Məhkəmə qərarları › İş №2(103)-1413/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1413/2020

24.01.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1413/2020 24.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, məhkəmə iclas katibi Murtuzayeva Yeganə Hüseyin qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 21 oktyabr 2019-cu il tarixli qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən işə, cavabdehin vəkili (nümayəndəsi) X1 və iddiaçının iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia ərizəsi ilə Nizami Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, onunla cavabdehin birgə nikahlarından doğulmuş övladlarının – xx.xx.2006-cı il təvəllüdlü X4, xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər uşaq üçün 300 manat alimentin, habelə azyaşlı Melisa 3 yaşına çatanadək 150 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh xx.xx.2005-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahdan 3 uşaqları var. Nikahdan uşaqların olmasına baxmayaraq iş üzrə tərəflərin münasibətləri pozulmuş, onlar ər-arvad münasibətlərini kəsmiş və hazırda faktiki olaraq ayrı yaşayırlar, uşaqlar iddiaçının yanında yaşayırlar. Cavabdeh uşaqların saxlanılması üçün iddiaçıya hər hansı formada, o cümlədən də maddi yardım göstərmir. İddiaçı hesab edir ki, uşaqların maddi cəhətdən təmin olunması bir ata kimi cavabdehin vəzifəsi olduğu üçün uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün cavabdehdən aliment, azyaşlı Melisa 3 yaşına çatanadək isə 150 manat tutulmalıdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay, hər uşağa görə 120 manat, ümumilikdə isə 360 manat məbləğində alimentin, azyaşlı Melisa 3 yaşına çatanadək isə 50 manatın cavabdehdən alınaraq iddiaçıya ödənilməsini, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin qismən, yəni alimentin müəyyən edilməsi hissəsində ləğv edilməsini və həmin hissədə hər uşağa görə alimentin məbləğinin 170 manat müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilir ki, iddiaçı özü işləmir, uşaqların tələbatlarını təkbaşına qarşılaya bilmir. Maddi imkanı qənaətbəxş olan cavabdeh iddiaçıya kömək etmir. Rayon Məhkəməsinin hər uşağa görə qət etdiyi 150 manat aliment məbləği 2019-cu il üçün uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumumdan azdır. Apellyasiya baxışı iclasında iştirak edən iddiaçı, apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verdi. İş üzrə cavabdehin vəkili (nümayəndəsi) apellyasiya baxışında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. Məhkəmə hazırki apellyasiya baxışının hədləri ilə bağlı bildirir ki, Rayon Məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilsə də, cavabdeh iddianın bir hissəsinin təmin edilməsi barədə Rayon Məhkəməsinin nəticəsindən apellyasiya şikayəti verməmişdir. Qətnamədən apellyasiya şikayəti vermiş iddiaçı isə, qətnaməni yalnız cavabdehdən tutulacaq alimentin məbləğinin müəyyən edilməsi hissəsində mübahisələndirmişdir. MPM-nin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə, mübahisə predmetinin bölünməz olmadığını nəzərə alaraq qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. Məhkəmə iş materiallarını, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, apellyasiya baxışının predmeti olan hissədə qətnamə ləğv edilməlidir. Belə ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı ilə cavabdehin birgə nikahlarından tərəflərin üç uşağı var – xx.xx.2006-cı il təvəllüdlü Surə, xx.xx.2008-ci il təvəllüdlü Fidan və xx.xx.2017-ci il təvəllüdlü Melisa. Tərəflərin münasibətləri pisləşdiyindən onlar ər-arvad münasibətlərini kəsərək ayrılmışlar. Hər iki uşaq iddiaçının yanında qalmışdır. İddiaçı bildirir ki, cavabdeh uşaqların saxlanılmasında iştirak etmir. İddiaçı iddia ərizəsində hər uşağa görə alimentin məbləğinin 300 manat müəyyən edilməsini tələb etsə də, apellyasiya şikayətində həmin məbləğin azaldılaraq 170 manat olmasını xahiş edir. Cavabdeh isə bildirir ki, o, işləmir və Rayon Məhkəməsinin hər uşağa görə müəyyən etdiyi 120 manat onların tələbatlarını qarşılamaq üçün kifayətdir. Məhkəmə mövcud mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Rayon Məhkəməsi alimentin miqdarını 120 manat müəyyən etməkdə düzgün nəticəyə gəlməmişdir. Çünki, “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə görə, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə və BMT-nın “Uşaq hüquqları haqqında” Konvensiyasının 27-ci maddəsinə görə, uşağın ölkədaxili qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat hüququ vardır. “Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunundan görünür ki, 2019-cu il üçün yaşayış minimumu uşaqlar üçün 160 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, valideynlər arasında aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Göründüyü kimi uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Belə olan halda Məhkəmə hesab edir ki, cavabdehdən tutulmalı aliment məbləği hər uşağa görə 160 manat müəyyən edilməlidir. Beləliklə göstərilənləri, MPM-nin 385-ci maddəsinin tələblərini nəzərə alan və MPMnin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanan Məhkəmə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə ləğv edilməli və həmin hissədə iddianın qismən təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 21 oktyabr 2019-cu il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. xx.xx.2006-cı il təvəllüdlü X4, xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər uşaq üçün 160 manat, cəmi isə 480 manat məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Müəyyən edilsin ki, Nizami Rayon Məhkəməsinin 21 oktyabr 2019-cu il tarixli qətnaməsi, xx.xx.2006-cı il təvəllüdlü X4, xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulması, xx.xx.2017-ci il təvəllüdlü Melisanın üç yaşına çatanadək cavabdehdən iddiaçının xeyrinə hər ay 50 manat tutulması, habelə iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun cavabdehə aid edilməsi hissələrində apellyasiya baxışının predmeti olmamışdır. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakimlər (imza) Məmməd Məmmədov (imza) Şeyda Məhərrəmova (imza) Elşad Şamayev “Əsli ilə düzdür” Hakim Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar