Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1367/2024 10.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: bağışlama müqaviləsinin ləğv edilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Ülviyyə Hadi qızı Məmmədlinin katibliyi ilə, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə2, Cavabdeh və onun nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4484/2023 nömrəli iş üzrə 13 noyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsindən görünür ki, İddiaçı tam mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 112,2 kv/m, yaşayış sahəsi 71,1 kv/m, yardımçı sahəsi 41,1 kv/m olan 3 otaqlı mənzilini hədiyyə alan Cavabdeh bağışlamışdır.
2. AZ-İİ№ 093524 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X7 xx.xx.2015-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar.
3. “Mediasiya prosesinin tətbiqi barədə” xx.xx.2023-cü il tarixli təklifdən görünür ki, Həsənov X3 Humay Cəfər qızına nikahın pozulması ilə bağlı təklif göndərmişdir.
4. Yasamal Rayon Məhkəməsinin 2(004)-4691/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, Cavabdeh iddiaçının nəvəsi X4 qarşı iddia ərizəsi ilə məhkəmyə müraciət edərək onunla aralarında bağlanmış nikahın pozulması, birgə nikahlarından doğulmuş uşağı xx.xx.2020-ci il təvəllüdlü X2 onun himayəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, cavabdehə tərəflər arasında bağlanmış bağışlama müqaviləsinin qarşılıqlı qaydada xitam olunması təklif edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18 yanvar 2021-ci il tarixdə, Bakı "ASAN Xidmət" mərkəzində iddiaçı ilə Cavabdeh arasında bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 18 yanvar 2021-ci il tarixdə 3 saylı Bakı "ASAN Xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş "Daşınmaz əmlakın bağışlanması müqaviləsi" ilə, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 112,2 kv/m, yaşayış sahəsi 71,1 kv/m, yardımçı sahəsi 41,1 kv/m olan, Əmlak Məsələləri Dövlət Xidməti yanında DƏDRX-nin Bakı Şəhəri Ərazi İdarəsi tərəfindən, xx.xx.2012-ci il tarixdə iddiaçıya verilmiş, **********855-05301-093009 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reystrindən çıxarışa əsasən tam mülkiyyət üzrə iddiaçıya məxsus olan 3 otaqlı mənzilini oğlunun kürəkəni Cavabdeh bağışlamışdır. İddiaçı mənzilini bağışlayarkən nəvəsi ilə Hüseynin xoşbəxt ailə olacaqlarına ümid etmiş, lakin 14 iyul 2023-cü il tarixdə Hüseynin boşanmaq üçün 13 X5 vasitəsilə nəvəsinə göndərdiyi “Mediasiya prosesinin tətbiqi barədə" təklifi gördükdə, mənzili Hüseynə bağışlamaqla bağlı yalnışlığa yol verdiyini anlamışdır. O anlamışdır ki, bağlanmış olan nikah heç də sağlam ailə qurmaq niyyəti ilə deyil, əmlak əldə etmək niyyətilə bağlanmışdır. Ona görə də, 18 yanvar 2021-ci il tarixdə Hüseynlə bağladıqları bağışlama müqaviləsini ləğv etmək qərarına gəlmiş, 18 iyul 2023-cü il tarixdə Hüseynə poçtla məktub göndərərək ondan aralarında olan müqavilənin qarşılıqlı razılıq əsasında ləğv edilməsini xahiş etmişdir.
8. Cavabdehin vəkili və nümayəndəsi Nümayəndə1 iddia ərizəsinə etiraz və mülahizələrini məhkəməyə təqdim edərək, göstərmişdir ki, daşınmaz əşyanın bağışlanması müqaviləsinin hansısa öhdəliyin icrası şərtilə bağlandığı iddia olunduqda, bu mühüm şərtin qanunla nəzərdə tutulmuş formada - notarial təsdiqli yazılı müqavilədə qeyd olunması zəruridir. Hazırki iş üzrə iddiaçı bağışlama müqaviləsinin öhdəliklə şərtləndirdiyini bildirsə də, tərəflər arasında rəsmiləşdirilmiş və notarial qaydada təsdiq edilmiş 18 yanvar 2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin məzmununda belə bir şərtin nəzərdə tutulmadığı, başqa sözlə müqavilənin şərtsiz formada bağlandığı açıqaşkar görülməkdədir. İddiaçının nəvəsi ilə cavabdeh 14 mart 2015-ci il tarixində nikaha daxil olmuşlar. Başqa sözlə iddiaçının nəvəsi ilə cavabdeh arasındakı nikah münasibətləri bağışlama müqaviləsinin bağlandığı tarixdən təxminən 6 il öncə rəsmiləşdirilmişdir. Belə olduğu halda əmlakı ələ keçirməklə bağlı niyyətdən söhbət gedə bilməz. Bütün bunlar iddiaçının iddiasının qanunsuz olması ilə yanaşı əsassızlığını da birmənalı şəkildə təsdiq edir. İddiaçı əslində etiraf edir ki, bağışlama müqaviləsinin bağlanması zamanı cavabdehin üzərinə hər hansı bir şərt qoyulmamışdır və cavabdehin də bu zaman əmlakı ələ keçirmək kimi bir niyyəti də olmamışdır. Sadəcə olaraq cavabdeh iddiaçının nəvəsi ilə könüllü daxil olduğu nikah münasibətlərinə ailədə yaranmış narazılıqlar səbəbindən xitam verdirmək istədiyi üçün o, belə bir iddia tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçının bu tip davranışının cavabdehin üzərinə bağışlama müqaviləsində göstərilməyən hər hansı qanunsuz şərtin qoyulması istəyindən irəli gəldiyini və əgər cavabdehin iddiaçının nəvəsi ilə daxil olduğu nikah münasibətlərinə xitam vermək istəyi olmasaydı, o zaman bağışlama müqaviləsinin ləğvi ilə əlaqədar hər hansı bir məsələnin də ortaya çıxmayacağını göstərir. İşin faktiki hallarından və qanunvericiliyin tələblərindən də göründüyü kimi iddiaçının iddia ərizəsində qeyd etdiyi bütün məsələlər tamamilə əsassızdır və öz təsdiqini tapmamaqdadır.
9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4484/2023 nömrəli iş üzrə 13 noyabr 2023-cü il tarixli qətnaməsi (hakim Təhminə Xəlilova) ilə iddianın təmin edilməsi, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 112,2 kv/m, yaşayış sahəsi 71,1 kv/m, yardımçı sahəsi 41,1 kv/m olan 3 otaqlı mənzilə dair 18 yanvar 2021-ci il tarixdə 3 saylı Bakı "ASAN Xidmət" mərkəzində notariat ofisində İddiaçı ilə Cavabdeh arasında bağlanmış reyestrdə 4Ə-67 No ilə qeydə alınmış daşınmaz əmlakın bağışlama müqaviləsinin ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən 3 otaqlı mənzilin Cavabdeh adına özəlləşdirilməsinin ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən 3 otaqlı mənzilin İddiaçı qaytarılması vəzifəsinin Cavabdeh üzərinə qoyulması, iddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1, 673.4-cü maddəsinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.4-cü maddəsinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 dekabr 2012-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən qəbul edilən hər hansı bir hal müəyyən edilməmiş, əksinə məhkəmə iddianın predmetinə aid olmayan və iddianın əsasını təşkil edən müqavilədə olmayan məsələlərlə bağlı şəxsi mülahizələri əsasında qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Cavabdeh tərəfindən ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş hansı vəzifələrin hədiyyə verənin nəvəsi barəsində kobudcasına pozulduğunu və bu pozuntunun nədən ibarət olduğunu məhkəmə qeyd etməmiş və ümumiyyətlə pozuntunun nədə ifadə edildiyinə də qiymət verməmişdir. Məhkəmə öz qətnaməsində nikah münasibətində olan bir şəxsin bu münasibətə xitam verilməsi ilə bağlı iddia qaldırmasını ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələrin kobud pozuntusu hesab etmişdir. Nikahın pozulmasına dair iddia qaldırmaq və nikahın pozulmasını tələb etmək nə zamandan ailə hüquq münasibətlərinə uyğun olaraq tərəflərin üzərinə qoyulmuş bir vəzifə olduğuna işə baxan məhkəmə əsaslandırmamış və bunun hüquqi əsasını göstərməmişdir. İddia tələbinin yalnız bağışlama müqaviləsinin ləğv edilməsi olduğu halda məhkəmə hüquqa yenilik gətirərək iddia tələbindən tamamilə kənara çıxaraq iddia ərizəsində qeyd edilməmiş, bununla bağlı iddiaçı tərəfindən sonradan iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verilməmiş və məhkəmə prosesində çəkişmə prinsipinə əsasən müzakirə edilməmiş məsələlərə də qiymət vermiş və özəlləşdirilmənin ləğv edilməsi, mənzilin qaytarılması vəzifəsini cavabdehin üzərinə qoymuşdur. Lakin bu halı da əsaslandırmamış və AR Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsini qeyd etməklə kifayətlənməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və onun vəkili və nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin
16. 673.1-ci maddəsinə əsasən hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: - 673.1.2. hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; - 673.1.3. o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə.
Azərbaycan Respublikası Ailə Məcəlləsinin
17. 29.4-cü maddəsinə əsasən ər-arvad ailədə öz münasibətlərini qarşılıqlı yardım və hörmət hissi əsasında qurmalı, ailənin möhkəmləndirilməsi və rifahı üçün birgə fəaliyyət göstərməli, övladlarının inkişafı üçün əlverişli şərait yaratmalı və onların sağlamlığının qayğısına qalmalıdırlar.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
21. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
22. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
25. Hazırki halda, apellyator apellyasiya şikayıtindı qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdiyindən, qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4484/2023 nömrəli iş üzrə 13 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
27. Belə ki, işin mübahisəsiz halıdır ki, xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsinə əsasən İddiaçı tam mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 112,2 kv/m, yaşayış sahəsi 71,1 kv/m, yardımçı sahəsi 41,1 kv/m olan 3 otaqlı mənzilini hədiyyə alan Cavabdeh bağışlamışdır.
28. Hazırki iddia tələbi iddiaçı ilə cavabdeh arasında bağlanmış bağışlama müqaviləsinin ləğv edilməsi ilə bağlıdır.
29. Kollegiya qeyd edir ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında ifadə edilmiş hüquqi mövqeyə görə “MMin 673.1-ci maddəsində qeyd edilən “bağışlamaqdan imtina” müddəası əmlak bağışlanana qədər edilən imtinanı deyil, əmlak bağışlanandan və o, hədiyyə alanın mülkiyyətinə keçdikdən sonra edilən imtinanı ehtiva edir. Həmin maddəyə əsasən hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Bağışlamaqdan imtina edildikdə tərəflərin bağışlama müqaviləsinədək olan vəziyyətinin bərpa olunması MM-in 673.4-cü maddəsində öz əksini tapmışdır. Bu maddəyə görə bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur.”
30. Tədqiq olunmuş sübutlarla cavabdeh, yəni hazırki halda hədiyyə alan tərəfindən ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin nəvəsi barəsində kobudcasına pozması müəyyən edildiyindən məhkəmə haqlı olaraq hesab etmişdir ki, tərəflər arasında bağlanmış 18 yanvar 2021-ci il tarixli bağışlama müqaviləsi ləğv edilməlidir.
31. Kollegiya həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, mənzilin bağışlanması müqaviləsinin ləğvi tələbi təmin edildiyindən tərəflərin bağışlama müqaviləsinədək olan vəziyyəti bərpa olunmalı, mənzil hal-hazırda cavabdehin (hədiyyə alan) mülkiyyətində olduğundan iddia tələblərindən kənara çıxılmaqla mənzilin cavabdehin adına özəlləşdirilməsi ləğv edilməli və mənzilin iddiaçıya qaytarılması vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır.
32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin “cavabdeh tərəfindən ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş hansı vəzifələrin hədiyyə verənin nəvəsi barəsində kobudcasına pozulduğunun aydınlaşdırılmaması” ilə bağlı dəlilinə qiymət verərək qeyd edir ki, ailə üzvlərindən biri digərinə hədiyyə, xüsusən dəyərli hədiyyələr edərkən heç bir maddi qarşılıq gözləmədən, sırf mənəvi motivdən çıxış edir. Bu halda o, mənəvi dəyər verdiyi, yaxın bildiyi, qarşılığında da eyni əxlaqi münasibəti gözlədiyi ailə üzvünü əvəzsiz qaydada hədiyyə verməklə zənginləşdirir. Bunun isə sağlam və etibarlı ailə münasibətlərinin formalaşmasında, ailə üzvləri arasında mənəvi bağların güclənməsində əhəmiyyəti və rolu danılmazdır. Lakin buna rəğmən hədiyyə alanın hədiyyə verənin özünə və ya yaxın qohumuna qarşı sağlam ailə münasibətlərini kökündən sarsıdan hərəkətlərə yol verməsi ailə qanunvericiliyinin məqsədinin realizəsini və vəzifələrinin icrasını mümkünsüz edir.
33. Kollegiya apellyasiya şikayətinin dəlilinə münasibətdə bildirir ki, birinci instansiya məhkəməsinin hüquqi mövqeyinin əsasını təşkil edən Mülki Məcəllənin 673.1.2ci maddəsinin “ailə hüquq münasibətlərinə uyğun olaraq hədiyyə alanın üzərinə qoyulmuş vəzifələr” müddəası ailə qanunvericiliyinin müvafiq normalarından irəli gələrək hədiyyə verən və onun yaxın qohumları barəsində hədiyyə alanın daşıdığı vəzifələri ehtiva edir. Bu vəzifələrin pozulması həm hərəkət, həm də hərəkətsizliklə baş verə bilər. Birinci instnasiya məhkəməsi haqlı olaraq cavabdehin iddiaçının nəvəsi ilə olan ailə münasibətlərini bitirməsini, yəni nikahın məhkəmə qaydasına ləğvinə (pozulmasına) dair iddia qaldırmasını cavabdeh tərəfindən ailə hüquq münasibətlərindən irəli gələn vəzifələrin pozulması kimi qiymətləndirmişdir.
34. Məhkəmə kollegiyası bu qənaətini həmçinin onunla əsaslandırır ki, əgər cavabdehlə iddiaçının nəvəsi arasında ailə münasibətləri olmasa idi, ümumiyyətlə iddiaçının cavabdehə yüksək dəyərli hədiyyə verməsindən söhbət gedə bilməzdi. Belə ki, hazırda mübahisələndirilən bağışlama müqaviləsinin mənəvi motivi iddiaçının nəvəsi ilə cavabdeh arasında olan ailə nikah münasibətləri ilə bağlıdır.
35. Kollegiya apellyasiya şikayətinin dəlillərinə ümumilikdə qiymət verərək qeyd edir ki, apellyasiya şikayətində göstərilənlər işin halları ilə təkzib olunduğundan apellyasiya şikayəti təmin edilə və məhkəmənin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
36. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər diqqətəlayiq halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.
38. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
39. Kollegiya hesab edir ki, hazırkı halda apellyasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh vəkili və nümayəndəsi Nümayəndə1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4484/2023 nömrəli iş üzrə 13 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.