Məhkəmə qərarları › İş №2(103)-1425/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1425/2025

17.02.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1425/2025 17.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və X6 ibarət tərkibdə, Məhkəmə iclas katibi X12, Cavabdeh nümayəndəsi-vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı İltıfat oğlunun Cavabdeh qarşı "qeyri-yaşayış sahəsindən çıxarılma, pul və s." tələbi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X10 Cavabdeh qarşı "qeyri-yaşayış sahəsindan çıxarılma və s." tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-309/2024 saylı qətnaməsindən İddiaçı İltıfat oğlu və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X15 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 49.70 kv.metr olan qeyri-yaşayış sahəsi xx.xx.2022-ci il tarixli, ******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi əsasında X9 tərəfindən hazırki iş üzrə İddiaçı satılmışdır. Daha sonra sonuncu tərəfindən qeyd edilən qeyri-yaşayış sahəsi 01 oktyabr 2023-cü il tarixli icarə müqaviləsi əsasında hazırki iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs X11 icarəyə verilmişdir. Hazırda İddiaçı qeyri-yaşayış sahəsinə bitişik yerdə ona məxsus olan sahədə cavabdehin ayrıca köşk açdığını, onun həmin sahədən çıxmadığını iddia edərək, cavabdehin oradan çıxarılmasını, cavabdehin mağazanın giriş qapısının bitişiyində qanunsuz olaraq inşa etdiyi ev alqı-satqısı kimi fəaliyyət göstərən tikilinin öz hesabına sökülməsini, həmçinin xx.xx.2022-ci il tarixdən bugünə qədər əmlakdan istifadəyə görə əldən çıxmış faydanın, məhkəməyə ödənilmiş dövlət rüsumunun əvəzinin, hüquqi yardıma görə vəkilə ödənilmiş haqqın cavabdehdən alınıb ona ödənilməsini, müstəqil tələb irəli sürən üçüncü şəxs X15 isə icarə müqaviləsi əsasında işlətdiyi sözügedən qeyri-yaşayış sahəsində cavabdehin fəaliyyət göstərməsinin ona maneəçilik törətdiyini iddia edərək, cavabdehin həmin qeyri-yaşayış sahəsindən çıxarılmasını və onun mağazanın giriş qapısının yanında qanunsuz olaraq inşa etdiyi ev alqı-satqısı köşkünün öz hesabına sökülməsini tələb edirlər. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı "qeyri-yaşayış sahəsindən çıxarılma, pul və s" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 57.70 kv.metr olan qeyri-yaşayış sahəsi Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a əsasən İddiaçı xüsusi mülkiyyətindədir. Qeyri-yaşayış sahəsini Bakı şəhəri 44 saylı Notariat ofisində 4Ə-205 Reyestr nömrəsi ilə təsdiq edilmiş xx.xx.2022-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X2 almışdır. X9 ilə Cavabdeh qardaşdırlar. İddiaçı əmlakı Qasımov Əliheydərdən satın alarkən cavabdeh həmin qeyri-yaşayış sahəsinin girişində sağ tərəfindən 02 kv.metr sahəsində şüşə arakəsmə ilə örtülmüş yerdə makler fəaliyyəti göstərirdi. X9 bildirmişdir ki, qardaşı Cavabdeh əmlakı boşaldacaq. Lakin iddiaçı işi ilə bağlı Rusiya Federasiyasına getdiyi üçün əmlakına nəzarət edə bilməmişdir. Qayıdıb gələndə görmüşdür ki, Cavabdeh hələ də iddiaçının mülkiyətində olan qeyri-yaşayış sahəsindən çıxmayıb. İddiaçı cavabdehdən mülkiyyətində olan əmlakı boşaldıb ona təhvil verməsini tələb etsə də, o, bundan imtina etmişdir. Buna görə də o, hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, cavabdeh ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən çıxarılmalı və xx.xx.2022-ci il tarixdən bugünə qədər əmlakdan istifadəyə görə hər ay üçün 500 manat, cəmi 6000 manat əldən çıxmış fayda və çəkilən xərclər cavabdehdən alınıb iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən, Cavabdeh ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən çıxarılması və xx.xx.2022-ci il tarixdən bugünə qədər əmlakdan istifadəyə görə hər ay üçün 500 manat, cəmi 6000 manat əldən çıxmış faydanın, məhkəməyə ödənilmiş 100 manat dövlət rüsumunun əvəzinin, hüquqi yardıma görə vəkilə ödənilmiş 200 manat haqqın cavabdehdən alınıb iddiaçıya ödənilməsi barədə müvafiq qətnamə çıxarılması xahiş edilmişdir. Bundan başqa iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, son olaraq Cavabdeh ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən çıxarılması, cavabdehin mağazanın giriş qapısının bitişiyində qanunsuz olaraq inşa etdiyi ev alqı-satqısı kimi fəaliyyət göstərən tikilinin onun hesabına sökülməsi, xx.xx.2022-ci il tarixdən bugünə qədər əmlakdan istifadəyə görə hər ay üçün 500 manat, cəmi 6000 manat əldən çıxmış faydanın, məhkəməyə ödənilmiş 100 manat dövlət rüsumunun əvəzinin, hüquqi yardıma görə vəkilə ödənilmiş 200 manat haqqın cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X15 Cavabdeh qarşı “qeyri-yaşayış sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X8 Vergi Xidmətində vergi ödəyicisi kimi (VÖEN**********) qeydiyyata alınmaqla sahibkarlıq fəaliyəti ilə məşğul olur və qadın ayaqqabılarının satışını həyata keçirir. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 57.70 kv metr olan qeyri-yaşayış sahəsini X9 ilə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli İcarə müqaviləsi əsasında icarəyə götürmüş və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X18 üzrə Baş İdarəsində **********-14002 Kodu ilə ünvan 1 ünvanında vergi uçotuna alınmışdır. xx.xx.2023-cü il tarixdə isə qeyri-yaşayış obyektinin yeni sahibi İddiaçı ilə icarə müqaviləsi bağlamışdır. İddiaçı ilə icarə müqaviləsi bağlayarkən o bildirmişdir ki, Cavabdeh qanunsuz tikdiyi ev alqı-satqısı budkasını sökəcək. Cavabdeh onu oradan çıxaracaq və mağazanın qapısını avtomatik açılıbbağlanan qapı dəyişəcək. Belə ki, X15 ünvan 2 ünvanında işlətdiyi mağazada qadın ayaqqabılarının satışını həyata keçirir. Həmin mağazaya gənc xanımlar gəlir və ayaqqabı almaq istəyirlər. Cavabdehin oturduğu ev alqı-satqı budkası mağazanın girişində yerləşdiyindən xanım müştərilər mağazaya girməkdə tərəddüd edirlər. Belə ki, ev alqısatqı budkasına cavabdehin yanına çoxlu kişilər gəlir, budka balaca olduğundan və oturmaq üçün yer olmadığından, onlar çıxıb mağazanın girişində pilləkəndə söhbət edirlər və siqaret çəkirlər. Beləliklə, xanım müştərilərin mağazaya girməsinə maneçilik törədirlər. Buna görə də mağazada müştəri azalır və o, min bir əziyyətlə alıb gətirdiyi və hər gün dəbi (modası) dəyişən qadın ayaqqabılarını sata bilmir, nəticədə maddi zərərə uğrayır. Bundan başqa, mağazada qadın ayaqqabılarının satışı üçün vitrin çox önəmlidir və vitrin mağazanın, malların canlı reklamını təşkil edir. Lakin cavabdehin oturduğu ev alqı-satqı budkasının giriş qapısı mağazanın girişinin sağ tərəfində 1 metrdən çox hissəni tutduğundan mağazanın içərisi və mallar tam görünmür. Həmçinin, yuxarıda qeyd etdiyi kimi, mağazaya girib-çıxan müstərilərin rahatlığı üçün müasir dizaynda olan avtomatik açılıb bağlanan şüşə qapının olması çox önəmlidir. Lakin qeyd etdiyi kimi, cavabdehin oturduğu makler budkasının qapısı 1 metrdən çox hissəni tutduğundan mağazanın giriş qapısına avtomatik açılıb bağlanan şüşə qapı quraşdıra bilmirlər. Beləliklə, cavabdehin qanunsuz tikib oturduğu ev alqı-satqısı budkası bir sahibkar kimi onun fəaliyyətinə, hər gün dəbi modeli dəyişən qadın ayaqqabılarının satışını həyata keçirməyinə əhəmiyyətli dərəcədə maneçilik törədir. Onu da qeyd edir ki, Cavabdeh işlətdiyi ev alqı-satqı mərkəzinin işığı mağazanın elektrik sayğacından keçir və onun əvəzinə elektrik haqqını o ödəyir. Buna görə də hesab edir ki, Cavabdeh ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən çıxarılmalı və onun oturduğu ev alqı-satqısı budkası sökülməlidir. Göstərilənlərə əsasən X10 müstəqil tələb irəli sürən üçüncü şəxs kimi işə daxil edilməsini, Cavabdeh icarə hüququ əsasında istifadəsində olan Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi ünvanında yerləşən qeyri-yaşayış sahəsindən çıxarılması və onun mağazanın giriş qapısının yanında qanunsuz olaraq inşa etdiyi ev alqı-satqısı budkasının (köşkünün) cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsi baxışı zamanı məhkəmə iclasında şahid qismində dindirilən X17 ifadəsində bildirmişdir ki, o, 2021-ci ildə Cavabdeh mübahisəli obyektində usta kimi işləmişdir. Həmin sahənin ölçüsü təxminən 3-4 kv.m idi. Orda böyük bir obyekt var idi. O, Cavabdeh aid 3-4 kv.m-lik sahəni bölüb orada təmir işlərini həyata keçirdi. Bununla bağlı bütün xərcləri Cavabdeh çəkmiş və materialları o almışdır. Həmin vaxt o bilirdi ki, həmin sahə onun qardaşı Əliheydərindir. Əlavə olaraq cavabdehin nümayəndəsi və vəkilinin suallarına cavab olaraq bildirmişdir ki, o, Cavabdeh təxminən 20 ildən çox bir müddətdir ki, tanıyır. Əgər həmin vaxt Əliheydər narazılıq etsəydi, o, orada təmir işləri apara bilməzdi. Təmirlə bağlı bütün xərcləri Cavabdeh çəkmişdir. Həmin obyektin sadəcə sayğacın qutusunu divara bərkitmişdir. Həmçinin, həmin xətlər bir mərkəzdə birləşir və yekun sərfiyyat borcu bir mərkəzdən ödənilirdi. Daha sonra iddiaçının nümayəndəsi və vəkilinin sualına cavab olaraq isə bildirmişdir ki, o, həmin obyektdə təmir işləri apararkən Cavabdeh aid hissənin pilləkənini də o inşa etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)-309/2024 saylı qətnaməsi ilə hər iki iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, həm İddiaçı iddia tələbi üzrə, həm də mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X10 iddia tələbi üzrə mübahisəli qeyri-yaşayış obyektinə giriş-çıxışa maneçilik törədilməsi iddia edilən sahə, həmçinin sökülməsi tələb edilən, hansı ki, qeyd edildiyi kimi Cavabdeh faktiki istifadə etdiyi və ilkin qeyd edilən sahənin tərkibinə daxil olan sahə iddiaçının iddia etdiyi kimi onun xüsusi mülkiyyətinə keçən sahəyə dair verilən texniki pasportda (yəni iddiaçıya məxsus sahəyə daxil edilməyən, binanın fasad divarından çöldə qalan hissə) öz əksini tapmayan sahələrdir. Hansı ki, məhkəmə tərəfindən təyin edilən məhkəmə tikinti-texniki ekspertizasının nəticəsinə dair məhkəməyə təqdim edilən 19 iyul 2024-cü il tarixli, 3-16- 16/2/10/2907 nömrəli ekspert rəyində də qeyd edilmişdir ki, İddiaçı mülkiyyətində olan və xx.xx.2022-ci il tarixli texniki pasportda öz əksini tapan sahə 49.7 kv.metr, yaşayış binasının konturları daxilində olmayan, fasad divara bitişik olan, texniki pasportda öz əksini tapmayan sahə isə 18.5 kv.metr təşkil edir. Həmçinin, müəyyən edilmişdir ki, qeyd edilən və texniki pasportda öz əksini tapmayan sahə 18.5 kv.metr sahənin daxilində həmçinin, Cavabdeh da işlətdiyi sahə yerləşir. Göründüyü kimi, hər iki iddia üzrə cavabdehin çıxarılması tələb edilən sahə texniki pasportda öz əksini tapmayan, çıxarışı olmayan sahə, yəni özbaşına tikilidir. Qeyd edilənlərdən də göründüyü kimi həm İddiaçı, həm də müstəqil tələb irəli sürən üçüncü şəxs X3 tələb etdikləri sahə özbaşına tikili olduğundan və qanunvericiliyin tələblərinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bildiyindən, hazırda İddiaçı və X10 hazırki tələblərlə bağlı iddia irəli sürməklə bağlı subyektiv hüquqları olmamışdır. Göründüyü kimi, onların subyektiv hüquqa malik olmadıqları halda hazırki iddia tələblərini irəli sürməsi hər iki tələbin əsassız olduğuna dəlalət edir. Odur ki, məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab etmişdir ki, hər iki iddia tələbinin Cavabdeh ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən çıxarılması və həmin qeyri-yaşayış sahəsinin cavabdehin öz hesabına sökülməsi hissəsində həmin tələblərin verilməsi üçün iddiaçılar subyektiv hüquqa malik olmadığına görə əsassız hesab edilməklə rədd edilməlidir. Bundan başqa, məhkəmə İddiaçı iddiası üzrə qalan hissələrə, hansı ki, əldən çıxmış faydanın, ödənilmiş dövlət rüsumu və vəkil xərcinin ödənilməsi hissələrinə münasibətdə isə qeyd etmişdir ki, İddiaçı iddiası əsas hissədə rədd edildiyindən qalan hissələrdə məhkəmə prosessual qənaət prinsipini nəzərə alaraq hesab etmişdir ki, həmin hissələrdə də tələb təmin edilə bilməz. Həmin qətnamədən narazı qalan İddiaçı İltıfat oğlu və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X15 ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər. Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işdə olan sənədlərdən, fotoşəkillərdən və ekspert rəyindən göründüyü kimi, mülkiyyətində olan qeyri-yaşayış sahəsi yarımzirzəmidir və yer səthindən 1.5 metr aşağıda yerin altında yerləşir. Həmin yarımzirzəmi statusunda olan sahəyə küçədən birbaşa girmək və binanın əsas divarından içəriyə doğru pilləkən açıb girmək qeyri-mümkündür. Ancaq binanın əsas divarından küçəyə doğru əlavə pilləkən yeri qazıb düşmək olar. Mülkiyyətində olan qeyri-yaşayış sahəsindən istifadə etməsi və fayda götürməsi üçün həmin yeri mağaza kimi təmir etdirmiş və müvafiq dövlət orqanları mağaza kimi istifadə etməsi üçün binanın divarından küçəyə doğru 2.5 metr pilləkən yeri tikməyə icazə vermişlər. Cavabdeh isə məhz onun yarımzirməmi olan qeyri-yaşayış sahəsinə girmək üçün tikdiyi və ona məxsus olan pilləkənin üstündə qeyri-qanuni ev alqı-satqı mərkəzi düzəldərək, mağazaya girişi məhdudlaşdırmış və ticarət sahəsinə sərbəst girişinə və qadın ayaqqabısı satılan mağazada malların küçədən reklamına maneçilik törətməkdədir. Bundan başqa işdə olan digər mülkiyyət sənədlərindən də görünür ki, ünvan 1 ünvanında yerləşən 46 saylı mənzilin mülkiyyətçisidir. Mənzil Məcəlləsinin 35-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər, binanın yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Yəni bina sakinlərin yalnız mülkiyyətində olan sahələr deyil, həmçinin binanın yerləşdiyi torpaq sahələri də bina sakinlərinin istifadəsindədir. Buradan anlamaq olar ki, onun mülkiyyətində olan sahəyə bitişik olan torpaq sahəsinə istifadə hüququ vardır. Ona görə də mülkiyyətçinin həmin sahədən istifadə edən kənar şəxsin oradan çıxarılmasına hüququ vardır, çünki o sahə mülkiyyətçisidir. Yəni onun hazırki iddianı qaldırmaqda subyektiv hüququ vardır. Lakin işə baxan məhkəmə işin bu hallarını araşdırmamış, yarımzirzəmi olan qeyri-yaşayış sahəsinə çöldən pilləkən yeri qoyulmadan giriş-çıxışın mümkün olubolmadığına dair ekspert qarşısında suallar qoymamışdır. Mülkiyyətində olan mağazanı icarəyə verdiyi iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs X15 da cavabdehə qarşı iddia verərək, ünvan 2 ünvanında işlətdiyi mağazada qadın ayaqqabılarının satışını həyata keçirir. Həmin mağazaya gənc xanımlar gəlir və ayaqqabı almaq istəyirlər. Cavabdehin oturduğu ev alqı-satqı ofisi mağazanın girişində yerləşdiyindən xanım müştərilər mağazaya girməkdə tərəddüd edirlər. Belə ki, ev alqı-satqı ofisi cavabdehin yanına çoxlu kişilər gəlir, yer balaca olduğundan və oturmaq üçün yer olmadığından, onlar çıxıb mağazanın girişində pilləkəndə söhbət edirlər və siqaret çəkirlər. Beləliklə, xanım müştərilərin mağazaya girməsinə maneçilik törədirlər. Buna görə də mağazada müştəri azalır və o, əziyyətlə alıb gətirdiyi və hər gün dəbi (modası) dəyişən qadın ayaqqabılarını sata bilmir, nəticədə maddi zərərə uğrayır. Bundan başqa mağazada qadın ayaqqabılarının satışı üçün vitrin çox önəmlidir və vitrin mağazanın, malların canlı reklamını təşkil edir. Lakin cavabdehin oturduğu ev alqı-satqı ofisinin giriş qapısı mağazanın girişinin sağ tərəfində 1 metrdən çox hissəni tutduğundan mağazanın içərisi və mallar tam görünmür. Həmçinin, yuxarıda qeyd etdiyi kimi, mağazaya girib çıxan müstərilərin rahatlığı üçün müasir dizaynda olan özü açılıb bağlanan şüşə qapının olması çox önəmlidir. Lakin qeyd etdiyi kimi, cavabdehin oturduğu yerin qapısı 1 metrdən çox hissəni tutduğundan mağazanın giriş qapısına özü açılıb bağlanan şüşə qapı quraşdıra bilmirlər. Beləliklə, cavabdehin qanunsuz tikib oturduğu ev alqı-satqısı “ofisi” bir sahibkar kimi onun fəaliyyətinə, hər gün dəbi modeli dəyişən qadın ayaqqabılarının satışını həyata keçirməyinə əhəmiyyətli dərəcədə maneçilik törədir. Ancaq Nəsimi rayon Məhkəməsi əsassız olaraq üçüncü şəxsin iddiasını da təmin etməmişdir. Bununla yanaşı məhkəməyə xx.xx.2024-cü il tarixli vəsatət təqdim etmişlər ki, ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsinin hüquqi qeydiyyata alınmasına əsas olmuş sənədlərin arxivinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi idarəsindən tələb edilməsi təmin edilsin. Lakin Nəsimi rayon Məhkəməsi vəsatəti əsassız olaraq təmin etmədi. Yəni məhkəmə iş üçün əhəmiyyətli olan bütün faktiki halları araşdırmamışdır. Eyni zamanda məhkəmə qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın inşa edilməsinə əsas olmuş sənədləri, binanın eskiz layihəsini, plan sxemini müvafiq dövlət qurumlarından tələb etməmişdir. Göstərilənlərə əsasən Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(006)-309/2024 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Mənzil Məcəlləsinə əsasən binanın sahə mülkiyyətçilərinin hüquqları yalnız çıxarışla mülkiyyətində olan sahələrlə məhdudlaşmır, bu hüquq binanın yerləşdiyi torpaq sahəsi üzərində də yaranır. Qeyri yaşayış sahəsini onun mülkiyyətçisindən icarəyə götürmüş və həmin mülkiyyətçinin, digər mülkiyyətçilərin razılığı olmadan binanın yerləşdiyi torpaq sahəsi üzərində hər hansı tikinti apara, orada fəaliyyət göstər bilməz. Bu halda subyektiv hüququn yaranmamasından söhbət gedə bilməz, birinci instansiya məhkəməsinin bu yanaşması ədalətli deyil. İstənilən sahə və ya sahə mülkiyyətçisinin əmlakını icarəyə verdiyi şəxs hazırkı tələblə məhkəməyə müraciət edə bilər və subyektiv hüququ vardır. Bundan başqa qeyri-yaşayış sahəsinin olduğu binanın yerləşdiyi torpaq sahəsinin dəqiq sərhədlərinin müəyyən edilməsi üçün binanın tikilməsi ilə əlaqədar torpaq sahəsinin ayrılması ilə bağlı sənədləri məhkəməyə təqdim etmək imkanı xaricindədir. Hamıya bəlli olduğu kimi bu sənədlər yalnız məhkəmə sorğusu ilə verilir. Bununla bağlı sorğu verilməsi üçün məhkəməyə verilən vəsatət təmin edilməmiş, məhkəmə ədalətli arşdırma aparmadan müvafiq sorğu ilə müraciət etməmişdir. Göstərilənlərə əsasən Bakı şəhər Nəsimi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(006)-309/2024 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apelyasiya şikayətlərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq hesab edir ki, qətnamə - tam yoxlanılmalıdır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Mülki Məcəlləsi: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək- onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3-cü və 180.4-cü maddələrinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 206.1. Ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Məhkəmə kollegiyasının mövqeyi

Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətlərinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətlərinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətlərində göstərilən dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, ******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı X9 və alıcı İddiaçı arasında bağlanan bu müqaviləyə əsasən, satıcı ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 49.7 kv.m olan qeyri-yaşayış sahəsini tam mülkiyyət üzrə ona məxsus hissəsini “Alıcının” mülkiyyətinə verməyi, həmin daşınmaz əmlakı 100.000 (yüz min manat) qiymətinə satmağı, alıcı isə həmin qiymətə almağı, alıcı İddiaçı satıcı X1 tam hissəni ondan 100000 manat qiymətinə almağı öhdələrinə götürmüşlər. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən və ümumi sahəsi 49.70 kv.metr olan qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. 1 saylı Bakı Ərazi İdarəsinin verdiyi Texniki Pasportdan görünür ki, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin hüquq subyekti İddiaçıdur. QYS-nin ümumi sahəsi 49.7 kv.m-dir. Daxili hündürlüyü 1.95 metrdir. İddiaçı və X15 arasında bağlanan 01 oktyabr 2023-cü il tarixli icarə müqaviləsindən görünür ki, icarəyə verən onun xüsusi mülkiyyətində olan və sahəsi 49.7 kv.m olan hissəsindən ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış binasını icarəçiyə öz fəaliyyətini həyata keçirmək məqsədi üçün aylıq 500 manat məbləğində icarə haqqı ödənilməsi şərti ilə icarəyə vermişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş çıxarışdan görünür ki, ünvan 6 ünvanında yerləşən və ümumi sahəsi 57.70 kv.metr olan yaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, həm İddiaçı iddia tələbi üzrə, həm də mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X10 iddia tələbi üzrə mübahisəli qeyri-yaşayış obyektinə giriş-çıxışa maneçilik törədilməsi iddia etdikləri sahə, həmçinin sökülməsi tələb edilən, hansı ki, qeyd edildiyi kimi Cavabdeh faktiki istifadə etdiyi və ilkin qeyd edilən sahənin tərkibinə daxil olan sahə iddiaçının iddia etdiyi kimi onun xüsusi mülkiyyətinə keçən sahəyə dair verilən texniki pasportda (yəni iddiaçıya məxsus sahəyə daxil edilməyən, binanın fasad divarından çöldə qalan hissə) öz əksini tapmayan sahələrdir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 10/2907 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən İddiaçı və Cavabdeh sahibliyində olan tikililərin ayrı-ayrı tikililər olduğunu, hər bir tikiliyə ayrı-ayrı giriş-çıxış qapısının olduğunu, eləcə də giriş hissəsində yerləşən, sahəsi 18.5 kv.m. olan sahənin İddiaçı mülkiyyətində olan 49.7 kv.m sahədən kənarda yerləşdiyini nəzərə alaraq, ünvan 3 ünvanında yerləşən 49.70 kv.m. qeyri-yaşayış sahəsi ilə Cavabdeh sahibliyində olan sahənin ayrı sahələr olduğu müəyyən edilirmişdir. Cavabdeh sahibliyində olan (giriş hissəsində “evin alqı-satqısı” yazılan, mülki iş materiallarında olan fotoşəkillər ilə göstərilən) sahənin iddiaçıya hər hansı maneə törədib-törətməməsi hüquqi xarakterli olduğundan, sualda göstərilən məsələ üzrə tədqiqat aparılmamışdır. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, birinci instansiya məhkəməsi İddiaçı və X10 hazırki iddianı qaldırmaq üçün subyektiv hüququnun olmaması barədə nəticəyə gəlməkdə haqlı olmuşdur. Belə ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxslərin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Yalnız müvafiq subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. İşin faktiki hallarından da göründüyü kimi hər iki iddia üzrə cavabdehin çıxarılması tələb edilən sahə texniki pasportda öz əksini tapmayan, çıxarışı olmayan sahə, yəni özbaşına tikilidir. Bu halın mövcudluğu da cavabdehdən onun istifadəsində olan əmlakı boşaldıb apellyatorlara təhvil verməsini tələb etməsinə dair dəlilini də tam təkzib edir. Göründüyü kimi sökülməsi tələb edilən sahə özbaşına tikili olduğundan, qanunvericiliyin tələblərinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarının və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bildiyindən, hazırda İddiaçı və onun mülkiyyətinin icarəçisi olan X10 hazırki tələblərlə bağlı iddia irəli sürməklə bağlı subyektiv hüquqları olmamışdır. Məhkəmə kollegiyası bununla bağlı apellyasiya şikayətinin dəlillərinə qiymət verməkdə davam edərək qeyd edir ki, iddiaçı sökülməsini tələb etdiyi sahənin onun mülkiyyətində olmamasından, texniki pasportda öz əksini tapmamasından əlavə, istər iddiasında istərsə də apellyasiya şikayətində qeyri-yaşayış sahəsinin ümumi sahəsi barədə düzgün məlumat göstərməmişdir. Belə ki, o, iddia ərizəsində ünvan 1 ünvanında yerləşən 57.70 kv.metr olan qeyriyaşayış sahəsinin mülkiyyətçisi olduğunu göstərsə də, müyəyyən edilmişdir ki, bu iddiaçıya məxsus yaşıyış sahəsinin ölçüsüdür. Həmçinin, iş materiallarından görünür ki, ünvan 4 ünvanında yerləşən qeyriyaşayış sahəsinin ümumi sahəsi 49.7, həmin evdə 46 saylı mənzilin sahəsi isə 57,70 kv.m dir. Mübahisəli sahənin iddiaçının mülkiyyətində olan yaşayış sahəsindən istifadəsi ilə bağlı iddia tələbində heç bir məhdudiyyət barədə göstərilmədiyi halda onun ümumilikdə 57,0 kv.m sahənin mülkiyyətçisi olmasına istinad edərək hazırki iş üzrə subyektiv hüququnun yaranmasına dair dəlilləri əsassızdır. Həmçinin məhkəmə kollegiyası apellyasiya şikayətinin Mənzil Məcəlləsinin 35-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər, binanın yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsus olması, yəni bina sakinlərin yalnız mülkiyyətində olan sahələr deyil, həmçinin binanın yerləşdiyi torpaq sahələri də bina sakinlərinin istifadəsində olmasına dair dəlilləri ilə bağlı qeyd etməyi də zəruri sayır ki, iddiaçı əmlakı Qasımov Əliheydərdən satın alarkən cavabdeh həmin qeyri-yaşayış sahəsinin girişində sağ tərəfindən 02 kv.metr sahəsində şüşə arakəsmə ilə örtülmüş yerdə makler fəaliyyəti göstərməsini bilirdi. Başqa sözlə, cavabehin mübahisəli sahədə fəaliyyət göstərməkdə davam etməsi iddiaçıya məlum idi. Lakin iddiaçı bu sahəni alarkən X7 qardaşı Cavabdeh əmlakı boşaldacağını bildilməsini göstərsə də, iş materiallarında belə bir halın olmasına dair cavabdeh tərəfin etiraf etməsi müəyyən edilməmişdir. Hətta iş materiallarından görünür ki, iddiaçı sahəni əldə etdikdən sonra onu hazırki iş üzrə 3-cü şəxsə də icarəyə verərkən də sonuncuya da göstərilən hallar məlum idi və cavabdeh mübahisəli sahədə fəaliyyət göstərməkdə davam edirdi. 3-cü şəxsin iddiaçının sahəsini icarəyə götürdükdə cavabdehin fəaliyyət göstərdiyi sahə ilə bağlı nə iddiaçıya, nə də cavabdehə hər hansı iradı olması da iş materiallarından görünmür. Məhkəmə kollegiyası həmçinin vurğulayır ki, iş materiallarından görünür ki, iddiaçının iddia qaldırmasından sonra 3-cü şəxs işə qoşularaq eyni xarakterli iddia qaldırmışdır. 3-cü şəxsin belə bir iradı və ya narazılığı olsa idi, o hazırki iş üzrə iddiaçıdan əvvəl cavabdehə qarşı iddianı qaldırardı. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, İddiaçı və X4 mübahisəli qeyri-yaşayış sahəsi ilə bağlı iddia tələbi irəli sürməklə bağlı subyektiv hüquqa malik olmadıqlarından, iddia tələblərinin təmin edilməməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Digər tərəfdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı iddiası üzrə qalan hissələrə, yəni, əldən çıxmış faydanın, ödənilmiş dövlət rüsumu və vəkil xərcinin ödənilməsi hissələrinə münasibətdə düzgün olaraq belə nəticəyə gəlmişdir ki, İddiaçı iddiası əsas hissədə rədd edildiyindən qalan hissələrdə məhkəmə prosessual qənaət prinsipini nəzərə həmin hissələrdə də tələb təmin edilə bilməz. Apellyasiya şikayətlərinin dəlilləri isə əsassız olmuşdur. Belə ki, apellyasiya şikayətlərində istinad edilən Mənzil Məcəlləsinin 35-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlərin ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsus olması qeyd edilmişdir. Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi məhkəmənin sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsini tələb edir. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutlara obyektiv baxılması dedikdə, məhkəmə tərəfindən subyektiv mülahizələrə yol vermədən sübutun məzmununu təşkil edən dəlillərin və faktların qiymətləndirilməsi başa düşülür. Obyektivlik ilk növbədə sübutun məzmununda olan dəlillərin və faktların həqiqi və mötəbər olduğunu yoxlamağı tələb edir. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Sübutların qiymətləndirilməsi zamanı ilk addımlardan biri də sübutun özünün mümkünlüyünün araşdırılmasıdır. Sübutların mümkünlüyündən bəhs edən MPM-nin 81ci maddəsində deyilir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Bu baxımdan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətlərinin dəlilləri əsassız olmuşdur. Çünki İddiaçı İltıfat oğlu və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X15 iddialarını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmişlər, müvafiq sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hər iki iddia tələbinin rədd edilməsi barədə düzgün nəticəyə gəlmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apelyasiya şikayətlərində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətləri təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları apellyatorların özlərinə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

Qət etdi:

İddiaçı İltıfat oğlu və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X15 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)-309/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları apellyatorların özlərinə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Sabit Bəhrəmzadə Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar