Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1394/2023 20.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki iş üzrə (Açar sözlər: aliment tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası mülki iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-6908/2022 saylı, 13 dekabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı Cavabdeh ilə xx.xx.2016-cı il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar.
2. Tərəflərin birgə nikahından xx.xx.2019-cı il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X1 adlı övladları anadan olmuşdur.
3. Tərəflər hazırda faktiki olaraq ayrı yaşayırlar.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir
5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2016-cı ildə rəsmi nikaha daxil olublar. Onların nikahından 2 azyaşlı xx.xx.2016-cı il doğumlu X1 və xx.xx.2019-cı il doğumlu X4 adında 2 oğulları var. Ailə həyatları artıq formal xarakter alıb. O hal-hazırda 2 azyaşlı uşağı ilə birgə yaşayır, əri ailələrinə kömək etmir. Azyaşlı 2 oğlu onun himayəsindədir. Himayəsində azyaşlı oğlunun olmasını və köməksiz olduğunu, kirayədə yaşamağını nəzərə alaraq məhkəməyə müraciət etmişdir. Hər uşağa görə 193 manat aliment tutularaq ona verilməsinə və xx.xx.2019-cu il təvəllüdlü X4 3 (üç) yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat ödəniş edilməsinə ehtiyacı vardır.
6. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-6908/2022 saylı, 13 dekabr 2022-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilərək, xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2016-cı il təvəllüdlü X1 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay, hər uşaq üçün 193 manat, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi, xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2019-cu il təvəllüdlü X4 3 (üç) yaşına çatanadək hər ay 50 (əlli) manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi, 46,32 (qırx altı manat otuz iki qəpik) manat məbləğində dövlət rüsumunun Cavabdeh dövlət gəlirlərinə alınması qət edilmişdir.
7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, valideynin az gəlir əldə etməsi valideyni öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib vəzifələridir. Maddi vəziyyətindən, işləyib-işləməməsindən asılı olmayaraq hər bir valideynin borcu övladının maddi və sair ehtiyaclarının ödənilməsini təmin etməkdir.
8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.5, 78.1, 84.1, 84.2, 100.2-ci maddələri, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016- cı il tarixli, 8-2/2016 saylı Qərarının 8.2-ci bəndinə, “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 112.1.3, 119.1, 119.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-6908/2022 saylı qətnaməsinin ləğv edilərək, alimentin sabit pul məbləğində deyil, əmək haqqınin 1/3 hissəsində tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayətində göstərilmişdir ki, o məhkəməyə rəsmi əmək haqqı barədə arayış təqdim edərək ayda 300 manat əmək haqqı aldığını, kirayədə yaşadığını, yaşlı ananın saxlanılmasına kömək etdiyini, təyin olunmuş aliment məbləğini ödəməyə kifayət qədər maddi imkanının olmadığını bildirsə də məhkəmə bu hallara əhəmiyyət verilməmiş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. İştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Belə ki, məhkəmə İddiaçı birinci həyat yoldaşından bir uşaq üçün aliment aldığını, ikinci həyat yoldaşından aliment almadığını, özünün “Xəzər TV” də verlişlərdə iştirak edərək qazanc əldə etdiyini nəzərə almamışdır. Qanunverici göstərilən maddədə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin sabit məbləğdə tutulmasının bir neçə əsasını müəyyən etmişdir: aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa; aliment verməyə borclu olan valideyn qazancının (gəlirinin) hamısını və ya bir hissəsini natura və ya xarici valyuta ilə alırsa; - aliment verməyə borclu olan valideynin qazancı və ya sair gəliri yoxdursa; - alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda. Bu əsaslardan hər hansı biri mövcudolduqda alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pulməbləğində müəyyən edilə bilər. Məhkəmə, alimenti qazancın (gəlirin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır. Lakin məhkəmə onun işlədiyini, müntəzəm olaraq əmək haqqı aldığını nəzərə almamış alimenti sabit pul məbləğındə tutmuş və bunu qətnaməsində əsaslandırmamışdır. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: tərəflərin maddi və ailə vəziyyəti; - diqqətəlayiq digər hallar; - uşağın əvvəlki təminatının səviyyəsi. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Lakin məhkəmə yalnız iddiaçının sözləri əsasında onun guya əlavə qazancının olduğunu o belə bir ifadə vermədiyi halda qətnamədə qeyd etmiş, rəsmi əmək haqqı barədə arayiş təqdim etdiyini, sağlamlıq vəziyyətini, kirayədə yaşadığını, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını araşdırmamış, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırmamışdır. Məhkəmə qətnaməsi qanuni və əsaslı olmalı, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməli olduğu halda iş üzrə müəyyən edilmiş həqiqi hallara qiymət verilməmişdir. Rəsmi əmək haqqı barədə arayiş təqdim etdiyini, sağlamlıq vəziyyətini, kirayədə yaşadığını, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını araşdırmamış bu halları məhkəmədə qeyd etsə də məhkəmədə bu hallara əhəmiyyət verilməmiş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Məhkəmə öz qətnaməsində rəsmi qaydada işləyərək əmək haqqı aldığı halda alimentin əmək haqqının müəyyən hissəsində deyil, məhz nə üçün sabit pul məbləğində tutulmasını qətnaməsində əsaslandırmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
12. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirmişdir ki, hazırda maddi imkanı yoxdur, işləmir. Yanvar ayından işdən çıxıb. Kuryer kimi fəaliyyət göstərərək dolanmağa çalışır. Çox az qazanır. 300 manat ödəməyə gücü çatmır. Anası xəstədir, ona baxmağa çalışır. İddiaçının üçüncü yoldaşıdır. Evlilikləri daima konfliktlə keçib. Həmçinin, məhkəmə İddiaçı birinci həyat yoldaşından bir uşaq üçün aliment aldığını, ikinci həyat yoldaşından aliment almadığını, özünün 'Xəzər TV də verilişlərdə iştirak edərək qazanc əldə etdiyini nəzərə almamışdır.
13. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirmişdir ki, o hazırda sağlamlığı ilə bağlı olaraq işləmir. Əlilliklə bağlı təqaüd belə ala bilmir. 1746 manat kommunal borc yaranmışdı ki, onu ödəyib. Böyük qızı hazırda ödənişli əsaslarla universitetdə oxuyur, maddi vəziyyəti çox pisdir. O çox çalışıb ki, ailəsini bərpa etsin, amma alınmayıb. Barışıq mümkün deyil.
Tətbiq edilən hüquq normaları:
14. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 76.1.2-ci maddəsində qeyd edilir ki, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutulur. Məcəllənin 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələbinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
15. Ailə Məcəlləsinin 78.2-ci maddəsində qeyd edilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. (Maddə 84.1)
16. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə görə, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır.
17. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə görə, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mə nəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti tə min edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür.
18. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi tə minat almaq hüququ vardır.
19. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında qeyd edilir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
Apellyasiya baxışının hədləri
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
22. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. İddiaçı isə qətnaməni mübahisələndirməmişdir. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qətnamənin tamamilə ləğv edilməsinə yönəldiyindən apellyasiya baxışının predmetini qətnamənin tam yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
24. İşin araşdırılan halları ilə müəyyən edilir ki, tərəflər rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar. Tərəflərin birgə nikahından xx.xx.2016-cı il təvəllüdlü X1 və xx.xx.2019-cı il təvəllüdlü X4 adında 2 övladları vardır. Uşaqların hər ikisi iddiaçının yanında qalır, uşaqlardan biri xx.xx.2016-cı il təvəllüdlü, digəri xx.xx.2019-cı il təvəllüdlü olmaqla, iddiaçı tərəfindən məhkəməyə müraciət edilən tarixə 3 yaşı tamam olmamışdır. İddiaçı iddia tələbində xx.xx.2019-cı il təvəllüdlü X2 hər ay ödənilməli olan aliment məbləği ilə yanaşı 3 yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat məbləğində pulun cavabdehdən tutulmasını xahiş etmişdir. İddia tələbi qismən təmin edilmişdir.
25. Mübahisələndirilən qətnamədən iddiaçı apellyasiya şikayəti verməmiş, cavabdeh isə qətnamənin ləğv edilməsini, alimentin sabit pul məbləğində deyil, əmək haqqının 1/3 hissəsində alimentin müəyyən edilməsini xahiş etmişdir.
26. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh alimentin onun gəlirlərinin 1/3 hissəsində tutulmasını xahiş etsə də, özü iclasda qeyd edir ki, yanvar ayından işləmir. Yəni müntəzəm gəliri yoxdur. 27.“Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir.
28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarında göstərilmişdir ki, “Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.”
29. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsi, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası qanunun 19cu maddəsi, Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 78.2-ci maddələrindən göründüyü kimi, uşaqların saxlanılması və onların maddi tələbatlarının təmin edilməsi valideynlərin mübahisəsiz və şərtsiz vəzifəsidir. Valideynlər bu vəzifəni yerinə yetirmədikdə isə qanunverici uşaqların saxlanılması üçün lazım olan vəsaiti, yəni alimenti məhkəmə qaydasında tutulmasını müəyyən etmişdir. Məhkəmə sabit pul məbləğində alimentin miqdarını müəyyənləşdirərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Lakin bu məbləğ elə müəyyənləşdirilməlidir ki, uşaqların lazımi səviyyədə saxlanılmasını təmin etsin.
30. Bu mənada kollegiya hesab edir ki, qanunvericiliyin yuxarıda sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir.
31. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyəti, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır.
32. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, şikayətdə göstərilənlər formal mülahizələr olmaqla qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Belə ki, həmin dəlillər cavabdehin maddi mənafeyinin uşağın minimum dolanacaq məbləğində maddi təminat almaq kimi üstün hüququndan üstün tutulması üçün kifayət edəcək qədər əsaslı deyildir.
33. Göstərilənlər onu deməyə əsas verir ki, uşağın saxlanması üçün aliment məbləğinin müəyyən edilməsi zamanı uşaqların əvvəlki yaşayış səviyyəsinin saxlanılmalı olması və aliment ödəməli olan valideynin maddi vəziyyəti nəzərə alınmalı, müəyyən edilən aliment məbləği qanunvericilik aktlarında göstərilən minimum dolanacaq həddində olmalıdır.
34. Ailə Məcəlləsinin 78.2-ci maddəsində qeyd edilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
35. İşin yuxarıda sadalanan diqqətəlayiq hallarını nəzərə almaqla kollegiya hesab edir ki, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay, hər uşaq üçün 193 manat, cəmi 386 manat sabit pul məbləğində alimentin tutulması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur.
36. Kollegiya həmçinin xx.xx.2019-cu il təvəllüdlü X2 3 (üç) yaşına çatanadək saxlanması üçün xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək hər ay 50 (əlli) manat pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsinin müəyyən edilməsini işin hallarına uyğun hesab edir. Məhkəmə kollegiyası vurğulayır ki, X4 xx.xx.2022-ci il tarixdə artıq 3 yaşa çatmışdır.
37. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
38. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
39. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-6908/2022 saylı, 13 dekabr 2022ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Şərafət Məmmədova Fuad Babayev