Məhkəmə qərarları › İş №2(103)-1419/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1419/2024

18.01.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1419/2024 18.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X4 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X3 ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X8 və X7 cəlb edilməklə Cavabdeh qarşı “bağışlama müqaviləsinin ləğvi, mirasda məcburi payların mənzil hesabına artırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1166/2023 saylı, 13 oktyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçıların nümayəndəsi-vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “bağışlama müqaviləsinin ləğvi, mirasda məcburi payların mənzil hesabına artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilin X1 tərəfindən Cavabdeh bağışlanmasına dair 5 saylı Bakı Asan Xidmət Mərkəzində notariat ofisinin xüsusi notariusu X2 tərəfindən 17 sentyabr 2020-cu il tarixdə rəsmiləşdirilmiş 4Ə-1174 nömrəli bağışlama müqaviləsinin ləğv edilərək, mirasda məcburi payın mənzil hesabına artırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1166/2023 saylı 13 oktyabr 2023cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçıların nümayəndəsi-vəkili Vəkil1 apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1166/2023 saylı, 13 oktyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçıların nümayəndəsi-vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilməli və mülki iş, apellyasiya şikayətinin vaxtında verilib-verilmədiyi məsələsinə qiymət verilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 128.1-ci maddəsinə əsasən, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Məcəllənin 130.1-ci maddəsinin tələblərinə görə, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur; Bu Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; Mülki Prosessual Məcəllənin 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.); Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər; Qeyd olunanlar kontekstində işin halları ondan ibarətdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1166/2023 saylı, 13 oktyabr 2023-cü il tarixli qətnaməsi iddiaçıların nümayəndəsi-vəkili Vəkil1 elektron kabinetinə 4 noyabr 2023-cü il tarixdə yerləşdirilmiş, apellyasiya şikayəti isə 6 dekabr 2023-cü il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə daxil olmuşdur. Göründüyü kimi apellyasiya şikayəti müddət ötürülməklə verilmişdir. Şikayəti verən iddiaçıların nümayəndəsi-vəkili Vəkil1 tərəfindən şikayətə prosessual müddətin bərpa olunması barədə vəsatət də əlavə edilməmişdir. Buna baxmayaraq birinci instansiya məhkəməsi apelyasiya şikayətini mümkün hesab edərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə aktlarından şikayətin verilməsi mülki prosessual qanunvericiliklə dəqiq tənzimləndiyindən, həmin müddətlərə riayət edilməsi proses iştirakçılarını intizamlandırmaqla yanaşı, mülki prosesin təməl prinsiplərindən olan “hüquqi müəyyənlik” prinsipindən irəli gəlir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi zamanı Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilmədiyindən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1166/2023 saylı, 13 oktyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçıların nümayəndəsi-vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və şikayət ona qaytarılması üçün işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264,366.3 və 402.2.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1166/2023 saylı, 13 oktyabr 2023cü il tarixli qətnaməsindən iddiaçıların nümayəndəsi-vəkili Vəkil1 tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və şikayət ona geri qaytarılması üçün işlə birlikdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar