Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1444/2023 23.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, İddiaçı Fəman qızının Cavabdeh İB-yə qarşı mənəvi ziyan tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, e-2(011)- 7828/2022 nömrəli qərardadından iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh İB-yə qarşı mənəvi ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən övladı Əlizamin Rzayevin vəfatı ilə bağlı mənəvi ziyana görə 900.000 manat məbləğində kompensasiyanın tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, e-2(011)- 7828/2022 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmış, iddiaçıya iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmadığı izah olunmuşdur. Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, iddia ərizəsi, qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədiyindən, iddiaçının dövlət rüsumundan azad olması halları məhkəmə tərəfindən müəyyən olunmadığından ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. İddiaçının nümayəndəsi və vəkili həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilmsini xahiş etmiş və şikayəti onunla əsaslandırmışdır ki, iddiaçının mərhum oğlu müstəntiq işləməklə onu dolandırmış, yeganə oğlu olmaqla ailənin qazanc gətirən şəxsi olmuş, həyat yoldaşı 05 fevral 2002-ci il tarixdə mioakard infarktından vəfat etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və şikayətə dair etiraz və ona əlavə edilmiş sənədlərin təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər etiraz və ona əlavə edilmiş sənədləri, həmçinin işə məhkəmə iclasında baxılması barədə vəsatətlərini məhkəməyə təqdim etməmişlər. Məhkəmə Kollegiyası şikayətin dəlililərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 150.1 və 150.1.2-ci maddələrinə əsasən dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə edilməlidir; 152.1 və 152.1.5-ci maddələrinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.4-cü maddəsinə görə, iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi miqdarda dövlət rüsumu ödənilməlidir; 9.1 və 9.1.3-cü maddələrinə əsasən əlillik, səhhətə digər xəsarətlər yetirilməsinə və ya ailəni dolandıranın ölümü nəticəsində dəyən ziyanın ödənilməsi barəsində iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İşdə olan “Elektron məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, iddiaçı yaşa görə 268,61 manat məbləğində pensiya alır. Göründüyü kimi, iddiaçının maddi təminatı Dövlət tərəfindən ona pensiya ödənilməklə həyata keçirilir. Odur ki, iddiaçı ailəni dolandıranın ölümünə əsaslanmaqda dövlət rüsumunu ödəməkdən azad edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.1-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 400-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının şikayəti təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, e-2(011)- 7828/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz. Sədrlik edən: Məhəmməd Rüstəmli Hakimlər: Fərrux Qasımov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-1444/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1444/2023
23.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver