Məhkəmə qərarları › İş №2(103)-1424/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1424/2023

25.01.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1424/2023 25.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-394/2022 saylı, 07 dekabr 2022-ci il tarixli qərardadından iddiaçının nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı Bakı şəhəri 9 saylı Notariat kontoru mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə “alqısatqı müqaviləsinin əhəmiyyətsiz əqd hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanına dair 11 noyabr 2019-cu il tarixində ünvan 2 “alqı-satqi” müqaviləsinin əhəmiyyətsiz əqd hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)394/2022 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı Bakı şəhəri 9 saylı Notariat kontoru mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “əqdin əhəmiyyətsiz hesab edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil2 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-394/2022 saylı qətnaməsindən apellyasiya şikayəti və eyni zamanda prosessual müddətin bərpasına dair ərizə verərək, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-394/2022 nömrəli qərardadı ilə İddiaçı tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-394/2022 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddətin buraxılması üzrlü hesab edilərək bərpa olunmuş və verilmiş apellyasiya şikayətinin mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Cavabdehin nümayəndəsi Vəkil1 buraxılmış müddətin bərpa olunması haqqında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 iyul 2022-ci il tarixli 2(004)-394/2022 nömrəli qərardadından şikayət verərək qərardadın ləğv edilib müddətin bərpası barədə ərizənin təmin edilməməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5991/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Cavabdeh nümayəndəsi Vəkil1 şikayəti təmin edilmiş, buraxılmış prosessual müddətin bərpa olunması haqqında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 iyul 2022-ci il tarixli 2(004)-394/2022 saylı qərardadı ləğv edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 fevral 2022-ci il tarixli 2(004)-394/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə İddiaçı ərizəsinin təmin olunmaması və İddiaçı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 fevral 2022-ci il tarixli 2(004)-394/2022 saylı qətnaməsindən apellyasiya şikayətinin geri qaytarılması üçün mülki iş həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(0040-394/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-394/2022 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Sonradan İddiaçı məhkməəyə ərizə ünvanlayaraq ötürülmüş prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ailə problemləri ilə əlaqədar məhkəmə prosesində iştirak edə bilmədiyi üçün hüquqlarını müdafiə etməyə görə vəkil X3 ilə müqavilə bağlamışdır. İddiaçı ona inanaraq məhkəmə proseslərində iştirak etməmişdir. Lakin bu yaxınlarında ona məlum olmuşdur ki, X3 heç bir məhkəmə iclasına getməmiş və onu arxayın edərək narahat olmamağı bildirmişdir. Eyni zamanda ondan apellyasiya şikayəti verdiyini soruşduqda onu aldadaraq apellyasiya şikayəti verdiyini bildirmişdir. Qeyd edir ki, hüquqi savadı olmadığı üçün apellyasiya şikayətinin yalnız vəkil tərtib olunduğunu və vəkil vasitəsilə də məhkəməyə təqdim edildiyini düşünmüşdür. Yəni özünün belə bir hüquqa malik olduğundan məlumatı olmamışdır. Hüquqi savadsızlıq baxımından bu qətnamədən apellyasiya şikayəti verməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-394/2022 saylı, 07 dekabr 2022-ci il tarixli qərardadı ilə İddiaçı nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsinə dair ərizəsinin təmin edilməməsi qərara alınmışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil2 qərardadından elektron kabinet vasitəsilə şikayət verərək, qərardadın ləğv edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-394/2022 saylı, 29 dekabr 2022-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-394/2022 saylı, 07 dekabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki işin materiallarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 fevral 2022-ci il tarixli 2(004)-394/2022 nömrəli qətnaməsi rəsmi olaraq İddiaçı 23 fevral 2022-ci il tarixdə poçt vasitəsilə göndərilmiş, cavabdeh qətnamənin surətini sifarişli poçt qəbzinə imza edərək 01 mart 2022-ci il tarixdə almış, lakin apellyasiya şikayəti məhkəməyə bundan 3 ay 12 gün sonra, yəni 13 iyun 2022-ci il tarixdə verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; 133.2-ci maddəsinə əsasən buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir; 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməlidir və s); 133.5-ci maddəsinə əsasən müddətin bərpasından imtina barədə qərardad çıxarılır; 133.6-cı maddəsinə əsasən prosessual müddətlərə dair məsələ üzrə qərardaddan işdə iştirak edən şəxslər şikayət verə bilər; 360-cı maddəsinə əsasən apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər; 363.1.3-cü maddəsinə əsasən apelyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apelyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Məhkəmə kollegiyası qeyd edir ki, müddətin bərpası hər bir halda fərdi xarakter daşıyır, yəni məhkəmə prosessual müddəti konkret şəxs üçün (həmin müddəti üzrlü səbəbdən buraxılmış şəxs üçün), özü də konkret prosessual hərəkətin edilməsi üçün bərpa edir. Müddətin bərpasının fərdi xarakter daşıması həm də onunla əlaqədardır ki, məhkəmə müvafiq prosessual müddəti həmin müddəti yalnız üzrlü səbəbdən buraxmış şəxs üçün bərpa edə bilər. Buraxılmış müddət yalnız buraxılmanın səbəbləri məhkəmə tərəfindən üzrlü hesab edildikdə bərpa edilə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları, həmçinin ərizəçinin həmin müddətdə müvafiq prosessual hərəkətləri etmək imkanının olmaması haqqında sübutlar göstərilməlidir. Üzrlü səbəb dedikdə isə hüquqi nəticə etibarı ilə müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyrimümkün edən və ya bunu çətinləşdirən səbəblər başa düşülməlidir. Məhkəmə hər hansı halı üzrlü səbəb hesab edərkən onun həmin şəxsə nə dərəcədə mane olduğunu, habelə həmin halın hansı müddətdə mövcud olmasını, edilməli olan prosessual hərəkətin mahiyyətini və onun edilməsi üçün nəzərdə tutulmuş ümumi müddəti və digər zəruri amilləri nəzərə almalıdır. Üzrlü səbəblər sırasına şəxsin xəstəliyi, ailənin xəstə üzvünə qulluq etmənin zəruriliyi, xidməti ezamiyyətdə olma, ailə üzvlərindən hər hansı birinin ölməsi və sair bu kimi hallar aid edilə bilər. Hər bir halda konkret səbəbi üzrlü hesab etmək məhkəmənin səlahiyyətindədir və müddətin bərpası haqqında qərar çıxarmaq məhkəmənin vəzifəsi deyil, hüququdur. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, İddiaçı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilməməlidir. Şikayətin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, şikayətdə qeyd edilən hallar yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, iş materiallarından göründüyü kimi, İddiaçı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 fevral 2022-ci il tarixli 2(004)-394/2022 nömrəli qətnaməsindən vaxtında məlumatlı olmuş, sonuncu tərəfindən qətnamədən apellyasiya şikayəti qanunvericiliklə müəyyən edilmiş müddət buraxıldıqdan sonra verilmiş, məhkəməyə buraxılmış müddətin üzrlü hesab edilməsi ilə bağlı sübutlar təqdim edilməmişdir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iddiaçının vəkili və nümayəndəsinin fəaliyyətsizlik göstərib qətnamədən apellyasiya şikayəti verməməsi buraxılmış prosessual müddətin bərpa edilməsi üçün üzrlü hal hesab edilə bilməz. Bundan əlavə qeyd edilməlidor ki, iddiaçı müddətin bərpası haqqında ərizə versə də apellyasiya şikayətini ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-394/2022 saylı, 07 dekabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının nümayəndəsi və vəkili Vəkil2 şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-394/2022 saylı, 07 dekabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar