Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1427/2025 12.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-1427/2025 Açar sözlər: aliment miqdarının dəyişdirilməsi (alimentin azaldılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X5 və X3 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin dəyişdirilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2579/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə 12 fevral 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Tərəflər rəsmi nikaha daxil olmuş və həmin nikahlarından 16 dekabr 2009-cu il təvəllüdlü X8 və 16 fevral 2015-ci il təvəllüdlü X6 dünyaya gəlmişdir. Məhkəmə qətnaməsi ilə tərəflərin rəsmi nikahı pozulmuş, uşaqlar ananın yanında saxlanılmış və onların yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçıdan hər ay hər uşaq 140 manat aliment tutulmuşdur. 2.Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi əsasında iddiaçıdan hər ay hər uşaq üçün tututan alimentin miqdarı artıralaraq 235 manat müəyyən edilmişdir.
3. Hazırda iddiaçı alimentin həcminin azaldılaraq qazancının 1/3 hissəsi miqdarında tutulmasını xahiş edir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin dəyişdirilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(009)-1003/2024 saylı qətnaməsi əsasında ona təyin edilən alimentin miqdarının dəyişdirilməsi və 16 dekabr 2009-cu il təvəllüdlü X8 və 16 fevral 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi məbləğində aliment tutulması ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Səbail Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli 2(009)-1003/2024 saylı saylı qətnaməsi ilə 16 dekabr 2009-cu il təvəllüdlü X8 və 16 fevral 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçıdan hər ay sabit pul məbləğində tutulan 140 manat alimentin həcmi artırılaraq, hər uşaq üçün 235 manat sabit pul məbləğində müəyyən edilmişdir. İddiaçı hazırda X1 bağ fəhləsi işləyir və 475 manat əmək haqqı alır. Həmçinin ikinci dəfə rəsmi nikaha daxil olmaqla X7 ailə həyatı qurmuşdur.
6. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2579/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim İlkin Rüstəmli) iddianın rədd edilməsi qət edilmişdir.
7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə, “ “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü və 19-cu maddələrinə , Ailə Məcəlləsinin 75.1, 75.4, 78.2 və 112.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
8. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə iddiaçının maddi durumunu, ikinci dəfə ailə qurduğunu nəzərə almamışdır.Onun artıq başqa bir ailəsi vardır və iddiaçının o ailə qarşısında da öhdəliyi vardır.Əgər maddi cəhətdən ailədə problemləri yaransa bu dəfə də onun ailəsi dağılacaq. Axı YaşıllaşdırmaTəsərrüfatı Birliyində bağ fəhləsi işləyir və cəmi 475 manat əməkhaqqı alır, bundan başqa onun iş yeri var nə də başqa bir yerdən qazancı. 475 manat əmək haqqı alan adam necə cəmi 470 manat aliment ödəyə bilər . Yaşayış minimumu uşaqlar üçün müəyyən olunarkən Möhtərəm Prezidentin sərəncamında göstərilməyib ki, 235 manat aliment kəsilsin.O uşaqların yaşayış minimumun göstərir və bu yaşayış üçün nəzərdə tutulan məbləğ hər iki valideynə aiddir.Əgər uşaq hansı valideynin yanında saxlanılırsa onda o nəzərə alınmaalı və digər valideyndən artıq aliment tutulmalıdır. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansışəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılmasıüçün minimum tələbatınıödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olubolmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Bildirir ki, onun qolunda problem var və bu, hərbi biletində də qeyd olunub, bu səbəbdən əlavə işdə işləyə bilmir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. İddiaçının nümayəndə-vəkili məhkəməyə ərizə ünvanlayaraq apellyasiya şikayətini müdafiə etdiklərini bildirmiş və məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir.
12. İşin halları, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyünü nəzərə alaraq məhkəmə kollegiyası işə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyası
13. Maddə 17. 1-ci hissə. Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir
14. Maddə 17. 2-ci hissə. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
15. Maddə 34. 5-ci hissə. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
Azərbaycan Respublikası Ailə Məcəlləsi
16. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.
17. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
18. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir
19. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
“Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı.
20. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarda daha sonra göstərilmişdir ki, bu Qərarın nəticə hissəsinin 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
“Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı
21. 8.2. Məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu
22. Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının tə min olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır.
23. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
24. Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
“Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu
25. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 233.4. Cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır.
29. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
30. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
33. Hazırki iş üzrə iddia rədd edildiyindən və iddiaçı qətnamənin ləğv edilməsini xahiş etdiyindən, qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.
35. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tərtib olunmuşdur və qətnamənin dəyişdirilməsinə və ya ləğvinə hər hansı hüquqi əsas yoxdur.
39. Belə ki, iş materiallarında olan Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(009)-1003/2024 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, 16 dekabr 2009-cu il təvəllüdlü X8 və 16 fevral 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Səbail Rayon Məhkəməsinin 15 avqust 2023-cü il tarixli qətnaməsi əsasında cavabdeh İddiaçı hər ay sabit pul məbləğində tutulan 140 manat alimentin həcmi artırılaraq, hər uşaq üçün 235 manat sabit pul məbləğində müəyyən edilmsi və bu məbləğin bu qətnamə qanuni qüvvəyə mindiyi gündən tutulub (uşaqlar yetkinlik yaşına çatanadək) iddiaçı Cavabdeh verilməsi qət edilmişdir.
40. İş materiallarında olan 10 avqust 2023-cü il tarixli arayışda qeyd olunur ki, İddiaçı X1 bağ fəhləsi işləyir və buna görə 475 manat məbləğində əmək haqqı alır.
41. Kollegiya qeyd edir ki, məhkəmə aktı ilə 16 dekabr 2009-cu il təvəllüdlü X8 və 16 fevral 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşağa görə 235 manat aliment tutulması qət edilmişdir. İddiaçı hazırda maddi və ailə vəziyyəti ilə əlaqədar alimentin miqdarının azaldılaraq iki uşağa görə əmək haqqının 1/3 hissəsi qədər aliment tutulmasını xahiş edir. İddiaçının əmək haqqı 475 manat olmaqla həmin məbləğin 1/3 hissəsi 158,3 manat təşkil edir. Göründüyü kimi bu məbləğ 2024-cü il üçün uşaqlar üçün müəyyən edilmiş yaşayış mimumundan olduqca azdır.
42. Belə ki, yuxarıda sadalanmış hüquqi müddəaların əlaqəli şəkildə təhlilindən gəlinən nəticəyə əsasən qanunvercilik tərəflərin maddi və ailə vəziyyətindəki dəyişikliklər və digər diqqətəlayiq hallar nəzərə alınaraq təyin edilmiş aliment miqdarının artırılması və ya azaldılması barədə tələbin həlli zaman uşağın əvvəlki təminat səviyyəsinin maksimal həddə saxlanılmasını imperativ qayda kimi təsbit etmişdir. Belə ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur.
43. Həmçinin qanunvericilik öz fəaliyyətində uşaqların mənafelərinin üstün tutulmasını, onların hüquqlarının təmin olunmasına şərait yaradılmasını dövlət orqanlarının, bütün fiziki və hüquqi şəxslərin üzərinə vəzifə kimi qoymuşdur. Belə ki, uşağın mənafeyi ziddinə heç bir qərar qəbul edilə bilməz.
41. Qeyd edilənlər baxımından kollegiya hesab edir ki, iddiaçının iki uşağın saxlanması üçün ödəməsini xahiş etdiyi aliment məbləği (iki uşaq üçün cəmi 158,3 manat) uşaqların yaşayış mimumumdan az olmayan maddi təminat almaq hüquqlarını pozduğundan, onların mənafeyinə uyğun olmadığından iddia tələbi əsassızdır və təmin edilə bilməz.
44. Nəzərə alınmalıdır ki, uşaqlar hazırda cavabdehin himayəsində olduğundan onların məişət qayğıları, təlim-tərbiyəsi və digər zəruri xərcləri cavabdehin üzərindədir. Bu səbəbdən kollegiya hesab edir ki, yaşayış minimumunu təşkil edən məbləğin bir valideyndən tutulması, digər valideyn tərəfindən isə uşağın başqa zəruri ehtiyaclarının ödənilməsi valideynlərin uşağını maddi cəhətdən saxlamaq vəzifəsində müəyyən tarazlığı təmin edir.
45. Kollegiya vurğulayır ki, iddiaçının yenidən ailə həyatı qurması, həmin nikahdan uşağının olması onun əvvəlki nikahdan olan övladlarının minimum dolanacaq xərclərindən az oplmayan maddi təminat ödəmək vəzifəsindən azad etmir. Çünki uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək, maddi və mənəvi tələbatını ödəmək hər iki valideynin vəzifəsidir.
46. Göstərilənlərə əsasən kollegiya apellyasiya şikayətinin dəlillərini də əsassız hesab edir.
47. Beləliklə, şərh olunanlardan belə nəticəyə gəlinir ki, birinci instansiya məhkəməsinin iddianı rədd edilməsi barədə gəldiyi nəticə işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olmuşdur, belə olan halda apellyasiya şikayəti təmin edilmədən, mübahisələndirilən qətnamə isə dəyişdirilmədən saxlanılmalıdır.
48. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
49. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir.
50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2579/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev