Məhkəmə qərarları › İş №2(103)-1434/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1434/2025

26.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1434/2025 26.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə, "xxxx" ASC-yə, "X26 Şəbəkə" MMC-yə qarşı "mənəvi zərərin tutulması" tələbinə dair mülki iş üzrə Açar sözlər: (mənəvi zərər tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X21 və X3 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 noyabr 2024-cü il tarixli, 2(006)-2535/2024 saylı qətnaməsindən İddiaçı və cavabdeh ."X22 Elektrik Şəbəsi” MMC tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1."X22 Elektrik Şəbəsi” MMC-nin X10 Elektrik Şəbəkə rayonunun “Ləkin" kənd yarımstansiyasının növbətçi elektrik mantyoru vəzifəsində işləyən X4 növbətçi elektrik mantyoru vəzifəsində işləyərkən üzərinə qoyulmuş texniki təhlükəsizlik və əməyin mühafizəsi funksiyalarının icrası qaydalarına əməl etməməsi nəticəsində iddiaçının anası X23 ölmüşdür. 2.İddiaçı anasının ölümündə cavabdehin əməkdaşının təqsiri olmasına əsaslanaraq, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı cavabdeh "xxxx" ASC-yə, "xxxx" ASC-yə, "X26 Şəbəkə" MMC-yə qarşı "mənəvi zərərin tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən onun xeyrinə 60.000 (altımış min) manat məbləğində mənəvi zərərə görə kompensasiyanın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin cənub RETSİ-nin X6 Ləkin şəbəkə sahəsində usta işləyən X4 öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsi, yəni səhlənkarlıq etməsi fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulmasına, o cümlədən ağır nəticələrin baş verməsinə - X11 və digər şəxslərin ölümünə səbəb olmuşdur. Cəlilabad Rayon Məhkəməsinin 19 fevral 2010-cu il tarixli, 1(073)-39/2010 nömrəli hökmünə əsasən təqsirləndirilən şəxs X9 Azərbaycan Respublikası CM-in 162.2-ci maddəsi ilə təqsirli bilinərək cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cinayət işinə əlavə edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X28-Təcrübi və X13 rayon şöbəsinin 30 sentyabr 2019-cu il tarixli 16 nömrəli ekspert rəyindən görünür ki, X1 ölümünə yüksək gərginlikli texniki elektrik cərəyanının təsirindən törənmiş ağır dərəcəli elektrotravmatik şok səbəb olmuşdur. X1 sağ əlin, saidin və hər iki ayaqların elektrik cərəyanı texniki yanıqları müəyyən olunmuşdur. Qeyd olunan xəsarətlərdən yüksək gərginlikli texniki elektrik cərəyanının təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 29 sentyabr 2009-cu il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurma əlamətlərinə malikdir. Bu baş vermiş hadisə ilə əlaqədar Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi ilə cinayət işinin ibtidai istintaqı aparılmış və cinayət işi məhkəməyə göndərilmiş, iş üzrə Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 1(073)-39/2010 saylı hökmü çıxarılmış və qanuni qüvvəsini almışdır. Cinayət işindən görünür ki, hadisə "xxxx" ASC-nin Cənub RETSİ-nin X6 Ləkin şəbəkə sahəsində usta işləyən əməkdaşının təqsiri ucbatından baş vermişdir. Məhkumun cinayət əməlində təqsiri tam sübuta yetirilmiş, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri,ekspertiza rəyləri və işin bütün materialları ilə tam təsdiq olunmuşdur. Cavabdeh orqanın məsul vəzifədə çalışan əməkdaşının qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkətləri və baş verən hadisə nəticəsində mənə maddi və mənəviziyan dəymişdir. Baş vermiş cinayət hadisəsi nəticəsində anasının ölməsi ilə bağlı onun və digər ailə üzvlərinin mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və bu hadisə nəticəsində və ondan sonrakı prosesslər zamanı yaşanan streslər, əzab və əziyyətlər ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə hüquqları vardır. Qanunverici isə bu halda mənəvi ziyanın pul məbləğində ifadə olunmasını mümkün sayır. Uşaq atadan deyil, Anadan yetim qalır. O əziz anasını itirmiş, bu itkini sözilə ifadə etmək çətindir, çünki bunlar daha duyğusal hisslərdir. Bu baxımdan mərhum anasının ölümü nəticəsində keçirdiyi stres, narahatlıq, məyusluq, mənəvi sarsıntı və s. kimi halları nəzərə alaraq ona, dəymiş mənəvi zərər cavabdeh X35 Cəmiyyətindən alınaraq ona ödənilməlidir. 5.İddiaçının nümayəndəsi (vəkili) Vəkil1 məhkəməyə iddia tələbinə dəqiqləşmə barədə ərizə ilə müraciət edərək, cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətindən və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətindən müştərək qaydada İddiaçı xeyrinə 60.000 (altmış min) manat məbləğində mənəvi zərərə görə kompensasiyanın və ödənilmiş 270 (iki yüz yetmiş) manat dövlət rüsumunu alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 6.Daha sonra iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 "X26 Şəbəkə" MMC-nin cavabdeh qismində cəlb olunmasını xahiş etmişdir. 7.Cavabdeh "X26 Şəbəkə" MMC-nin nümayəndəsi və vəkili Vəkil2 etiraz ərizəsi ilə müraciət edərək, İddiaçı cavabdeh ”X26 Şəbəkəsi” MMC-yə qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 8.Etiraz onunla əsaslandırmışdır ki, zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məlum haldır ki, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığınazərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Lakin qanunvericilikdə dəymiş mənəvi zərərin konkret qiymət meyarı nəzərdə tutulmadığından məhkəmə mənəvi zərər müəyyən edilərkən ilk növbədə hüquqazidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqazidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir. Bu səbəbdən hesab edirik ki, iddiaçı ona dəymiş mənəvi zərərin 60.000 (altmış min) manat həcmində müyyən etməklə kompensasiyanın həcmini kifayət qədər əsaslandırmamış, şişirdilmiş kompensasiya məbləği tələb etməklə əssasız varlanmağa əsas verən tələb irəli sürmüşdür. AR Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsini müyyən edən xx.xx.2023cü il tarixli, 2(102)- 388/2023 saylı qərarında qeyd olunmuşdur ki, mənəvi zərər bilavasitə zərərvuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə, mənfi psixoloji reaksiyaya səbəb olduğu üçün, hadisədən uzun müddət keçdikdən sonra mənəvi zərərin təsirinin azalmasının labüddür. 9.Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X14 izahat verərək bildirmişdir ki, həmin hadisə 2009-cu ildə baş verib və 2009-cu ildə həmin təqsirləndirilən şəxsə hökm oxunub. Həmin vaxtda "xxxx" ASC fəaliyyətə başlamamışdı. "xxxx" ASC fəaliyyətə 2015-ci ildə başlayıb. Həmin vaxt qeyd edilən stansiya Cavabdeh2 ASC-nin balansında olub. Hesab edir ki, "xxxx" ASCyə qarşı iddianın qaldırılması əsassızdır. 10.Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 23 noyabr 2024-cü il tarixli, 2(006)-2535/2024 saylı qətnaməsi ilə (sədrlik edən-Əfsanə Heydərova) iddianın qismən təmin edilməsi, vurulmuş mənəvi zərərin əvəzi olaraq 30.000 (otuz min) manat məbləğində pul vəsaiti və 270 (iki yüz yetmiş manat) manat dövlət rüsumunun cavabdeh "X26 Şəbəsi” (REŞ) Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan: 11.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7 xx.xx.2009-cu il tarixli 16 nömrəli ekspert rəyindən görünür ki, X1 meyitinin üzərində olan xəsarətlər yüksək gərginlikli texniki elektrik cərəyanının təsirindən əmələ gəlmiş və onun ölümünə səbəb yüksək gərginlikli texniki elektrik cərəyanının təsirindən törənmiş ağır dərəcəli elektrotravmatik şok səbəb olmuşdur. X5 29 sentyabr 2009-cu il tarixdə, saat 23:45-də xəstəxanada vəfat etmişdir. 12.Cəlilabad Rayon Məhkəməsinin 19 fevral 2010-cu il tarixli, 1(073)-39/2010 nömrəli hökmü ilə, təqsirləndirilən X9 Azərbaycan Respublikasının CM-nin 162.2-ci maddəsi ilə təqsirli bilinib müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməməklə, yəni elektrik mantyoru fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməməklə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi hökm edilmişdir. 13.Cəlilabad rayon Qeydiyyat şöbəsinin 29 fevral 2024-cü il tarixli arayışından görünür ki, X23 xx.xx.2009-cu ildə Azərbaycan Respublikasının Cəlilabad rayonu Badamağac kəndində ölmüşdür. Ölüm haqqında 26 oktyabr 2009-cu ildə 153 nömrəli akt qeydi tərtib olunmuşdur. 14.xx.xx.2024-cü il tarixli sorğusuna cavab olaraq, Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti xx.xx.2024-cü il tarixli, 13-9/2-2831/15/24 nömrəli məktubla bildirmişdir ki, X10 Elektrik Şəbəkə Rayonunun 35/10 kv-luq Ləkin yarımstansiya xx.xx.2009-cu ildə "xxxx" ASC-nin “X22 Elektrik Şəbəsi" MMCnin struktur tərkibində olmuşdur. “X22 Elektrik Şəbəsi" MMC-nin adı, "xxxx" ASC-nin rəhbərliyinin xx.xx.2010-cu il tarixli əmrinə əsasən dəyişilərək "X26 Şəbəsi” MMC adlandırılmışdır. “X22 Elektrik Şəbəsi" MMC hazırda "X26 Şəbəsi” MMC kimi fəaliyyət göstərir. “X22 Elektrik Şəbəsi" MMC-nin hüquqi varisi "xxxx" ASC "X26 Şəbəsi” MMC-dir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 10 fevral tarixli 1045 nömrəli Sərəncamına əsasən "xxxx" ASC yaranmış, istehlakçıların enerjisi ilə təchizatının təmin olunması məqsədi ilə bütün X8 "xxxx" ASC, “Cənub” RETSİ-nin balans mənsubiyətinə verilmişdir. 15.Məhkəmə işin fakitki halları ilə bağlı qeyd etmişdir ki, əməkdaş X4 növbətçi elektrik mantyoru vəzifəsində işləyərkən üzərinə qoyulmuş texniki təhlükəsizlik və əməyin mühafizəsi funksiyalarının icrası qaydalarına əməl etməməsi nəticəsində iddiaçının anası X23 ölmüşdür. Hazırda iddiaçı pul tələbi ilə məhkəməyə müraciət edərək öz iddiasını cavabdeh qismində cəlb edilən hüquqi şəxsin əməkdaşının törətdiyi hadisə nəticəsində anasının ölməsinə görə mənəvi zərər vurulması ilə əsaslandırmışdır. 16.Məhkəmə hesab etmişdir ki, baş vermiş cinayət hadisəsi nəticəsində anasının ölməsi ilə əlaqədar iddiaçının mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və o, bu hadisə, habelə ondan sonrakı proseslər zamanı keçirdiyi stress, əzab və əziyyətlərlə bağlı olaraq ona vurulmuş mənəvi zərərin ödənilməsini tələb etməyə haqlıdır. Məhkəmə həmçinin hesab edir ki, anasının vəfat etməsi nəticəsində iddiaçının çəkdiyi mənəvi ağrının hər hansı pul vəsaiti ilə azaldılması və oğlunun həyata qaytarılması mümkün olmasa da, mövcud şəraitdə pul kompensasiyasının ödənilməsi vasitəsi ilə müəyyən qədər təsəlli ala bilər. 17.Məhkəmə göstərilənlərə əsasən hesab etmişdir ki, mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkət və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsini, bunun nəticəsində iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsirini (qəsd və yaxud ehtiyatsızlıq), habelə işin sair diqqətəlayiq hallarını nəzərə almaqla ağlabatan məbləğ olaraq 30.000 (otuz min) manat pul vəsaiti vurulmuş mənəvi ziyanın tutularaq iddiaçının xeyrinə ödənilməsi daha ədalətli və ağlabatandır. 18.Məhkəmə iddiaya cavab verməli olan cavabdeh barəsində qeyd etmişdir ki, işin araşdırılmış hallarından müəyyən edilir ki, hadisənin baş verməsində təqsirli "X22 Elektrik Şəbəsi” MMC-nin X10 Elektrik Şəbəkə rayonunun “Ləkin" kənd yarımstansiyasının növbətçi elektrik mantyoru vəzifəsində işləyən X9 olmuşdur. 35/10 kV-luq “Ləkin" kənd yarımstansiyası 2015-ci ilədək "xxxx" MMC-nin tabeliyində olması nəzərə alınmaqla hazırki iddia üzrə cavabdeh "X26 Şəbəsi” (REŞ) MMC hesab edilməklə iddiaçının tələbi yalnız ona münasibətdə təmin edilməlidir. Belə ki, Ləkin kənd yarımstansiyasının "xxxx" ASC-yə 2015-ci ildən sonra verilməsi və "X26 Şəbəsi” (REŞ) MMCnin Cavabdeh2 ASC-nin tabeliyində olsa da, müstəqil hüquqi şəxs olması digər cavabdehlərin mülki məsuliyyətini istisna edir. 19.Məhkəmə göstərilən nəticəyə gələrkən yuxarı instansiya məhkəmələrinin iddiaçının digər ailə üzvlərinin də bu tip iddiaları üzrə hüquqi mövqelərini nəzərə alınmasını zəruri hesab edərək qeyd etmişdir ki, həmin qərarlarda göstərilmişdir ki, ailədə baş vermiş faciə ilə bağlı hər bir ailə üzvünün bu itki ilə bağlı mənəvi sarsıntı keçirməsi əsası ilə ayrılıqda cavabdehə qarşı qeyd edilən iddialarla müraciət etməsi onların hüququ olsa da, bu halda sonuncunun maddi vəziyyətinin nəzərə alınması qanunvericiliklə tənzimlənir. 20.“Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 nömrəli 03 noyabr 2008-ci il tarixli qərarında göstərildiyi kimi mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınmasının zəruriliyi və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalı olması nəzərə alınmalıdır. Çünki, təmin edilən məbləğin vurulmuş mənəvi zərərin həcminə uyğunluğu kifayət qədər əsaslandırılmalı və cavabdehin də maliyyə vəziyyəti nəzərə alınmalıdır. 21.Məhkəmə qeyd etmişdir ki, məlum hadisənin üzərindən 15 il sonra iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntılar ilk günkü qədər dərin olmasa da, insanın, xüsusilə də milli dəyərlərdən irəli gələrək gələcəklə bağlı ümidlərin birbaşa bağlı olduğu övladın itkisi daim insana təsir edir. 15 ildə bu hisslərin də azalmasını və qanunvericiliklə də məhz mənəvi ziyanın mahiyyətindən irəli gələrək onun tələb edilməsinə görə iddia müddətinin tətbiq edilməməsini nəzərə alaraq iddiaçıya 30.000 manat məbləğində kompensasiya ödənilməsini məhkəmə ağlabatan hesab edir. 22.Beləliklə, məhkəmə belə qənaətə gəlmişdir ki, iddia tələbi qismən təmin edilməli, vurulmuş mənəvi zərərin əvəzi olaraq 30.000 (otuz min) manat məbləğində pul vəsaiti və 270 (iki yüz yetmiş manat) manat dövlət rüsumu cavabdeh "X26 Şəbəsi” (REŞ) Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı ödənilməlidir. İddia digər cavabdehlərə münasibətdə və qalan hissədə təmin edilməməlidir. 23.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin İ, 26cı maddəsinin İ hissəsi; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 1096.1, 1097.1, 1099.1, 1099.2, 1108.1-ci; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü; maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarına; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Konstitusiya Məhkəməsinin Qərarına; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarına; “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 119.1, 218.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 24.Qətnamədə İddiaçı apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin edilməyən hissədə ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 25.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamənin 5-ci səhifəsində “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya MəhkəməsiPlenumunun 24 aprel 2020-ci il tarixli Qərarına istinad edərək qeyd edir ki, şəxsin yaxınlarının, o cümlədən, ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyənedərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti vəs.amillər nəzərə alınmalıdır. Məhkəmənin qətnamədə bu qərarlara istinad etməsinə, dəfələrlə iddiaçının baş vermiş hadisədən sonra psixoloji gərginlik, əzab, ruhi sarsıntı və iztirablar keçirdiyini, bunu iddiaçıya sarsıdıcı təsir göstərdiyini vurğulamasına baxmayaraq, kompensasiyanın məbləğinicüzi təmin etməklə iddiaçıya qarşı ədalətsizlik etmişdir. Məhkəmə 30.000 manatı təmin edərkən onunla anasının bir yerdə yaşamasını, mütəmadi olaraq sıx ünsiyyətinin olması kimi məqamları nəzərə almamışdır. O, heç gözləmədiyi halda başqa bir şəxsin səhlənkarlığı nəticəsində yer üzündə onun üçün ən əziz olan insanı– anasını itirməyə hazır deyildi. İddianın təmin olunan 30.000 manatı – onun anasının ölməsinə görə keçirdiyi sarsıntı və iztirabının yüngülləşdirilməsinə səbəb olmuşdurmu? - pozulan mənəvi tarazlığının bərpa edilməsinə yönəldilmişdirmi? – ona sarsıntı və iztirabı unutdurmuşdurmu? - mənəvi hüzursuzluğunu aradan qaldırmışdırmı? - məhkəmə onun anası ilə olan şəfqət bağlılığını düzgün qiymətləndirmişdirmi? Məhkəmə mənəvi zərərə görə 30.000 manat kompensasiyanı müəyyən edərkən sosial, psixoloji vəiqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmamış, bununla da normaların tələblərini pozmuşdur. Nəsimi Rayon Məhkəməsi ona vurulan 60.000 manat zərəri tam təmin etmək əvəzinə, iddianı 30.000 manat həddində qismən təmin etmişdir. Beləliklə də məhkəmə qanunun “vurulan zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir” normasını tətbiq etməməklə səhvə yol vermişdir. Məhkəmə Qətnamədə qeyd etmişdir ki, hadisənin baş verməsindən təqsirli "X22 Elektrik Şəbəkəsi” MMC-nin X10 Elektrik Şəbəkə rayonunun “Ləkin" kənd yarımstansiyasının növbətçi elektrik montyoru vəzifəsində işləyən X9 olmuşdur. 35/10 kV-luq “Ləkin" kənd yarımstansiyası 2015-ci ilədək "xxxx" MMC-nin tabeliyində olması nəzərə alınmaqla hazırkı iddia üzrə cavabdeh "X26 Şəbəkəsi”(REŞ) MMC hesab edilməklə tələbi yalnız ona münasibətdə təmin edilməlidir. Belə ki, Ləkin kənd yarımstansiyasının "xxxx" ASC-yə 2015-ci ildən sonra verilməsi və "X26 Şəbəkəsi” (REŞ) MMC-nin Cavabdeh2 ASC-nin tabeliyində olsa da, müstəqil hüquqi şəxs olması digər cavabdehlərin mülki məsuliyyətini istisna etmişdir. Bu hal tələb edilən 60000 manat məbləğində mənəvi zərərin təmin edilməsini istisna edən hal kimi qiymətləndirilə bilməz. İlk növbədə “X26 Şəbəkəsi” Cavabdeh2 ASC-nin tabeliyində fəaliyyət göstərir, buna uyğun olaraq “X26 Şəbəkəsi” MMC-nin fəaliyyətinə nəzarət məhz “Azərenerji tərəfindən həyata keçirilməlidir. Eyni zamanda tabeliyində olduğu qurumun əməkdaşının səhvi ucbatından insan itkisi ilə nəticələnən hala görə də məsuliyyət daşımalıdır. Halhazırda “X26 Şəbəkəsi” MMC-nin faktiki olaraq "xxxx" ASC-nin tərkibində fəaliyyət göstərməsi "xxxx" ASC-nin birgə cavabdeh kimi məsuliyyət daşımasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Belə ki, Ləkin kənd yarımstansiyası "xxxx" ASC-yə verilmişdir. Necə ki, sözügüdən Açıq Səhmdar Cəmiyyəti “X26 Şəbəkəsi” MMC-yə məxsus hüquqlardan istifadə edir, onun fəaliyyətinə ümumi nəzarəti təmin edir, eləcə də MMC-nin əməkdaşları tərəfindən vurulmuş zərərlərə görə də məsuliyyət daşımalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin vəzifələrinin yerinə yetirilməsinin təmin olunması, iddiaçının pozulmuş hüquqlarının bərpa olunmasına nail olmaq baxımından məhkəmə hər bir halda "xxxx" MMC-ni birgə cavabdeh qismində tanıyıb, iddianı ona münasibətdə də təmin etməli idi. Bunlardan başqa onun anasının başına gələn bu faciədən heç kim sığortalanmayıb. Bu təhlükəsizliyi təmin etmək, belə səhlənkarlığa yol verilməməsinə nəzarət etmək birgə cavabdehlərin öhdəliyində idi. Bu, vəzifəli şəxslərin öz işlərinə laqeyd, vicdansız məsuliyyətsiz, səhlənkar yanaşmaları nəticəsində baş vermişdir. Bunu göz ardı etmək ən böyük ədalətsizlikdir. Məhkəmə qətnamə qəbul edərkən, təqdim edilən sübutlara tam və hərtərəfli baxmamış, yalnız birgə cavabdehlərin mövqeyini qorumağa yönəlmiş sübutlar əsasında qərar qəbul etmişdir. Məhkəmənin yalnız “X26 Şəbəkəsi” MMC-yə münasibətdə qətnamə qəbul etməsi bunun göstəricisidir. Məhkəmə mənəvi zərərin tam təmin edilməməsi üçün qətnamədə heç bir tutarlı məqam qeyd etməmişdir. Məhkəmə qətnamənin 6-cı səhifəsində "xxxx" ASC-nin hadisədən sonra təsis edilməsini, eləcə də Cavabdeh2 ASC-nin “X26 Şəbəkəsi” MMC-dən asılı olmadan fəaliyyət göstərdiyini bildirərək iddianı qismən təmin etmişdir. Məhkəmə belə qənaətə necə gəlmişdir? Ətraflı araşdırma etmədən birgə cavabdehlərin müstəqil fəaliyyət göstərdiyini və ya hadisə baş verdikdə "xxxx" ASC-nin təsis olmadığını qeyd edərək necə qanuni qətnamə qəbul edə bilər. Ödəniləcək məbləğin heç bir halda hadisənin fəsadlarını aradan qaldırmayacağını bilsə də, məhkəmənin əsassız qətnaməsi ilə iddiaçıya vurulan zərərin tam şəkildə ödənilməməsi hüquq sisteminə olan inamının itməsinə səbəb olur. Vurulmuş mənəvi zərərə görə təzminatın məbləğinin hesablanması zamanı məhkəmə cavabdehlərin maddi durumunu nəzərə almamışdır. Cavabdehlərin maddi durumu kifayət qədər yüksəkdir. Cavabdehlərin nizamnamə kapitalı milyardlarla ölçülən bir həddədir. Bu barədə kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarışda açıq-aşkar görünür. Nəzərdə tutulan maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi məhkəmənin qanunsuz və əsassız qətnamə çıxarması ilə nəticələnmişdir. Mənəvi ziyanın ölçüsü şəxsi məsələ olduğundan ziyanın vurulma məbləğini ancaq bu iztirabı yaşayan şəxs olaraq iddiaçı bilir. Hər bir şəxsin daxilində yaşadığı, çəkdiyi əzabəziyyətlər, hadisənin təsiri məhz ona xasdır, onun hadisəyə psixoloji reaksiyası ilə xarakterizə olunur. Onsuz da tələb etdiyi məbləğ çox cüzidir, bir də məhkəmə tərəfindən təmin edilən 30.000 manat kompensasiya onun çəkdiyi əzabların, iztirabların dərəcəsinə qeyri-mütənasibdir. Anasının itkisi ilə üzləşərkən məhkəmənin belə bir ədalətsiz məbləğ təyin etməsi iddiçıya çox pis təsir edir. Məhkəmə bu məbləğin onu təsəlli etmək üçün kifayət qədər olduğunu heç bir formada əsaslandırmamışdır. Avropa Məhkəməsi Maksimov Rusiyaya qarşı iş üzrə 2010-cu il 18 mart tarixli Qərarında qeyd etmişdir ki, kompensasiyanın hesablanması qaydası mürəkkəbdir. Fiziki və ya mənəvi iztirablara dair işlərə baxılarkən bu proses daha da çətinləşir. Ağrı və əzab, fiziki narahatlıq və əqlisıxıntı və iztirabın pul ilə ölçülə biləcəyi standart mövcud deyildir. Məhkəmələr dəymiş mənəvi zərərə görə ərizəçiyə təyin etdiyi kompensasiyanın həcmini qərarlarında kifayət qədər əsaslandırmalıdırlar. Əsaslandırmanın olmaması ərizəçiyə qeyri-mütənasib, az kompensasiyanın təyin edilməsi, pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması prinsipinə uyğun olmayaraq həll edilməsi ilə nəticələnə bilər. Avropa Məhkəməsinin bu mövqeyinə istinad edərək qeyd edirik ki, məhkəmə dəymiş mənəvi zərərə görə iddiaçıya təyin etdiyi kompensasiyanın həcmini qərarında kifayət qədər əsaslandırmamışdır. 26.Qətnamədən həmçinin cavabdeh "X26 Şəbəsi” MMC apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilmiş hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 27.Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məlum haldır ki, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Lakin məhkəmə mənəvi zərər müəyyən edilərkən ilk növbədə hüquqazidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqazidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir. Yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, hazırki iş üzrə iddiaçıya vurulmuş mənəvi ziyanın miqdarını 30.000 (otuz min manat) məbləğində müəyyən etməklə məhkəmə kompensasiyanın həcmini kifayət qədər əsaslandırmamış və baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsini müəyyən edən xx.xx.2023-cü il tarixli, 2(102)-388/2023 saylı qərarında qeyd olunmuşdur ki, mənəvi zərər bilavasitə zərərvuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə, mənfi psixoloji reaksiyaya səbəb olduğu üçün, hadisədən uzun müddət keçdikdən sonra mənəvi zərərin təsirinin azalmasının labüddür. Hesab edir ki, iddiaçının oğlu İddiaçı ölümü ilə nəticələnən hadisədən 15 il müddət keçdiyi üçün iddiaçıya dəyən mənəvi zərərin təbii olaraq azalmasını nəzərə alsalar, məhkəmə iş üzrə kompensasiya məbləğini xeyli aşağı müəyyən etməldi idi. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 28.İddiaçı Möhsün oğlunun nümayəndəsi və vəkili Vəkil1 cavabdehin apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək göstəmirşdir ki, cavabdehin şikayətdəki dəlillərini tam şəkildə rədd etməklə, şikayətə etiraz edir və aşağıda qeyd edilən məqamları diqqətə çatdırır. Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair cavabdehin dəlilləri əsassızdır. Cavabdeh öz şikayətini “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkənələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasınımn Ali Məhkəməsinin Plenumunun 3 noyabr 2008ci il tarixli, 3 nömrəli Qərarının 10-cu bəndi ilə əsaslandırmışdır. Buna uyğun olaraq şikayətində bildirmişdir ki, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumuşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Lakin məhkəmə mənəvi zərər müəyyən edilərkən ilk növbədə hüquqazidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin də müəyyən edilməsi zəruridir. Cavabdeh şikayətini bu istiqamətdə əsaslandırsa da, bu halı təsdiq edən faktları, habelə digər sübutları irəli sürməmişdir. İşin hallarından da məlumdur ki, Azərişıq” ASC-nin cənub RETS İnin X6 Ləkin şəbəkə sahəsində usta işləyən X4 öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsi, yəni səhlənkarlıq etməsi fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulmasına, o cümlədən ağır nəticələrin baş verməsinə - X11 və digər şəxslərin ölümünə səbəb olmuşdur. Cəlilabad rayon məhkəməsinin 19 fevral 2010- cu il tarixli, 1(073)-39/2010 nömrəli hökmünə əsasən təqsirləndirilən şəxs X9 Azərbaycan Respublikası CM-in 162.2-ci maddəsi ilə təqsirli bilinərək cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 04 (dörd) il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cinayət işinə əlavə edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X28-Təcrübi və X13 rayon şöbəsinin 30 sentyabr 2019- cu il tarixli 16 nömrəli ekspert rəyindən görünür ki, X1 ölümünə yüksək gərginlikli texniki elektrik cərəyanının təsirindən törənmiş ağır dərəcəli elektrotravmatik şok səbəb olmuşdur. X1 sağ əlin, saidin və hər iki ayaqların elektrik cərəyanı texniki yanıqları müəyyən olunmuşdur. Qeyd olunan xəsarətlərdən yüksək gərginlikli texniki elektrik cərəyanının təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 29 sentyabr 2009-cu il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma əlamətlərinə malikdir. Bu baş vermiş hadisə ilə əlaqədar Azərbaycan Respublikası CM -nin 162.2-ci maddəsi ilə cinayət işinin ibtidai istintaqı aparılmış və cinayət işi məhkəməyə göndərilmiş, iş üzrə Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 1(073)-39/2010 saylı hökmü çıxarılmış və qanuni qüvvəsini almışdır. Cinayət işindən görünür ki, hadisə "xxxx" ASC-nin Cənub RETS İ-nin X6 Ləkin şəbəkə sahəsində usta işləyən əməkdaşının təqsiri ucbatından baş vermişdir. Məhkumun cinayət əməlində təqsiri tam sübuta yetirilmiş, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspertiza rəyləri və işin bütün materialları ilə tam təsdiq olunmuşdur. Hal belə olduqda cavabdehin “hüquqazidd əməlin növü, dərəcəsi, şiddəri, davam etdiyi müddət nəzərə alınmalıdır” şəklində ifadə olunan mövqeyi doğru qəbul edilməməli, sadəcə şikayət ərizəsinin həcmini genişləndirmək üçün istifadə edilmiş sözlər kimi qiymətləndirilməlidir. Cavabdeh hesab edir ki, hazırki iş üzrə iddiaçıya vurulmuş mənvi ziyanın miqdarını 30.000 (otuz min) manat məbləğində müəyyən etməklə məhkəmə kompensasiyanın həcmini kifayət qədər əsaslandırmamış və baxılan iş üzrə social, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmamışdır. Cavabdeh tərəfindən heç bir əsas gətirilmədən irəli sürülən bu iddia həqiqəti əks etdirməməklə yanaşı, qəbul edilmiş normativ aktların tələbləri ilə ziddiyyət təşkil edir. Buna uyğun olaraq Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 3 noyabr 2008-ci il tarixli, 3 nömrəli Qərarının 10cu bəndində göstərilmişdir ki, mənəvi zərərin miqdarı mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı nəzərə alınaraq məhkəmə tərəfindən müəyyən edilir. O da aydın olan haldır ki, neçə yaşında olmasından asılı olmayaraq anasını itirən hər bir şəxs mənəvi iztirab keçirir. İddiaçı doğma anasını itirib, bu itkini və ağrını söz ilə ifadə etmək çətindir, çünki bunlar duyğusal hislərdir. Anasını itirmiş biri təkcə həyatındakı adi bir insanı deyil, bütün yaşamını itirmiş olur. İstənilən məkanı yuva edən anadır, iddiaçı isə həmin hadisədən sonra “yuvasız” qalıb. Göstərilənlərə uyğun olaraq cavabdehin apellyasiya şikayəti ilə razılaşmır, maddi hüquq normalarının tətbiqinə dair irəli sürdüyü iddiaları əsassız hesab edirik. B. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına dair cavabdehin dəlilləri əsassızdır. Cavabdeh şikayətində qeyd etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsini müəyyən edən xx.xx.2023-cü il tarixli, 2(102)-388/2023 saylı qərarında qeyd olunmuşdur ki, mənəvi zərər bilavasitə zərərvuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə, mənfi psixoloji reaksiyaya səbəb olduğu üçün hadisədən uzun müddət keçdikdən sonra mənəvi zərərin təsirinin azalması labüddür. Cavabdeh hesab edir ki, iddiaçının anası X11 ölümü ilə nəticələnən hadisədən 15 il müddət keçdiyi üçün iddiaçıya dəyən mənəvi zərərin təsirinin təbii olaraq azalması nəzərə alınsa, məhkəmə iş üzrə kompensasiya məbləğini xeyli aşağı müəyyən etməli idi. Lakin məhkəmə cavabdehdən tutulmalı olan kompensasiya məbləğinə dair gəldiyi nəticə üzrə yuxarıda qeyd edilən halları araşdırmamış, bu tipli işlər üzrə Ali Məhkəmənin vahid təcrübəsi formalaşdıran qərarlarını təhlil etməmişdir. Cavabdeh şikayətini bu istiqamətdə əsaslandırarkən “Azərbaycan Respublikası Mülki Məcəlləainin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarının tələblərini nəzərə almamışdır. Sözügedən qərarın mətninə müvafiq olaraq şəxsin yaxınlarının, o cümlədən ailə üzvələrinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Nəzərə alsaq ki, iddiaçı İ dərəcəli qohumu sayılan anasını itirib. O da məlumdur ki, insan hər yaşında anasını axtarır, onun nəvazişinə ehtiyac duyur. İddiaçı aradan uzun müddət keçməsinə baxmayaraq hələ də evlərinin hər küncündə anasını axtarır, yaşasa idi anası ilə danışa biləcəyi söhbətlərin həsrətini çəkir. O faciədən bu günə qədər hər gün vaxtsız köçən anasını xatırlayır, baş verən hadisənin ağırlığı altında yenidən xatırlayır. Bütün bu sadalananlara uyğun olaraq cavabdehin şikayətində irəli sürdüyü dəlilləri birmənalı olaraq qəbul etmir. Göründüyü kimi, cavabdehin şikayətdə göstərdiyi dəlillər tam əsassızdır. Bütün bunları nəzərə alaraq, eləcə də Mülki Prosessual Məcəllənin 47.2 və 367.2-ci maddələrini rəhbər tutaraq, xahiş edir ki, Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi barədə qətnamə qəbul edilsin. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 29.İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı və cavabdehlər məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkməməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, tərəfləriniştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 30.Maddə 21.1.Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 31.Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 32.Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 33.Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 34.Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

35. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 36.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 37.Maddə 82.4.Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 38.Maddə 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

39.Maddə 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun Qərarları:

40. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. 41.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2021-ci il tarixli Qərarına əsasən “Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir. 42.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Nəzərə alınmalıdır ki, mənəvi təzminat tələbi vərəsəliklə əlaqəli deyil. Belə ki, mənəvi təzminat tələbi ilə çıxış edən iddiaçı ölən şəxsin vərəsəsi olsa da, onların ölümdən əvvəl emosional yaxınlığı olmadığı, iddiaçı şəxsin ölməsi ilə əlaqədar ağrı və kədər hissi və ya mənəvi sarsıntı keçirmədiyi təqdirdə onun mənəvi təzminat almaq tələbi də istisna edilir. Mənəvi təzminatı tələb etmək hüququ olan şəxslərin dairəsinə gəlincə isə qeyd edilməlidir ki, bu hüquqa ölən və ya sağlamlığına zərər vurulan şəxsin yaxınları malik ola bilər. Şəxsin “yaxını” dedikdə onun məhz ailə hüququ çərçivəsində qohumu deyil, ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxslə xüsusi bağlılığı ilə səciyyələnən, səmimi münasibətinin və mənəvi yaxınlığının olduğu, həyatında mühüm yer tutan, uzun müddət birgə yaşadığı və birgə təsərüfat apardığı, ölümündən və ya sağlamlığına vurulan zərər nəticəsində həyat şəraiti dəyişmiş, həqiqətən mənəvi sarsıntı, əzab və iztirab keçirmiş insan nəzərdə tutulur. Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır. Ana və atanın uşaqlarının, nənə və babanın nəvələrinin ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində zərərçəkmişin tək uşaq (nəvə) olması, valideynlərin yenidən uşaq dünyaya gətirəcək yaşda olubolmamaları kimi amillər də diqqətə alınmalıdır. Uşaqların ana və atalarının ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində onların ata və analarına möhtac yaşda olmaları, fiziki və ya əqli məhdudiyyətli olmaları əsas götürülməlidir. Hüquqa zidd hərəkətdən zərərçəkmiş qardaş və ya bacıların mənəvi təzminat tələbinə baxılarkən onlar arasında doğmalıq və sevgi hislərinin, mütəmadi və sıx ünsiyyətlərinin olub-olmaması kimi məqamlar nəzərdən keçirilməlidir. 43.“Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarının: -2-ci bəndinə əsasən zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. -4-cü bəndinə əsasən şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. - 7-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. -8-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. -10-cu bəndinə əsasən mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

Apellyasiya baxışının hədləri 44.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 45.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, iddiaçı qətnaməni iddianın təmin edilməyən hissəsində, cavabdeh isə təmin edilən hissəsində mübahisələndirdiyindən, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

46.Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə tutulan mənəvi zərərin məbləği ilə bağlı hissədə dəyişdirilməlidir. 47.Belə ki, işin fakitki halları ondan ibarətdir ki, Cəlilabad Rayon Məhkəməsinin 19 fevral 2010-cu il tarixli, 1(073)-39/2010 nömrəli hökmü ilə, təqsirləndirilən X9 Azərbaycan Respublikasının CM-nin 162.2-ci maddəsi ilə təqsirli bilinib müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməməklə, yəni elektrik mantyoru fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməməklə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi hökm edilmişdir. 48.X4 qeyd olunan cinayəti işi üzrə təqsirləndirilərək cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb o olmuşdur ki, həmin vaxt "X22 Elektrik Şəbəsi” MMC-nin X10 Elektrik Şəbəkə rayonunun “Ləkin" kənd yarımstansiyasının növbətçi elektrik mantyoru vəzifəsində işləyən X4 növbətçi elektrik mantyoru vəzifəsində işləyərkən üzərinə qoyulmuş texniki təhlükəsizlik və əməyin mühafizəsi funksiyalarının icrasıqaydalarına əməl etməməsi nəticəsində iddiaçının anası X23 ölmüşdür. 49.Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 50.Göründüyü kimi, cavabdehin işçisinin təqsirindən iddiaçının anası ölmüşdür. Şübhəsiz ki, iddiaçının anasını itirməsi onda mənəvi sarsıntılar, şüurunda mənfi hallar, ümidsizlik, yaşamaq eşqinin azalması və s. kimi hallar yaratmışdır. Çünki onların arasında uzun illər ərzində formalaşmış ailə münasibətlərindən irəli gələn mənəvi bağlılıq, valideyn övlad münasibtləri mövcud olmuşdur. 51.Kollegiya qeyd edir ki, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir (AR MM-nin 1099.1-ci maddəsi). İşçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun (AR MM-nin 1099.2-ci maddəsi). 52.“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenum Qərarında qeyd edilmişdir ki, mülki qanunvericilikdə şəxsin ölümü və ya sağlamlığına zərər yetirilməsi ilə əlaqədar mənəvi zərərin ödənilməsi əsaslarını müəyyən edən konkret hüquq normasının nəzərdə tutulmaması bu barədə iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz və belə tələb Mülki Məcəllənin 23-cü maddəsinə əsaslanmaqla mənəvi zərərin ödənilməsi qaydasında irəli sürülə bilər. 53.Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçının övladının ölümündə cavabdehin işçisinin təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən olunduğundan, cavabdeh olan hüquqi şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır. 54.Məhz qeyd olunan səbəblərdən kollegiya iddiaçının "xxxx" ASC və Cavabdeh2 ASC-nin də iddia tələbinə cavab verməli olan subyektlər olması ilə bağlı dəlillərini əsassız hesab edərək qeyd edir ki, hadisənin baş verməsində təqsirli "X22 Elektrik Şəbəsi” MMC-nin X10 Elektrik Şəbəkə rayonunun “Ləkin" kənd yarımstansiyasının növbətçi elektrik mantyoru vəzifəsində işləyən X9 olmuşdur. Belə olduğu halda Ləkin kənd yarımstansiyasının "xxxx" ASC-yə 2015-ci ildən sonra verilməsi və "X26 Şəbəsi” (REŞ) MMC-nin Cavabdeh2 ASC-nin tabeliyində olsa da, müstəqil hüquqi şəxs olması ilə bağlı işin fakitki halları mübahisələndirilən subyektlərin hazırkı iddia tələbinə qarşı cavabdehliyini istisna edir. 55.Kollegiya hesab edir ki, iddiaçının mənəvi zərər çəkməsinin müəyyən edilməsinin də iş üçün əhəmiyyəti vardır. 56.Məhkəmə iddiaçının anasının ölümü nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsi ilə bağlı vurğulayır ki, İddiaçı anasının ölməsi nəticəsində iddiaçının arzulamadığı hisslər yaşamaq məcburiyyətində qalması, eyni zamanda ağrı və kədər hissi, habelə mənəvi sarsıntı, əzab və iztirab keçirməsi və bu halın davamlı olması qənaətinə gəlmək üçün kifayətdir. Anasının vəfat etməsi nəticəsində iddiaçının çəkdiyi mənəvi ağrının hər hansı pul vəsaiti ilə azaldılması və oğlunun həyata qaytarılması mümkün olmasa da, mövcud şəraitdə pul kompensasiyasının ödənilməsi vasitəsi ilə müəyyən qədər təsəlli ala bilər. 57.“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Konstitusiya Məhkəməsinin Qərarında qeyd edilmişdir ki, mənəvi təzminatı tələb etmək hüququ olan şəxslərin dairəsinə ölən və ya sağlamlığına zərər vurulan şəxsin yaxınları malik ola bilər. Şəxsin “yaxını” dedikdə onun məhz ailə hüququ çərçivəsində qohumu deyil, ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxslə xüsusi bağlılığı ilə səciyyələnən, səmimi münasibətinin və mənəvi yaxınlığının olduğu, həyatında mühüm yer tutan, uzun müddət birgə yaşadığı və birgə təsərrüfat apardığı, ölümündən və ya sağlamlığına vurulan zərər nəticəsində həyat şəraiti dəyişmiş, həqiqətən mənəvi sarsıntı, əzab və iztirab keçirmiş insan nəzərdə tutulur. Həmin Qərarla formalaşdırılmış hüquqi mövqeyə görə, mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən ana və atanın uşaqlarının, nənə və babanın nəvələrinin ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində zərərçəkmişin tək uşaq (nəvə) olması, valideynlərin yenidən uşaq dünyaya gətirəcək yaşda olub-olmamaları kimi amillər də diqqətə alınmalıdır. 58.Kollegiya qeyd edir ki, məmnunetmə (razısalma) yanaşmasına görə mənəvi zərərin əvəzinin ödənilməsində məqsəd zərərin kompensasiyası və ya zərərvuranın cəzalandırılması deyil, zərər çəkəndə məruz qaldığı mənəvi sarsıntı və iztirabı müəyyən qədər azaltmaqdır. Zərərə çəkənə mənəvi zərərin əvəzi kimi pul məbləğinin ödənilməsi halında onda məruz qaldğı mənəvi zərərin qismən və ya tamamilə aradan qaldırmağa yarayan məmnunetmə hissi yaradılmış olur. Şəxsin çəkdiyi əzabın, ağrıların, iztirabın ona kompensasiya verilməsilə tam aradan qaldırılması mümkün deyildir. Bu halda mənəvi zərərin ödənilməsi zərər çəkəni təsəlli edən bir vasitədir. Mənəvi zərərə görə müəyyən miqdarda pulun ödənilməsini istisna edilmir. Bu yanaşma obyektiv mənəvi zərər nəzəriyyəsinə əsalanır və zərər çəkənin mənəvi sarsıntı və iztirab çəkib- çəkməməsini araşdırmadan şəxsin əmlak və ya şəxsi qeyri-əmlak dəyərlərində müəyyən əksilmənin olması halında mənəvi zərərin vurulduğunu qəbul edir. 59.Lakin məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən iddiaçının xeyrinə müəyyən edilmiş mənəvi zərərin (təzminatın) məbləği ilə razılaşmır və bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, məlum hadisənin üzərindən 15 il keçmiş və uzun müddət ərzində bu hisslərin də azalması mümkün olan bir haldır. Göründüyü kimi, hətta hadisə ilə bağlı başlanmış cinayət işinə məhkəmədə baxılarkən mərhumun hüquqi varisləri və zərərçəkmiş şəxslər X24, X16, X17, X31, X18, X15, X12, X19, X25 və X20 təqsirləndirilən şəxslər barışdıqlarını və ona qarşı heç bir tələb və şikayətinin olmadığını bildirmişlər. Lakin, iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntılar ilk günkü qədər dərin olmasa da, insanın, xüsusilə də milli dəyərlərdən irəli gələrək gələcəklə bağlı ümidlərin birbaşa bağlı olduğu ananın itkisi daim insana təsir edir. 60.Avropa Məhkəməsinin “Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə” Qərarında da göstərilmişdir ki, şəxslərin mənəvi iztirablarının dərəcəsinin müəyyən edilməsi üçün qohumluq əlaqələrinin yaxınlıq dərəcəsi, qohumluq münasibətlərinin spesifikası, qohumun hadisənin şahidi olubolmaması və s. faktorların müəyyən edilməsi əhəmiyyət kəsb edir. 61.Həm bu hallar, həmçinin də baş vermiş hadisədən artıq 15 ilə yaxın müddətin keçməsi qəti surətdə belə qənaətə gəlməyə əsas verir ki, iddiaçının hadisənin ilk vaxtlarında keçirdiyi arzuolunmaz mənəvi-psixoloji stressin səviyyəsi ilə hazırkı vaxtda keçirdiyi stressin səviyyəsi eyni deyil və ola da bilməz. Əlavə olaraq da qeyd olunmalıdır ki, iddiaçı ötən dövr ərzində məhkəməyə müraciət etməmişdir. Halbuki, bu sahəni tənzimləyən və mənəvi təzminatın tutulması üçün hüquqi imkanlar müəyyən edən qanunvericilik mövcud və məhkəmələr tərəfindən bu qəbildən olan iddiaların təmin olunması təcrübəsi formalaşdırılmışdır. Kollegiya qeyd edilərə əsasən hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərin əvəzi adekvat şəkildə aradan qaldırılmalı və mənəvi tarazlığın bərpa edilməsi gözlənilməlidir. 62.Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, mənəvi zərərin əvəzi olaraq Cavabdeh3ndən 15.000 manat məbləğində pulun tutulması ağlabatan və ədalətlidir. 63.Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh3ndən iddiaçının mənəvi zərərin əvəzi qismində pul məbləğində kompensasiya tutmaqda haqlı olmuş, lakin nəticədə müəyyən edilmiş mənəvi zərərin miqdarı ağlabatan və ədalətli olmamışdır. Bu səbəbdən iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdeh X26 Şəbəkə” Məhdud Məsuliyyətli Cəmiyyətinin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ilə müəyyən edilən mənəvi zərərin məbləği dəyişdirilərək vurulmuş mənəvi zərərin əvəzi olaraq Cavabdeh3ndən 15.000 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları apellyatorlara aid edilməlidir. 64.Kollegiya həmçinin hesab edir ki, qətnamə cavabdehdən tutulmalı olan 270 manat dövlət rüsumu hissəsində dəyişdirilməli, dövlət rüsumu 68 manat müəyyən edilməlidir. 65.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh3 MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 noyabr 2024-cü il tarixli, 2(006)-2535/2024 saylı qətnaməsi tutulmuş mənəvi zərərin məbləği və dövlət rüsumu ilə bağlı hissələrdə dəyişdirilsin. Mənəvi zərərin əvəzi 15000 (on beş min) manat, dövlət rüsumu 68 (altmış səkkiz) manat müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.

Sədrlik edən Xəyal Sarıyev

Hakimlər Günay Axundova

Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar