Məhkəmə qərarları › İş №2(103)-14124/2019

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-14124/2019

27.11.2019 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-14124/2019 27.11.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Sarıyevin sədrliyi ilə, X4 və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ülkər Səfər qızı Axundovanın katibliyi ilə, İddiaçı, onun nümayəndəsi X1, Cavabdeh Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 iştirakları ilə, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 27 avqust 2019-cu il tarixli, 2(006)-4356/2019 saylı qətnaməsindən Azərbaycan Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ləğv prosesində olan “xxxx” ASC ilə onun arasında bağlanmış 19 fevral 2016-cı il tarixli, ********* nömrəli bank əmanəti müqaviləsinin ləğv edilməsi və 10.000 ABŞ dolları məbləğində pulun ödəniş gününə Azərbaycan manatına məzənnəsinə uyğun olaraq cavabdeh Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondundan alınaraq ona verilməsi və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 19 fevral 2016-cı il tarixdə ləğv prosesində olan "xxxx" ASC ilə iddiaçı arasında ********* nömrəli bank əmanəti (göy əmanət) müqaviləsi bağlanmışdır və iddiaçı tərəfindən 10.000 ABŞ dolları məbləğində vəsait banka köçürülmüşdür. Bağlanmış müqavilənin şərtlərinə əsasən müqavilə bir il müddətinə, 19.02.2017-ci il tarixədək illik 9% olmaqla bağlanmışdır. Həmçinin müqavilənin 6.7-ci bəndində sığorta hadisəsi baş verdikdə əmanətçiyə əmanətin 100 faizi həcmində, lakin 30 min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilməsi nəzərdə tutulmuşdur. Müqavilənin müddəti 19.02.2017-ci il tarixdə bitmişdir, lakin müqavilənin müddətinin uzadılması barədə təklif olmadığından müqavilənin şərtinə uyğun, bir il müddətinə uzadılmış hesab edilmişdir. Lakin iddiaçıya məlum olmuşdur ki, müqavilə müddəti uzadılarkən şərtləri pozulmuşdur. Belə ki, sığortalı əmanətdən sığortasız əmanətə keçirilmişdir. Qanunvericiliyə uyğun olaraq müqaviləyə dəyişiklik hər iki tərəfin razılığı ilə ola bilər, lakin tərəf iddiaçıya məlumat vermədən əmanəti sığortasız əmanətə keçirmiş və müqavilənin şərtlərini pozmuşdur. Müqavilənin ləğv edilməsi və əmanətin qaytarılması barədə cavabdehə iddiaçı tərəfindən təklif verilmişdir, lakin cavabdeh tərəfindən təklifə münasibət bildirilməmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edilmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 27 avqust 2019-cu il tarixli, 2(006)-4356/2019 saylı qətnaməsi ilə iddia təmin edilmiş, əmanət üzrə kompensasiya olaraq 10.512 (on min beş yüz on iki) ABŞ dolları məbləğində pulun cavabdeh Əmanətlərin Sığortalanması Fondundan tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh Azərbaycan Əmanətlərin Sığortalanması Fondu qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 27 avqust 2019-cu il tarixli, 2(006)-4356/2019 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətində qeyd olunur ki, İddiaçı tərəfindən yerləşdirilmiş əmanət cəlb edildiyi tarixdə qorunan əmanət statusunda olsa da, Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının 01 mart 2016-cı il tarixli qərarına uyğun olaraq xarici valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddindən (3%-dən) yuxarı olduğuna görə həmin qərarın qüvvəyə mindiyi andan etibarən qorunmayan əmanət statusunda olmuşdur. Bundan başqa 23 fevral 2017ci il tarixində Əmanət müqaviləsi üzrə müddət bitmiş və müqavilənin 5.2-ci maddəsinə müvafiq olaraq müddət 1 il müddətinə müqavilə şərtlərinə müvafiq olaraq Bankda qüvvədə olan faiz dərəcəsi tətbiq olunmaqla uzadılmışdır. 19.02.2017-ci il tarixli Əmanət müqaviləsinin 5.2-ci maddəsində göstərilmişdir ki, müqavilənin 1.4-cü bəndi ilə müəyyən olunan müddətin bitdiyi sonuncu gün əmanət Əmanətçi tərəfindən geri götürülmədikdə, bu müqavilə eyni şərtlərlə həmin tarixdən, lakin həmin gün Bankda qüvvədə olan faiz dərəcəsi tətbiq olunmaqla uzadılmış hesab edilir. Hazırki mübahisəedilən əmanət müqaviləsi üzrə illik faiz dərəcəsi əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsindən (3%-dən) yuxarı dərəcədə uzadılmışdır. İddiaçı tərəfindən əmanətin geri qaytarılması və ya faiz dərəcəsinin xarici əmanətlər üzrə müəyyən edilmiş faiz dərəcəsinə uyğunlaşdırılması barədə müraciət daxil olmamışdır. Göründüyü kimi, İddiaçı əmanəti 19 fevral 2017-ci il tarixli bank əmanət müqaviləsi üzrə 10000 ABŞ dolları məbləğində əmanəti faiz dərəcəsinin yuxarı həddindən (3%-dən) çox olduğundan qorunan əmanət hesab edilməmişdir. Qeyd olunduğu kimi əmanətin “Əmanətlərin tam sığortalanması” haqqında Qanunun tələbləri altına düşməsi üçün müəyyənləşdirilmiş faiz dərəcələri əmanət müqaviləsindəki faiz dərəcəsi ilə uyğunluq təşkil etməli və ya əmanətçinin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrdə müvafiq dəyişiklik edilməlidir. Lakin göründüyü kimi əmanətçi tərəfindən Banka belə bir müraciət daxil olmamışdır. Bundan əlavə Bankın tələbi kreditor tələbi kimi qeydə alınmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X5 apellyasiya şikayətinin məzmumununa uyğun izahat verərək, şikayətin təmin edilməsi, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından QSC “xxxx” ASC-nin “Binəqədi” filialı ilə əmanətçi İddiaçı arasında bağlanmış 19.02.2016-cı il tarixli, ********* saylı Bank əmanəti (Göy Əmanət) Müqaviləsindən görünür ki, Bank əmanətçidən daxil olmuş 10.000 ABŞ dolları məbləğində əmanəti qəbul edərək, bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanətçiyə qaytarmağı və onun üçün faiz ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.4-cü maddəsinə əsasən müqavilənin müddəti 12 aydır. Bank əmanətçiyə illik 9 % ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş İddiaçı Əmanətlərin Sığortalanması Fonduna ünvanladığı 13.03.2019-cu il tarixli təklif məktubunun surətindən görünür ki, 19 fevral 2016-cı il tarixdə ləğv prosesində olan “xxxx” ASC ilə İddiaçı arasında ********* nömrəli bank əmanəti (göy əmanət) müqaviləsi bağlanmışdır və İddiaçı tərəfindən 10.000 ABŞ dolları məbləğində vəsait banka köçürülmüşdür. Bağlanmış müqavilənin şərtlərinə əsasən müqavilə bir il müddətinə, 19.02.2017-ci il tarixədək illik 9% olmaqla bağlanmışdır. Həmçinin müqavilənin 6.7-ci bəndində sığorta hadisəsi baş verdikdə əmanətçiyə əmanətin 100 faizi həcmində, lakin 30 min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilməsi nəzərdə tutulmuşdur. Müqavilənin müddəti 19.02.2017-ci il tarixdə bitmişdir, lakin müqavilənin müddətinin uzadılması barədə təklif olmadığından müqavilənin şərtinə uyğun, bir il müddətinə uzadılmış hesab edilmişdir. Lakin iddiaçıya məlum olmuşdur ki, müqavilə müddəti uzadılarkən şərtləri pozulmuşdur. Belə ki, sığortalı əmanətdən sığortasız əmanətə keçirilmişdir. Qanunvericiliyə uyğun olaraq müqaviləyə dəyişiklik hər iki tərəfin razılığı ilə ola bilər, lakin tərəf iddiaçıya məlumat vermədən əmanəti sığortasız əmanətə keçirmiş və müqavilənin şərtlərini pozmuşdur. 19 fevral 2016-cı il tarixdə ləğv prosesində olan "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış müqavilənin ləğv edilməsi və pulun qaytarılması barədə tədbir görülməsi təklif olunmuşdur. İş materiallarında olan 02 fevral 2018-ci il tarixli, 0241 saylı qəbzin surətindən görünür ki, İddiaçı Ləğv prosesində olan “xxxx” ASC qarşısında 10512 ABŞ dolları məbləğində kreditor tələbi qeydə alınmışdır. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən qeyd etmişdir ki, “Əmanətlərin sığortalanması haqqında” və “Əmanətlərin tam sığortalanması haqqında” Qanunların tələblərini və Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında Bakı Apellyasiya Məhkəməsinin 27 dekabr 2017-ci il tarixli qərarı ilə “xxxx” ASC 02.12.2017-ci il tarixdən müflis elan edildiyini, yəni “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1.9-cu maddəsinə uyğun olaraq sığorta hadisəsinin baş verdiyini, İddiaçı ilə LPO “xxxx” ASC arasında bağlanmış 19 fevral 2016-cı il tarixli bank əmanəti (göy əmanət) müqaviləsinə əsasən xarici valyutada qoyulmuş əmanət üzrə illik faiz dərəcəsinin 9 faiz həddində müəyyən edildiyini və beləliklə də əmanət məbləğinin tam sığortalı əmanət kateqoriyasına aid edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçının əmanət məbləği qanunvericilikdə nəzərdə tutulmuş tələblərə görə tam qorunan əmanətlərə aiddir və ona görə də tam şəkildə kompensasiya olunmalıdır. Kollegiya hesab edir ki, məhkəmə iddianı təmin etməklə, düzgün nəticəyə gəlsə də, düzgün olmayaraq qorunan əmanətə tam qorunan əmanət kimi qiymət vermişdir. Buna görə də, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Belə olan halda, qətnamə ləğv edilməli, işdə olan sübutlar əsasında işə baxılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 944.1-ci maddəsinə əsasən Bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanunun: 2.1.1-ci maddəsinə əsasən əmanət - hesablanmış faizlər də daxil olmaqla, bankın milli və xarici valyutada qəbul etdiyi və müvafiq qanunvericiliyə və ya müqaviləyə əsasən geri ödəməli olduğu pul vəsaitləridir; 2.1.2-ci maddəsinə əsasən qorunan əmanət - sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir; 2.1.2.6-ci maddəsinə əsasən cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunan əmanətlərə aid edilmir; 2.1.3-cü maddəsinə əsasən sığortalanmış əmanət-qorunan əmanətçinin qorunan əmanətinin Fond tərəfindən kompensasiya ödənilən hissəsidir; 2.1.11-ci maddəsinə əsasən kompensasiya-sığorta hadisəsi baş verdikdə, qorunan əmanətçilərə ödənilən pul vəsaitidir; 8.1.20-ci maddəsinə əsasən qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən edir; 25.1.4-cü maddəsinə əsasən əmanətçilərin bu qanuna uyğun olaraq əmanətlər üzrə kompensasiya almaq hüquqları vardır; 26.1-ci maddəsinə əsasən Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30 (otuz) min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir; 27.1-ci maddəsinə əsasən milli valyutada olan əmanətlər üzrə kompensasiya manatla, xarici valyutada olan əmanətlər üzrə isə əmanətlərin valyutasında ödənilir. Əmanətlər ABŞ dolları və ya Avroda olmadıqda, kompensasiya bu valyutaların biri ilə sığorta hadisəsinin baş verdiyi günə Mərkəzi Bankın müvafiq valyutalar üzrə müəyyən etdiyi rəsmi məzənnələr əsasında hesablanmış çarpaz məzənnə üzrə hesablanır və ödənilir. “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun: 4.1-ci maddəsinə əsasən qorunan əmanətçilərin bu Qanunun qüvvəyə mindiyi günə bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan banklarda mövcud olan və illik faiz dərəcələri Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddindən yuxarı olan əmanətləri həmin əmanətçilərin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrində bu Qanunun 3-cü maddəsinin tələblərinə uyğun olaraq müvafiq dəyişikliklər edilməklə tam sığortalanır; 5.1-ci maddəsinə əsasən Əmanətlərin Sığortalanması Fondunun- iştirakçı banklarında sığorta hadisəsi baş verdikdə tam sığortalanmış əmanət üzrə kompensasiya əmanətin 100 faizi həcmində “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsində nəzərdə tutulan şərt tətbiq edilmədən ödənilir. Beləliklə işdə olan sübutlarla müəyyən olunur ki, “xxxx” ASC-nin “Binəqədi” filialı ilə əmanətçi İddiaçı arasında 19.02.2016-cı il tarixli bank əmanəti (göy əmanət) müqaviləsi bağlanmış, iddiaçı (əmanətçi) əmanət məbləğini Banka illik 9% ödənilməsi şərti ilə yerləşdirmişdir. Tərəflər arasında bağlanmış müqavilənin müddəti bitdiyi zaman iddiaçı tərəfindən əmanət geri götürülməmiş və müqavilənin 5.2-ci bəndinə əsaslanaraq müqavilə bank tərəfindən uzadılmışdır. Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 22 dekabr 2017-cı il tarixli 49/1 saylı qərarı ilə “xxxx” ASC-yə bank fəaliyyəti üçün verilmiş lisenziya 23 dekabr 2017-ci il tarixindən ləğv edilmiş, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq “xxxx” ASC-də sığorta hadisəsi günü 22 dekabr 2017-ci il müəyyən edilmişdir. Həmçinin Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında Bakı Apellyasiya Məhkəməsinin 27 dekabr 2017-ci il tarixli qərarı ilə “xxxx” ASC müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu banka ləğvedici təyin edilmişdir. Maliyyə Bazarlarına Nəzarət Palatası “xxxx” ASC-yə qarşı qorunan əmanətlərin həcminin artırılması, habelə mövcud əmanətlərin (depozitlərin) şərtlərinin dəyişdirilməsi yolu ilə qorunan əmanət (depozit) statusuna aid edilməsinə dair əməliyyatların həyata keçirilməsi və ya əqdlərin bağlanmasının dayandırılması barədə təshih tədbirləri tətbiq etmiş və bu barədə 2017-ci il 27 sentyabr tarixli məktubla banka, həmçinin “Əmanətlərin sığortalanması haqqında” Qanunun 21.4.4-cü maddəsinə əsasən 2017-ci il 19 oktyabr tarixli məktubla Fonda məlumat vermişdir. “Əmanətlərin Sığortalanması Fondu”nun Himayəçilik Şurasının 23 fevral 2015-ci il tarixli qərarına əsasən qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 24 fevral 2015-ci il tarixdən 12 faiz müəyyən edilmişdir. “Əmanətlərin Sığortalanması Fondu”nun X6 Bazarlarına nəzarət Palatası və Mərkəzi Bankla razılaşdırılmaqla 02 mart 2016-cı il tarixdən etibarən fonda üzv banklarda qəbul edilən əmanətlər illik faiz dərəcəsi xarici valyuta üzrə 3 faiz və milli valyuta üzrə 15 faiz olmaqla 3 il müddətində tam sığortalanır. İş materiallarından göründüyü kimi, iddiaçı ilə Bank arasında əmanət müqaviləsi 19 fevral 2016-cı il tarixdə, yəni 24 fevral 2015-ci il tarixdən sonra imzalanmış, əmanət üçün illik 9 faiz dərəcəsi müəyyən edilmişdir. Həm qanunvericiliyin qeyd olunan tələbləri baxımından, həm də Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının müvafiq qərarına əsasən kollegiya hesab edir ki, iddiaçının əmanət məbləği qanunvericilikdə nəzərdə tutulmuş qorunan əmanətlərə aiddir, ona görə də tam şəkildə kompensasiya olunmalı və kompensasiya məbləği tam şəkildə iddiaçıya ödənilməlidir. Kollegiya hesab edir ki, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən əmanət xarici valyuta olan ABŞ dollarında olduğundan, həmin valyutada iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən dövlət rüsumu iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən alınır. Həmin Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Kollegiya apellyatorun iddiaçının əmanətinin qorunmayan əmanət olması ilə bağlı dəlillərini və digər dəlillərini yuxarıda şərh olunan əsaslara görə əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88-ci maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 385.1.1, 385.1.2-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən isə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh Azərbaycan Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 27 avqust 2019-cu il tarixli, 2(006)- 4356/2019 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. Əmanət üzrə kompensasiya olaraq 10512 (on min beş yüz on iki) ABŞ dolları məbləğində pul və 30 (otuz) manat dövlət rüsumu cavabdeh Əmanətlərin Sığortalanması Fondundan tutularaq, İddiaçı ödənilsin. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Hakim: Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar