Məhkəmə qərarları › İş №2(103)-1373/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1373/2024

08.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1373/2024 08.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-1373/2024 (Açar sözlər: aliment və digər xərclərin tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X5 və X2 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment və digər xərclərin tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3988/2023 saylı, 04 noyabr 2023cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 08 fevral 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Cavabdeh ilə xx.xx.2021-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarından xx.xx.2022-ci il təvəllüdlü X6 dünyaya gəlmişdir. Hal-hazırda 6 aylıq hamilədir.

2. İddiaçı hazırda yetkinlik yaşına çatmayan övladı üçün hər ay 220 manat məbləğində alimentin, o cümlədən əlavə xərclərin qarşılanması, maddi yardım və digər ödənişlərin cavabdehdən tutulmasını xahiş etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı “aliment və digər xərclərin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunuma əsasən 220 manat məbləğində alimentin, xx.xx.2022-ci il təvəllüdlü X1 3 yaşına çatanadək əlavə xərclərin qarşılanması üçün 100 manat məbləğində əlavə pul vəsaitinin, hamiləlik dövrü üçün mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr və noyabr ayları üzrə aylıq 200 manat məbləğində hamiləlik xərclərinin əvəzi kimi maddi yardımın, dünyaya gələcək uşaqlarının maddi təminatlarını qarşılamaq üçün yaşayış minimumu haqqında qanuna əsasən onun yetkinlik yaşına çatanadək saxlanılması üçün “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 220 manat məbləğində alimentin cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə xx.xx.2021-ci il tarixində 3236 saylı akt qeydi ilə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan xx.xx.2022-ci il tarixində Xalidə adlı bir övladları dünyaya gəlmişdir. Hal-hazırda 6 aylıq hamilədir. 13 mart 2023-cü il tarixindən etibarən cavabdeh onu, övladını və bətnindəki övladını tam olaraq təminatsız buraxmışdır. Cavabdehdən alimentin tutulması üçün rəsmi addımlar atmaq qərarına gəlmişdir. Mövcud qanunvericiliyin tələblərinə əsasən cavabdehə ilkin olaraq işin mediasiyada həlli üçün xx.xx.2023-cü il tarixində mediasiya prosesinin tətbiqi barədə təklif göndərsə də o mediasiya prosesindən yayınmışdır və nəticədə mediator tərəfindən iclas keçirilərək ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Halhazırda hesab edir ki, məhkəməyə müraciət etməyi haqlıdır və övladı xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 2023-cü il üzrə Azərbaycan Respublikasının Yaşayış X9 əsasən 220 manat məbləğində alimentin ona verilməsi, uşaq 3 yaşına çatanadək 100 manat məbləğində əlavə pul vəsaitinin ona verilməsi, hamiləlik dövrü üçün mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr və noyabr ayları üzrə aylıq 200 manat məbləğində hamiləlik xərclərinin əvəzi kimi maddi yardımın, həmçinin dünyaya gələcək uşaqlarının maddi təminatlarını qarşılamaq üçün yaşayış minimumu haqqında qanuna əsasən 220 manat məbləğində alimentin cavabdehdən alınaraq ona verilməsi zəruridir.

5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3988/2023 saylı, 04 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ayşən Sultanova-Məmmədova) iddianın qismən təmin edilməsi, Cavabdeh xx.xx.2022-ci il təvəllüdlü X1, xx.xx.2023-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 200 (iki yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, xx.xx.2022-ci il təvəllüdlü X1 3 yaşına çatanadək saxlanılması üçün əlavə xərclərdə iştirak məqsədilə hər ay 50 (əlli) manat sabit məbləğdə pulun Cavabdeh İddiaçı xeyrinə tutulması, xx.xx.2022-ci il təvəllüdlü X3 münasibətdə aliment tutulmasının xx.xx.2023-cü il tarixdən, xx.xx.2023-cü il təvəllüdlü X7 münasibətdə alimentin tutulmasının 04 noyabr 2023-cü il tarixdən hesablanması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 81.1, 81.2, 85.1, 85.1.1, 86, 112.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

7. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin dəyişdirilməsini, aliment kimi hər ay ondan 2 uşaq üçün ümumilikdə 250 manat sabit pul məbləğinin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayətində göstərilmişdir ki, cavabdeh də bir valideyn olaraq öz övladını saxlamaq, onun saxlanması üçün aliment ödəməkdən imtina etmir. Amma narazı qaldığı hissə onun maddi vəziyyətinin nəzərə alınmamasıdır. Hesab edir ki, birinci instansiya məhkəməsi onun əmək haqqının olmamasını, maddi durumunu, birgə bir ailə kimi yaşadıqları zamankı gəlirini nəzərə almalı idi. Belə ki, AM-nin 78-ci maddəsində qeyd edilir ki, məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Birinci instansiya məhkəməsinin iclasında da bildirmişdir ki, o, Şabran rayonunda dünyaya göz açmışdır, evlilik zamanı və hazırda da orda yaşayır. Ailələrinin dağılmasına əsas səbəb kimi İddiaçı rayon yerində yaşamaq istəməməsi olub. Dəfələrlə Bakıya köçmələrini, Bakıda işləməyini təkid etsə də, bunun cavabdeh tərəfindən heç bir halda mümkün olmamaması, Bakıda bir usta yanında köməkçi kimi verilən pulun ailələrini dolandırmasının mümkün olmamamasını bildirmişdir. Onu da qeyd edir ki, hazırda Şabran şəhərində avtomobil düzəldən usta yanında köməkçi (şagird) kimi işləyir. Günlük 10, iş yaxşı olduğu hallarda isə 15 manat verir. Qeyd edir ki, bir ailə olduqları zaman rayon yeri üçün bu pula keçinmək mümkün idi. Amma hazırda İddiaçı rayonda yaşamaq istəmədiyi üçün ondan ayrılmasına görə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 450 manat aliment müəyyən etməsi onu çıxılmaz bir duruma salıb. Hazırda ondan tələb olunan alimenti o, bir ay ərzində qazana bilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il qərarında qeyd edilir ki, qanunverici bu maddədə alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: tərəflərin maddi və ailə vəziyyəti; diqqətəlayiq digər hallar; uşağın əvvəlki təminatının səviyyəsi. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub- olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Hesab edir ki, onun hazırda maddi vəziyyətinin nəzərə alınmamasına görə barəsində məhkəmə qətnaməsini icra etməməyə görə inzibati və cinayət məsuliyyətinə cəlb edilmə tətbiq edilə bilər. Birinci instansiya məhkəməsi hazırki iş üzrə mühüm əhəmiyyət kəsb edən faktiki halları araşdırmamışdır. Onun iş yeri, qazancı, birgə nikahda olduqları zaman dolanışıq vəziyyətləri araşdırılmamış və nəticədə əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Hesab edir ki, bütün bu hallar aydınlaşdırılmalı, qətnamə dəyişdirilərək onun ödəyə biləcəyi qədər aliment müəyyən edilməlidir. Hazırda ay ərzində 350-400 manat qazancının olmasını nəzərə alaraq 250 manat məbləğində alimentin müəyyən edilməsi daha məqsədəmüvafiqdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, uşağın 3 yaşına çatanədək hər ay 50 manat vəsaitin ödənilməsinə etirazı yoxdur, lakin iddianın hər ay hər uşaq üçün 200 manat, cəmi 400 manat aliment məbləği olan hissəsindən narazıdır və həmin məbləğin hər uşaq üçün 100 manat olmaqla ümumilikdə 200 manata endirilməsini xahiş edir.

11. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqram göndərərək vəkilinin xəstələndiyi üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir.

12. İşin halları, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə gəlməyən iddiaçının iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası

13. Maddə 17. 1-ci hissə. Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir

14. Maddə 17. 2-ci hissə. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

15. Maddə 34. 5-ci hissə. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

Azərbaycan Respublikası Ailə Məcəlləsi

16. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.

17. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

18. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

19. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

20. Maddə 85.1.1. Hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı.

21. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarda daha sonra göstərilmişdir ki, bu Qərarın nəticə hissəsinin 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

“Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı

22. Bənd 8.1. Yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün alimentin miqdarı valideynin qazancının (gəlirinin) müəyyən hissəsi, yaxud hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

23. Bənd 8.2. Məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu

24. Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır.

25. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

26. Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

“Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu

27. Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği. 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin.

Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyası

28. Maddə 3.1. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. 29*. Maddə 18.1. İştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir.

30. Maddə 27.1. İştirakçı dövlətlər hər bir uşağın fiziki, əqli, ruhi, mənəvi və sosial inkişafı üçün lazım olan həyat səviyyəsinə malik olmaq hüququnu təsdiq edirlər. 2. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.

“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair 7 saylı Protokol

31. Maddə 5. Ər-arvad nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətlərdə bərabər hüquqlara malikdirlər və bərabər mülki hüquqi cavabdehlik daşıyırlar. Bu maddə uşaqların maraqlarına riayət olunması üçün zəruri tədbirlər görməkdə dövlətlərə mane olmur.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

35. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri

36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

38. Cavabdeh qətnamənin qismən təmin olunan hissəsinin yalnız hər uşaq üçün hər ay 200 manat məbləğində alimentin tutulması mübahisələndirdiyindən, qətnamə həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

40. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tərtib olunmuşdur və qətnamənin mübahisələndirilən hissədə dəyişdirilməsinə hər hansı hüquqi əsas yoxdur.

41. Belə ki, Bakı şəhəri 3 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 16 may 2023-cü il tarixdə verilmiş AZ-T seriyalı, 056955 nömrəli nikah haqqında şəhadətnaməyə əsasən Cavabdeh və X8 arasında 29 noyabr 2021-ci il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 3236 nömrə ilə qeyd edilmişdir, ərə Nadirov, arvada Nadirova soyadı verilmişdir.

42. AZ-İV seriyalı 901282 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2022-ci il tarixdə Şabran şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır.

43. AZ-İV seriyalı 875909 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır.

44. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi publik hüquqi şəxsi 1 saylı Bakı DOST Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-17-7/2-N-27056/2023 nömrəli arayışdan görünür ki, İddiaçı AR ƏƏSMN-nin “Əmək və Məşğulluq” altsisteminə əsasən qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir.

45. Alimentin məbləği ilə bağlı olaraq ilk növbədə nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur.

46. Ailə Məcəlləsinin 112.1-ci maddəsində göstərilən şərtlərlə əlaqədar məhkəmə qeyd edir ki, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti dedikdə isə insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusu nəzərdə tutulur. Göründüyü kimi, yaşayış minimumunun dəyişməsinə səbəb olan hallar Respublikanın dövlət təminatı siyasətində, ölkənin sosial-iqtisadi inkişafında baş verən dəyişikliklərdir. Belə ki, uşağın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin qiymətlərində artım səviyyəsi himayəsinə uşaq verilən tərəfin maddi vəziyyətində dəyişikliklərin baş verməsinə dəlalət edir.

47. Bundan başqa məhkəmə qeyd etməyi zəruri sayır ki, uşağın tələbatı təkcə yaşayış minimumundan ibarət deyildir. Ona görə də yaşayış minimumunu təşkil edən məbləğin bir valideyndən tutulması, digər valideyn tərəfindən isə uşağın digər zəruri xərclərinin ödənilməsi valideynlərin uşağını maddi cəhətdən saxlamaq vəzifəsində müəyyən tarazlığı təmin edəcəkdir.

48. Kollegiya yuxarıda qeyd edilən qanunvericiliyin tələblərini nəzərə alaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin müəyyən etdiyi aliment məbləği göstərilən halların məcmusu baxımından ədalətlidir. Maddi vəziyyətinin aşağı olması barədə cavabdehin apellyasiya şikayətinin dəlilərinə münasibətdə isə kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi də bu halı özlüyündə nəzərə alaraq alimentin təyin edilməsini 2023-cü ilin yaşayış minimumuna uyğun olaraq 220 manat həcmində deyil, cavabdehin də əmlak mənafeləri baxımından qiymətləndirərək 200 manat həcmində təyin edilməsini məqbul bilmişdir və bu mövqe də işin hallarına məcmu halında qiymət verdikdə kifayət qədər ədalətli bir mövqedir. Cavabdehin apellyasiya şikayətində göstərdiyi digər hallar da onu övladlarının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir.

49. Məhkəmə kollegiyası hesab edir ki, qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutan birinci instansiya məhkəməsi cavabdehdən sabit pul məbləğində hər ay hər uşaq üçün 200 manat məbləğində aliment tutulmasını haqlı olaraq ağlabatan hesab etmişdir.

50. İddianın təmin olunan digər hissəsi - xx.xx.2022-ci il təvəllüdlü X1 3 yaşına çatanadək saxlanılması üçün əlavə xərclərdə iştirak məqsədilə hər ay 50 manat sabit məbləğdə pulun Cavabdeh İddiaçı xeyrinə tutulması hissəsi ilə bağlı cavabdeh həm öz apellyasiya şikayətində, həm də apellyasiya baxışı zamanı məhkəmə iclasında buna etirazı olmadığını bildirdiyindən kollegiya qətnamənin həmin hissədə yoxlanılmasına lüzum görmür.

51. Kollegiya ailə qanunvericiliyinin normalarını və mülki işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətini, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması şərtini və diqqətəlayiq olan digər halları nəzərə alaraq uşaqların saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin ümumi miqdarını sabit pul məbləğində müəyyən etmişdir.

52. Qeyd edilənləri nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh sabit pul məbləğində hər ay hər uşaq üçün 200 manat məbləğində aliment tutulmasını haqlı olaraq ağlabatan hesab etmişdir və həmin məbləğin azaldılması üçün əsaslar yoxdur.

53. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

54. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir.

55. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, hazırda mübahisələndirilən məbləğin qiyməti beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

56. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3988/2023 saylı, 04 noyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar