Məhkəmə qərarları › İş №2(103)-1420/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1420/2021

10.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1420/2021 10.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı, onun vəkili X1, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(005)-3670/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair məhkəmədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2016-cı il təvəllüdlü X7, xx xxxxxx 2017-ci il təvəllüdlü X9 və xx xxxxxx 2017-ci il təvəllüdlü Əzizov Hüseynİlqar oğlu adlı övladlarının yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər uşaq üçün hər ay 200 ( iki yüz) manat və xx xxxxxx 2017-ci il təvəllüdlü X9 və xx xxxxxx 2017-ci il təvəllüdlü X3 3 yaşlarına çatanadək 50 (əlli) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, İddiaçı Cavabdeh xx xxxxx 2015-ciil tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş və nikahları “Səadət Sarayı” qeydiyyat şöbəsində da xx.xx.2015-ci il tarixdə 340 nömrə ilə qeyd edilərək, AZ-İ № 034975 saylı nikah haqqında şəhadətnamə verilmişdir. Birgə nikahdan xx xxxxxx 2016-cı il təvəllüdlü X7, 20 noyabr2017-ci il təvəllüdlü X8 və xx xxxxxx 2017-ci il təvəllüdlü Əzizov Kamalİlqar oğlu adlı övladları dünyaya gəlmişdir. Aralarında olan münasibətlərin pozulmasına görə ailə münasibətləri formal xarakter daşıyır. Hal-hazırda onlar ayrı yaşayırlar. Hazırda Cavabdeh ona uşaqların saxlanmasında heç birmaddi köməklik göstərmir, uşaqların ehtiyacları ilə maraqlanmır. İddiaçı heç yerdə işləmir və uşağı tək başına saxlamaqda çətinlik çəkir. Cavabdeh özü avtomobil təmiri və Azərbaycan Memarlıq vəİnşaat Universitetində liftçi vəzifəsində çalışır və aylıq gəliri 2000-3000 (2-3 min) manat təşkil edir. Hesab edir ki, Cavabdeh ona uşaqlarını saxlamaq üçün aliment ödəməlidir. Cavabdeh 3 övladının da yetkinlik yaşınaçatanadək saxlanması üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutaraq ona verilməlidir. Əlavə olaraq ekiz övladları xx xxxxxx 2017-ci il təvəllüdlü Əzizov Kamalİlqar oğlu və xx xxxxxx 2017-ci il təvəllüdlü X3 hələ 3 yaşları tamam olmayıb və onların saxlanması üçün maddi cəhətdən daha çox məbləğ lazımdır, bunagörə də hər bir uşaq üçün 3 yaşlarına çatanadək əlavə 50 (əlli) manat məbləğində aliment ödənməlidir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(005)-3670/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh xx.xx.2020-ci il tarixdən başlayaraq, xx.xx.2016-cı il təvəllüdlü X4, xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 170 manat olmaqla 510 (beş yüz on) manat alimentin hesablanaraq İddiaçı xeyrinə tutulması, Cavabdeh xx.xx.2020-ci il tarixdən başlayaraq, xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X6 3 (üç) yaşına çatanadək, yəni xx xxxxxx 2020-ci ilədək hər uşağa görə 50 manat olmaqla, cəmi 100 manat aliment tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsiqət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli,2(005)-3670/2020 saylı qətnaməsinin ləğv edilərək, övladları xx.xx.2016-cı il təvəllüdlü X4, xx.xx.2017-ci il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün ondan cavabdehin xeyrinə qazancının 1/2 miqdarında aliment tutulmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılır ki, məhkəmə onun iştirakı olmadan işə baxmış və qərar qəbul etmişdir. Bu isə məhkəmə baxışının çəkişmə prinsipini pozmuşdur. Cavabdeh məhkəmədə iştirak edəcəyi halda, hüquqlarının müdafiasi ilə bağlı kifayət qədər sübutlar təqdim edə bilərdi. Müasir dövrdə, xüsusi ilə hər bir şəxs haqqında kifayət qədər məlumat toplanması mümkün olan halda, onun lazımi qaydada məlumatlandırılmamağı hakimin iş üzrə bitərəf olmamasının göstəricisidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.3-ci maddəsinə əsasən, 3 və daha çox uşağa görə - qazancın (başqa gəlirlərin) yarısı qədər aliment tutulur. Cavabdeh Memarlıq və İnşaat Universitetində liftçi olaraq işləyir. Onun aylıq əmək haqqı 410 manat təşkil edir. Məhkəmənin qərarında göstərilən məbləği hər ay ödəməyi üçün uşaqlarının yetkinlik yaşma çatanadək özünün yaşayışını təmin etməmək şərti ilə, hər ay borc almaq məcburiyyətində qalır. Belə ki, məhkəmənin çıxardığı qətnamə əsassızdır və qanunveriçiliyin tələblərini pozur. Belə ki, qanun o zaman alimentin sabit pul məbləğində tutulmasını nəzərdə tutur ki, valideynin daimi iş yeri olmasın və yaxud qazancı sabit olmasın. Birinci instansiya məhkəməsi işə baxarkən tərəflərin mənafeyinin qorunması üçün hər bir faktı diqqətlə araşdırmalı idi. Nərimanov rayon Məhkəməsinin mübahisələndirilən qətnaməsi onun mənafeyini birtərəfli qaydada pozur. Bakı şəhər Nərimanov rayon Məhkəməsinin qətnaməsində iddiaçının xeyrinə övladları yetkinlik yaşına çatanadək hər ay 610 AZN aliment tutulmasını qət etmişdir. Yuxarıda göstərilən normadan göründüyü kimi, qanunverici imperativ olaraq 3 və daha çox uşağa görə - qazancın (başqa gəlirlərin) yarısı qədər aliment tutulmasını nəzərdə tutur. Cavabdeh qeyd edir ki, onun qazancının yarısı isə alimentin məbləğindən xeyli azdır. Birinci instansiya məhkəməsi ARAM-in 84-cü maddəsinə istinad edərək uşağın 3 yaşınadək ər-arvadın bir-birini saxlamaq vəzifəsinə istinad edərək,ondan iddiaçının xeyrinə uşaqlar 3 yaşına çatanadək, ayda 100 manat aliment tutulmasını qət etmişdir. Hesab edir ki, məhkəmə qətnamə çıxararkən bu hissədə düzgün nəticəyə gəlməmişdir. Belə ki, məhkəmə qərarı çıxararkən hərtərəfli araşdırma aparmamışdır. Belə ki, araşdırma aparmış olsaydı, onun əmək haqqını nəzərə almış olardı. Cavabdehin göstərdiyi halların məhkəmə tərəfindən nəzərə alınmaması birinci instansiyada məhkəmə icraatının obyektivlik və hərtərəflilik prinsipini pozmuşdur. Düşünür ki, birinci instansiya məhkəməsinin çıxardığı qərar qanunsuz və əsassızdır, hərtərəfli baxılması üçün apellyasiya instansiyasında tam hüquqlu məhkəmə kimi işin araşdırılması vacibdir və qətnamənin ləğv olunması zəruridir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə etdi, şikayətdə göstərilənlərə uyğun məzmunda izahat verərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun vəkili X5 apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh Əhmədağa oğluna ünvanlanmış məhkəmə bildirişlərinin qanunvericiliklə müəyyən olunmuş qaydada ona göndərildiyi və çatdırıldığı barədə iş materiallarında hər hansı bir sübut olmamasına baxmayaraq, birinci instansiya məhkəməsi onun iştirakı olmadan işə baxılmasını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsi ilə əsaslandırmışdır. Halbuki, Mülki Prosessual Məcəllənin istinad olunan həmin maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Göründüyü kimi qanunverici cavabdehin iştirakı olmadan işə baxılmasının mümkünlüyünü onun “məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsi” ilə şərtləndirmişdir.İş materiallarından isə cavabdehin birinci instansiya məhkəməsində keçirilən iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış olduğu müəyyən edilmir. Beləliklə də, məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh Əhmədağa oğlu lazımi qaydada məlumatlandırılmadan işə baxılmış, ədalət mühakiməsinin çəkişmə və tərəflərin bərabərliyi əsasında həyata keçirilməli olduğuna dair təməl prinsipi pozmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır”. Məhkəmə kollegiyası bu kontekstdə iş materiallarını araşdıraraq hesab edir ki, yuxarıda şərh olunanlar birinci instansiya məhkəməsinin qətnaməsinin prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və apellyasiya şikayətinin dəlili olmaqla yanaşı, şikayətin digər dəlillərindən asılı olmadan qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 387.2.2-ci maddəsinə əsasən işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Kollegiya apellyasiya şikayətinin digər dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, tərəflərin rəsmi nikahından xx xxxxxx 2016cı il təvəllüdlü X7, xx xxxxxx 2017-ci il təvəllüdlü X9 və xx xxxxxx 2017-ci il təvəllüdlü X8 adlı üç övladı var, tərəflərin nikahı pozulmasa da, onlar hazırda ayrı yaşayırlar, yetkinlik yaşına çatmayan uşaqlar isə iddiaçı ilə birlikdə yaşayır. Cavabdeh Azərbaycan Memarlıq və İnşaat Universitetində 2 saylı tədris korpusunda liftçi vəziəsində işləyir, 410,37 manat əmək haqqı alır. İddiaçı övladlarının maddi təlabatlarını tək başına ödəməkdə çətinlik çəkir, bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-ci maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1-cı maddəsinə əsasən alimentin ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.3-ci maddəsi 3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı miqdarında. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Uşaq Hüquqları haqqında Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə müvafiq olaraq valideynlər və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Uşaq Hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Kollegiya hesab edir ki, hazırda cavabdehin aylıq əmək haqqı 410 manat təşkil etdiyindən, həmin gəlirin 1/2 hissəsi 205 manat, hər uşaq üçün isə 68,3 manat təşkil edir. Belə olan halda həmin məbləğ 2020-ci il uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumundan aşağı məbləğ olacaq. Kollegiya belə qənaətə gəlir ki, cavabdehin hər ay əmək haqqından üç uşaq üçün 1/2 hissəsi, həmçinin əlavə olaraq 101,7 manat tutulmalıdır. (410: 1/2 : 3=68,3; 68,3+101,7=170) Belə ki, Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən, 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Həmçinin, kollegiya iddiaçının uşaqlar 3 yaşına çatana kimi, aliment tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: 84.2.2. hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad; Qanunvericiliyin tələbindən göründüyü kimi, hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində arvadın alimentin ödənilməsini tələb etmək üçün digər tərəfin zəruri vəsaitə malik olmasını təsdiq edən sübutlar təqdim olunmalıdır. Göründüyü kimi iddiaçı tərəf cavabdehin zəruri vəsaitə malik olması barədə sübutlar təqdim etmədiyindən, kollegiya həmin hissədə iddianın təmin edilməməsi qənaətinə gəlir. Beləliklə, kollegiya mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(005)-3670/2020 saylı qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilməli, cavabdehin ayıq qazancının 1/2 hissəsi və əlavə olaraq, hər ay hər uşaq üçün sabit pul məbləğində 101,7 manat tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Kollegiya yuxarıda qeyd olunan qənaətə gələrkən, tərəflərin maddi və ailə vəziyyətini, uşağın azyaşlı olmasını, onun əvvəlki təminat səviyyəsinin maksimum saxlanılmasını nəzərə alır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Kollegiya iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3 maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmuyu ilə müəyyən edilir. “Dövlət Rüsumu Haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2 maddəsinin tələbinə görə iddia qiyməti 500 manatdan çox olduqda, 30 manat dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1 maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəllənin 14.2, 77.1, 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir; məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən isə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli,2(005)-3670/2020 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh Əhmədağa oğlundan xx.xx.2020-ci il tarixindən başlayaraq, xx.xx.2016-cı il təvəllüdlü X4, xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün qazancının 1/2 hissəsi və hər ay hər uşağa görə sabit pul məbləğində 101,7 (yüz bir manat yetmiş qəpik) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Alınsın Cavabdeh 30 (otuz) manat dövlət rüsumu verilsin dövlət büdcəsinə. Qətnamə dərhal icra edilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar