Məhkəmə qərarları › İş №2(103)-142/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-142/2021

10.03.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-142/2021 10.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Bayramova Fidan Rafiq qızının katibliyi, İddiaçı, Cavabdeh MTK-nın nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “ödənilməmiş əmək haqqının, məzuniyyət pulunun və gecikdirilmiş vaxt üçün ödəncin ödənilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, Cavabdeh MTK-dan onun xeyrinə işlədiyi dövr ərzində ödənilməyən 3060 manat əmək haqqının və əmək haqqının vaxtında verilmədiyi üçün gecikdirilmiş hər gün üçün 2% olmaqla, cəmi 34.680 manat ödəncin, istifadə etmədiyi məzuniyyətlər üçün pul əvəzinin və digər ödəmələrin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı, apelyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, məhkəmə bilərəkdən tarixlərini açıqlamadan göstərmişdir ki, guya iddiaçıya ayrı-ayrı vaxtlarda əmək haqqı nağd şəkildə ödənilmişdir. Sübut kimi qəbul edilməsi mümkünsüz olan bu sənədləri məhkəmənin mötəbər hesab etməsi isə təəssüf doğurur. Necə ola bilər ki, 2018-ci ilin mart aprel ayının əmək haqqı, may ayında verilməli olan son haqq hesab, istifadə edilməmiş məzuniyyət pulu bundan bir il əvvəl verilsin. Cavabdeh MTK, apelyasiya şikayətinə etiraz təqdim edərək, bildirmişdir ki, çalışdığı dövr ərzində iddiaçıya hər ay əmək haqqı ödənilmiş və bu barədə o, hər ay əmək haqqı kitabına imza etmişdir. Əgər o, həqiqətən 17 ay ərzində heç vaxt əmək haqqı almamışdırsa, nə üçün bu müddət ərzində özünün də hüquqşünas olmasına baxmayaraq, heç bir tədbir görməmişdir. Eyni zamanda, iddiaçının işlədiyi dövr üzrə əmək haqqı almadığı heab edilsə belə, bu halda da o, işdən azd edildiyi vaxtdan bir il sonra iddia ilə məhkəməyə müraciət edərək, iddia müddətini ötürmüşdür. Məhkəmə isə, iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizəyə qiymət verməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı, apelyasiya şikayətinin dəlilərinə uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etdi. Suala cavab olaraq bildirdi ki, cavabdeh müəssisədə işlədiyi bütün müddətə ərzində əmək haqqı almadığı halda, heç bir tədbir görməməsinin səbəbi rəhbərliklə aralarındakı səmimi münasibətlər, onların maliyyə vəziyyətinin pis olması barədə xəbərdar olması və buna görə də, müəyyən müddət güzəştə getməsi olmuşdur. İşlədiyi müddətdə ona heç bir ödəniş edilməmiş, aralarında sərbəst iş qrafiki olmuş və bu müddət ərzində o, işəgötürənin bütün tapşırıqlarını icra etmişdir. Ödənişsiz məzuniyyətə buraxılması barədə əmrdən xəbəri olmamış, həmin iki ay ərzində də cavabdeh üçün müqaviləyə uyğun olaraq müvafiq xidmətlər göstərmişdir. Həmin əmr qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə ləğv edilmişdir. Cavadehin nümayəndəsi və vəkili isə, şikayətə etiraz verərək, həmçinin bildirmişdir ki, iddiaçı tərəfindən qanunla müəyyən edilmiş bir illlik iddia müddəti ötürülmüşdür. Ona görə də, tələb haqlı sayılacağı halda belə onun müdafiəsi müddəti ötürüldüyündən iddia rədd olunmalıdır. Birinci instansiya məhkəməsinin iddia müddətini tətbiq etməməsi əsassız olmuşdur. Kollegiya, tərəfləri dinləyib, apelyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən olunmalıdır. İşin müəyyən edilmiş faktiki hallarına əsasən, İddiaçı xx.xx.2016-cı il tarixli, 18 nömrəli əmrlə Cavabdeh MTK-da hüquqşünas vəzifəsinə işə qəbul edilmişdir. Tərəflər arasında sərbəst qrafiklə həmin tarixdən xx.xx.2017-ci il tarixədək müddətli əmək müqaviləsi bağlanılmış və müqaviləyə əsasən işçiyə hər ay 170 manat məbləğində əmək haqqı ödənilməsi nəzərdə tutulmuşdur. MTK-nın xx.xx.2018-ci il tarixli, 30 nömrəli əmri ilə ƏM-in 75-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə (tərəflər qarşılıqlı razılığı) əsasən İddiaçılə bağlanılmış əmək müqaviləsinə həmin tarixdən xitam verilmişdir. Emil Qanabyev məhkəmə qaydasında həmin əmri mübahisləndirmiş və Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə, Cavabdeh MTK tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli əmrin etibarsız hesab edilməklə ləğv edilməsi, xx.xx.2018-ci il tarixdən başlayaraq qətnamə icra olunan günədək hər ay müvafiq əmək haqqı ödənilməklə İddiaçı əvvəlki iş yerinə və vəzifəsinə bərpa olunması qət edilmişdir. Hazırda iddiaçı, cavabdehlə aralarında ilk dəfə əmək müqaviləsi bağlandığı xx.xx.2016-cı il tarixdən qanuni qüvvəsini almış məhkəmə qətnaməsilə işinə bərpa olunduğu xx.xx.2018-ci il tarixdək ona heç bir ödəniş edilmədiyini bildirərək, həmin dövr üzrə ödənilməmiş əmək haqqı və məzuniyyət pulunun və hər gün üçün 2% hesabı ilə geçikdirmə məbləğinin ödənilməsini tələb edir. Cavabdeh isə, təqdim etdiyi ödəniş cədvəllərinə, əmək haqqı kitabından çıxarışlara və mübahisəli dövr üzrə hesablanmış əmək haqqı hesabatına istinad edərək, həmin dövr üzrə iddiaçıya iddiaçıya ödənilməmiş hər hansı əmək haqqı və s. borcunun olmadığını bildirir. Kollegiya mübahisənin hüquqi həlli ilə bağlı bildirir ki, Əmək Məcəlləsinin 12-ci maddəsində əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri sadalanmış və onlardan biri kimi əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək vəzifəsi qeyd olunmuşdur. Həmin Məcəllənin 154.1-ci maddəsinə əsasən, əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Həmin Məcəllənin 172.1-ci maddəsinə əsasən, aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Göründüyü kimi, işəgötürən işçiyə gördüyü işlərə görə əmək haqqı ödəməyə borcludur. İşdə olan Cavabdeh MTK tərəfindən İddiaçıa hesablanmış xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək əmək haqları üzrə haqq hesab cədvəlindən görünür ki, ona xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək (mart-aprel 2018-ci il tarixlərdə 2 ay öz hesabına məzuniyyətdə olduğu qeyd olunaraq) 15 ay ərzində hər ay 170 manat olmaqla, cəmi 2550 manat əmək haqqı, 167,76 manat son haqq hesab və 27,30 manat gəlir vergisi, 81,53 manat DSMF-yə (3%), 2,54 manat işsizlik (0,5 %) vergisi olmaqla, cəmi 111,37 vergi hesablanmış, alacağı məbləğ 2606,39 manat müəyyən edilmiş və ona 2100 manat, daha sonra isə 506,39 manat ödəniş edilmişdir. İddiaçı əmək haqqı üzrə kassadan verilmiş nağd pul ödənişləri cədvəlinə əsasən, ona xx.xx.2017-ci il tarixdə iki dəfə 300 manat, xx.xx.2017-ci il tarixdə 200 manat, xx.xx.2017-ci il tarixdə 300 manat, xx.xx.2017-ci il tarixdə 200 manat, xx.xx.2017-ci il tarixdə 300 manat və xx.xx.2017-ci il tarixdə 500 manat olmaqla cəmi 2100 manat ödəniş edilmişdir. Həmin məbləğlərin İddiaçı tərəfindən qəbul edilməsi iş materiallarına əlavə edilmiş əmək haqqı kitabından çıxarışlarda hər bir tarix və məbləğ üzrə işçinin imzası ilə təsdqilənir. Göründüyü kimi, tərəflər arasında əmək münasibətlərinin xarakterinə görə nağd şəkildə və sərbəst qrafik üzrə olmaqla xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək əmək haqqı və həmin müddət üçün istifadə edilməmiş məzuniyyət üçün pul əvəzi işəgötürən tərəfindən ödənilmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin iddianın bu hissədə rədd olunması barədə gəldiyi qənaət əsaslıdır. Bununla belə, Kollegiya hesab edir ki, 2018-ci ilin mart və aprel ayları üzrə iddiaçıya əmək haqqı ödənilməlidir. Belə ki, Cavabdeh MTK-nın xx.xx.2018-ci il tarixli, 08 nömrəli əmrindən və yuxarıda qeyd olunan əmək haqqı hesab-cədvəlindən görünür ki, İddiaçı və başqa işçilər xx.xx.2018-ci il tarixdən 60 gün müddətinə öz hesablarına məzuniyyətə göndərilmişlər və həmin dövr üzrə iddiaçıya əmək haqqı ödənilməmişdir. İddiaçı, həmin əmrin ona aid hissəsinin ləğv edilməsi barədə iddia qaldırmış və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə sözügedən əmr İddiaçı aid hissədə ləğv edilmiş və qətnamə qanuni qüvvəyə minmişdir. Göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə İddiaçı 2018-ci ilin mart, aprel aylarında öz hesabına məzuniyyətdə olması barədə əmr ləğv edilmiş və qətnamədə İddiaçı həmin əmrdən xəbərinin olmadığı qeyd olunmuşdur. Odur ki, həmin hal tərəflər üçün preyidusial olduğuna görə Kollegiya, eyni xüsusat üzrə əlavə araşdırma aparılmasına zərurət görmür. Çünki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Belə olan halda, Cavabdeh MTK tərəfindən İddiaçı 2018-ci ilin mart və aprel ayları üzrə hər ay 170 manat olmaqla, ümumilikdə ödənilməmiş 340 manat əmək haqqı ödənilməlidir. Kollegiya, mübahisəli dövr üzrə əmək haqqının verilməsinin gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün 2 % hesabı ilə ödəncin tutulması tələbinə münasibətdə isə bildirir ki, Əmək Məcəlləsinin 172.5-ci maddəsinə əsasən, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. Bu maddənin tələblərinə görə əgər tərəflər arasında əmək haqqı borcunun yarandığı barədə mübahisə yoxdursa, yəni işəgötürən əmək haqqı borcunun yarandığını mübahisələndirmirsə, lakin ondan asılı olan üzürsüz səbəblərdən onun ödənilməsini gecikdirirsə və məhz bu gecikdirmə tərəflər arasında mübahisəyə səbəb olursa həmin mübahisəyə Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsi tətbiq edilməli və hesablanmış ödənc işəgötürəndən tutulmalıdır. Lakin əgər əmək haqqı borcunun yarandığı tərəflər arasında mübahisəyə səbəb olursa, onda qeyd olunan ödənc tutula bilməz. Belə ki, işəgötürən ümumiyyətlə əmək haqqı borcunun olmadığını iddia etdiyi üçün tələb olunan pulun verilmədiyi faktı özü-özlüyündə işəgötürənin təqsiri üzündən gecikdirilmə kimi qəbul oluna bilməz. Belə borcun olub-olmadığı yalnız mübahisənin səlahiyyətli orqan və ya məhkəmə tərəfindən həlli nəticəsində müəyyən edilir. Məcəllənin 172-ci maddəsinin qeydindən də göründüyü kimi, “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” ifadəsi, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Göründüyü kimi, maddədə söhbət tərəflərin mövcudluğunu mübahisəsiz qaydada qəbul etdikləri əmək haqqının gecikdirilməsindən gedir. Baxılan iş üzrə fərdi əmək mübahisənin predmetini məhz cavabdehin iddiaçıya əmək haqqı borcunun mövcud olubolmadığı təşkil etmişdir. Cavabdeh iddiaçıya əmək haqqı borcunun olduğunu mübahisələndirmiş, borcun yarandığı yalnız baxılan mübahisənin məhkəmə qaydasında həlli nəticəsində müəyən edilmişdir. Bu baxımdan, Kollegiya, hesab edir ki, hazırkı iddia tələbi üzrə Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə istinadla hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının bir faizi məbləğində ödənc verilməsinə hüquqi əsas yoxdur. Ona görə də, iddia bu hissədə rədd olunmalıdır. Kollegiya, həmçinin birinci instansiya məhkəməsi tərəfindən iddia müəddətinin nəzərə alınmamasının qanunsuz olması barədə cavabdehin mövqeyinə (apelyasiya şikayətinə etirazda və nümayəndəsinin məhkəmə iclasında ifadə etdiyi) münasibətdə vurğulayır ki, işdən görünür ki, rayon məhkəməsi tərəfindən cavabdeh tərəfin təqdim etdiyi iddia müddətinin tətbiqi barədə ərizə nəzərə alınmayaraq, iddia başqa əsasla (sübuta yetirilməməsi əsası ilə) rədd olunmuşdur. Cavabdeh isə, bu hissədə qətnaməni mübahisələndirmək imkanı olduğu halda, ondan apelyasiya şikayəti verməməklə qətnamə ilə razılaşmışdır. Ona görə, hüquqi baxımından qətnamənin qeyd olunan hissəsi ilə bağlı hər hansı mübahisə olmadığından, apelyasiya instansiya məhkəməsi tərəfindən qətnamə həmin hissədə yoxlanılmamışdır. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən, bu qənaətə gəlir ki, apelyasiya şikayəti qismən təmin olunaraq, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - iddia tələbinin 2018-ci ilin mart, aprel ayları üzrə ödənilməmiş əmək haqqının tutulması tələbinin rədd olunması hissəsində ləğv olunmalı, həmin hissədə iddia təmin olunaraq Cavabdeh MTK-dan həmin dövr üzrə hər ay 170 manat olmaqla, ümumilikdə 340 manat məbləğində ödənilməmiş əmək haqqı tutularaq, iddiaçı Emil Qanabyevə ödənilməlidir. MPM-in 384.0.2-ci və 384.0.3-cü maddələrinə görə, apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər, habelə qətnaməni dəyişdirə bilər. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1800/2019 saylı iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi iddia tələbinin 2018-ci ilin mart, aprel ayları üzrə ödənilməmiş əmək haqqının tutulması tələbinin rədd olunması hissəsində ləğv olunsun və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. Cavabdeh MTK-dan İddiaçı xeyrinə 2018-ci ilin mart, aprel ayları üzrə hər ay 170 (bir yüz yetmiş) manat olmaqla, ümumilikdə 340 (üç yüz qırx) manat məbləğində ödənilməmiş əmək haqqı tutulsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar