Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1321/2020 18.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), X4 və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı, Cavabdeh “xxxxxxxxxxxxx” ASC-nin nümayəndəsi X1, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 iştirakı ilə, İddiaçı cavabdeh “xxxxxxxxxxxxx” ASC-yə qarşı sığorta pulunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(009)-3136/2019 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində X6 cəlb edilməklə cavabdeh “xxxxxxxxxxxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxxxxxxxxxxx” ASC tərəfindən sığorta haqqı olaraq 2308 manat pulun ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2018-ci il tarixdə “xxxxxxxxxxxxxxx” MMC-dən 517xx xxxxxx 2018-ci il istehsalı olan “Hyundai Tucson” markalı Az ** FF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini almışdır. Alqı-satqı müqaviləsində beş illik zəmanət müddətində avtomaşının yalnız “Hyundai” servisində texniki baxış və təmirdən keçirilməsi nəzərdə tutulmuşdur. xx.xx.2019-cu il tarixdə Qaraçuxur-Suraxanı yolunda X3 idarə etdiyi «xxxxxxxxxxxxx» ASC-də PGU********** saylı “Avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığortası” üzrə sığortalanmış “Daevo BS 090” markalı, Az ** TE *** dövlət qeydiyyat nişanlı avtobusla toqquşma nəticəsində ona məxsus avtomobilə ziyan dəymişdir. “Hyundai” servisin verdiyi xx.xx.2019-cu il tarixli AA038207 saylı akta əsasən ona məxsus avtomobilə dəymiş ziyanın məbləği 2308 manat təşkil edir. Hadisə “Daevo” markalı avtomobilin sürücüsünün təqsiri üzündən baş vermiş və bununla əlaqədar Bakı şəhəri Suraxanı DYPŞ tərəfindən 025129 saylı arayış tərtib edilmişdir. “xxxxxxxxxxxxx” ASC tərəfindən ona ünvanlanmış xx.xx.2019-cu il tarixli sığorta ödənişinin verilməsinə dair bildirişdə ona məxsus nəqliyyat vasitəsinə dəymiş ziyanın məbləği reallıqda olandan beş qat az, yəni 535 manat qeyd edilərək əsassız olaraq avtomaşını Bakı şəhəri Babək prospekti 43 D ünvanında yerləşən “Extra Servis” təmir müəssisəsinə təqdim etməyi xahiş olunmuşdur. Halbuki, ona məxsus “Hyundai Tucson” markalı avtomobilin “Hyundai” servisində texniki baxış və təmirdən keçirilməsi nəzərdə tutulmuşdur. Həmçinin “Hyundai” servisin xx.xx.2019cu il tarixli aktı ilə onun avtomobilinə 2308 manat ziyan dəyməsi təsdiq olunur. Ona görə də, “xxxxxxxxxxxxx” ASC tərəfindən sığorta haqqı olaraq 535 manat deyil, 2308 manat pulun ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(009)-3136/2019 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh “xxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətindən 2191 manat pulun sığorta haqqı kimi tutulub İddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını, xx.xx.2019-cu il tarixli 17393 saylı ekspert rəyi əsasında müəyyən edilmiş zərər məbləğindən səlahiyyətli orqan tərəfindən təsdiq edilməyən iki detalın qiymətinin (1800 manat) çıxılaraq qalan 391 manat məbləğin ödənilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki,avtomobilə dəymiş zərər sığortaçı tərəfindən müəyyən edilməlidir. Tərəf zərər məbləği ilə razılaşmadığı təqdirdə müstəqil ekspertin seçilməsi ilə bağlı müraciət etməli və daha sonra yenidən qiymətləndirmə həyata keçirilməlidir. Məhkəmə tərəfindən təyin edilən ekspert rəyinə əsasən avtomobilə dəymiş zərərin məbləği 2191 manat məbləğində müəyyən edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş qüsur aktında zərər dəymiş ehtiyat hissələri bunlardır: arxa sağ qapı spolleri- 60 manat; arxa sağ qapı lenti-15 manat; arxa sağ qanad spolleri-70 manat; arxa buferin üst hissəsi- 450 manat; disk-1350 manat; işçilik haqqı cəmi-362 manat. Cavabdeh tərəfindən təqdim edilmiş qüsur aktına əsasən isə zərər dəymiş ehtiyat hissələri bunlardır: arxa sağ qapının spoyleri- 60 manat; arxa sağ qanadın spoyleri- 85 manat, knopka- 10 manat; işçilik haqqı cəmi- 380 manat. Göründüyü kimi ehtiyat hissələrindən 2 detalı çıxmaq şərtilə hər iki qüsur aktı eynilik təşkir edir. Hətta onlar tərəfindən təqdim edilmiş qüsur aktı üzrə məbləğ daha çoxdur. Belə ki, iddiaçı tərəf avtomobilini servisə təqdim edərkən yol nəqliyyat hadisəsi zamanı hansı hissələrin zədələnməsi ilə bağlı deyil, ümumilikdə avtomobili ilə bağlı qüsur aktı əldə etmişdir ki, hadisədə zədələnmiş ehtiyat hissələrinin hansılar olduğunu servis belə müəyyən edə bilməzdi. Qeyd olunduğu kimi yol nəqliyyat hadisəsi xx.xx.2019-cu il tarixində, saat 14:40 radələrində baş verməsinə baxmayaraq bu barədə məlumat cəmiyyətə 1 gün sonra, yəni xx.xx.2019-cu il tarixində, saat 16:27 radələrində verilmişdir. Faydalanan şəxs, yəni iddiaçının sığorta hadisəsi barədə məlumatı Cəmiyyətə vaxtında verməməsi səbəbindən sığorta hadisəsinin araşdırılması və dəymiş zərərin müəyyənləşdirilməsi yalnız səlahiyyətli dövlət orqanı tərəfindən təqdim edilmiş sənədlər əsasında olmuşdur. Suraxanı DYPŞ tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli, 096-2436-1219 saylı arayışa əsasən müəyyən edilmişdir ki, “Hyundai Tucson” markalı, Az ** FF *** dövlət qeydiyyat nişanlı avtomobilin sağ arxa qanad, sağ arxa qapı və alt panelinə sığorta hadisəsi zamanı zərər dəymişdir. Həmçinin yol nəqliyyat hadisəsinin sxemi tərtib edilmiş təlimata 17 saylı əlavədə də eyni ehtiyat hissələri qeyd olunmuşdur. Bu sənədə iddiaçı da imza etmişdir. Nəqliyyat vasitələrinin zədələnməsi barədə xx.xx.2019-cu il tarixli AYP 025129 saylı arayışda da yalnız qeyd olunmuş ehtiyat hissələri sadalanmışdır. Göründüyü kimi, hadisəni qeydə almış səlahiyyətli dövlət orqanı iddiaçının təqdim etdiyi qüsur aktında göstərilmiş iki detalın, yəni arxa buferin üst hissəsi və diskin zədələnməsini təsdiq etməmişdir. Bu səbəbdən də hesab edir ki, qeyd olunmuş iki detal yol nəqliyyat hadisəsi zamanı zədələnmədiyindən bu detallar üzrə sığorta ödənişi verilə bilməz. Məhkəmə qeyd olunan halları araşdırmamış və yekunda səhv nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X2 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək məhkəmədən apelyasiya şikayətinin təmin edilməsini, İddiaçı isə şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs X6 apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin və üçüncü şəxsin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(009)- 3136/2019 saylı qətnaməsi cavabdehə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan “xxxxxxxxxxxxx” tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli dəymiş zərərin hesablanmasına dair aktdan görünür ki, “Hyundai Tucson” markalı, 2018-ci il buraxılışlı, ağ rəngli, Az **-FF-*** dövlət qeydiyyat nişanlı avtomaşına 535 manat məbləğində zərər dəymişdir. İş materiallarında olan “xxxxxxxxxxxxx” ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli 07/SÖ-374 saylı məktubdan görünür ki, xx.xx.2019-cu il tarixində Qaraçuxur-Suraxanı yolunda “xxxxxxxxxxxxx” ASC-də PGU********** saylı “Avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığortası” üzrə sığortalanmış, X3 idarə etdiyi “Daevoo BS090” markalı, Az ** TE *** dövlət qeydiyyat nişanlı minik avtomobili ona məxsus və onun tərəfindən idarə olunan “Hyundai Tucson” markalı, Az ** FF *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşaraq ona maddi zərər vurmuş, hesablama aktına əsasən “Hyundai Tucson” markalı Az ** FF *** dövlət qeydiyyat nişanlı minik avtomobilinə dəymiş zərər 535 manat məbləğində müəyyən edilmişdir. Hesablanmış sığorta ödənişinin alınması üçün bank hesablarının məlumatlarının təqdim edilməsi, məbləğlə razılaşmadığı təqdirdə avtomobilin təmir bərpa işlərinin aparılması məqsədi ilə əməkdaşlıq etdikləri Bakı şəhəri Nizami rayonu Bakı şəhəri Babək prospekti məhəllə 43D ünvanında yerləşən “Extra Servis” təmir müəssisəsinə təqdim edilməsi xahiş olunmuşdur. İş materiallarında olan Baş Dövlət X7 14169-1219 saylı, xx.xx.2019-cu il tarixli arayışından görünür ki, “Daevoo BS090 avtobus” markalı, Az ** TE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2007-ci il tarixdən Bakı şəhəri Nərimanov rayonu Dərnəgül şosesi 507-ci küçə 2093 ünvanında yerləşən “xxxxxxxx” MMC-nin adında qeydiyyatdadır. İş materiallarında olan Suraxanı rayon DYPŞ-nin inzibati tənbeh vermə haqqında xx.xx.2019-cu il tarixli, TP ******* nömrəli qərarının surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə X6 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə məsuliyyətə cəlb edilmiş, 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan məhkəmə əmtəəşünaslıq ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 17393 saylı rəyindən görünür ki, iş materiallarında olan “Auto Azərbaycan” servis tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli qüsur aktına və “xxxxxxxxxxxxx” ASC-nin xx.xx.2019-cu il tarixli qüsur aktına əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2018ci il buraxılışlı “Hyundai Tucson” markalı Az ** FF *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 2191 manat müəyyən edilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və onun hüquqi əsaslandırılması ilə razılaşaraq qeyd edir ki, qəbul edilmiş qətnamə qanuni və işin hallarına uyğundur, habelə onun qəbulu zamanı maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Mülki Məcəllənin 925.1-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. Həmin Məcəllənin 925.2-ci maddəsinə əsasən sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir. Həmin Məcəllənin 925.3-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır. Adı çəkilən Məcəllənin926.1-ci maddəsinə görə isə, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. İşin faktiki hallarına əsasən müəyyən olunur ki, xx.xx.2019-cu il tarixində, Qaraçuxur- Suraxanı yolunda “xxxxxxxxxxxxx” ASC-də PGU-********** saylı “Avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığortası” üzrə sığortalanmış, X3 idarə etdiyi “Daevoo BS090” markalı, Az ** TE *** dövlət qeydiyyat nişanlı minik avtomobili İddiaçı məxsus “Hyundai Tucson” markalı, Az ** FF *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq ona maddi zərər vurmuşdur. Yuxarıda qeyd olunanları ümumiləşdirirərək məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında qanunvericiliyin tələblərinə uyğun olaraq sığorta münasibətləri yaranmış, həmin münasibətlər sığorta şəhadətnaməsi və onun əlavəsi (Nəqliyyat vasitələrinin sığortasının qaydaları) ilə rəsmiləşdirilmiş, tərəflərin hüquq və vəzifələri həmin şəhadətnamədə və əlavədə əks olunmuş, qeyd olunan müqaviləyə əsasən sığorta hadisəsi hesab edilən hadisə baş versə də, cavabdeh şirkət müqaviləyə və qanunvericiliyə zidd olaraq sığorta ödənişini həyata keçirməmişdir. Belə olan halda birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası apelyasiya şikayətinin sığorta hadisəsi barədə məlumatın cəmiyyətə 1 gün sonra, yəni vaxtında verilməməsi dəlilinə münasibətdə qeyd edir ki, sığorta hadisəsi barədə məlumatın 1 gün sonra verilməsi vaxtında verilməmə kimi qiymətləndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 923.1-ci maddəsinə əsasən sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. Buradan da göründüyü kimi məlumat verilmə müddəti tək dərhal deyil, mümkün olan ən qısa müddət ərzində verilməni də nəzərdə tutur, yəni hadisə barədə məlumat Cəmiyyətə ən qısa müddət---1 gün sonra verilmə mümkün real vaxt ərzində verilmə kimi qəbul olunmalıdır. Bundan əlavə, qeyd olunan maddədə sığorta hadisəsi barədə məlumat verməli olan şəxslər sırasında faydalanan şəxsdən başqa sığortalı və ya sığorta olunan şəxslər də vardır. Apelyasiya şikayətinin həmin dəlili ilə bağlı İddiaçı izahatında bildirmişdir ki, yol nəqliyyat hadisəsində təqsirli olan sürücünün idarə etdiyi avtobusun sığorta olunub-olunmaması, olunubsa, hansı sığorta şirkətində sığorta olunması barədə onda heç bir məlumat olmadığına görə sığorta hadisəsi barədə məlumat vermək imkanına malik olmamışdır. Bundan əlavə, yol nəqliyyat hadisəsi nəticəsində “Hyundai Tucson” markalı avtomaşının cəmi 3 detalının zədələnməsi, iddiaçı tərəfindən təqdim olunan qüsur aktında həmin hissələrin artıq göstərilməsi barədə apelyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında “Hyundai Tucson” markalı, ** FF *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın hissələri barədə 3 sənəd var. Nəqliyyat vasitələrinin zədələnməsi barədə Suraxanı DYPŞ tərəfindən verilmiş AYP seriyalı 025129 saylı arayışda həmin avtomaşının sağ arxa qanad, sağ arxa qapı və alt panelin əzilməsi, “Auto Azərbaycan” şirkəti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli AA038207 saylı aktda arxa sağ qapı spolleri, arxa sağ qapı alt lenti, arxa sağ qanadın spolleri, arxa buferin üst hissəsi, disk və sasokun dəyişdirilməsinə ehtiyac olduğu, “xxxxxxxxxxxxx” ASC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli dəymiş zərərin hesablanmasına dair aktda isə arza sağ qapının spoyleri, arxa sağ qanadın spoyleri və knopkanın əzilməsi qeyd olunmuşdur. Göründüyü kimi, Suraxanı DYPŞ tərəfindən verilmiş AYP seriyalı 025129 saylı arayışda qeyd olunan avtomaşının əzilmiş ehtiyat hissələri “Auto Azərbaycan” şirkəti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli AA038207 saylı aktda və “xxxxxxxxxxxxx” ASC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli dəymiş zərərin hesablanmasına dair aktda qeyd olunan ehtiyat hissələri ilə tam üst-üstə düşmür. Bundan əlavə, Suraxanı DYPŞ tərəfindən verilmiş arayışda avtomaşının sıradan çıxmış ehtiyat hissələri tam qeyd olunmamışdır. “Auto Azərbaycan” şirkəti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli AA038207 saylı akt hadisədən 2 gün sonra verilmiş və məhkəmə kollegiyasının qənaətinə görə yol nəqliyyat hadisəsindən sonra “Hyundai Tucson” markalı, Az ** FF *** dövlət qeydiyyat nişanlı avtomobilin real vəziyyətini əks etdirir. Qeyd olunan xüsusatla bağlı izahatında İddiaçı bildirmişdir ki, ona məxsus avtomaşın təzə olmaqla hadisədən 4 ay əvvəl alınmış, hadisə nəticəsində avtomaşının diski və arxa buferin üst hissəsi də yararsız vəziyyətə düşmüşdür. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Suraxanı rayon DYPŞ tərəfindən təqdim edilən arayışda “Hyundai Tucson” markalı, Az ** FF *** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəymiş hissələri iddiaçı tərəfindən təqdim edilən qüsur aktındakı zədələnmiş hissələrlə eyniyyət təşkil etməyə bilər, çünki DYPŞ yol nəqliyyat hadisəsi baş verən zaman hadisə yerinə gəlib zədələnmiş maşına vizual baxış keçirərək arayış tərtib edirlər. DYP orqanları tərəfindən tərtib olunan həmin arayışlarda zədələnmiş hissələrin tam qeyd olunmaması mümkündür. Lakin “Auto Azərbaycan” servis zədələnmiş maşına baxış keçirərək onlar tərəfindən tərtib edilmiş qüsur aktı ilə maşına dəymiş ziyanın hissələri detallarına kimi müəyyənləşdirilmiş və həmin akt əsasında da ekspert rəyi verilərək ziyanın məbləği müəyyənləşdirilmişdir. Göstərilənlərə əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işin halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu səbəbdən qətnamə qanuni və əsaslıdır, şikayətin dəlilləri onun ləğvi üçün əsas təşkil etmir. Həmin Məcəllənin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh “xxxxxxxxxxxxx” ASC-nin apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(009)-3136/2019 saylı qətnaməsi cavabdehə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-1321/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1321/2020
18.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver