Məhkəmə qərarları › İş №2(103)-1386/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1386/2021

07.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1386/2021 07.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı iştirakı ilə, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)-4600/2019 saylı qətnaməsindən cavabdeh Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “xxxx” Şirkətlər Qrupu MMC və Bakı şəhəri Nizami rayon İcra və probasiya şöbəsi üçüncü şəxs olmaqla iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ipoteka müqaviləsini ləğv etməklə ipoteka predmetinin qanunvericiliyə uyğun olaraq girovluqdan azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Nizami rayon Məhkəməsinin 2(007)-300/2017 saylı xx xxx 2017-ci il tarixli qətnaməsinə əsasən iddiaçı LPO “xxxx” ASC-nin iddiası qismən təmin edilmiş, ondan cəmi 32700,35 ABŞ dolları məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, tutmanın kreditin təminatı kimi bank qarşısında yüklü edilmiş, ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 51/57 ünvanında yerləşən 39 saylı mənzilə yönəldilməsi, mənzilin açıq hərrac vasitəsi ilə satılması və satışdan əldə edilmiş məbləğin iddiaçının hesabına ödənilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-1178/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsinə əsasən evin qiyməti 122000 manat müəyyən edilmiş, qalan hissədə dəyişdirilmədən saxlanmışdır. Qətnamənin icrası Nizami rayon İcra və probasiya şöbəsinə həvalə edilmişdir. İcra şöbəsi 17/71CM- 206555 saylı, xx.xx.2018-ci il tarixdə hərracın keçirilməsi üçün “xxxx” Şirkətlər Qrupu MMC-yə sifariş göndərilmiş, həmin sifarişi qəbul etdikdən sonra hərrac Təşkilatı tərəflərə hərracın keçirilmə yeri və vaxtı barədə bildiriş göndərmişdir. İlkin hərrac xx.xx.2018-ci il tarixli, 02-126 saylı bildirişlə “xxxx” ASC- yə göndərilmiş, ilkin hərrac xx.xx.2019-cu il saat 11:00-a təyin edilmişdir. Həmin bildirişi tələbkar xx.xx.2018-ci il tarixdə poçt qəbzinə imza etməklə qəbul etmişdir. Daha sonra hərrac baş tutmadığından 2-ci hərracın keçirilməsi haqqında xx.xx.2019-cu il tarixdə 02/126-1 saylı bildirişlə hərracın keçirilməsi barədə tələbkara müraciət edilmişdir. Hərrac xx.xx.2019-cu il tarixdə saat 11:00-a təyin edilmişdir. Bu bildirişi də tələbkar xx.xx.2019-cu il tarixdə qəbul etməsinə baxmayaraq, xx.xx.2019-cu il tarixdə keçirilən hərracda iştirak etməmişdir və bu barədə “xxxx” Şirkətlər Qrupu MMC-nə münasibət bildirməmişdir. Lakin hərracın keçirilməsi haqqında bildirişdə qeyd edilmişdir ki, 5% beh hərrac mərkəzinə ödənilməlidir. Tələbkar nə 1-ci, nə də 2-ci hərracda 5% miqdarında iştirak haqqını ödəməmiş hərracın keçirilməsinə münasibət bildirməmişdir. Bu isə o deməkdir ki, hərracda iştirak etməmişdir. Bundan əlavə “xxxx” Şirkətlər Qrupu MMC-nin sifarişi əsasında Kaspi qəzetinin xx xxxxxx 2018-ci il tarixli və xx xxxxxx 2019-cu il tarixli buraxılışında hərracda satılmalı olan əmlakların siyahısında onun mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 51/57 ünvanında yerləşən 39 saylı mənzil qeyd edilmişdir. "xxxx” Şirkətlər Qrupu MMC-nin xx xxxxxx 2019-cu il tarixli 178 məktubunda LPO “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna müraciət edilərək hərracın baş tutmaması səbəbindən ipotekanı 25 faiz miqdarında endirimlə ala bilməsi qeyd olunmuşdur. Lakin tələbkar behi ödəməmiş və ipotekanı qəbul etməkdən yayınmışdır. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)-4600/2019 saylı qətnaməsi ilə iddia təmin edilmiş, “xxxx” ASC ilə İddiaçı arasında imzalanmış xx xxxxxx 2015-ci il tarixli ipoteka müqaviləsinin ləğv edilməsi, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində olan 51/57 saylı evin 39 saylı mənzilin girovdan azad edilməsi qət edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, onun ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. İpoteka müqaviləsinin xitamı əsaslarının dairəsi qanunvericilikdə dəqiq müəyyən edilmişdir, hazırda öhdəliyə xitam verilməyib, borc mövcuddur və indiyədək ödənilməmişdir. Hərrac baş tutmamış elan edildikdə ipotekaya xitam verilə bilər, hərracın baş tutmaması müqavilənin ləğvi üçün əsas deyil. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)- 4591/2020 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-4600/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilərək, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 51/57 saylı evin, 39 saylı mənzilinin ipotekasına xitam verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli, 2(102)-4689/2020 saylı qərarı ilə cavabdeh LPO “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4591/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilərək, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında cavabdeh Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 apelyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etmiş, ona verilən suallara cavab olaraq bildirmişdir ki, “xxxx” Şirkətlər Qrupu MMC tərəfindən LPO “xxxx” ASC-yə xx xxxxxx 2019-cu il tarixli, 178 saylı məktub daxil olmuşdur ki, “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsi nəzərə alınaraq, hərracın baş tutmaması elan edildiyi gündən 30 təqvim günü ərzində ipoteka predmetinin əldə edilməsinə münasibət bildirilsin. Ləğvedici ona görə münasibət bildirməmişdir ki, bu barədə onlara İcra məmuru müraciət etməli idi. Cavabdeh Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsinə növbəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, nümayəndə məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etmədi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. 3-cü şəxslər “xxxx” Şirkətlər Qrupu MMC və Nizami rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, nümayəndələr məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)-4600/2019 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməklə, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, iş materiallarında olan: Nizami rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli 2(007)-300/2017 saylı qətnaməsinin surətindən görünür ki, cavabdeh İddiaçı cəmi 32700,35 ABŞ dolları məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq ləğv prosesində olan “xxxx” ASC-nin xeyrinə ödənilməsi, tutma kreditin təminatı kimi bank qarşısında yüklü edilmiş, cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 51/57 ünvanında yerləşən 39 saylı mənzilə yönəldilməsi, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində olan 51/57 saylı evin 39 saylı mənzili açıq hərrac vasitəsi ilə satılması və satışdan əldə edilmiş məbləğ iddiaçının hesabına ödənilməsi, tutma yönəldikdən və əmlak satıldıqdan sonra bir aydan gec olmayaraq Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində olan 51/57 saylı evin, 39 saylı mənzilə məcburi qaydada boşaldılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin icra vərəqəsinin surətindən görünür ki, cavabdeh İddiaçı cəmi 32700,35 ABŞ dolları məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq ləğv prosesində olan “xxxx” ASC-nin xeyrinə ödənilməsi, tutma kreditin təminatı kimi bank qarşısında yüklü edilmiş, cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 51/57 ünvanında yerləşən 39 saylı mənzilə yönəldilməsi, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində olan 51/57 saylı evin 39 saylı mənzili açıq hərrac vasitəsi ilə satılması və satışdan əldə edilmiş vəsaitdən göstərilən məbləğlərinin Banka ödənilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində olan 51/57 saylı evin 39 saylı mənzilin ilkin satış qiyməti 122000 manat müəyyən edilməsi, tutma yönəldikdən və əmlak satıldıqdan sonra bir aydan gec olmayaraq Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində olan 51/57 saylı evin 39 saylı mənzilə məcburi qaydada boşaldılması qət edilmişdir. Nizami rayon İcra və probasiya şöbəsinin xx.xx.2018-ci il tarixli məktubu ilə “xxxx” Şirkətlər Qrupu MMC-yə mənzilin açıq hərrac satışının təşkil olunması üçün sifariş verilmişdir. “xxxx” Şirkətlər Qrupu MMC tərəfindən “xxxx” ASC-yə, İddiaçı və Nizami rayon İcra və probasiya şöbəsinə ünvanlanmış xx.xx.2018-ci il tarixli 02-126 saylı bildirişlə xx.xx.2019-cu il tarixdə saat 11:00-da ilkin satış qiyməti 122000 manat olmaqla mənzilin ilkin hərracının keçirilməsi barədə məlumat verilmiş, tələbkar tərəfindən xx.xx.2018-ci il tarixdə poçt qəbzinə imza etməklə qəbul edilmişdir. İlkin hərrac baş tutmadığından daha sonra xx.xx.2019-cu il tarixli 02-126-1 saylı bildirişlə xx.xx.2019-cu il tarixdə saat 11:00-da satış qiyməti 15% faiz aşağı qiymətlə 103700 manat olmaqla mənzilin ikinci hərracının keçirilməsi barədə tərəflərə məlumat verilmiş, tələbkar tərəfindən xx.xx.2019-cu il tarixdə poçt qəbzinə imza etməklə qəbul edilmişdir. Həmçinin əmlakın hərracının keçirilməsi dair “Kaspi” qəzetində xx.xx.2018-ci il tarixində və xx.xx.2019-cu il tarixində elanlar dərc edilmişdir. Göründüyü kimi, qüvvədə olan məhkəmə qətnaməsi ilə borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi həyata keçirilmiş, İcra və probasiya şöbəsinin sifariş məktubu əsasında hərrac təşkilatçısı olan “xxxx” Şirkətlər Qrupu MMC tərəfindən ipoteka predmetinin açıq hərracdan satılması üçün hərracın keçirilməsi təşkil edilmiş, müvafiq bildirişlər tərəflərə göndərilmiş və onlara məlumat verilmişdir. “xxxx” Şirkətlər Qrupu MMC tərəfindən LPO “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ünvanlanmış xx.xx.2019-cu il tarixli 178 nömrəli məktubun məzmunundan görünür ki, ilkin və təkrar hərracın iştirakçısı olmadığından baş tutmadığı, hərracın baş tutmaması ilə bağlı Kaspi qəzetində və www.hidayetoğlu.az saytında xx.xx.2019-cu il tarixində elanın dərc olunduğu, “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25% az olmayan qiymətlə ala bilməsi bildirilmiş və “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinə əsasən hərracın baş tutmaması elan edildiyi gündən etibarən 30 təqvim günü ərzində ipoteka predmetinin əldə edilməsi ilə əlaqədar münasibət bildirilməsi xahiş edilmişdir. Qanunvericilikdə yalnız iki hərracın (ilkin və təkrar) keçirilməsi nəzərdə tutulmuşdur. Mübahisəli hüquq münasibətlərinin əmələ gəldiyi vaxt qüvvədə olmuş “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.5, 43.7 və 43.8-ci maddələrində müəyyən olunmuş qaydalara görə, ilkin hərrac baş tutmadıqda təkrar hərrac keçirilir və hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Təkrar hərrac baş tutmamış elan edildikdə isə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. İpoteka saxlayan 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. İşin hallarından da görünür ki, keçirilmiş ilkin və təkrar hərraclar baş tutmadığından, qanunvericiliyin tələbinə əsasən 30 təqvim günü ərzində ipoteka predmetinin əldə edilməsi barədə münasibət bildirilməsi xahiş edilmişdir. Borclunun icra edilməmiş öhdəliklərinin təminatı olduğu üçün Bank ipoteka predmetinin əldə edilməsində maraqlı olan tərəfdir, qüvvədə olan qətnamə olduğu halda, onun icraya yönəldilməsi, hərracın keçirilməsi, ipoteka predmetinin taleyinin necə olması, əldə edilməsində maraqlı olan Bankın hərəkətsiz qalması əsassızdır və qəbuledilən hesab edilə bilməz. Hərracın keçirilməsi barədə bildirişlər “xxxx” ASC-yə göndərilmişdir və cavabdeh banka ipoteka predmeti olan əmlak təklif edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsi qərarında qeyd etmişdir ki, hazırkı halda isə işin halları ilə hərrac təşkilatının hərrac baş tutmadıqdan sonra ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala biləcəyi təklif olsada, işə baxan apellyasiya instansiyası məhkəməsi həmin təklifə ipoteka saxlayanın hansı münasibət bildirməsi və ya ümumiyyətlə hərəkətsizlik etməsini müəyyən etməmişdir. Halbuki göstərildiyi kimi “İpoteka Haqqında” Qanunun 43.8-ci maddəsinin tələbi aşkar olaraq müəyyən etmişdir ki, ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə ipotekaya xitam verilir. Apellyator şikayətində qeyd etmişdir ki, iddiaçının hazırda borcu olduğu üçün ipotekaya xitam verilə bilməz. Bununla bağlı kollegiya qeyd edir ki, qanuni qüvvəyə minmiş qətnamə ilə həmin borc üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi və mənzilin açıq hərrac vasitəsi ilə satılması müəyyən edilmişdir və keçirilmiş hərrac baş tutmadığından qanunvericiliyin tələblərinə əsasən müəyyən edilmiş qaydada və müddətdə Bank tərəfindən ipoteka predmeti əldə edilmədiyindən ipotekaya xitam verilməsi əsaslı və qanunidir. Bu hissədə apellyasiya şikayətinin dəlilləri əsassızdır. Həmçinin hazırkı apellyasiya icraatında apellyatorun nümayəndəsi qeyd etmişdir ki, “xxxx” Şirkətlər Qrupu MMC tərəfindən LPO “xxxx” ASC-yə xx xxxxxx 2019-cu il tarixli, 178 saylı məktub daxil olmuşdur ki, “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsi nəzərə alınaraq, hərracın baş tutmaması elan edildiyi gündən 30 təqvim günü ərzində ipoteka predmetinin əldə edilməsinə münasibət bildirilsin. Ləğvedici ona görə münasibət bildirməmişdir ki, bu barədə onlara İcra məmuru müraciət etməli idi. Kollegiya bununla bağlı apellyatorun dəlilini əsassız hesab edərək, qeyd edir ki, “İpoteka haqqında” Qanunda məhz İcra məmurunun məlumat verməsi nəzərdə tutulmamışdır. Bundan əlavə ləğv prosesində olan Banka hərrac təşkilatçısı tərəfindən hərracın baş tutmaması elan edildiyi gündən 30 təqvim günü ərzində ipoteka predmetinin əldə edilməsi təklif olunması bir daha öz təsdiqini tapmışdır. Bakı şəhəri Nizami rayon İcra və Probasiya Şöbəsindən tələb olunmuş 206555/2018-7-1 saylı icra işindən görünür ki, xx.xx.2018-ci il tarixli məktubla “xxxx” Şirkətlər Qrupu MMC-yə mənzilin açıq hərrac satışının təşkil olunması üçün sifariş verilmişdir. Göründüyü kimi, ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən 30 təqvim günü ərzində heç bir əsas olmadan ipoteka predmetini əldə etməmişdir. Cavabdehin apellyasiya şikayətinin digər dəlili isə ondan ibarətdir ki, hərrac baş tutmamış elan edildikdə ipotekaya xitam verilə bilər, hərracın baş tutmaması müqavilənin ləğvi üçün əsas deyildir. Kollegiya apellyasiya şikayətinin bu dəlili ilə razılaşaraq qeyd edir ki, məhkəmə maddi hüquq normasını düzgün tətbiq etməmiş, əsassız olaraq ipoteka müqaviləsinin ləğv edilməsi qənaətinə gəlmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac bas tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Göründüyü kimi, bu normanın tələblərinə əsasən ipoteka saxlayan tərəfindən göstərilmiş müddətdə ipoteka predmetinin əldə edilməməsi müqavilənin ləğvi üçün yox, ipotekaya xitam verilməsi üçün əsasdır. Əvvəlki apellyasiya baxışı zamanı da iddiaçı təqdim etdiyi ərizədə tələbinin qanunvericiliyin bu tələbinə əsasən ipotekaya xitam verilməli olduğunu bildirmişdir. Həmçinin, iddia ərizəsi və onun dəqiqləşdirilməsi barədə ərizədən də iddiaçının tələbinin məhz bununla bağlı olduğu aşkar şəkildə görünür. Belə olan halda Kollegiya qeyd edir ki, hazırki iş üzrə ipotekaya xitam verilməsi əsasları mövcuddur, belə ki, bank tərəfindən ipoteka predmeti 30 gün müddətində əldə edilməmişdir və iddiaçı haqlı olaraq ipotekaya xitam verilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair xx xxxxxxx 2014-cü il Qərarına əsasən“İpoteka haqqında” Qanunun 43.7 və 43.8-ci maddələrinə müvafiq olaraq bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Təkrar hərracın baş tutmaması ipoteka qoyan üçün ipotekaya xitam verilməsindən ibarət “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuş müəyyən hüquqi imkanların yaranması ilə nəticələnir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, “İpoteka haqqında” Qanunda ipoteka saxlayana təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 gün müddətində ipoteka predmetini ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə almaq imkanı yalnız bir dəfə verilmişdir. “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsi hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, habelə ipoteka saxlayanı öz hüquqlarından vaxtında istifadə etməsi üçün intizamlandırmaq məqsədini daşıyır. İpoteka saxlayan tərəfindən ipoteka predmetini almaq imkanından vaxtında istifadə edilməməsi, ipoteka qoyan üçün mühüm olan ipotekaya xitam verilməsi imkanından istifadə etmək hüququnu yaradır. “İpoteka haqqında” Qanunun başqa şəkildə şərh edilməsi, yəni ipoteka saxlayana bu imkanın qanunla müəyyən edilmiş müddətdən sonra da yenidən verilməsi, ipoteka qoyanın qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarar. “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində göstərilən əsasla ipotekaya xitam verilməsinin proseduru ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, ikinci hərrac keçirildikdən sonra 30 gün müddətində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyanın iddiası ilə məhkəmə icraatı qaydasında ipotekaya xitam verilə bilər. Lakin işə baxmış birinci instansiya məhkəməsi əsassız olaraq Mülki Məcəllənin 319, 739, 337, 421-ci maddələrini və “İpoteka haqqında” Qanunun hazırki mübahisəyə aidiyyəti olmayan bir sıra nörmalarını sadalamaqla əsassız yerə ipoteka müqaviləsinin ləğv edilməsi barədə düzgün olmayan nəticəyə gəlmişdir. Qətnamədən belə aydın olur ki, ipoteka predmetinin girovluqdan azad edilməsi də məhz müqavilənin ləğvi ilə bağlı olmuşdur. Halbuki, iddiaçının tələbi və həmin tələbin əsasları tamamilə fərqlidir, yəni iddiaçı “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinə əsasən ipotekaya xitam verilməsini tələb edir. Beləliklə, Kollegiya hesab edir ki, məhkəmə ipoteka müqaviləsinin ləğvi qənaətinə gəldiyindən, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməklə ipotekaya xitam verilməlidir. Həmçinin izah olunmalıdır ki, “ipotekaya xitam verilməsi” həmin mənzilin ipoteka yüklülüyündən azad edilməsi üçün əsasdır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)- 4600/2019 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 51/57 saylı evin 39 saylı mənzilinin ipotekasına xitam verilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar