Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-137/2021 05.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2019-cu il tarixli qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, cavabdehin iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı, iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus olan və ünvan 1 mənzil 33 ünvanında yerləşən mənzilə, cavabdehə məxsus 35 №-li mənzildən suyun axıdılması nəticəsində ona vurulmuş maddi ziyanın ödənilməsi məqsədi ilə 2.000 manat məbləğində pulun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ərizəsində qeyd edilən 33 saylı mənzilin mülkiyyətçisidir. Bir mərtəbə yuxarıda, iddiaçının mənzilinin üstündə yerləşən və cavabdehə məxsus 35 saylı mənzildən iddiaçının mənzilinə su axıdılmışdır. Cavabdehin mənzilindən onun mənzilinə su axıdılması nəticəsində ona maddi ziyan dəymişdir. Belə ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində onun mənzilinin böyük otağının tavanında və divarında 3 kv.metr sahə, kiçik otağın tavanında 1,5 kv.metr sahə saralıb sıradan çıxmış, hamam otağının tavanı saralıb qopub tökülmüş, tualetin tavanı saralmış, divarda olan kafellər divardan aralanmış, hamam və tualetin qarşısında dəhlizin tavanın 2 kv.metr sahəsi saralıb qopmuş, yataq otağında olan mebel yararsız vəziyyətə düşmüşdür. Bundan başqa, cavabdeh yaşadıqları binanın pilləkən meydançasında qurduğu zivədə yaş paltarları, çexolları və pərdələri mütəmadi olaraq qurudur, bunun nəticəsində isə iddiaçının mənzilinin divarı nəm çəkmiş, divarda olan divar kağızları qopub tökülmüşdür. İddiaçının hesablamalarına görə cavabdehin təqsiri üzündən mənzilində yaranmış qüsurların aradan qaldırılması üçün 2.000 manat vəsait tələb olunur. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 1.260 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini, ekspertiza tədqiqatının dəyəri olan 100 manatın 63 manatının cavabdehdən, qalan 37 manatın isə iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməsini, iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 19 manatının cavabdehdən tutularaq iddiaçıya ödənilməsini, 11 manatı iddiaçının özünə aid edilməsini, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın tam həcmdə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin mənzilindən iddiaçının mənzilinə su axıdılması cavabdehin təqsiri üzündən baş verməmişdir. Belə ki, su, yaşadıqları binanın damından cavabdehə məxsus mənzilə daha sonra isə iddiaçının mənzilinə axmışdır. Bununla bağlı, cavabdeh, yaşadıqları ərazi üzrə 85 saylı Mənzil Kommunal İstismar Sahəsinə dəfələrlə şifahi müraciətlər etmiş, lakin bu işlə məşğul olmalı vəzifəli şəxslər heç bir tədbir görməmişlər. Bundan başqa, nəzərə alınmalıdır ki, ekspert rəyində vurulmuş ziyanın məbləği də şişirdilmişdir. Amma işə baxmış Rayon Məhkəməsi qeyd edilənləri nəzərə almamışdır. Cavabdeh apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verdi. İddiaçı işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da, apellyasiya baxışı iclasında iştirak etməmiş, bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə hazırki apellyasiya baxışının hədləri ilə bağlı bildirir ki, iddia tələbini bir qismi təmin edilməsə də, iddiaçı qətnamədən apellyasiya şikayəti verməmişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin məzmunundan isə görünür ki, o, iddianın bir qisminin təmin edilməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəni mübahisələndirir. Bununla bağlı Məhkəmə bildirir ki, MPM-nin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Odur ki, Məhkəmə MPM-nin 372.6-ci maddəsinin tələbindən çıxış edərək və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alaraq qətnaməni cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə yoxlamışdır. Hazırki iş üzrə apellyasiya baxışının həddini nəzərə alan Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan sənədlərdən görünür ki, iddia ərizəsində qeyd edilən ünvanda yerləşən 33 saylı mənzil iddiaçıya, yuxarı mərtəbədə, iddiaçının mənzilinin üstündə yerləşən 35 saylı mənzil isə cavabdehə məxsusdur. 85 saylı MKİS-nin əməkdaşları və Xətai Rayonu 35-ci Polis Bölməsinin sahə inspektoru tərəfindən birgə tərtib edilmiş xx.xx.2017-ci il tarixli aktdan görünür ki, iddiaçıya və cavabdehə məxsus mənzillərə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, cavabdehə məxsus mənzilin daxili kommunikasiya xətlərində olan nasazlıq nəticəsində iddiaçıya məxsus mənzilə su axmış və bunun nəticəsində iddiaçının mənzilinə zərər dəymişdir. Qeyd edilən akta göstərilənləri və iddia tələbinin əsaslı olub-olmamasını araşdırmaq üçün Rayon Məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası tədqiqatını həyata keçirmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 24557 nömrəli, xx.xx.2019-cu il tarixli rəyindən görünür ki, iddiaçıya məxsus mənzilin üstündə yerləşən və cavabdehə məxsus mənzildən iddiaçının mənzilinə su sızması faktı müəyyən olunmuş, lakin cavabdehin mənzilinə aid sanitar qovşağı gizli şəkildə olduğundan, su sızmanın texniki səbəbini konkret olaraq müəyyən etmək mümkün olmamışdır. Yuxarıda göstərilənləri, o cümlədən mülki iş materiallarında olan 85 saylı MKİS-in əməkdaşları tərəfindən xx.xx.2017-ci il tarixdə tərtib edilmiş aktın məlumatları, eləcə iddiaçının mənzilində olan su sızma izlərini nəzərə alaraq, iddiaçının mənzilinə cavabdehin mənzildən su sızması baş verdiyi müəyyən olunur. Apellyasiya şikayətinin dəlillərindən biri ondan ibarətdir ki, iddiaçının mənzilinə su axıdılması cavabdehin təqsiri üzündən baş verməmişdir. Belə ki, su, yaşadıqları binanın damından cavabdehə məxsus mənzilə daha sonra isə iddiaçının mənzilinə axmışdır. Bununla bağlı, cavabdeh, yaşadıqları ərazi üzrə 85 saylı Mənzil Kommunal İstismar Sahəsinə dəfələrlə şifahi müraciətlər etmiş, lakin bu işlə məşğul olmalı vəzifəli şəxslər heç bir tədbir görməmişlər. Məhkəmə cavabdehin dəlilləri ilə bağlı qeyd edir ki, ekspert rəyini mübahisələndirən cavabdeh həmin rəyin əsassız olmasının nədən ibarət olduğunu və onlarda əks olunmuş məlumatları təkzib edə biləcək sübutları, həmçinin suyun axmasının binanın damındakı qüsurlarla bağlı olmasına dair sübutları məhkəmələrə təqdim etməmişdir. Halbuki, MPMnin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə olan halda hesab edilməlidir ki, rəy əsassız deyil. Məhkəmə qeyd edir ki, ekspert rəyi ilə iddiaçının mənzilinə cavabdehə məxsus mənzildən suyun sızması və nəticədə iddiaçıya maddi ziyan dəyməsi təsdiq olunur. İddiaçı hesab edir ki, ona vurulmuş zərər cavabdeh tərəfindən ödənilməlidir. İşin müəyyən edilmiş hallarını nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüquq pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.). Mülki Məcəllənin 1096-cı maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Belə olan halda hesab edilməlidir ki, apellyasiya şikayətinin müzakirə edilən dəlili əsassızdır, Rayon Məhkəməsi cavabdehin delikt törətməsi və buna görə mülki məsuliyyət daşıması barədə nəticəyə gəlməkdə haqlı olmuşdur. Rayon Məhkəməsi qeyd edilən nəticəyə gələrək həmçinin hesab etmişdir ki, iddiaçıya vurulmuş maddi zərərin ödənilməsi məqsədi ilə cavabdehdən iddiaçının xeyrinə 1.260 manat məbləğində pul tutulmalıdır. Rayon Məhkəməsi ziyanın əvəzinin məbləğini müəyyən edərkən Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş və yuxarıda qeyd edilmiş 24557 nömrəli, xx.xx.2019-cu il tarixli rəyi əsas götürmüşdür. Həmin rəydə qeyd edilmişdir ki, cavabdehin mənzilindən iddiaçıya məxsus mənzilə su sızmanın nəticəsində iddiaçının mənzilində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 1.260 manat təşkil edir. Apellyasiya şikayətində cavabdeh bildirir ki, ekspertiza rəyində vurulmuş ziyanın məbləği şişirdilmiş olsa da, işə baxmış Rayon Məhkəməsi bunu nəzərə almamışdır. Məhkəmə, MPM-nin yuxarıda qeyd edilmiş 77.1 və 14.2-ci maddələrinin tələblərini nəzərə alaraq bildirir ki, vurulmuş ziyanın məbləğinin şişirdilmiş olmasını bildirən cavabdeh, qeyd etdiyi bu halı təsdiq edə və ekspertiza rəyini şübhə altına ala biləcək sübutları (məsələn: qeyd edilən sahə üzrə xüsusi və ya zəruri biliyə malik olan başqa mütəxəssisin rəyini) təqdim etməmişdir. Göstərilənlərə əsasən hesab edilməlidir ki, apellyasiya şikayətinin müzakirə edilən bu dəlili də əsassızdır, Rayon Məhkəməsi iddiaçıya vurulmuş zərərin məbləğini ekspertiza tərəfindən verilmiş rəyə əsasən müəyyən etməkdə haqlı olmuşdur. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, apellyasiya baxışının predmeti olan hissədə Rayon Məhkəməsi hazırki iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlili formal mülahizə xarakteri daşıyır. Apellyasiya şikayətinə münasibətdə qətnamənin ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2019-cu il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-137/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-137/2021
05.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver