Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1349/2022 09.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Əbdürəhmanov Aqşin Qasım oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun tanınması, mənzilə köçürülmə və maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli 2(008)-6387/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanına istifadə hüququnun tanınması, uşaqları 21 fevral 2009-cu il təvəllüdlü X2 və 02 oktyabr 2010-cu il təvəllüdlü X3 ilə birlikdə həmin ünvanda yerləşən mənzilə köçürülməsi, cavabdeh tərəfindən mənzildən istifadəyə maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslanırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil iddiaçının atası İmanov Oktaya məxsus olmuş, atası vəfat etdikdən sonra mənzil iddiaçının anası Cavabdeh mülkiyyətinə keçmişdir. İddiaçı nikaha daxil olana kimi qeyd olunan mənzildə problemsiz yaşamışdır. 2013-cü ildən 2021-ci ilədək o, Bakı şəhəri Bakıxanov qəsəbəsi M.Gəncəvi küçəsi 25 saylı evin 17 saylı mənzilində yaşamışdır. Lakin 2015-ci ildə çıxarılmış məhkəmə qətnaməsi ilə onun həmin evdən çıxarılması qət edilmiş, 2021-ci ildə məhkəmə qətnaməsi icra edilərək o, uşaqları ilə birlikdə həmin mənzildən çıxarılmışdır. Cavabdeh hazırda heç bir əsas olmadan atasından cavabdehin (anasının) mülkiyyətinə keçmiş mənzildə yaşamağa imkan vermir. Onun azyaşlı uşaqları ilə birlikdə yaşamağa başqa evi yoxdur. Hazırda küçədə qalmamaq üçün qonşusu müvəqqəti olaraq onlarda yaşamasına icazə vermişdir. Cavabdehin hərəkətləri onun mübahisəli mənzildə yaşamaq hüququnu pozur. Ona görə də iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli 2(008)- 6387/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermiş, qətnamənin ləğv edilərək iddianın tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddiaçının anadan olduğu vaxtdan 2010-cu ilədək həmin mənzildə yaşamaqla istifadə hüququ əldə edib-etməməsini, mənzilin özəlləşdirilməsi zamanı iddiaçının razılığının alınıb-alınmamasını araşdırmamış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Bundan əlavə, məhkəmə qüvvədən düşmüş Mənzil Məcəlləsinin hazırkı münasibətlərə şamil olunmadığını nəzərə almamış, maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdeh isə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. İddiaçı izahatında bildirdi ki, qeydiyyatda olduğu Yardımlı şəhərində yerləşən ev qaynatasına məxsusdur. Həyat yoldaşı vəfat etdikdən sonra o, Bakı şəhərinə qayıtmış, Bakı şəhəri Bakıxanov qəsəbəsi M.Gəncəvi küçəsi 25 saylı evin 17 saylı mənzili onun üçün alınsa da, xalasının da adına qeydiyyata alınmışdır. O həmin evdə bir neçə il yaşasa da, 2021-ci ilin iyul ayında oradan çıxarılmışdır. Cavabdeh izahatında göstərdi ki, qızı İddiaçı Yardımlı şəhərində qeydiyyatdadır və onların Yardımlı şəhərində yaxşı şəraiti olan evləri vardır. Buna görə də Günelin yaşamağa yerinin olmaması barədə dedikləri həqiqətə uyğun deyil. Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Əli Kərim küçəsi 5 saylı evin 38 saylı mənzili onun mülkiyyətindədir. O, Günelin həmin mənzilə köçməsinə etiraz edir. Gələcəkdə mənzil satılacağı təqdirdə o, Günelə ata yurdundan pay əvəzi kimi pul ödəyəcəkdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli 2(008)- 6387/2021 saylı qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Əli Kərim küçəsi 5 saylı evin 38 saylı mənzili 20 oktyabr 2006-cı il tarixdə tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, iddiaçı xx xxxxxx 1987-ci il tarixdən 13 avqust 2010-cu il tarixədək həmin ünvanda qeydiyyatda olmuş, 10 mart 2009-cu il tarixdə X4 ilə rəsmi nikaha daxil olub ailə həyatı quraraq daimi yaşamaq üçün Yardımlı rayonuna köçmüş, 2010-cu ildə həyat yoldaşı vəfat etdikdən sonra 2012-ci ildə Bakı şəhərinə gəlmiş və 2013-cü ildən 2021-ci ilin iyul ayına kimi fasiləsiz olaraq xalası X1 mülkiyyətində olan Bakı şəhəri Bakıxanov qəsəbəsi M.Gəncəvi küçəsi 25 saylı evin 17 saylı mənzilində yaşamışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 avqust 2015-ci il tarixli qətnaməsinə əsasən, o, iki uşağı ilə birlikdə Bakıxanov qəsəbəsi M.Gəncəvi küçəsi 25 saylı evin 17 saylı mənzilindən çıxarılmışdır. İddiaçı hal-hazırda Yardımlı şəhəri H.Əliyev küçəsi ev 26-da qeydiyyatdadır. İddiaçı anadan olduğu xx xxxxxx 1987-ci il tarixdən nikaha daxil olduğu 10 mart 2009-cu il tarixədək Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Əli Kərim küçəsində yerləşən 5 saylı evin 38 saylı mənzilində yaşadığına görə birinci instansiya məhkəməsi haqlı olaraq tərəflər arasında mübahisəni Azərbaycan Respublikasının 8 iyul 1982-ci il tarixli Qanunu ilə təsdiq olunmuş və 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin qaydalarına uyğun həll etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən, kirayəçi və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir və yaşayış sahəsinə hüququ itirilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. “Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli Qərarında məhkəmə qeyd etmişdir ki, mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış mübahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, iddiaçının mübahisəli yaşayış sahəsində altı aydan çox müddətdə yaşamaması, hər hansı başqa səbəblə əlaqəli olmayıb, onun daimi yaşamaq üçün başqa ünvana köçməsi ilə əlaqədar olmuşdur. Buna görə də iddiaçının qeyd edilən mənzilin yaşayış sahəsindən istifadə hüququ itirilmişdir. İş materiallarından həmçinin görünür ki, İddiaçı 2009-cu ildən hazırkı iddianı qaldırdığı 2021-ci ilədək həmin mənzilə qayıtmaq istəməsi, Cavabdeh onun mənzilə qayıtmasına maneçilik törətməsi barədə iddia qaldırmamışdır. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 avqust 2015-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Bakı şəhəri Bakıxanov qəsəbəsi M.Gəncəvi küçəsi 25 saylı evin xalasının mülkiyyətində olan 17 saylı mənzilindən çıxarılması barədə iddiaya etiraz etmişdir. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddianı təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Mənzilin özəlləşdirilməsi zamanı İddiaçı razılığının alınıbalınmamasının araşdırılmaması barədə apellyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası hesab edir ki, bu xüsusatın araşdırılması hazırkı iddia üzrə araşdırmanın predmeti deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 403-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli 2(008)- 6387/2021 saylı qətnaməsi İddiaçı apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-1349/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1349/2022
09.02.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver