Məhkəmə qərarları › İş №2(103)-1433/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1433/2024

20.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1433/2024 20.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin azaldılması tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 06 dekabr 2023-ci il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə, apellyatorun nümayəndəsi (vəkili) Vəkil və Cavabdeh iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-399/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təyin olunmuş alimentin müəyyən olunmuş miqdarının dəyişdirilərək cavabdehlə birgə nikahdan doğulmuş yetkinlik yaşına çatmayan övladları - xx.xx.2008-ci il təvəllüdlü Əhədin və xx.xx.2009-cu il təvəllüdlü Mehranın yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün ondan hər ay bir uşaq üçün 250 manat olmaqla cəmi 500 manat sabit pul məbləğində alimentin tutularaq cavabdehə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Binəqədi Rayon Məhkəməsinin 2(001)- 399/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə uşaqlar yetkinlik yaşına çatana qədər iddiaçıdan cavabdehin xeyrinə hər ay aylıq qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin tutulması qət edilmişdir. Tərəflərin nikahları pozulan vaxt onlar arasında barışıq sazişi imzalanıb və cavabdehə 53.000 manat məbləğində pul verilib. Bununla əlaqədar olaraq iddiaçı kredit götürüb verib və hazırda həmin kredit borcunu ödəyir. Əlavə olaraq, ata-anası da iddiaçının himayəsindədir və iddiaçı onlara da baxır. Eyni zamanda iddiaçı özü də xəstədir, müalicə alır və xəstəliyi ilə əlaqəli olaraq gələcəkdə işindən çıxması gözlənilir. Çünki iddiaçının iş yeri dənizdə olduğu üçün rütubət çoxdur və xəstəliyinin kəskinləşməsinə səbəb olur. Bununla yanaşı, iddiaçının əvvəlki nikahından da 1 oğlu var və həmin uşağa görə də iddiaçı əvvəllər aliment ödəyirdi. Hazırda isə həmin övladı universitetdə oxuyur və bir ata kimi ona da maddi yardım göstərmək məcburiyyətindədir. Uşaqlara baxmaq hər iki valideynin borcudur və cavabdeh özü də işləyərək, qazanc əldə edir. Bu səbəbdən uşaqlar üçün cəmi 500 manat olmaqla sabit pul məbləğində alimentin tutulması daha məqsədəuyğundur.

b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir.

4. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, alimentin həmin məbləğinin dəyişdirilərək azaldılması yolverilməzdir, ədalətli və ağlabatan deyildir, alimentin miqdarının azaldılması aliment alan uşağın mənafeyinə kəskin ziddir və işin faktiki halları ilə mütənasiblik təşkil etmir. Belə ki, iddiaçının himayəsində ahıl valideynlərinin olması, əvvəlki nikahdan olan uşağına maddi yardım etməsi və kredit ödəməsi onun ailə və maddi vəziyyətində dəyişiklik olmasını təsdiqləyən bir hal olsa da, yuxarıda istinad edilən maddi hüquq normaları, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun analoji işlərlə bağlı gəldikləri hüquqi mövqeləri baxımından məhkəmə hesab edir ki, iddiaçı alimentin miqdarının azaldılmalı olması ilə bağlı mövqeyində haqlı deyildir, həmin hal alimentin miqdarının azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Belə ki, aliment ödənilən cavabdeh azyaşlı uşağı ilə iddiaçıdan ayrı yaşayır, ondan ayrı yaşamalarına baxmayaraq, iddiaçının həmin uşağın qarşısında bir valideyn kimi müvafiq öhdəlikləri vardır, iddiaçı uşağının maddi və mənəvi cəhətdən təminatını həyata keçirməlidir və bu, onun mənəvi borcudur. Rayon Məhkəməsi həmçinin qeyd etmişdir ki, hər bir uşağın layiqli həyat tərzi yaşamağa hüququ vardır və uşağın inkişafı üçün valideynlərin maddi və mənəvi dəstək olmaları onların vəzifəsi və borcudur. Mövcud qanunvericilik normaları istənilən yaranmış vəziyyətdə uşağın mənafeylərinin daha üstün tutulmasını imperativ olaraq göstərir. Məhkəmə aliment tutularkən iddiaçının işləməsini, tərəflərin maddi və ailə vəziyyətini, hər bir uşağın öz anasının yanında yaşamasını, eyni zamanda diqqətəlayiq olan digər hallar nəzərə almaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlamaqla əsas götürülməlidir. Bundan başqa, iddiaçı bir ata kimi övladının qayğısına qalmalı, onu zəruri vəsaitlə təmin etməli, onun təminatını əvvəlki kimi yüksək saxlamalı və bundan irəli gələn vəzifələrini layiqincə yerinə yetirməlidir. O, valideynlik vəzifələrinə malik olduğunu başa düşərək həm öz tələbatını, həm də uşaqlarının tələbatını təmin etməlidir. Belə ki, iddiaçının özünün də ərizəsində qeyd etdiyi kimi hər iki valideyni onun himayəsində yaşasa da, hər ikisi təqaüd alır və həmin təqaüdlə öz maddi tələbatlarını ödəmək imkanına malikdirlər. Eyni zamanda, iddiaçının əvvəlki nikahdan olan uşağına maddi yardım etməsi və kredit borcunun olması uşaqların əvvəlki təminatı səviyyəsi ilə müqayisədə aliment məbləğinin azaldılması üçün əsas deyil. Eyni zamanda tutulan aliment məbləğinin təxminən 750-1.000 manat aralığında olması isə belə qənaətə gəlməyə əsas verir ki, iddiaçı əmək haqqından əlavə digər gəlirləri ilə birlikdə təxminən 2.250-3.000 manata yaxın aylıq gəlir əldə edir. Həmin məbləğdən qeyd olunan aliment məbləğinin tutulduğu halda iddiaçının 1.500-2.000 manata yaxın özünə qazancı qalır ki, həmin məbləğlə də, həm öz tələbatlarını ödəmək, həm də digər öhdəliklərini qarşılamaq imkanında olur. Odur ki, bütün qeyd olunan hallara birlikdə qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır.

c) apellyasiya şikayəti barədə məlumat

5. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

6. İddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, Rayon Məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən sübutları lazımınca tədqiq etməmiş və olmayan hüquqi nəticəyə gəlmişdir.

d) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və verdikləri izahatlar barədə məlumat

7. İddiaçının nümayəndəsi (vəkili) apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi.

8. Apellyasiya baxışında iştirak etmiş cavabdeh apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi.

e) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

9. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

10. Belə ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-399/2022 nömrəli mülki iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı X1 cavabdeh İddiaçı qarşı “nikahın pozulması, uşaqların ananın yanında saxlanması və aliment” tələbinə dair iddiası təmin edilməsi, iş üzrə tərəflər arasında xx.xx.2008-ci il tarixində Qaradağ Rayon Qeydiyyat Şöbəsində bağlanmış nikahın pozulması, nikahdan doğulmuş hər iki uşağın anaları X1 yanında saxlanılmasını, uşaqların yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün İddiaçı hər ay aylıq qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin tutularaq X3 ödənilməsi qət edilmişdir.

11. “MyGov” portalından xx.xx.2023-cü il tarixdə çıxarılmış arayışdan görünür ki, iddiaçı "xxxx" MMC-də çox ixtisaslı supervayzer işləyir və 879 manat əmək haqqı alır.

12. İş üzrə tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli “Barışıq sazişindən” görünür ki, həmin Sazişə əsasən tərəflər razılığa gəlir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrə (reyestr nömrəsi: **********59-05301-093052) ilə Cavabdeh 1/2 hissə ilə xüsusi mülkiyyət hüququ qeydiyyata alınmış və ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 85.30 kv/m olan 18 saylı mənzilin 1/2 hissə payını Cavabdeh İddiaçı xeyrinə özgəninkiləşdirməyi öhdəsinə götürür. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-998/2022 nömrəli qətnaməsi ilə Cavabdeh 1/2 hissəsinə mülkiyyət hüququ tanınmış “Porsche Cayenne” markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobilin 1/2 hissə payını Cavabdeh İddiaçı xeyrinə özgəninkiləşdirməyi öhdəsinə götürür. “Sazişin” 2.1 və 2.2-ci bəndlərində nəzərdə tutulan əmlaklardakı paylarını Cavabdeh İddiaçı xeyrinə özgəninkiləşdirməyi müqabilində İddiaçı 53.000 manatı hazırkı “Sazişin” notarial orqanda təsdiq edildiyi gün Cavabdeh ödəyir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan e-2(001)-987/2023 mülki iş üzrə İddiaçı “birgə nikah dövründə yaranmış öhdəliklərdən əmələ gələn kredit borcun ödənilmiş məbləğinin yarısının cavabdehdən tutulmasına dair iddiasından imtina edir. Binəqədi Rayon Məhkəməsinin icraatında olan e-2(001)-2861/2023 mülki iş üzrə iddiaçı Cavabdeh “mənzilə köçürülmə tələbinə dair iddiasından imtina edir. Cavabdeh ünvan 1 saylı evin 18 saylı mənzildən xx.xx.2023-cü il tarixinədək uşaqları - xx.xx.2008-ci il təvəllüdlü X9 və xx.xx.2009-cu il təvəllüdlü X6 ilə birlikdə yaşayış yeri üzrə qeydiyyatdan çıxmağı öhdəsinə götürür. Tərəflər bəyan edir ki, bu “Sazişin” bəndlərində müəyyən edilən hallarla bağlı birbirilərinə qarşı əlavə tələb və ya iddiaları yoxdur və olmayacaq.

13. “Yasamal-45” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş arayışdan görünür ki, hazırki iş üzrə iddiaçı valideynləri atası xx.xx.1953-cü il təvəllüdlü təqaüdçü X4 və anası xx.xx.1956-cı il təvəllüdlü təqaüdçü X7 ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi, bina № 135, mənzil № 5-də yaşayır və sonuncular iddiaçının himayəsindədir.

14. "xxxx" KB ASC ilə İddiaçı arasında xx.xx.2023-cü il tarixdə bağlanmış “Kredit müqaviləsinə” əsasən, iddiaçıya 58 ay müddətinə illik 36% ödəmək şərti ilə 30.000 manat məbləğində kredit xətti açılmışdır.

15. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli ilə bağlı qeyd edir ki, “Uşaq hüquqları haqqında” Bəyannaməyə görə, uşaq, qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi və sosial baxımdan sağlam və normal yolla, azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir.

16. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə görə, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar (maddə 5.). Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür (maddə 8.). Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (maddə 13.). Valideynlərin uşağın tərbiyəsində bərabər hüququ və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir (maddə 19.).

17. Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında Konvensiyasının” 18-ci maddəsinin tələbinə görə, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşaqların ən yaxşı maraqları onların əsas qayğı obyektidir.

18. Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur (maddə 17.). Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur (maddə 34; bənd 4.).

19. Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələblərinə görə, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər (maddə 112.). Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə - qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutulur (maddə 76.1.2.).

20. Qeyd edilən maddi hüquq normalarının tələblərindən göründüyü kimi, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər.

21. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarına əsasən, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır.

22. Məhkəmə qeyd edir ki, iddiaçının himayəsində ahıl valideynlərinin olması, əvvəlki nikahdan olan uşağına maddi yardım etməsi və kredit ödəməsi onun ailə və maddi vəziyyətində dəyişiklik olmasını təsdiqləyən bir hal olsa da, yuxarıda istinad edilən maddi hüquq normaları, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun analoji işlərlə bağlı gəldikləri hüquqi mövqeləri baxımından məhkəmə hesab edir ki, iddiaçı alimentin miqdarının azaldılmalı olması ilə bağlı mövqeyində haqlı deyildir, həmin hallar alimentin miqdarının azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir.

23. Belə ki, aliment ödənilən cavabdeh azyaşlı uşağı ilə iddiaçıdan ayrı yaşayır, ondan ayrı yaşamalarına baxmayaraq, iddiaçının həmin uşağın qarşısında bir valideyn kimi müvafiq öhdəlikləri vardır, iddiaçı uşağının maddi və mənəvi cəhətdən təminatını həyata keçirməlidir və bu, onun mənəvi borcudur.

24. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçının özünün də ərizəsində qeyd etdiyi kimi hər iki valideyni onun himayəsində yaşasa da, hər ikisi təqaüd alır və həmin təqaüdlə öz maddi tələbatlarını ödəmək imkanına malikdirlər. Eyni zamanda, iddiaçının əvvəlki nikahdan olan uşağına maddi yardım etməsi və kredit borcunun olması uşaqların əvvəlki təminatı səviyyəsi ilə müqayisədə aliment məbləğinin azaldılması üçün əsas deyil.

25. Eyni zamanda tutulan aliment məbləğinin təxminən 750-1.000 manat aralığında olması isə belə qənaətə gəlməyə əsas verir ki, iddiaçı əmək haqqından əlavə digər gəlirləri ilə birlikdə təxminən 2.250-3.000 manata yaxın aylıq gəlir əldə edir. Həmin məbləğdən qeyd olunan aliment məbləğinin tutulduğu halda iddiaçının 1.500-2.000 manata yaxın özünə qazancı qalır ki, həmin məbləğlə də, həm öz tələbatlarını ödəmək, həm də digər öhdəliklərini qarşılamaq imkanında olur.

26. İddiaçının aylıq qazancı yetərli səviyyədə olduğu üçün, cavabdehlə birgə nikahdan olan uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılması məqsədi ilə məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir.

27. İddiaçının apellyasiya şikayətinin dəlilləri Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas təşkil edə bilməz. Çünki valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu və vəzifəsidir.

28. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi tərəflərin maddi və ailə vəziyyətini nəzərə almaqla, uşaqların təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını əsas tutaraq, iddianı təmin etməməkdə haqlı olmuşdur. g) apelyasiyanın nəticəsi

29. Bununla da apellyasiya baxışının nəticəsi olaraq müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıdığına görə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

30. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

31. Məhkəmə, MPM-in 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

32. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-in 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.

33. Məhkəmə həmçinin bildirir ki, iddianın rədd edilməsi barədə Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıldığından, cavabdeh hazırki qətnamədən kassasiya şikayəti verə bilməz.

34. İddiaçının apellyasiya şikayəti təmin edilmədiyindən iddiaçı MPM-in tələbləri və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilməklə qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.

35. Beləliklə də, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 06 dekabr 2023-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. İddiaçı tərəfindən hazırki qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə uyğun olaraq və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən Cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar