Məhkəmə qərarları › İş №2(103)-1329/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1329/2023

08.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1329/2023 08.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki iş üzrə (Açar sözlər: alimentin təyin edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X7 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3951/2022 saylı, 25 oktyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, müəyyən etdi İşin halları

1. Tərəflər 16 oktyabr 2018-ci il tarixdə nikaha daxil olmuşlar, onların birgə nikahlarından xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X4 adlı övladları olmuşdur.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan doğulmuş yetkinlik yaşına çatmayan xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər cavabdehdən hər ay hər uşaq üçün 200 manat olmaqla cəmi 400 manat aliment tutularaq xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

3. İddia onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehlə nikaha daxil olmuşlar. Hazırda tərəflər bütün münasibətləri kəsməklə ayrı yaşayırlar. Cavabdehlə birgə nikahlarından olan xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X5 iddiaçının himayəsindədir. Cavabdeh uşaqlarla maraqlanmadığından və maddi yardım etmədiyindən hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 2(005)-3951/2022 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2018ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşağa görə 193 (yüz doxsan üç) manat, ümumilikdə 386 manat (üç yüz səksən altı) aliment Cavabdeh tutularaq İddiaçı ödənilməsi, alimentin hesablanmasının xx.xx.2022-ci il tarixdən başlanılması qət edilmişdir.

5. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, uşaqlar hal-hazırda iddiaçı ilə birlikdə yaşayırlar. Cavabdehin daimi iş yeri müəyyən edilməmişdir. Buna görə də, məhkəmə alimentin sabit pul məbləğində müəyyən edilərək həmin məbləğin təyin edilməsini məqsədəmüvafiq hesab edir. İddiaçı tərəfindən cavabdehin hər ay hər uşaq üçün 200 manat sabit pul məbləğində alimentin ödənilməsini tələb edir. Məhkəmə, yetkinlik yaşına çatmayanlar üçün 2022-ci il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri nəzərə alıb, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanması baxımından belə qənaətə gəldi ki, uşaqların saxlanılması üçün cavabdehdən hər ay hər uşaq üçün iddiaçının xeyrinə tutulmalı olan alimentin miqdarı 193 manat sabit pul məbləğində müəyyən edilməlidir

6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 78.2, 76 və 100.2-ci maddələrinə, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununa istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin dəlilləri

7. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 2(005)-3951/2022 saylı qətnaməsinin “xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşağa görə 193 manat, ümumilikdə 386 manat aliment Cavabdeh tutularaq İddiaçı ödənilməsi” hissəsində dəyişdirilməsini, xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün ondan hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat məbləğində aliment tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən cavabdehin real maddi, sosial vəziyyətini araşdırmamış, işin faktiki hallarına qiymət verməmiş və bunun nəticəsində aliment tutulması ilə bağlı düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, ailə qanunvericiliyinin tələbinə əsasən hər ay tutulan alimentin miqdarı tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla müəyyən edilməlidir. Lakin, məhkəmə cavabdehin real maddi, sosial vəziyyətini nəzərə almada, cavabdehdən hər ay hər uşağa görə 193 manat, ümumilikdə 386 manat aliment tutulması qərara alınmışdır. Məhkəmənin alimentlə bağlı gəldiyi nəticədən belə başa düşülür ki, uşaqları saxlamaq yalnız atanın vəzifəsidir, ananın isə bu mənada heç bir vəzifəsi yoxdur. Məhkəmə aliment tutulması ilə bağlı balanslaşdırılmış mövqe tutmamış, aliment öhdəliyini yalnız cavabdehin üzərinə qoymuşdur. Ondan iki uşağa görə hər ay 386 manat məbləğində aliment tutulması onsuz da maddi cəhətdən vəziyyəti pis olan `vəziyyətini ağırlaşdırır, onun özünün ehtiyaclarını qarşılamaqda çətinliklər yaradır. Hesab edirik ki, qətnamə dəyişdirilməli və cavabdehin real maddi, sosial vəziyyəti nəzərə alınmaqla cavabdehdən hər ay iki uşağa görə 200 manat məbləğində aliment tutulması barədə qərar qəbul edilməlidir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, uşaqların bütün qayğı və ehtiyacını tamamilə o çəkir. Böyüdükcə uşaqda atasına qarşı ehtiyac və tələbat artsa da cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq onun üçün çox çətindir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin dəlillərinə uyğun məzmunda ifadə vermiş, əlavə olaraq bildirmişdir ki, özü Ağsu rayonunda yaşayır, rəsmi iş yeri yoxdur, günə 12 manata işləyir.

11. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, özü heç bir yerdə işləmir, cavabdehin sezon vaxtı yaxşı gəlirləri olur, uşağın səhhətində problem var, normal qidalana bilmir. Bu səbəbdən də uşağı uşaq bağçasına qoyub işləməsi mümkün deyildir.

Apellyasiya baxışının hədləri

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

13. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 14.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

15. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin iddianın qismən təmin olunmuş hissəsinin dəyişdirilməsi və müəyyən olunmuş aliment məbləğinin azalması xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin iddianın təmin olunan hissəsində yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyasının

16. 17-ci maddəsinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.

Azərbaycan Respublikasının Ailə Məcəlləsinin

17. 60.3, 75.1, 75.2 və 75.4-cü maddələrinə müvafiq olaraq uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

18. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. AM-nin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1 və 78.2-ci maddələrinə müvafiq olaraq valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də AM-nin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

19. "Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minumumu haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir.

20. "Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minumumu haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir.

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu

21. 5-ci maddəsinə görə, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.

22. 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür.

23. 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

24. BMT-nın “Uşaq hüquqları haqqında Konvensiyasının”18-ci maddəsinə görə, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşaqların ən yaxşı maraqları onların əsas qayğı obyektidir.

25. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarına əsasən, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericilklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamənin qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları isə müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. Belə ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin müvafiq tələblərini nəzərə almaqla təqdim edilmiş sübutları tam araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün nəticəyə gəlmişdir.

28. İş materiallarına əlavə edilmiş Ağsu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, AZ-İİ № 101962 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış, bu barədə nikah bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2016-cı ildə 336 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Həmidov, arvada Həmidova soyadı verilmişdir.

29. Ağsu rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş Doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, xx.xx.2017-ci ildə X1 rayonunda anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır və bu barədə xx.xx.2017-ci il tarixdə doğum haqqında akt qeydləri kitabında 214 nömrə ilə qeydiyyat aparılmışdır.

30. 5 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş Doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, xx.xx.2018-ci ildə X5 Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır və bu barədə xx.xx.2018-ci il tarixdə doğum haqqında akt qeydləri kitabında 2598 nömrə ilə qeydiyyat aparılmışdır.

31. Belə ki, qanunvericiliyin yuxarıda sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşağa aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişəndirsə, alimentin valideyinin gəlirinin bir hissəsi kimi deyil, sabit pul məbləğində tutulması mümkündür. Bundan başqa, mavfiq maddənin məzmununa görə alimentin sabit pul məbləğində tutulması uşağın saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi olduqda mümkündür.

32. Ailə qanunvericiliyində sabit pul məbləğində alimentin müəyyən edilməsi zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halların araşdırılmalı olması müəyyən edilir, lakin bu zaman uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması həlledici amil kimi göstərilir.

33. Qeyd edilənləri nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin müəyyən etdiyi aliment məbləği göstərilən halların məcmusu, yəni tərəflərin birgə uşaqlarının ananın - iddiaçının himayəsində olması, uşaqların təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyi, habelə uşaqlar üçün qanunla müəyyən edilmiş yaşayış minimumu baxımından ədalətlidir. Belə ki, bundan daha az məbləğdə aliment tutulması uşaqların mənefələrinin əhəmiyyətli dərəcədə pozulması hallarını yarada bilər.

34. Cavabdehin, qazancının az olması dəlilinə münasibətdə isə nəzərə alınmalıdır ki, bu hal onun uşaqlarının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir. Belə ki, “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə görə də, valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə məsuliyyət daşıyırlar. Birinci instansiya məhkəməsi uşaqların mənafeyini, ölkədə uşaqlar üçün yaşayış minimumunu nəzərə alaraq belə nəticəyə gəlmişdir. Şikayətə əsasən, aliment məbləğinin azaldılması isə onların mənafeyinə ziddir, çünki müəyyən edilməsi xahiş edilən aliment məbləği bu günkü gündə onların maddi tələbatını ödəməyəcək.

35. Bundan başqa qeyd edilməlidir ki, uşağın tələbatı təkcə yaşayış minimumundan ibarət deyildir. Ona görə də yaşayış minimumunu təşkil edən məbləğin bir valideyndən tutulması, digər valideyn tərəfindən isə uşağın digər zəruri xərclərinin ödənilməsi valideynlərin uşağını maddi cəhətdən saxlamaq vəzifəsində müəyyən tarazlığı təmin edəcəkdir. 36.MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

37. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.

38. Beləliklə, kollegiyanın qənaətinə görə birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir. 39.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3951/2022 saylı, 25 oktyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar