Məhkəmə qərarları › İş №2(103)-141/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-141/2021

17.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-141/2021 17.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Məhərrəmova Xumar Afət qızından və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi Qənbərov Vüqar Nəgah oğlunun iştirakı ilə, İddiaçı Tağıyeva Rəfiqə Xanqulu qızının cavabdehlər Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “icbari sığorta pulunun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7719/2014 saylı, xx xxxxxx 2014-cü il tarixli qətnaməsindən maraqlarına toxunulan şəxs Tağıyeva Sona Cəbrayıl qızı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasmda açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Tağıyeva Rəfiqə Xanqulu qızı cavabdehlər Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə müraciət edərək, hərbi qulluqçu oğlu Tağıyev Abdulla Hüseyn oğlunun qanun üzrə varisi kimi ona 11000 manat məbləğində sığorta pulunun ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının oğlu xx.xx.1992-ci il tarixində Bakı şəhəri Qaradağ rayonu Hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır.xx.xx.1994-cü ildə hərbi xidmət zamanı itkin düşmüşdür.Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən xx xxxx 2012-ci il tarixində ölmüş elan edilməsi barəsində məhkəmə qətnaməsi verilmişdir.Həmin məhkəmə qətnaməsinə əsasən iddiaçının itkin düşən oğlu barəsində xx xxxxxxxx 2012-ci il tarixdə ölüm haqqında şəhadətnamə verilmişdir.Ölüm haqqında şəhadətnamə hərbi xidmətə çağırılarkən məcburi qaydada sığorta olunan hərbi qulluqçu barəsində, hərbi xidmət zamanı həlak olmanı təsdiq etdiyindən, həm də sığorta hadisəsinin baş verməsini təsdiq edir.xx.xx.1994-cü il tarixində Azərbaycan torpaqlarının erməni işğalçılarından müdafiəsi zamanı şəhid olmuşdur. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 4, 5-ci maddələrinə əsasən həlak olmuş hərbi qulluqçuya 11 000 manat sığorta ödənişi verilir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7719/2014 saylı, xx xxxxxx 2014-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 11 000 manat pulun tutularaq həlak olmuş hərbi qulluqçu Tağıyev Abdulla Hüseyn oğlunun anası iddiaçı Tağıyeva Rəfiqə Xanqulu qızına ödənilməsi qət edilmişdir. Həmin qətnamədən bir neçə il sonra maraqlı şəxs qismində Tağıyeva Sona Cəbrayıl qızı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və ödəniləcək məbləğin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Tağıyev Abdulla Hüseyn oğlu onun əri olduğu üçün birinci növbəli varis sayılmasına baxmayaraq onun məhkəmədə iştirakı təmin edilməmiş, qanunsuz və əsassız qətnamə çıxarılmışdır. Əvvəlki məhkəmə iclasında iştirak edən qətnamə ilə maraqlı şəxsin nümayəndəsi və vəkili Səbuhi Həmidov apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz ederək bildirmişdir ki, sözügedən qətnamə icra olunan zaman iddiaçı vəfat etdiyindən sığorta ödınişi onun varisi olan qızına ödənilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər cavabdehin nümayəndəsi iclasına gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə həmin tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmçinin, məhkəmə gedişi zamanı məlum olmuşdur ki, iş üzrə iddiaçı Tağıyeva Rəfiqə Xanqulu qızı ölmüşdür. Rəfiqə Tağıyevanın varisinin olub-olmaması, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçib-keçməməsi barədə məhkəmənin sorğusu əsasında notariat ofisindən verilmiş cavaba əsasən müəyyən edilmişdir ki, vəfat etmiş Tağıyeva Rəfiqə Xanqulu qızının qızı - ilkin olaraq notariat kontoruna müraciət etmiş Tağıyeva Aygün Hüseyn qızına nə qanun, nə də vəsiyyət üzrə vərəsəlik verilməmişdir. İş üzrə Tağıyeva Rəfiqə Xanqulu qızının ailə üzvlərinə dəfələrlə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclaslarında iştirak edən olmamışdır. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının iddia tələbinin qismən təmin edilən hissəsində yoxlanılması təşkil edir. Çünkü, maraqlı şəxs yalnız həmin hissədə qətnaməni mübahisələndirmişdir. Eyni zamanda kollegiya qeyd edir ki, MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiyanın həddi ilə bağlı qeyd etdiyi kontekstdə kollegiya izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Qaradağ rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 557237 saylı, xx.xx.2012-ci il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən məlum olur ki, Tağıyev Abdulla Hüseyn oğlu xx.xx.2012-ci il tarixdə ölmüşdür. İş materiallarında olan AR DSKŞ-nin cavab məktubuna əsasən məlum olur ki, sığorta pulunun verilməsindən imtina edilmişdir, sığorta ödənişinin ödənilməməsinin əsası kimi izah olunmuşdur ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.1997-ci tarixdən əvvəl baş vermiş sığorta hadisələrinə həmin qanun tətbiq edilmir. Belə ki, mülki hüquq baxımından sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta hadisəsi hesab edilən hallar icbari sığorta üzrə icbari sığorta qanunvericiliyində, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Beləliklə, sığortaçının sığorta ödənişi vəzifəsinin yaranmasının hüquqi əsası həm icbari sığorta haqqında qanunvericilik müddəaları, həm də tərəflər arasında bağlanmış sığorta müqaviləsi çıxış edə bilər. “Hərbi qulluqçuların statusu haqqında” xx xxxxxx 1991-ci il tarixli Qanuna görə hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər və bu sığortalamanın qaydası, şərtləri və sığorta ödənişlərinin məbləği Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxxxx 1991-ci il tarixli Fərmanı ilə Maliyyə Nazirliyi yanında fəaliyyət göstərən Dövlət Sığortası İdarə Heyətinin bazasında Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti yaradılmış və respublikada icbari sığortalamanın bütün növlərini həyata keçirmək həmin Şirkətə həvalə edilmişdir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun preambulasına əsasən bu Qanun hərbi qulluqçuların sosial müdafiəsini gücləndirmək məqsədilə onların həyatının və səhhətinin dövlət icbari şəxsi sığortası qaydalarını və şərtlərini müəyyən edir. Qanun müəyyən edir ki, hərbi qulluqçuların sığortaçısı dövlət sığorta orqanıdır (Dövlət Sığorta Kommersiya Şirkəti) (maddə 3). Qanuna xx xxxxxxx 2006-cı il tarixdə edilmiş dəyişikliklərə əsasən hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir (maddə 4). Sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə, sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə; sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) ona müəyyən edilmiş sığorta məbləğinin 100 faizi nisbətində sığorta ödənişi verilir. (maddə 5 a, b, c). Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası müvafiq icra hakimiyyəti orqanları (sığortalılar) (o cümlədən hərbi qulluqçulqar üçün Azərbaycan Respublikasının Müdafiə Nazirliyi) üçün bu məqsədlə hər il dövlət büdcəsində nəzərdə tutulmuş vəsait hesabına aparılır (maddə 6). “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə adı çəkilən Qanunun müvafiq maddələrində birdəfəlik sığorta məbləğinin artırılması hərbi qulluqçuların qanunvericiliklə müəyyən edilmiş hüquq və azadlıqlarının mahiyyətinə və həcminə təsir etmir, həmin hüquq və azadlıqlar olduğu kimi qalır. Bu baxımdan, birdəfəlik sığorta məbləğinin artırılması hərbi qulluqçuların Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş “hüquqi vəziyyətini yaxşılaşdıran” hal kimi qəbul oluna bilməz. Bununla belə, Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” xx xxx 1997-ci il tarixli Qanun qüvvəyə minənədək həlak olmuş, itkin düşmüş, xəsarət almış, lakin hal-hazıra qədər bu əsaslara görə sığorta məbləğini almamış hərbi qulluqçulara münasibətdə bu Qanunla müəyyən edilmiş sığorta məbləğinin verilməsi məsələsi Konstitusiyanın 12, 16 və 25-ci maddələrinin tələbləri baxımından həll edilməlidir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanun qüvvəyə minənədək həlak olmuş, itkin düşmüş, xəsarət almış və bu əsaslara görə sığorta məbləğini almamış hərbi qulluqçulara və ya onların vərəsələrinə bu məbləğin ödənilməsindən imtina konstitusiya prinsipi olan bərabərlik hüququnu pozmuş olur. Belə ki, hərbi qulluqçular eyni kateqoriyaya aid və bərabər statusa malikdirlər və “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanuna əsasən onlara eyni sığorta riskinə qarşı eyni təminatlar verilir. Konstitusiya prinsipi olan bərabərlik prinsipi isə bərabər şərtlər daxilində hüquq subyektlərinin bərabər vəziyyətdə olmalarını nəzərdə tutur və ən əsası eyni kateqoriyaya aid şəxslərə hər hansı obyektiv və ağlabatan izah olmadan ayrı-seçkiliyin tətbiq olunmasını qadağan edir. Şəxsin hərbi qulluqda olma, hərbi xidmət zamanı həlak olma (ölmə), itkin düşmə, xəsarət və əlillik qrupu alma, həmçinin yararsız kimi tərxis olunma tarixləri sığorta hadisəsinin baş vermə faktını inkar etmir və bu, sığorta ödənişinin ödənilməsindən imtina üçün müstəqil əsas ola bilməz. Əks təqdirdə, bu hal hərbi xidmət zamanı həlak olmuş (ölmüş), itkin düşmüş və sağlamlığını itirmiş şəxslər arasında sadəcə tarixə əsaslanmaqla ağlabatan olmayan differensasiyanın aparılmasına səbəb olar. Bu isə eyni kateqoriyaya aid olan şəxslərin sosial hüquqlarının fərqləndirilməsinə gətirib çıxararaq, insan və vətəndaş hüquq və azadlıqlarının mümkün məhdudlaşdırılmasına dair konstitusiya məqsədlərilə uyğunlaşmır və konstitusiya prinsipi olan bərabərlik hüququnun tələblərini pozur. Qərarda, həmçinin qeyd olunur ki, müvafiq icra hakimiyyəti orqanı ilə müqavilə bağlayaraq sığortaçı sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda, sığorta olunana (faydalanan şəxsə) qanunvericiliklə müəyyən olunmuş sığorta ödənişini vermək öhdəliyini öz üzərinə götürür. Sığortaçının bu öhdəliyi mülki hüquq müqaviləsindən irəli gəlsə də, o, sığorta ödənişini edərkən sığorta olunanla (faydalanan şəxslə) münasibətlərdə dövlətin adından çıxış edir, Konstitusiyadan irəli gələn həmin şəxslərin həyatına və yaxud sağlamlığına vurulmuş zərərə görə dövlətin kompensasiya ödəmək vəzifəsini həyata keçirərək, həm də publik funksiyanı yerinə yetirir. Sığortaçının bu funksiyanı öz üzərinə götürməsi sığortalını müqavilə üzrə öhdəliklərini yerinə yetirmək, dövləti isə həmin xərclərin lazımi qaydada maliyyələşdirilməsini təmin etmək vəzifəsindən azad etmir. Hərbi qulluqçuların və onlara bərabər tutulmuş şəxslərin həyatının və sağlamlığının dövlət icbari şəxsi sığortası həyata keçirilərkən müqavilənin bağlanmaması nəticə etibarilə dövlətlə hərbi xidmətdə olduğu zaman həyatına və yaxud sağlamlığına zərər dəymiş şəxs arasında mövcud olan hüquqların və vəzifələrin mahiyyətini (təbiətini) dəyişdirə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu qeyd olunan hüquqi mövqelərə əsasən “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” xx xxx 1997-ci il tarixli Qanun qüvvəyə minənədək həlak olmuş, itkin düşmüş, xəsarət almış, lakin hal-hazıra qədər sığorta məbləğini almamış hərbi qulluqçulara, həmin məbləğin ödənilməsi qaydasının və şərtlərinin müəyyən edilməsini Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə etmiş, həmçinin xüsusi olaraq qeyd etmişdir ki, qanunverici bu mexanizmin qaydasını və şərtlərini tənzimləyərkən, sığorta məbləğinin ödənilməsinin müxtəlif üsullarını seçə bilər, lakin qanunvericiliklə 2006-cı ildə artıq müəyyən edilmiş sığorta məbləğinin ödənilməsi həcmi ləğv edilə və ya azaldıla bilməz, bu həcm şərtsiz gözlənilməlidir. Bunun əksi, hüquqi tənzimlənmənin ağlabatan sabitliyi və qüvvədə olan hüquq normaları sisteminə əsassız dəyişikliklərin edilməsinin yolverilməzliyini nəzərdə tutan vətəndaşların qanuna olan etimadının gözlənilməsi prinsipinin pozulmasına səbəb olar. Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli Qərarında isə müəyyən edilmişdir ki, Konstitusiya Məhkəməsinin qərarları Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir və qüvvəyə mindikdən sonra şərtsiz icra olunmalıdır. Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə kollegiya qeyd edir ki, kollegiyanın sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən məhkəməyə ünvanlanan xx xxxxxx 2021-ci il tarixli məktubdan görünür ki, hərbi qulluqçu Tağıyev Abdulla Hüseyn oğlunun ölümü ilə bağlı onun vərəsəsi olan anası Tağıyeva Rəfiqə Xanqulu qızının xeyrinə yuxarıda qeyd edilən Binəqədi rayon Məhkəməsinin qətnaməsi ilə 11000 (on bir min) manat sığorta ödənişinin Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq ödənilməsi qət edilmişdir. Lakin, Tağıyeva Rəfiqə Xanqulu qızının ölməsi səbəbindən 11000 (on bir min) manat sığorta ödənişini Rəfiqə Tağıyevanm qızı Tağıyeva Aygün Hüseyn qızı almışdır. Həmin ödəniş Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli Fərmanının 7.2-ci bəndinə uyğun olaraq Maliyyə Nazirliyi tərəfindən xx.xx.2018-ci il tarixdə ödənilmişdir. Göründüyü kimi hazırki qətnamə artıq icra olunmuşdur. Buna görə də kollegiya, Sona Tağıyevaya izah edir ki, onun apellyasiya şikayətində yenidən qeyd etdiyi məbləğin ona ödənilməsinin qərara alınması mümkün deyildir. O, sığorta ödənişini qəbul etmiş şəxsə qarşı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etməsi halında, səlahiyyətli məhkəmə tərəfindən onun tələblərinə (dəlillərinə) hüquqi qiymət verilə bilər. Kollegiya bildirir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Kollegiya nəzərə alır ki, MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7719/2014 saylı, xx xxxxxx 2014-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar