Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1350/2021 10.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Cavabdeh nümayəndəsi və vəkili X7 iştirakı ilə, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(011)-3837/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iki uşağı xx xxxxxx 2013-cü il təvəllüdlü X3 və xx xxxxx 2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı Cavabdeh xeyrinə hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında alimentin xx xxxxx 2018-ci il tarixindən hesablanaraq müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, iddiaçı cavabdeh ilə xx xxxxxx 2012-ci il tarixdə Bakı Nikah Evində (Səadət Sarayı) rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan xx xxxxxx 2013-cü il təvəllüdlü X8, xx xxxxx 2015-ci il təvəllüdlü X9 və xx xxxxxxx 2017-ci il təvəllüdlü X10 anadan olmuşdur. İddiaçı daimi işləmiş, iş yerləri əsasən neftlə əlaqəli şirkətlər olmuş və yüksək əmək haqqı almışdır. O, ailəsinə yaxşı baxmış, övladlarına layiq ata olmuşdur. Onların nikahı Cavabdeh qaldırdığı iddia ərizəsinə əsasən Xətai rayon Məhkəməsində pozularaq xx xxx 2018-ci il tarixli qətnamə çıxarılmışdır. Həmin qətnamə əsasında onun qazancının yarısı miqdarında aliment tutularaq uşaqların saxlanması üçün cavabdehə ödənilməsi qət edilmişdir. İddiaçı bir ayda üç övladına görə 3050 ABŞ dolları aliment ödəyir. Lakin cavabdeh onun övladları ilə görüşməsinə mane olur, uşaqları ondan gizlədir. Sonuncu övladları xx xxxxxxx 2017-ci il təvəllüdlü X6 onun övladı olmasına dair iddiaçının şübhəsi olmuşdur. Çünki onun doğumundan aylar öncə iddiaçı işlə bağlı xarici ölkədə olmuşdur. İddiaçı işlə bağlı xaricdə olduğu dövrdə cavabdeh evdə olan 150.000 ABŞ dolları pulu ondan gizli götürərək qardaşının adına ev almış, həmin mənzilə köçərək qeydiyyata düşmüşdür. X2 onun övladı olub-olmaması ilə bağlı atalığın müəyyən edilməsi üçün məhkəməyə müraciət etmiş, cavabdeh analiz verilməsi üçün ekspertizaya gəlməmişdir, məhkəmədə iddianı qəbul edərək, Canel Səfərəliyevanın onun övladı olmamasını etiraf etmişdir. Cavabdeh ailə münasibətində olarkən iddiaçıya xəyanət etmiş, neçə illər ona aid olmayan uşağı onun uşağı kimi təqdim etmiş, ona görə qazanc almışdır. Belə olan halda xx xxx 2018-ci il tarixli qətnamədə xx xxxxxxx 2017-ci il təvəllüdlü X1 üçün aliment ödənilməsi hissəsində azaldılmalıdır. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(011)-3837/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, xx xxxxxx 2013-cü il təvəllüdlü X3 və xx xxxxx 2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx xxxxx 2020-ci il tarixdən başlayaraq, İddiaçı Cavabdeh xeyrinə iddiaçının qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(011)-3837/2020 saylı qətnaməsinin ləğv edilməsi və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılır ki, cavabdeh ilə nikahları Cavabdeh qaldırdığı iddia ərizəsinə əsasən, Xətai rayon Məhkəməsində pozularaq 2(011)-4415/2018 saylı xx xxx 2018-ci il tarixli qətnamə çıxarılmışdır. Həmin qətnamə əsasında onun qazancının yarısı miqdarında aliment tutularaq uşaqların saxlanması üçün cavabdehə ödənilməsi qət edilmişdir. İddiaçı bir ay üçün üç övladına görə 3050 (üç min əlli) ABŞ dolları (1.7 məzənnəyə əsasən 5185 manat təşkil edir) aliment ödəyir. Hesab edir ki, X10 onun övladı olmadığı halda o, anadan olan gündən onun övladı sayılmır. xx xxx 2018-ci il tarixli qətnamədə xx.xx.2017-ci il təvəllüdlü X1 üçün aliment ödənilməsi hissəsində azaldılmalıdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili X11 apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən, onun iştirakı olmadan işə baxılmasını mümkün saydı. Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(011)-3837/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli 2(011)-4415/2018 saylı qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş, birgə nikahdan anadan olmuş uşaqlar ananın himayəsində saxlanmış, xx xxxxxx 2013-cü il təvəllüdlü X3, xx xxxxx 2015-ci il təvəllüdlü X5 və xx xxxxxxx 2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanmaları üçün xx xxxxx 2018-ci il tarixdən başlayaraq İddiaçı X4 xeyrinə hər ay qazancının (başqa gəlirlərinin) yarısı miqdarında aliment tutulması qət edilmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(011)-590/2020 saylı qətnaməsi ilə İddiaçı xx xxxxxxx 2017-ci il tarixdə Bakı şəhərində Cavabdeh anadan olmuş qadın cinsli uşağın, yəni X6 atası olmaması müəyyən edilmişdir. Sözügedən qətnamə xx xxxxx 2020-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Alimentin miqdarının dəyişdirilməsi növündə iddia tələblərinin həllinin qanuni əsaslarını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Kollegiya qeyd edir ki, nə qədər ki, məhkəmə qətnaməsi ilə iddiaçının xx xxxxxxx 2017-ci il təvəlüdlü X6 atası olmaması müəyyən edilmişdir, belə olan halda cavabdehin həmin uşaq qarşısında valideyn kimi vəzifələri mövcud deyildir. Cavabdehin uşaq qarşısında hər hansı öhdəliyi və vəzifəsi olmadığı üçün alimentin tutulması istisna olunur. Odur ki, məhkəmə Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə istinad edərək, iddia tələbini qismən təmin etməklə, xx xxxxxx 2013-cü il təvəllüdlü X3 və xx xxxxx 2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı Cavabdeh xeyrinə iddiaçının qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment tutulması qənaətinə gəlmişdir. Məhkəmə iddia tələbinin alimentin xx xxxxx 2018-ci il tarixdən başlayaraq, tutulması hissəsinə qiymət verərək, hesab etmişdir ki, həmin hissədə iddia tələbi rədd olunmalıdır. Belə ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(011)-590/2020 saylı qətnaməsi ilə İddiaçı xx xxxxxxx 2017-ci il təvəllüdlü X6 atası olmaması müəyyən edilmişdir. Sözügedən qətnamə xx xxxxx 2020-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Odur ki, alimentin həmin tarixdən hesablanmasını məhkəmə ağlabatan hesab etmişdir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi alimentin xx xxxxx 2020-ci il tarixdən tutulması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Kollegiya həmçinin qeyd edir ki, iddiaçı xx xxxxxxx 2017-ci il təvəlüdlü X6 atası olmamasına görə artıq aliment ödədiyini iddia edirsə, o, Ailə Məcəlləsinin 109-cu maddəsinə əsasən artıq ödədiyi aliment məbləğini məhkəmə qaydasında mübahisələndirə bilər. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(011)- 3837/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-1350/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1350/2021
10.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver