Məhkəmə qərarları › İş №2(103)-1336/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1336/2022

13.01.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1336/2022 13.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Alıyeva Gülər Neymət qızının katibliyi ilə, İddiaçı Sudeyif oğlunun cavabdehlər Cavabdeh1-yə və Cavabdeh2 qarşı müqavilə öhdəliklərinə və girova xitam verilməsi, qızıl-zinət əşyalarının geri qaytarılması tələbinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli, 2(008)- 681/2021 saylı qərardadından Cavabdeh1-nin direktoru Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Sudeyif oğlu cavabdehlər Cavabdeh1-yə və Cavabdeh2 qarşı “müqavilə öhdəliklərinə və girova xitam verilməsi, qızıl zinət əşyalarının geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 09 dekabr 2015-ci il tarixli, 13 fevral 2016-cı il tarixli, 29 mart 2016-cı il tarixli, 11 aprel 2016- cı il tarixli müqavilə öhdəliklərinə və həmin müqaviləyə əsasən girov öhdəliklərinə xitam verilməsi, ona məxsus 583 əyarlı 203 qram çəkisi olan sep və 750 əyarlı çəkisi 135 qram olan qol saatının cavabdehlərdən alınaraq, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Sudeyif oğlunun vəkili və nümayəndəsi X3 həmçinin iddianı təmin etmə tədbirinə dair ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı Sudeyif oğluna məxsus olan və cavabdehdə saxlanılan 583 əyarlı 203 qram çəkisi olan sep və 750 əyarlı çəkisi 135 qram olan qol saatının üzərinə həbs qoyulması, satışının cavabdehlərə qadağan edilməsi və qızılların icra məmuru tərəfindən saxlanca götürlməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli, 2(008)- 681/2021 saylı qərardadına əsasən ərizə qismən təmin edilmiş, İddiaçı Sudeyif oğluna məxsus olan və cavabdehdə saxlanılan 583 əyarlı 203 qram çəkisi olan sep və 750 əyarlı çəkisi 135 qram olan qol saatının üzərinə həbs qoyulmuş və həmin qızıl-zinət əşyalarının satışı cavabdehlərə qadağan edilmişdir. Cavabdeh1-nin direktoru Cavabdeh2 şikayət verərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli, 2(008)-681/2021 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Cavabdeh1-nin direktoru Cavabdeh2 şikayəti onunla əsaslandırmışdır ki, onun həmin mülki işin mövcudluğundan ümumiyyətlə məlumatı olmamışdır, qərardadın mövcudluğu ona icra məmuru vasitəsilə məlum olmuşdur, qərardadı 2021-ci il noyabrın 24-də almış və dərhal da şikayət vermişdir. Hesab edir ki, qərardad ləğv edilməli və ərizə təmin edilməməlidir, belə ki, məhkəmə icraatı barədə məlumatlandırılmamış, çəkişmə prinsipi təmin edilməmiş, prosessual hüquqlarından istifadə edə bilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11670/2019 saylı, 13 noyabr 2019-cu il tarixli qətnaməsilə müəyyən edilmişdir ki, İddiaçı "xxxx" MMC qarşısında kredit öhdəliyi qalmaqdadır (üzərinə həbs qoyulmuş əşyaların təminatı olduğu kreditlər). Həmin qətnamə Ali Məhkəmənin 2(102)- 2258/2020 saylı, 08 iyun 2020-ci il tarixli qərarı ilə qüvvədə saxlanılmışdır. İddiaçı mövcudluğu həmin qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə də təsdiq edilən öhdəliyini icra etmədiyinə görə, girov əmlak qanunla müəyyən edilmiş qaydada satılmış və satışdan gələn gəlir borca yönəldilmişdir (lakin bu vəsait borcu tam ödəməmişdir və borc qalmaqdadır). Cavabdehlərdə olmayan əmlakın üzərinə həbs qoyula bilməz, artıq satılmış əmlakın satışı cavabdehlərə qadağan edilə bilməz, həmçinin mövcud iddia eyni tərəflər arasında eyni predmet və eyni əsasla qaldırılmışdır, halbuki bu barədə qanuni qüvvəyə minmiş məhkəmə aktları vardır, bu icraatdan məlumatı olmamışdır və qətnaməni alıb apellyasiya şikayəti vermişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli, 2(008)- 681/2021 saylı qərardadı ilə Cavabdeh1-nin direktoru Cavabdeh2 şikayəti təmin edilməmiş və şikayətin mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayəti araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli, 2(008)-681/2021 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, AR Mülki Prosessul Məcəlləsinin 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 157.3-cü maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilə bilər. Həmin Məcəllənin 157.7-ci maddəsinə əsasən məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə əsasən cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; Məcəllənin 158.1.2-ci maddəsinə əsasən isə müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək, həmçinin Məcəllənin 158.1.3-cü maddəsinə əsasən mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək növündə iddianı təmin etmə tədbirləri görülə bilər. Məhkəmə kollegiyası izah edir ki, qanunun mənasına görə iddianı təmin tədbiri, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Özünün mahiyyəti etibarilə iddianı təmin tədbiri institutu iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Bu baxımdan, iddianı təmin etmə tədbiri mübahisə obyektinin qorunmasına xidmət edir və onun prosessual-hüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 14 mart 2018-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. X2 Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, ...iddianı təmin etmək üçün istənilən növ tədbir, tətbiq edildiyi şəxsə münasibətdə həmin şəxsin və digər şəxslərin hüquqlarını məhdudlaşdırır və bəzən onlara əsaslı dərəcədə zərər dəyməsinə səbəb olur. Buna görə Konstitusiyada təsbit olunmuş prosessual hüquq bərabərliyi prinsipindən çıxış edərək, işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır. ... İddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, üç əsas meyara cavab verməlidir: bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir; bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır. ... Ən ümumi mənada isə mütənasiblik prinsipi mütləq olaraq özündə 3 əsas elementi nəzərdə tutur: bu prinsip insan və vətəndaş hüquq və azadlıqlarının məhdudlaşdırılması məsələlərini tənzimləyir; hüquq ancaq qanunla məhdudlaşdırıla bilər; məqsədə çatma vasitəsi kimi hüququn məhdudlaşdırılma dərəcəsi həmin məqsədə uyğun olmalı və hədsiz olmamalıdır. ...Qüvvədə olan Mülki Prosessual Məcəllənin şübhəsiz üstünlüklərindən biri məhz iddianı təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş tələbə mütənasibliyi prinsipinin tətbiq edilməsidir. Mülki Prosessual Məcəllənin 158-ci maddəsində nəzərdə tutulmuş hansı təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş tələbə mütənasib olması göstərilmir. Lakin həmin maddənin mənasından aydın olur ki, məhkəmə, təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olub-olmadığını araşdırmalıdır. Buna görə məhkəmə, irəli sürülmüş iddia tələbindən və həmin iddia ilə bağlı mümkün məhkəmə qərarından çıxış edərək əmin olmalıdır ki, iddia tələbinin təmin olunması halında Mülki Prosessual Məcəllənin 158-ci maddəsində göstərilən tədbirlərdən hər hansı birinin qəbul olunmaması məhkəmə qərarının icrasını çətinləşdirə və yaxud qeyri-mümkün edə bilər. Təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş əsas tələbə mütənasibliyi prinsipinin mahiyyəti bundan ibarətdir ki, hakim cavabdehin əmlakına iddia məbləğindən çox olmayan ölçüdə həbs qoya və yaxud cavabdehə və ya digər şəxslərə müstəsna olaraq irəli sürülmüş tələb həddində müəyyən hərəkətləri icra etməyi qadağan edə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, gələcəkdə qətnamənin icrasını təmin etmək məqsədilə İddiaçı Sudeyif oğluna məxsus olan və cavabdehdə saxlanılan 583 əyyarlı 203 qram çəkisi olan sep və 750 əyyarlı çəkisi 135 qram olan qol saatının üzərinə həbs qoyulması, həmin qızıl-zinət əşyalarının satışının cavabdehlərə qadağan edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır, şikayətdə qeyd olunan hallar Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli, 2(008)-681/2021 saylı qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Kollegiya cavabdehin üzərinə həbs qoyulması xahiş edilmiş əmlakın artiq satıldığını bildirsə də, bununla bağlı mötəbər sübut təqdim etməmişdir. Şikayətə əlavə edilmiş 10 avqust 2020-ci il tarixli əşyaların satılmasına dair aktla bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin aktda alıcı kimi zərgər X1 göstərilsə də, akt həmin şəxs tərəfindən imzalanmamışdır. Ona görə də, həmin akt mübahisə predmetinin satılmasını təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157, 397-398, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1-nin direktoru Cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli, 2(008)- 681/2021 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar