Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1437/2021 01.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Nağıyeva Aynur Valeh qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X2 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2367/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh QSC-yə qarşı iddia ərizəsi, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh QSC-dən onun xeyrinə orada işlədiyi müddət üçün orta əmək haqqının tutulması və ondan qanunsuz alınmış 1814 manatın alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2016-cı ildən "xxxx" QSC-də (indiki adı "Cavabdeh") satış nümayəndəsi kimi işləmiş, işə başlayarkən onunla əmək müqaviləsi bağlanılacağı bildirilsə də, əmək müqaviləsi bağlanmamışdır. "xxxx" QSC-də işlədiyi müddətdə onun iştirakı ilə satışdan əldə edilən pulları cavabdehin nümayəndəsinə-xəzinədara (kassaya) ödəmişdir. Bu fakt kassirin qeydiyyat apardığı "debitorlar və kredit dəyişmələr siyahısı”nda göstərilmişdir. Həmin siyahıya görə o, xx.xx.2016-cı ildən xx.xx.2016-cı ilə kimi cavabdeh təşkilatın kassasına pul ödəmişdir. Bir müddət sonra ona işdən çıxarıldığı bildirilmiş, lakin nə işə qəbul edilməsi barədə əmrin surəti, nə əmək müqaviləsinin surəti, nə tam maddi məsuliyyət barədə müqavilənin, nədə işdən çıxarılması barədə əmrin surətləri ona verilməmiş, həmçinin ona işlədiyi müddətə görə əmək haqqı da ödənilməmişdir. İşdən çıxarılandan sonra alış-veriş məqsədilə İran İslam Respublikasına getmək istərkən sərhəddən buraxılmamış, onun sərhəddən keçməsinə "xxxx" QSC-nin rəhbərliyinin xahişi ilə qadağa qoyulduğu bildirilmişdir. Qadağanın səbəbini aydınlaşdırmaq məqsədilə "xxxx" QSC-də olarkən ona 1814 manat borcunun olduğu, ödəməyəcəyi təqdirdə məsuliyyətə cəlb ediləcəyi bildirilmiş, həmin borcun nədən yarandığı izah edilməmişdir. Əmək qanunvericiliyini bilmədiyindən xx.xx.2017-ci il tarixdə həmin pulu ödəməyə məcbur olmuşdur. Beləliklə, cavabdehin razılığı ilə faktiki işləsə də, onunla əmək müqaviləsi bağlanmamış, işə qəbul edilməsi barədə əmr verilməmiş, ona satış üçün mal verilsə də, onunla tam maddi məsuliyyət barədə müqavilə bağlanmamış, ondan qanunsuz olaraq 1814 manat alınmış, işdən çıxarılması barədə əmrin surəti ona verilməmiş, işlədiyi müddətə görə ona əmək haqqı ödənilməmişdir. Cavabdeh onu əmək müqaviləsi olmadan işlətməklə dövlətə vergi ödəməkdən yayınmışdır. Onun "xxxx" QSC-də (indiki adı "Cavabdeh") işləməsi İdarə heyətinin sədri E.Q.Rəsulovun imzaladığı xx.xx.2017-ci il tarixli məktubla, 1814,92 manat məbləğində pulu cavabdehə ödəməsi barədə No DA**********055 nömrəli xx.xx.2017-ci il tarixli kassa mədaxil orderi ilə, xəzinədarın (kassirin) qeydi olan "debitorlar və kredit dəyişmələr siyahısı" ilə təsdiq edilir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2367/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki,xx.xx.2016-cı ildən xx.xx.2016-cı il tarixə kimi cavabdeh iddiaçını satış nümayəndəsi vəzifəsinə işə götürəcəyini bildirmiş, onunla əmək müqaviləsi bağlayacağını vəd etmiş və iddiaçı satış nümayəndəsi vəzifəsini icra etmişdir, lakin onunla əmək müqaviləsi bağlanmamışdır, işdən çıxandan 1 il 9 ay sonra iddiaçıya işlədiyi vaxt borcunun olmasını ona bildirmişlər, borcun nədən yaranmasını izah etmədən ödənilməsini tələb etmişlər, əks təqdirdə məsuliyyətə cəlb ediləcəyini bildirmişlər. Qanunvericiliyin tələblərini bilmədiyindən həmin pulu - 1814 manatı iddiaçı cavabdehin hesabına ödəmişdir. Lakin çatışmazlığın nədən yaranması barədə yoxlama aktı və ya arayış ona təqdim edilməmişdir, satış nümayəndəsi kimi işlədiyi dövrdə iddiaçıya əmək haqqı da ödənilməmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərkən iddiaçının digər şəxslər kimi, mütəmadi olaraq nisyə mallar - ət məhsulları alaraq onları satmağını, iddiaçı ilə hər hansı əmək münasibətləri olmamasını, onların işçi kimi fəaliyyət göstərməməsini qeyd etmiş, hansı statusda işləməsini bildirməmiş, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavabdeh, iddiaçı izahatında qeyd etdiyi kimi digər şəxslərlə tapşırıq müqaviləsi əsasında işləməyini qeyd etməmişdir. Lakin məhkəmə, onunla əmək müqaviləsi bağlanmadan qanunsuz işlədilməsinə baxmayaraq iddianı təmin etməmək məqsədilə qərarında tərəflər arasında əmək münasibətlərinə dair elektron imza vasitəsilə daxil edilmiş əmək müqaviləsi bildirişi qeydiyyata alınmadığından, tərəflərin deməsinə görə yox, öz daxili inamına və ümumi hüquq düşüncəsinə əsaslanaraq bu qənaətə gəlmişdir ki, tərəflərin arasında tapşırıq müqaviləsi əsasında yaranmış münasibətlər mövcud olmuşdur. İddianı təsdiq edən mötəbər sübut kimi cavabdehə xx.xx.2020-ci il tarixdə sorğu göndərməklə iddiaçının Cavabdeh QSC-yə işə götürülüb-götürülməməsi, hansı vəzifənin icrasının ona tapşırılması, hansı yoxlama materiallarına əsasən onda 1814 manat çatışmazlıq yaranmasının müəyyən edilməsi barədə məlumat verilməsi xahiş edilsə də, həmin sənədlər məhkəməyə təqdim edilmədən məhkəmə işə baxıb qərar qəbul etmişdir. Cavabdeh tərəfindən Cavabdeh QSC-də işlədiyi müddətdə iddiaçıya heç bir əmək haqqı ödənilməmişdir. Cavabdeh yox, məhkəmə iddiaçının cavabdehlə guya tapşırıq müqaviləsi əsasında işləməsi qənaətinə gəlsə də, cavabdehin iddiaçıya gördüyü işə görə pul ödənilməməsini də aydınlaşdırmamışdır, cavabdeh də iddiaçıya gördüyü işə görə pul ödənilməsini təsdiq edən heç bir sənəd təqdim etməmişdir. Məhkəmə qətnaməsində cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya dəyən maddi ziyanı sübut edə biləcək mötəbər sübutların məhkəməyə təqdim edilə bilməməsi göstərilmişdir. Lakin məhkəmə iddiaçının iddia ərizəsində göstərdiyi- Cavabdeh QSC-nin İdarə heyətinin sədri vəzifəsində işləmiş E.Q.Rəsulovun və cavabdehə hansı sənəd əsasında borcun yaranmasını aydınlaşdırmaq üçün mühasibin məhkəmə iclasına şahid qismində dəvət edilib dindirilməsi barədə vəsatətini təmin etməmişdir. Beləliklə, məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. İddiaçı əvvəllər Əfqanıstanda kəşfiyyatçı kimi xidmət etdiyindən, hazırda könüllü olaraq Qarabağın erməni işğalçılarından azad edilməsi uğurunda Vətən müharibəsində iştirak edir. Cavabdeh isə əmək, vergi qanunvericiliyini pozmaqla davam edir, məhkəmə isə hüquqları pozulan müharibə iştirakçısının yox, kobud qanun pozuntuları ilə fəaliyyət göstərən sahibkarı müdafiə edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X4 bildirdi ki, iddiaçı keçən ildən müddətdən artıq xidmət edən hərbi qulluqçudur və hazırda hərbi vəzifəsi ilə bağlı Laçın rayonundadır. Vətən müharibəsində döyüşlərdə fəal iştirak etmişdir. Cavabdeh tərəf heç olmasa aldığı 1814 manatı qaytarsın. Çünki, iddiaçını cavabdeh tərəf əmək müqaviləsi olmadan işlədib, vergidən yayınıblar. Məhkəmə iclasında iştirak etmiş, Cavabdeh QSC-nin nümayəndəsi X1 bildirmişdir ki, iddiaçının həqiqətən də döyüş bölgəsində olub xidmət etməsi, döyüşlərdə iştirak etməsi barədə arayış olarsa ona 1814 manat qaytarılacaqdır. Çünki, təmsil etdiyi şirkət döyüşdə iştirak edən bir çox hərbi qulluqçulara yardım etmiş və etməkdə də davam edir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırmışdır ki, İddiaçı ilə cavabdeh "xxxx" QSC-də (indiki adı "Cavabdeh") arasında cavabdehə məxsus malların realizə olunması üzrə münasibətlər mövcud olmuş, iddiaçı tərəfindən alınmış mallara görə ödəniş olunmaması səbəbindən həmin münasibətlərə xitam verilmiş, borcun ödənilməsi tələb olunmuş və həmin borc iddiaçı tərəfindən ödənilmişdir. Tərəflər arasında əmək münasibətlərinə dair elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişi qeydiyyata alınmadığından, məhkəmə öz daxili inamına və ümumi hüquq düşüncəsinə əsaslanaraq hesab edir ki, tərəflərin arasında tapşırıq müqaviləsi əsasında yaranmış münasibətlər mövcud olmuşdur. Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. İşin faktiki hallarına əsasən tərəflər arasında əmək müqaviləsi üzrə münasibətlərin mövcud olmamasını, tərəflərin arasında yaranmış münasibətlərin tapşırıq müqaviləsindən irəli gəlməsini, iddiaçı tərəfindən ödənilmiş 1814,92 manat məbləğində pulun iddiaçıdan realizə etmək üçün götürdüyü mallara görə əmələ gəlmiş borc məbləği olmasını nəzərə alıb, qanunvericiliyin yuxarıda sadalanan normalarına əsaslanaraq hesab edir ki, İddiaçı Cavabdeh QSC ilə aralarında əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş əmək münasibətlərinin omasını, bu səbəbdən cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona maddi ziyan dəydiyini iddia etsə də, həmin halları sübut edə biləcək mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin qismən ləğv edilməsi və iddianın qismən təmin edilməsi üçün əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair xx xxx 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Belə ki, apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsi, yəni iddianın təmin edilməməsi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissədə, yəni cavabdehin şikayəti üzrə mübahisələndirilən hissədə yoxlanılmalıdır. Hazırki iş üzrə, 1814 manatın qaytarılması ilə bağlı iddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iddianın bu hissədə təmin edilməməsi barədə iş üzrə gəldiyi nəticəsi düzgün olmamışdır. Əvvəla, iddiaçı ilə cavabdeh arasında hüquq münasibətlərinin yaranması işin mübahisəsiz halıdır. Düzdür, iddiaçı bu münasibətlərin əmək münasibəti olduğunu, cavabdeh tərəf isə iddiaçının onlardan nisyə mal aldığına görə aralarında yalnız mülki hüquq münasibətlərinin olduğunu bəyan edir. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsinə iddiaçı ilə cavabdeh Cəmiyyət arasında yaranmış bu münasibətlərin əsası və hansı hüquq münasibətlərində olmasına dair arayış təqdim etməsi təklif olunsa da, nümayəndə sonrakı məhkəmə iclaslarında iştirak etmədi və bununla da apellyasiya şikayətinə tam və hərtərəfli münasibət bildirməkdən imtina etdi. Birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış münasibətlərin tapşırıq müqaviləsindən yarandığını, iddiaçı tərəfindən cavabdehə ödənilmiş 1814,92 manatın realizə etmək üçün götürdüyü mallara görə əmələ gəlmiş borc məbləği olduğu qənaətinə gəlmiş, cavabdehin iddiaçıya maddi zərər vurmağı sübuta yetirilmədiyi əsası ilə iddianı tam rədd etmişdir. İddiaçının 1814,92 manatı xx.xx.2017-ci il tarixdə cavabdehə ödəməsi işin mübahisəsiz halı olsa da, cavabdeh hansı alınmış mallar üçün iddiaçının 1814,92 manat borcu yarandığına yaxud çatışmazlığın nədən ibarət olmasına dair məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Çünki, bu halı sübut etmək yükü artıq cavabdeh tərəfin üzərinə düşürdü. Lakin cavabdeh tərəf bu halı sübuta yetirə bilməmişdir. Bu hal da ona dəlalət edir ki, cavabdeh iddiaçıdan qanuni əsas olmadan 1814,92 manat almaqla əsassız varlanmışdır. Mülki Məcəllənin 1092.1-ci maddəsinin tələbinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Bununla yanaşı, cavabdehin nümayəndəsinin təklifinə əsasən iddiaçının nümayəndəsi tərəfindən təqdim edilən “N” nömrəli Hərbi Hissənin xx xxxxxx 2021-ci il tarixli arayışına əsasən hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İddiaçı həqiqətən xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Tərtər rayonunun Talış və Suqovuşan kəndləri həmçinin Murovdağ yüksəkliyi istiqamətində iştirak etmişdir. Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1., 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, hazırki iş üzrə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2367/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi qismən, yəni 1814 manat pulun cavabdehdən alınıb iddiaçıya ödənilməsinin rədd edilməsi hissəsində ləğv edilməli, iddia həmin hissədə təmin edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2367/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi qismən, yəni 1814 manat pulun cavabdehdən alınıb iddiaçıya ödənilməsinin rədd edilməsi hissəsində ləğv edilsin və iddia həmin hissədə təmin edilsin. Cavabdeh qapalı səhmdar cəmiyyətindən 1814(min səkkiz yüz on dörd) manat tutularaq İddiaçı verilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına İddiaçı tərəfindən kassasiya şikayəti verilə bilər, Cavabdeh qapalı səhmdar cəmiyyəti tərəfindən isə kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-1437/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1437/2021
01.03.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver