Məhkəmə qərarları › İş №2(103)-1320/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1320/2024

30.01.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1320/2024 30.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, İddiaçı1 Cavabdeh qarşı “renta müqaviləsinin ləğv edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-14/2023 nömrəli 08 dekabr 2023-cü il tarixli qərardadından İddiaçı2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı1 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında Bakı şəhəri 9 saylı Notariat Ofisinin xüsusi notariusu X2 tərəfindən 03 iyun 2019-cu il tarixdə, 4Ə-528 reyestr nömrəsi ilə təsdiq edilməklə bağlanmış renta müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinə məhkəmədə baxılarkən iddiaçı vəfat etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-14/2023 nömrəli 08 dekabr 2023-cü il tarixli qərardadı ilə mülki iş üzrə icraat İddiaçı1 hüquqi varisi müəyyən edilənə qədər dayandırılmışdır. Qərardaddan İddiaçı2 tərəfindən verilmiş şikayət məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə təmin edilməmiş, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə Kollegiyası şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göründüyü kimi iddiaçı vəfat etmişdir və hazırki iddia tələbi hüquq varisliyinə yol verilən hüquq münasibətidir, belə olan halda iddiaçı – mərhum İddiaçı1 vərəsələrinin dairəsi müəyyən edilərək o, hüquq varisi ilə əvəz edilməlidir. Məhkəmə haqlı olaraq hüquq varisi müəyyən edilənədək iş üzrə icraatın dayandırılması qənaətinə gəlmişdir. İddiaçı2 vəsiyyət üzrə vərəsə olduğundan hüquq varisi kimi qəbul edilməli olduğuna əsaslansa da, onun dəlilləri əsassızdır. Belə ki, iddiaçı başqa şəxsə məxsus olan əmlakı vəsiyyət etdiyindən, qanunvericiliyin tələbinə görə iddiaçının bu sərəncamı etibarsız hesab edilmiş və nəticədə İddiaçı2 iddiaçının vəsiyyətnamə üzrə vərəsəsi kimi prosessual hüquq varisliyinə malik olmadığı müəyyən edilmişdir. İddiaçı2 atası Məmmədov Bəxtiyar və əmiləri (yəni iddiaçının bacısının oğlanları) hazırda sağ olduğundan və onlar iddiaçının ikinci növbə vərəsəsi sayıldıqlarından İddiaçı2 iddiaçının qanun üzrə vərəsəsi olması imkanı da istisna edilmişdir. Azərbaycan Respublikası MPM-nin 254.1.1-ci maddəsinə əsasən işdə tərəf olan şəxs öldükdə və ya hüquqi şəxs yenidən təşkil edildikdə, barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə və ya işdə tərəf olan hüquqi şəxsin ləğv edilməsinə yol verərsə, məhkəmə iş üzrə icraatı dayandırmalıdır. Məhkəmə Kollegiyası icraatın dayandırılması barədə qərardadın ləğv edilməsi üçün əsas tapmır. Beləliklə, Kollegiya hesab edir ki, şikayət əsaslı deyil, qərardad qanuni və əsaslıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 397, 398.0.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-14/2023 nömrəli 08 dekabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar