Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-144/2021 08.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, X9 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi (vəkili) X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «qızıl-zinət əşyalarının qaytarılması və ya dəyərinin ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 dekabr 2018-ci il tarixli, 2(004)-9389/2018 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) Cavabdeh (bundan sonra, cavabdeh) qarşı «qızıl-zinət əşyalarının qaytarılması və ya dəyərinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehdən ona hədiyyə kimi verilmiş qızılzinət əşyalarının, yəni dəyəri 3000 manat olan 1 dəst komplekt briliant dəstin (9 qaşlı üzük, sırğa abadok), dəyəri 800 manat olan 1 ədəd qalın toxunuşlu sarı qızıl qolbağın, dəyəri 900 manat olan 1 ədəd qalın toxunuşlu sarı qızıl boyunbağının, dəyəri 500 manat olan 1 ədəd ağ qızıl boyunbağının, dəyəri 1200 manat olan 1 ədəd tək qaşlı briliant kənarlarda tökmə nişan üzüyünün, dəyəri 500 manat olan 1 ədəd sarılı-ağlı yumru içində ürək briliant qaşlı klonun alınaraq ona verilməsi, göstərilən əşyalar olmadığı təqdirdə isə cavabdehdən onların dəyəri kimi 6400 manat pulun, həmçinin məhkəməyə ödədiyi 30 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlə 31 may 2014-cü ildə ailə həyatı qurmuş, birgə nikahlarından 18.03.2015-ci il təvəllüdlü X3 anadan olmuşdur. Nikahları bağlanan gün gəlin olaraq, cavabdehin valideynləri ilə birgə yaşadığı ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli fərdi yaşayış evinin yarı hissəsinə, cehiz əşyaları olan otaqlara köçürülmüşdür. Cavabdehlə münasibətləri 2018-ci ilin may ayına kimi normal olmuş, may ayından etibarən cavabdehin xarakteri dəyişməyə başlamış, ona toy və nişan günləri hədiyyə olaraq bağışlanmış qızıl-zinət əşyalarını ondan almışdır. Hətta nişan üzüyünü də onlan almışdır. Cavabdeh ondan xəbərsiz nikahlarının pozulması üçün müraciət etmiş, münasibətləri daha da pisləşmişdir. Cavabdeh ailələrinin dağılmasına təkid etmiş, o da bu vəziyyətdə əmisinə zəng vurmuşdur ki, onu onlara gətirsinlər. Cavabdeh atasından ona yadigar qalan qızıl zinət əşyalarını qaytarmış, lakin iddia ərizəsində göstərilən, ona hədiyyə kimi verilmiş ümumi dəyəri 6400 manat olan qızıl-zinət əşyalarını qaytarmaq istəmir. Həmin əşyalar iddiaçıya nikah zamanı və nikahdan əvvəl hədiyyə olaraq bağışlanmışdır. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 dekabr 2018-ci il tarixli, 2(004)- 9389/2018 saylı qətnaməsi ilə (hakim Ayaz Məmmədov) iddia təmin olunmamışdır. İddiaçı məhkəmənin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı apellyasiya şikayətini idda ərizəsində göstərilən dəlillərə uyğun qaydada əsaslandırmış, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olmasını, birinci instansiya məhkəməsinin yalnız cavabdeh tərəfin izahatlarını nəzərə alması və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. İZAHATLAR: Məhkəmə baxışında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, iddia ərizəsində və şikayətdə göstərilən dəlillərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişlər ki, iddia edilən qızıl-zinət əşyaları cavabdehdə qalmış, iddiaçı evdən çıxan zamanı onları özü ilə götürməmişdir. Bu hal, işdə olan tərəflər arasında aparılmış mesajlardan və videoyazıdan tam aydın görünür. Lakin birinci instansiya məhkəməsi sübutlara düzgün hüquqi qiymət verməmiş, yalnız cavabdeh tərəfin bildirdiklərinə əsaslanaraq iddianı rədd etmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxışında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, izahatında həçminin iddia ərizəsində göstərilən qızıl-zinət əşyalarının mövcudluğunu təsdiq etmiş, lakin onların iddiaçı tərəfindən evi tərk edərkən özü ilə aparılmasını bildirmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddianın qismən təmin olunması barədə yeni qətnamə qəbul edilməlidir. İlk növbədə qeyd edilməlidir ki, tərəflərin 31 may 2014-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurması, birgə nikahlarından 18 imart 2015-ci il təvəllüdlü X3 adlı bir azyaşlı uşaqlarının olması, nikahlarının pozulması, ayrı yaşamaları işin mübahisə olunmayan hallarıdır. Eyni zamanda, işin mübahisələndirilməyən digər hallarına əsasən – iddiaçı ailə həyatı qurandan sonra ünvan 1 ünvanına gəlin köçmüş, cehiz əşyalarını ora yerləşdirmiş, ailə münasibətləri pozulanadək orada yaşamışdır. Həmçinin cavabdeh tərəf iddia edilən qızıl-zinət əşyalarının mövcudluğunu təsdiq etmiş, lakin etirazının əsası kimi onların iddiaçı tərəfindən evi tərk edən zamanı aparılmasını və dəyərlərinin şişirdilməsini göstərmişdir. İddia edilən qızıl-zinət əşyalarının mövcudluğu həmçinin işdə olan digər sübutlarla da (tərəflərin izahatları, fotoşəkillər və s.) müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1 və 225.2-ci maddələrinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Qanunvericiliyin göstərilən müddəalarının mənasına görə hər hansı bir əmlakın ərarvadın birgə mülkiyyəti hesab edilə bilməsi üçün həmin əmlak məhz nikah müddətində ər-arvadın qazancları hesabına əldə edilmiş olmalıdır. Hədiyyə və ya vərəsəlik qaydasında əldə olunmuş əmlak isə onların hər birinin ayrıca mülkiyyətidir. Mülkiyyət hüququ isə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edildiyi kimi, cavabdeh tərəf iddia ərizəsində göstərilən qızıl-zinət əşyalarının mövcudluğunu, onların iddiaçıya hədiyyə olunmasını təsdiq etsə də, qeyd olunan qızılzinət əşyalarının iddiaçı tərəfindən cavabdehlə birgə yaşadıqları evi tərk edərkən aparıldığını göstərmiş, lakin etirazının əsası kimi istinad etdiyi halları əsaslanıdra və sübut edə bilməmişdir. Eyni zamanda işdə olan sübutlardan, həmçinin tərəflər arasında aparılmış «watsapp» yazışmalarından və baxış keçirilmiş video görüntülərdən qızıl-zinət əşyaları cavabdehdə qalması, iddiaçının onları tələb etdikdə isə cavabdehin onları qaytarmaqdan imtina etməsi müəyyən olunur. Cavabdehin nümayəndəsi həmin yazışma və sübutların qanunsuz yolla əldə olunmasını bildirsə də, məhkəmə kollegiyası bununla razılaşmır (həmin yazışmalar tərəflərə aid olmaqla, onlar tərəfindən aparılmışdır). Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Qərarındakı hüquqi mövqeyinə görə - Konstitusiya Məhkəməsinin Plenumu göstərir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı birbirlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası işin faktiki hallarını və tədqiq olunmuş sübutları məcmu halda qiymətləndirərək belə nəticəyə gəlir ki, iddia olunan və həqiqiliyi mübahisə doğurmayan iddiaçıya məxsus qızıl-zinət əşyaları cavabdehin qanunsuz sahibliyindədir, bu səbəbdən də iddiaçı onları tələb etməkdə haqlı olmuşdur. Cavabdeh tərəf isə bunun əksini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh tərəfin digər etirazı isə qızıl-zinət əşyalarının dəyərinin şişirdilməsi ilə bağlı olmuşdur (lakin, cavabdehin nümayəndəsi onların dəyərini konrket olaraq bildirməmişdir). Bu səbəbdən də məhkəmə kollegiyası qızıl-zinət əşyalarının obyektiv dəyərinin müəyyən olunması üçün qiymətləndirici təyin etmişdir. İşdə olan qiymətləndiricinin rəyindən («xxxx» MMC-nin 15 aprel 2021-ci il tarixli rəyi) görünür ki, iddia olunan – 1 ədəd briliant qaşlı dəstin (9 qaşlı üzük, abadok formalı sırğa) dəyəri 2200 manat, 1 ədəd qolbağın (qalın toxunuşlu sarı qızıl) dəyəri 750 manat, 1 ədəd boyunbağının (qalın toxunuşlu sarı qızıl) dəyəri 800 manat, 1 ədəd boyunbağının (ağ qızıl) dəyəri 400 manat, 1 ədəd kulonun (yumru, sarı qızıl) dəyəri 400 manat və 1 ədəd nişan üzüyünün (brilliant qaşlı, kənarları tökmə qaşlarla) dəyəri 900 manat olmaqla, ümumi dəyərləri 5450 manat təşkil edir. Göründüyü kimi, tələb olunan qızıl-zinət əşyalarının dəyəri iddia ərizəsində göstərilən qiymətlərdən fərqli olmaqla, aşağı qiymətləndirilmişdir. Tərəflər apellyasiya baxışı zamanı qiymətləndiricinin rəyinin əsassızlığı ilə bağlı məhkəməyə hər hansı etiraz və ya sübut təqdim etməmişlər. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddia qismən əsaslıdır. Cavabdeh mübahisə predmeti qızıl-zinət əşyalarını özündə saxlamaqla, iddiaçının həmin əşyalar üzərində olan mülkiyyət hüquqlarını pozur. Bu səbəbdən də, həmin qızıl-zinət əşyaları cavabdehdən alınaraq iddiaçıya verilməlidir. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 9.1-ci maddəsinin tələbinə görə ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Birinci instansiya məhkəməsi isə işdə olan sübutları düzgün qiymətləndirməmiş, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Belə olan halda isə, qətnamə əsaslı və qanuni hesab edilə bilməz. MPM-in 385.1 və 385.1.1-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual huquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən edilərək, dəyəri 2200 manat olan 1 ədəd briliant qaşlı dəst (9 qaşlı üzük, abadok formalı sırğa), dəyəri 750 manat olan 1 ədəd qolbaq (qalın toxunuşlu sarı qızıl), dəyəri 800 manat olan 1 ədəd boyunbağı (qalın toxunuşlu sarı qızıl), dəyəri 400 manat olan 1 ədəd boyunbağı (ağ qızıl), dəyəri 400 manat olan 1 ədəd kulon (yumru, sarı qızıl) və dəyəri 900 manat olan 1 ədəd nişan üzüyü (brilliant qaşlı, kənarları tökmə qaşlarla) və ya onların ümumi dəyəri olan 5450 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə kollegiyası, həmçinin məhkəmə xərclərinə də hüquqi qiymət verərək, qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində 300 manat məbləğində ekspertiza xərci (məhkəmə xərci) mövcud olmuşdur ki, həmin məhkəmə xərci cavabdehə aid edilməlidir. Bununla yanaşı, cavabdehdən ödənilmiş dövlət rüsumuna görə 30 manat pul vəsaiti tutularaq iddiaçıya verilməlidir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «qızıl-zinət əşyalarının qaytarılması və ya dəyərinin ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 dekabr 2018-ci il tarixli, 2(004)-9389/2018 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 dekabr 2018-ci il tarixli, 2(004)-9389/2018 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin, dəyəri 2200 manat olan 1 ədəd briliant qaşlı dəst (9 qaşlı üzük, abadok formalı sırğa), dəyəri 750 manat olan 1 ədəd qolbaq (qalın toxunuşlu sarı qızıl), dəyəri 800 manat olan 1 ədəd boyunbağı (qalın toxunuşlu sarı qızıl), dəyəri 400 manat olan 1 ədəd boyunbağı (ağ qızıl), dəyəri 400 manat olan 1 ədəd kulon (yumru, sarı qızıl) və dəyəri 900 manat olan 1 ədəd nişan üzüyü (brilliant qaşlı, kənarları tökmə qaşlarla) və ya onların ümumi dəyəri olan 5450 (beş min dörd yüz əlli) manat məbləğində pul vəsaiti, həmçinin ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat cavabdehdən alınaraq iddiaçıya verilsin. Məhkəmə xərci Cavabdeh aid edilsin. Cavabdehdən aparılmış ekspertizanın dəyəri olan 300 (üç yüz) manat tutularaq «xxxx» MMC-nin hesabına (VÖEN: ********** “xxxx” ASC Neftçilər filialı Bankın kodu: 507376 VÖEN: ********** M/h:AZ27NABZ******************** S.W.İ.F.T BİC: JBBKAZ22 H/h: AZ82JBBK**********1147293A67) köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-144/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-144/2021
08.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver