Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1392/2023 15.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı mülki iş üzrə (Açar sözlər: pul) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-5799/2022 saylı 23 noyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materilları ilə müəyyən edilir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-2033/2022 saylı qətnaməsinin surətindən görünür ki, X2 mənəvi zərərə görə 200 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
2. İşə əlavə edilmiş Emil Akberovla olan yazışmanın mətni aşağadakı kimidir “...məni dəlirdib ad qoyanlarin hamisi haqqında məlumatım var.. kim kimin adından danisir gələcək məhkəməyə.. Shelale Emil ushaq deyil kor deyil her sheyi bilir gorur men ozde hech kime hecne demirem.. niyə susursan?..hər sheyin oz vaxti var..”.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MMC-yə qarşı – Cavabdeh "xxxx" MMC-dən qanunsuz, qərəzli və əsassız işdən azad edilməyi əsasına görə vurulan mənəvi zərərin qarşılığı olaraq 3000 manat, məlum faktın gerçəkləşməsində təşəbbüskar olan digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Oktay qızının hər birindən ayrı-ayrılıqda 500 manat, ümumilikdə 4000 manat kompensasiya məbləğinin cavabdehlərdən xeyrinə tutulması barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 12 avqust 2019-cu ildə cavabdeh "xxxx" MMC-də muxbir vəzifəsində əmək fəaliyyətinə başlamış, 12 mart 2021-ci ildə əsassız olaraq işdən azad edilmişdir. Cavabdehlə əmək münasibətləri əmək müqaviləsi əsasında rəsmiləşdirilməmişdir. Dəfələrlə bu barədə tələblər irəli sürsə də işəgötürən əmək qanunvericiliyinin mühüm tələbinə əməl etməmiş və sözügedən qanuni tələblər israrla davam edəcəyi halda işini itirmək təhlükəsi qarşısında qalmışdır. Lakin "xxxx" MMC-in hazırkı baş redaktoru Cavabdeh1 onun işdən qanunsuz və heç bir əsas göstərilmədən azad edilməyində şəxsən iştirakçı və baiskar olmuş, onun neqativ və qeyriinsani hərəkətləri birmənalı olaraq işəgötürənin əlində ona qarşı bəhanəyə çevirilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 onun şərəf və ləyaqətini, işgüzar nüfuzunu iş şəraitində yaranmış münasibətlər çərçivəsində alçatması, bu əməli ilə ona mənəvi zərər vurması öztəsdiqini tapmışdır. Bununla belə həmin məhkəmə araşdırması müddətində Cavabdeh1 rəhbər vəzifəli şəxslərin: "xxxx" MMC-in qanuni təmsilçisi Emil Əkbərovun və təsisçi Namik Abdullayevin, işdən azad edilməyində rolu olan digər Cavabdeh2 və saytın admini Fidan Bayramovanın səslərini gizli yazıb məhkəməyə təqdim etmişdir. Cavabdeh1 həmçinin onun şirkətdə vaxtilə işçi isləmiş Əbülfəz Ələkbərli adlı şəxsə guya direktor Emil Əkbərovun səsini yazaraq ötürdüyünü, yəni xəbərçi işlədiyini bildirib. Böhtanın, bununla əlaqədar olaraq vurulan mənəvi zərərin bir hissəsini məhz onun adının illərlə saytın əməkdaşları arasında "səsyazan" kimi qələmə verilməsi təşkil edib. Bunu Cavabdeh1 ona göndərdiyi ismarıclarla da təsdiq edərək etiraf edib. Əbülfəz Ələkbərli adlı şəxs onunla yazışmada bu halı onun və onun adından yalan və böhtan olduğunu, Cavabdeh1 yalan danışdığını təsdiqləyib. Bununla belə Cavabdeh1 hazırda onu direktor Emil Əkbərovla olan şəxsi yazışmalarını atasına və qardaşına göstərəcəyini bildirirək onu rüsvay etməklə hədələyir. Bu da bir daha onu təsdiq edir ki, cavabdeh ona qarşı qərəzli və iyrənc əməllərini davam etdirməkdə, ona sabit qaydada mənəvi zərər vuraraq sarsıtmaqda istəklidir. Maraqlı məqam odur ki, həmin yazışmalar Cavabdeh1 əlinə necə keçib...?! Digər Cavabdeh2 da onun işdən əssasız və qanunsuz olaraq azad olunmağında, kollektivlə münasibətinin pozulmasında, təxribat apararaq onun kollektivdə nüfuzdan salmaqda məkirli iş görüb. Əvvəllər işçi qızlardan, Emil Əkbərovdan ona sözlər gətirib, onu istəmədiyini deyib. Ondan işçi qızlara, onlardan ona bir-birinin əksi olan sözləri çatdırmaqla ortada nifaq salıb, həssaslığından istifadə edərək onu qəsdlə əsəbiləşdirib, sonra "əsəbisən” adı qoyub "bir müddət istirahətə” ehtiyacının olduğunu deməklə onu işəgötürənin nəzərində nüfuzdan salmağa müvəffəq olub. Qeyd olunan halları isə əlində aşkar bəhanə edən işəgötürən "xxxx" MMC-in direktoru Emil Əkbərov 12 mart 2021-ci il tarixdən etibarən həmin tarixə münasibətdə baş redaktor vəzifəsində çalışan Aytən Sakitqızının vasitəsilə işdən azad olunduğunu bildirib. Bununla da hər üç cavabdeh ayrı-ayrılıqda işdən qanunsuz, əsassız və gözlənilməz bir şəkildə azad olunduğu üçün ona mənəvi zərər vurublar və hesab edir ki, həmin zərərin qarşılığı məhkəmə qaydasında hər üç cavabdeh tərəfindən ədalətli və mütənasib şəkildə qarşılanmalıdır.
5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-5799/2022 saylı 23 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Sahibə Hacıyeva) iddianın təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.
6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 23.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına, Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 saylı qərarının 6-cı bəndinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına, Ali Məhkəmənin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli 4 nömrəli Qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
7. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilsin. xahiş etmişdir.
8. Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
12. Maddə 21.1 zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
13. Maddə 21.2 zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
14. Maddə 23.1 fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin.
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür.
16. Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 saylı qərarının 6-cı bəndinə əsasən, iddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir.
17. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına əsasən “Mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Plenumun mövqeyinə görə mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.
18. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuşdur ki, məhkəmə qərarları qanuna və sübutlara əsaslanmalıdır.
19. Ali Məhkəmənin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli 4 nömrəli Qərarında qeyd edilmişdir ki, 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
23. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
24. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
27. Hazırki halda, iddiaçı apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-5799/2022 saylı 23 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
29. Belə ki, iddiaçı iddia tələbini ona mənəvi zərər dəyməsi ilə əsaslandırmışdır.
30. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ona mənəvi zərər dəyməsi və dəymiş mənəvi zərərin 4000 manat olması barəsində tələbi üzrə hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən və ona mənəvi zərər vurulmasını məhkəmədə sübut etmədiyindən, habelə onun mənəvi ziyan dəyməsinə dair tələbi məhkəmədə işin hər hansı halı və sübutu ilə sübuta yetirilmədiyindən, mənəvi zərərin ödənilməsinə dair iddia tələbi də əsassızdır. Odur ki, iddia təmin edilməməlidir.
31. İddiaçı ona mənəvi zərər yetirilməsini iddia etsə də, məhkəməyə cavabdehlərin hərəkətinin onda hansı mənəvi sarsıntı və iztirab yaratdığını, ona hansı formada ziyan vurmasını təsdiq edən hər hansı sübut təqdim etməmişdir.
32. Həmçinin məhkəmə kollegiyası iddiaçının təqdim etdiyi audio disklərə münasibətdə qeyd edir ki, həmin səs yazısı MPM-in tələbləri pozulmaqla əldə edildiyindən sübut kimi qəbul edilə bilməz. İddiaçının təqdim etdiyi disklər mötəbər sübut hesab olunsaydı belə, ona mənəvi zərər dəyməsini sübut etmir.
33. İddiaçı iddia ərizəsinə əlavə etdiyi sənədlərdə, həmçinin məhkəmə baxışı iclasında cavabdehlərin iddiaçıya mənəvi zərər vurmasını sübuta yetirə biləcək hər hansı dəlillərini, sənədlərini və qanunvericiliklə dairəsi müəyyən edilmiş sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının məhkəmə iclasında iddianı müdafiə edərkən heç bir mötəbər sübuta istinad etmədən, yalnız qanuni və hüquqi əsasa söykənməyən izahatlar verməklə kifayətlənmişdir. Bütün bunlar isə iddianın əsaslı olmasına dəlalət edə bilməz.
34. İddiaçının təqdim etdiyi mesaj mətnlərindən yazışmaların “Emil Akberov, Əbulfət, Esma Nuran adlı kontaktlardan və “+994 77 563 55 61” nömrədən yazıldığı görünür. Həmin mesajların cavabdehlər tərəfindən yazılması, həmçinin bu mesajlarda iddiaçıya mənəvi zərər vurulması ilə nəticələnən hallar müəyyən olunmur.
35. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək haqlı olaraq qeyd etmişdir ki, iddiaçı cavabdehlərin onun işdən azad olunmasında səbəbkar olduqları üçün ona mənəvi zərər vurulmasını bildirsə də, məhkəmə iş materiallarını təhlil edərək bu qənaətə gəlir ki, həmin dəlillər üzrə iddiaçıya mənəvi zərər dəyməsi halları aşkar edilməmişdir. İş materiallarında iddiaçıya mənəvi zərər dəyməsi hallarını sübut edən başqa dəlil mövcud deyildir.
36. Bu baxımdan da, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddia əsassızdır və təmin edilə bilməz.
37. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
38. Məhkəmə kollegiyası həmçinin izah edir ki, iddiaçının apellyasiya şikayəti ilə mübahisələdirdiyi hissə 5000 manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-5799/2022 saylı 23 noyabr 2022ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.