci instansiya məhkəməsi isə bu hallara diqqət yetirmədən mövcud olmayan müqavilə üzrə iddiaçının bank qarşısında öhdəliyinin tam icra edilməsi, həmin kredit müqaviləsinin ləğv edilməsi və iddiaçının bank qarşısındakı öhdəliklərinə xitam verilməsi haqqında yalnış qətnamə çıxarmışdır. Ona görə də, rayon məhkəməsinin qətnaməsi ləğv edilməklə, iddia tələbləri üzrə yeni qətnamə qəbul olunmalıdır. Kollegiya onu da nəzərə almışdır ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə hüquqi müstəvidə etibarlı bir müqavilənin olmasına, lakin həmin əqd üzrə öhdəliklərin yerinə yetirilməsi səbəbilə xətm edilməsinə dəlalət edir. Halbuki, məhkəməyə təqdim edilmədiyi halda, «xxxxxxxxx» ASC-nin kredit öhdəliklərinin (**********6030000AZN saylı hesab üzrə) tam yerinə yetirilməsi haqqında xx.xx.2015-ci il tarixli arayışda, habelə ləğv prosesində olan həmin bankın xx.xx.2019-cu il tarixli məktubunda İddiaçıla bağlanmış xx.xx.2012-ci il tarixli müqaviləyə istinad edilməsinin hansı hallarla bağlı olduğu tam aydın deyil. Ona görə də həmin xüsusatların cinayət mühakimə icraatı qaydasında yoxlanılması və onlara hüquqi qiymət verilməsi üçün iş üzrə xüsusi qərardad çıxarılaraq Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir. Kollegiya iddianın həlli ilə bağlı bildirir ki, mövcud olmayan müqavilə hər hansı öhdəlik yarada, habelə məhkəmə tərəfindən ləğv edilə bilməz. Ona görə də «xxxxxxxxx» ASC ilə İddiaçı arasında xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməsi səbəbilə həmin müqavilənin ləğvi tələbi rədd edilməlidir. Bununla belə, məhkəmə kollegiyası nəzərə alır ki, İddiaçı hazırkı tələbləri irəli sürməkdə məqsədi, yəni təmin etmək istədiyi mənafe LPO «xxxxxxxxx» ASC qarşısında borc öhdəliyinin olmamasının təsbit edilməsidir. İddiaçı, bunu apellyasiya baxışında da açıqca ifadə etmişdir. İddiaçı “öhdəliklərə xitam verilməsi barədə qərar qəbul edilsin” tələbi də əslində bu mənafeyi təmin etməyə yönəlmiş təsbitetmə iddiasıdır. Ona görə də, Kollegiya iddiaçının tələbini və haqlı mənafeyini, habelə bağlanmamış bir müqavilənin tərəflər üçün öhdəlik yarada bilməyəcəyi barədə yuxarıdakı mövqeyini nəzərə alaraq hesab edir ki, iddia həmin hissədə təmin edilməklə, İddiaçı LPO «xxxxxxxxx» ASC qarşısında borc öhdəliyinin olmaması təsbit edilməlidir. Bu səbəbdən iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş rüsum isə LPO «xxxxxxxxx» ASC-yə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 385.1.1-ci və 385.1.4-cü maddələrinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi həmin qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Ləğv prosesində olan “xxxxxxxxx” ASC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5652/2019 saylı iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin olunsun. İddiaçı ləğv prosesində olan “xxxxxxxxx” ASC qarşısında borc öhdəliyinin olmaması təsbit edilsin. İddia qalan hissədə təmin edilməsin. İddianın qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi ləğv prosesində olan “xxxxxxxxx” ASC-dən tutularaq İddiaçı ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu ləğv prosesində olan “xxxxxxxxx” ASC-yə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür. Hakim Zaur Əliyev
Məhkəmə qərarları › İş №2(103)-1320/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1320/2020
23.01.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver