Məhkəmə qərarları › İş №2(103)-1378/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1378/2021

03.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1378/2021 03.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi, X1, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-995/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: X1 (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə (bundan sonra cavabdeh) qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 4.400 manat sığorta məbləğinin ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-995/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermiş və şikayətin dəlilləri ondan ibarət olmuşdur ki, “Hərbi qulluqçuların dövlət icbari sığortası haqqında” qanununun 5-ci maddəsinin “ç” bəndinə əsasən hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana əlillik təyin olunduqda ona sığorta ödənişi təyin edilir, lakin iddiaçı xx.xx.2002-ci ildə hərbi xidmətdən tərxis olunmuş və bu hadisədən 18 ildən artıq müddət keçdikdən sonra sığorta məbləğinin alınması üçün müraciət etmişdir. Hazırda sığorta ödənişinin verilməsi üçün üç illik müddət ötürülmüşdür. Buna görə də, qətnamənin ləğv edilməsi, iddia müddətindən 3 ildən artıq vaxt keçdiyi üçün iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi V.Qənbərov apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi: Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2019-cu il tarixli, 713 saylı qərarın surətindən görünür ki, X2 “hər iki gözün zədədən sonrakı şüşəyəbənzər cismin bulanması, sağ gözün makulodistrofiyası nəticəsində sağ gözün görmə itiliyinin 0,04-ə, sol gözün görmə itiliyinin 0,7-ə qədər azalması” diaqnozu qoyulmuş, Hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında müayinəyə dair məlumatın verilməsi barədə xx.xx.2019-cu il tarixli elektron çıxarışdan görünür ki, xx.xx.1980-cı il təvəllüdlü X2 Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı aldığı xəsarətlə əlaqədar “Monokulyar korluq,VİS OD=0 VİS OS =0.3k/ilə 0.7. T OD =26mm. TOS=11mm. Artifakiya. Parsplana vitrektomiyadan sonrakı vəziyyət. İkincili termoinal qlaukoma. Şüşəyəbənzər cisimin digər xəstəlikləri.OS-sadə miopik astiqmatizm. Em və M 1.0.ODxarici çəplikskleranın stafiloması. Asteno-nevrotik sindrom.NSD hipertonik tipli.” diaqnozu qoyulmaqla üçüncü qrup əlillik müəyyən edilmişdir. AO seriyalı ******* saylı hərbi biletin surətindən görünür ki, X3 Azərbaycan Respublikasının Müdafiə Nazirinin 95 saylı xx.xx.2000-ci il tarixli əmri ilə Xəstəliklər cədvəlinin 35b maddəsinin İİ qratasına əsasən dinc dövrdə hərbi xidmətə yararsız , müharibə dövründə məhdud yararlıdır. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin X2 ünvanladığı xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası xx xxx 1997-ci il tarixli Qanununun 5-ci maddəsinin “ç” bəndinə əsasən xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar olaraq sığorta olunana xidmətdən buraxıldığı gündən 3 il müddətində əlillik təyin olunduqda, o sığorta məbləğinin almaq hüququna malikdir. Sənədlərdən göründüyü kimi, siz xx.xx.2002-ci ildə hərbi xidmətdən tərxis olunmusunuz və bu hadisədən 17 ildən artıq müddət keçdikdən sonra , yəni xx.xx.2019-ci ildə İİİ qrup əlillik dərəcəsi almısınız. Buna görə də, iddia müddətindən 3 ildən artıq vaxt keşdiyi üçün Sizə Qanunda nəzərdə tutulmuş sığorta ödənişinin veilməsi qeyri mümkündür. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarı ilə birlikdə araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, cavabdehin apellyasiya şikayətinin əsas dəlili odur ki, iddiaçı xx.xx.2002-ci ildə hərbi xidmətdən tərxis olunmuş və bu hadisədən 18 ildən artıq müddət keçdikdən sonra sığorta məbləğinin alınması üçün müraciət etmişdir. Hesab edir ki, sığorta ödənişinin verilməsi üçün üç illik müddət ötürülmüşdür. Məhkəmə kollegiyası cavabehin apellyasiya şikayətində istinad olunan həmin dəlili barədə qeyd edir ki, həmin qanunda qeyd edilən normanın əsas məqsədi sığorta olunan şəxsin əlilliyinin, həqiqətən də, onun hərbi xidməti ilə bağlı olmasını müəyyən etməkdir. Bundan əlavə, “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanına əsasən Respublikanın ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödənişlərin verilməsinə başlanmışdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı hərbi qulluqçu kimi hərbi xidmətə daxil olduğu andan qanunvericilik əsasında dövlət tərəfindən məcburi şəxsi sığortalanmış, o hərbi xidmətdə olduğu dövrdə sığorta hadisəsi baş vermiş, ona üçüncü qrup əlillik dərəcəsi təyin olunmuş, beləliklə də Dövlət Sığorta Kommersiya Şirkətinin müvafiq sığorta ödənişini ödəmək öhdəliyi yaranmışdır. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən məhkəməyə kifayət qədər güclü, biri-digərini tamamlayan, yəni, təkzibolunmazlıqla bağlı və əsaslı şübhədən kənar sübutlar təqdim etmədiyindən onun apellyasiya şikayəti təmin edilə bilməz. Nəticə: Göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan və hazırkı işin hallarını nəzərə alan məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə tam haqlı olmuş, apelyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-995/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar