Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1351/2025 07.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil2, cavabdehin vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment və müalicə xərcinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(011)-3058/2024 nömrəli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, xx.xx.2015-ci il təvəllüdlü uşaq X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay qazancın və başqa gəlirlərin ¼ hissəsi midarında aliment və uşağın müalicəsi üçün hər ay 200 manat əlavə xərc cavabdehdən (atadan) tutularaq iddiaçıya (anaya) verilsin. Qətnamə ilə qət olunub ki, iddia təmin olunsun, uşağın saxlanması üçün hər ay qazancın və başqa gəlirlərin ¼ hissəsi midarında aliment və uşağın müalicəsi üçün hər ay 200 manat əlavə xərc cavabdehdən (atadan) tutularaq iddiaçıya (anaya) verilsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin, aliment hər ay sabit pul məbləğində 235 manat tutulsun, iddianın qalan hissəsi təmin edilməsin. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili və nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin əsaslı olduğunu, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil2 isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdilər. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Alimentə aid hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apellyasiya şikayətindən görünür ki, alimentin tutulma forması mübahisələndirilir, yəni alimentin qazancın (gəlirin) müəyyən hissəsi kimi deyil, sabit pul məblğində tutulması tələb olunur. AR Ailə Məcəlləsinin 76 və 78-ci maddələrindən görünür ki, alimentin 3 tutulma forması var: 1) qazancın (gəlirin) müəyyən hissəsi kimi; 2) sabit pul məbləğində; 3) qarışıq, yəni həm sabit pul məbləğində, həm də qazancın (gəlirin) müəyyən hissəsi kimi. İddiaçı alimentin 1-ci formada tutulmasını tələb etdiyinə görə, aliment sabit pul məbləğində tutula bilməz. Belə ki, AR Ailə Məcəlləsinin 78.1-ci maddəsindən görünür ki, sabit pul məbləğində aliment, aliment tələb edən şəxsin xahişi ilə tutula bilər. Bundan başqa, həmin maddədən görünür ki, aliment sabit pul məbləğində həm də o halda tutula bilər ki, alimentin qazancın (gəlirin) müəyyən hissəsi kimi tutulması tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozmuş olsun. İddiaçı marağının əhəmiyyətli dərəcədə pozduğunu bildirməyib, əksinə, onun özü alimentin həmin formada tutulmasını tələb edib. Cavabdehin marağının əhəmiyyətli dərəcədə pozulması isə müəyyən edilmir. Odur ki, bir uşağa görə hər ay qazancın (gəlirlərin) ¼ hisəsi miqdarında aliment tutulması AR Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinin göstərişinə uyğundur. Müalicə xərcinə aid hissədə qətnamə ləğv edilməli və bu tələb təmin edilməməlidir. Belə ki, həmin uşağa “F98.5 Kəkələmə; F80.0 Nitq artikulyasiyasının spesifik pozuntusu” diaqnozu təyin olunub. AR Ailə Məcəlləsinin 81.1-ci maddəsinə görə, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Bu maddədən görünür ki, o, mütəsna hallarda tətbiq olunur. Müstəsnalıq onunla izah olunur ki, aliment öz təyinatına görə uşağın saxlanması üçündür. “Saxlanma” deyildikdə isə yalnız qidaya, geyimə, tədris vasitələrinə olan tələbatın deyil, həm də müalicəyə olan tələbatın ödənilməsi nəzərdə tutulur. Ona görə də uşağın müalicə xərci aliment hesabına qarşılanmalı, əgər zərurət olarsa daha çox miqdarda aliment tələb olunmalıdır. Yalnız müstəsna hallar mövcud olduqda 81.1-ci maddə tətbiq edilə bilər. Kəkələmə və nitq artikulyasiyasının spesifik pozuntusu müstəsnalıq yaratmır. 81.1-ci maddənin mətnində “ağır xəstə” ifadəsi qeyd olunub, lakin uşaqda ağır xəstəlik yoxdur. Yuxarıda göstərilənlərə əsasən və AR Mülki Prosessual Məcəlləsinin 372, 384-392ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti qismən təmin olunsun. Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(011)-3058/2024 nömrəli qətnaməsi müalicə xərci kimi hər ay 200 manat tutulması barədə tələbə aid hissədə ləğv edilsin və bu tələb təmin edilməsin. Həmin qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-1351/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1351/2025
07.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver