Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1450/2025 17.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh «Atəşgah Sığorta Şirkəti»nə qarşı “dəymiş zərərə görə sığorta haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 02 oktyabr 2024-cü il tarixli, 2(009)-902/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaçıya məxsus “Volkswagen Tiguan” markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobil avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta olunmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsindən sonra sığortalının yazılı razılığına əsasən avtomobil təmir müəssisəsinə yönləndirilmişdir. Hazırda iddiaçı bildirir ki, sığorta şirkəti yaranmış vəziyyətdən sui-istifadə edərək, ona məxsus avtomobilin təmir-bərpası üçün real zərərdən qat-qat üstün məbləğ müəyyən etməklə 4737 manat pulu sığorta ödənişi kimi onun adına rəsmiləşdirmişdirlər. İddiaçı avtomobilinin keyfiyyətsiz təmir edildiyini iddia edir və pul tələb edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdeh «Atəşgah Sığorta Şirkəti»nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Volkswagen Tiguan” markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 2000 manat zərərin, vermiş olduğu 400 manat pulun, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər üçün 850 manat pulun, mənəvi zərər kimi isə 10.000 manat pulun Cavabdeh Sığorta Şirkəti tərəfindən onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-ci il tarixində baş verən avto nəqliyyat hadisəsində qarşı tərəfin günahı nəticəsində “Volkswagen Tiguan” (**-DP-***) markalı avtomobilinə zərər dəymişdir. Cavabdeh sığorta şirkəti məsuliyyəti üzərinə götürərək avtomobilini qiymətləndirmək üçün özlərinə məxsus olan “Volvo” servisə yönləndiriblər. Qiymətləndirmənin cavabı 650 (altı yüz əlli) manat olaraq göstərilib, ancaq faktiki zərər 2000 manat idi, iddiaçı öz növbəsində onlardan bu məbləği istədikdə onlar bu məbləği verməyəcəklərini açıqladılar və öz servislərində təmir etməyi təklif etdilər. İddiaçı da məcbur qalaraq onlarla razılaşıb avtomobilini onlara təhvil verdi. Danışığa görə 20 gün ərzində təhvil verməli olduğu halda 38 gün tamamında işləri bitirmədən avtomobili köç səbəbi ilə servisdən götürmələri istədilər. Avtomobilini götürdükdən sonra Cavabdeh Sığortaya müraciət etdikdə isə kömək edə bilməyəcəklərini dedilər. İddiaçı isə onlara təklif etdi ki, çıxın ofisin qarşısına avtomobilin nə vəziyyətdə olduğuna nəzər yetirin və yenədə rədd cavabı aldı. Bu hadisədən 3-4 gün sonra karta ödənişlə bağlı sms bildirişi gəldi. Hansı ki həmin kartı ondan servisin əməkdaşları almışdılar. Və ofisə gedərək ödəniş aktını tələb edərək onlardan əldə etdi. Məbləğin 4737 manat olmasını gördükdə təəcüb keçirtdi halbuki, idiaçı onlardan 2000 manat istəmişdi, lakin onlar onun avtomobilinin zərərini 4737 manat olaraq qiymətləndirib aktlaşdırılıb. Onlar bu üsulla iddiaçını aldadaraq onu fiqur kimi istifadə edərək və səriştəsizliyindən istifadə edərək adına 4737 manat ödəniş edib onun adından onu nağdlaşdırıblar. Həmçinin nəzərə alınsa ki, zərərin çox olması zərərvuranın gələcək illərdə sığorta qiymətinə bir başa təsir etməklə onun haqqına girmiş olurlar. Bu yolla onlar büdcəyə zərər vuraraq fırıldaqçılıqla məşğul olurlar. Eyni zamanda iddiaçının saləhiyətində (**-PE-***) olan digər avtomobil ziyan görmüş və qiymətləndirmə nəticəsində 300 manat olub, lakin faktiki xərc 850 manatdır. Hesab edir ki, cavabdeh tərəfindən ona vurulmuş maddi-mənəvi, ümumilikdə 13250 (on üç min iki yüz əlli) manat məbləğində pul ödənilməlidir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “Volkswagen Tiguan” markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 2000 manat zərərin, vermiş olduğu 400 manat pulun, mənəvi zərər kimi isə 10.000 manat pulun Cavabdeh Sığorta Şirkəti tərəfindən onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 02 oktyabr 2024-cü il tarixli, 2(009)- 902/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş real zərərin müəyyənləşdirilməsi üçün məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli 9/3451 №-li məhkəmə ekspertizasının rəyində “Volkswagen Tiguan” markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 4335 manat məbləğində vəsaitinin sərf edilməsi müəyyən olunmuşdur. Məhkəmə ekspertiza rəyinin kifayət qədər mötəbərliliyini əsas götürərək qeyd etmişdir ki, sığorta şirkəti tərəfindən müəyyən edilmiş təmir müəssisəsində “Volkswagen Tiguan” markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci üçün müəyyən edilmiş və sığorta aktına əsasən ödənilmiş 4737 manat məbləğində pul vəsaiti avtomobilə dəymiş zərərin həqiqi məbləğə uyğun olmuşdur. Belə ki, ekspert rəyindən də görünür ki, müəssisə tərəfindən tərtib edilmiş qüsur aktına əsasən avtomobilin bərpa-xərci kimi həmin müəssisə tərəfindən yekun olaraq çıxarılmış 4737 manat məbləğ ilə ekspert rəyində təsbit olunmuş 4335 manat zərər məbləği arasında iddiaçının iddia etdiyi kimi mühüm fərq yoxdur. Məhkəmə eyni zamanda iddiaçının avtomobilini təmir müəssisəsindən götürdükdən sonra kifayət qədər yaxşı təmir edilmədiyinə və bununla əlaqədar sığorta şirkətinə müraciət etməsinə istinad etməsinə münasibətdə qeyd etmişdir ki, iş materiallarında olan iddiaçının sığorta şirkətinə ünvanladığı ərizələrin məzmunundan görünür ki, avtomobil iddiaçının razılığı ilə təmir müəssisəsinə təhvil verilmiş və iş bitdikdən sonra iddiaçı tərəfindən təhvil alınmışdır. İddiaçı avtomobili təhvil alarkən təhvil prosesindən heç bir şikayəti olmadığına dair sığorta şirkətinə müraciət etmiş və təşəkkürünü bildirmişdir. Burdan görünür ki, iddiaçı avtomobilini təhvil alarkən təmirbərpa işindən razı qalmışdır. Məhkəmə habelə, qeyd etmişdir ki, qüsur aktında qeyd olunan məbləğ avtomobilin təmir-bərpasına xərcləndiyi üçün ekspert rəyi ilə də təsdiq edilmiş həmin məbləğin qarşılığında avtomobilin yetərsiz keyfiyyətdə təmir olunub iddiaçıya təhvil verilməsi ağlabatan qəbul edilə bilməz. İddia tələbinin 10.000 manat mənəvi ziyanın tutulması hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, tələb əsas hissədə (maddi zərərin əvəzinin tutulması) təmin edilmədiyindən həmin hissədən irəli gələn mənəvi ziyanın tutulması hissəsində də əsassız hesab edilməlidir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, avtomobilinə dəymiş ziyan ehtiyat hissələri və servis haqqı daxil ümumilikdə 2000 (iki min) manat təşkil edir. Hansı ki, cavabdeh ilk qüsur aktında ümumi məbləği 650 (altı yüz əli) manat müəyyən etmişdir. Qüsur aktlarında böyük əhəmiyyətli fərqlərin olması onu deməyə əsas verir ki, cavabdeh onun vasitəsilə əsassız varlanma həyata keçirmiş və CM-nin tələblərini kobud şəkildə pozmuşdur. Cavabdeh tərəfindən müəyyən olunmuş ilkin qüsur aktında 7 ehtiyyat hissəsinin dəyişdirilməsi göstərilsə də ikinci yekun qüsur aktında bu ehtiyyat hissələrinin sayı əsassız olaraq 12-yə çatdırılmışdır. Həmçinin ilkin qüsur aktında “sol fara” 100 azn, “sol güzgü” 50 azn qiymətləndirilsə də yekun qüsur aktında “sol fara” 313 azn, “sol güzgü” 338 azn olaraq müəyyən olunmuşdur. Onu da qeyd edir ki, bu qiymət artımı bütün ehtiyyat hissələrində baş vermişdir. Lakin məhkəmə işin bu halarını araşdırmamış sadəcə formal xarakter daşıyan qətnamə qəbul etmişdir. Bundan əlavə olaraq isə məhkəmə iş üzrə əmtəşünaslıq ekspertizası təyin etsə də, lakin ekspert qarşısında qoyulan sualara tam cavab əldə edə bilməmişdir. Lakin məhkəmə işin halarını ətraflı araşdırmaq üçün digər ekspertizalar təyin etməmişdir. Hansı ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2024-cü il tarixdə məhkəməyə ünvanlanmış 3-16/2-9/7216 8/2463/2024 nömrəli “Məlumat” dan müəyyən olunur ki, ekspert ona verilən sualara cavab verə bilmədiyindən ekspertizanın aparılmasından imtina edir. Eyni zamanda “Məlumat”da bildirilir ki, ekspert qarşısında qoyulmuş sual yol-nəqliyyat hadisələri ekspertizasının həll etdiyi məsələlərə aiddir. Lakin məhkəmə bu məlumatı nəzərə almamış və yol-nəqliyyat hadisələri ekspertizasının təyin olunması ilə bağlı qərardad qəbul etmədən qətnamə çıxarmışdır. Anlaşılan odur ki, məhkəmə işin halarını müəyyən etmək üçün ekspertiza təyin edir, lakin müəyyən etdiyi suallara cavab ala bilmir və iş üzrə yeni ekspertiza təyin etmədən iddiaçının əleyhinə qətnamə qəbul edir. Bu isə o anlama gəlir ki, iş üzrə maddi və prosessual hüquq normaları tam şəkildə həyata keçirilməmişdir. Avtomobilinin təmir işindən razı qalmasına münasibətdə isə bildirir ki, həmin ərizə onun iradəsi ilə yazılmamışdır. Belə ki, maşın ona təhvil verilməmişdən öncə həmin ərizə cavabdeh tərəfindən ondan alınmışdır. Cavabdehə güvəndiyindən və maşının yaxşı təmir olunduğunu düşündüyündən həmin ərizəni yazmışdır. Lakin məhkəmə bu hissədədə işin hallarını düzgün araşdırmamış formal xarakter daşıyan qətnamə qəbul etmişdir. Hansı ki, təmir işləri ən aşağı keyfiyyətlə aparılmışdır. Bu da hazırki, vəziyyətdə maşının bazar qiymətinə ciddi təsir göstərir. Təmirin keyfiyyətsiz aparılması ilə bağlı maşına baxış keçirmiş fərdi ustalar dəfələrlə eyni rəyi verərək aparılmış təmir işlərinin standartlara uyğun olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Mülki Məcəllə: 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 884.5. Sığorta olunan əmlak mənafeləri sığorta müqaviləsi əsasında sığortalanan şəxsdir. Şəxsi sığorta üzrə sığorta müqaviləsində sığorta olunan qismində başqa şəxs nəzərdə tutulmayıbsa, sığortalı eyni zamanda sığorta olunan sayılır. Əmlak sığortası üzrə sığorta müqaviləsində sığorta olunan qismində başqa şəxs nəzərdə tutulmasından asılı olmayaraq, sığortalının sığorta olunan kimi tanınması heç bir halda, o cümlədən müqavilə şərtləri ilə məhdudlaşdırıla bilməz. “İcbari sığortalar haqqında” Qanunu: 6.1. İcbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan-fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir.
7. Sığortalı və (və ya) sığorta olunanın ailə üzvləri istisna olmaqla, bu Qanuna görə mülki məsuliyyətin icbari sığortası üzrə sığorta müqaviləsinin tərəfi olmayan, sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən, eyni zamanda sığorta ödənişi almaq hüququna malik olan fiziki şəxslər – fiziki şəxs öldüyü halda, onun ailə üzvləri – və ya hüquqi şəxslər, yaxud onların hüquq varisləri üçüncü şəxs sayılırlar. 15.3. Zərər dəymiş əmlakın təmiri və ya bərpası üçün birbaşa çəkilən xərclər, zərər dəymiş əmlakın daşınması, habelə onun qalıqlarının yığılması və daşınması ilə bağlı xərclər və s. əmlaka dəyən zərərin məbləğinə aiddir. 20.2. Həmin Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir. 56.1. Üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir hadisə üzrə 50.000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat; üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat müəyyən edilmişdir.
Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 206.1. Ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Məhkəmə kollegiyasının mövqeyi:
Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli təsdiq edilməmiş ilkin qüsur aktından görünür ki, “Volkswagen Tiguan” markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 650 manat məbləğində müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli yekun qüsur aktından görünür ki, «Volkswagen Tiguan» markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 4737 manat məbləğində müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli sığorta aktının surətindən görünür ki, Bakı şəhəri Ekologiya postu 1 ünvanında “Scmitz” yarımqoşqu markalı, **-ZA-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh Sığorta Şirkətində sığortalanmış «Volkswagen Tiguan markalı, **- DP-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və 4737 manat məbləğində sığorta ödənişi edilmişdir. İddiaçı tərəfindən Cavabdeh Sığorta Şirkətinə ünvanlanmış məktubda qeyd edilir ki, İddiaçı ona məxsus “Volkswagen Tiguan” markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh Sığorta Şirkəti-nin təyin etdiyi təmir müəssisəsində təmir olunmasına razılıq verir. Həmçinin İddiaçı tərəfindən Cavabdeh Sığorta Şirkətinə ünvanlanmış məktubda qeyd edilir ki, İddiaçı ona məxsus “Volkswagen Tiguan” markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobili təhvil alır, təmir prosesindən razıdır, “Avtouniversal” servis mərkəzinə və Cavabdeh Sığorta Şirkətinə öz minnətdarlığını bildirir. Beləliklə işin faktiki halları ilə sığorta hadisəsinin mövcudluğu, sığortalanmış avtomobilə zərər dəyməsi öz təsdiqini tapmışdır. Hazıki mübahisə isə məhz vurulmuş zərərin məbləği ilə bağlı yaranmışdır. Belə ki, iddiaçı tələbində, eləcə də apellyasiya şikayətində avtomobilə dəymiş zərərin 2000 manat təşkil etməsini bildirsə də, birinci instansiya məhkəməsi baxışı zamanı baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş real zərərin müəyyənləşdirilməsi üçün məhkəmə-əmtəəşünaslıq ekpsertizası təyin etmişdir. xx.xx.2024-cü il tarixli 9/3451 №-li məhkəmə ekspertizasının rəyində «Volkswagen Tiguan» markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 4335 manat məbləğində vəsaitinin sərf edilməsi müəyyən olunmuşdur. Həmçinin ekspert rəyini şübhə altına alan və ala biləcək hər hansı halla bağlı iddiaçı tərəf hər hansı sübut təqdim etməmişdir. Digər tərəfdən məhkəmə kollegiyası ekspert rəyini işin faktiki halları ilə qarşılıqlı araşdıraraq belə nəticəyə gəlir ki, hazırki vəziyyətdə avtomobilə dəymiş zərərin müəyyən edilməsi xüsusi bilik etdiyindən eləcə də qeyd edilən rəyi şübhə altına alan hər hansı əsas müəyyən edilmədiyindən, birinci instansiya məhkəməsi ekspert rəyinə istinad etməklə düzgün olaraq belə nəticəyə gəlmişdir ki, sığorta şirkəti tərəfindən müəyyən edilmiş təmir müəssisəsində «Volkswagen Tiguan» markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci üçün müəyyən edilmiş və sığorta aktına əsasən ödənilmiş 4737 manat məbləğində pul vəsaiti avtomobilə dəymiş zərərin həqiqi məbləğə uyğun olmuşdur. Digər tərəfdən ekspert rəyindən də görünür ki, müəssisə tərəfindən tərtib edilmiş qüsur aktına əsasən avtomobilin bərpa-xərci kimi həmin müəssisə tərəfindən yekun olaraq çıxarılmış 4737 manat məbləğ ilə ekspert rəyində təsbit olunmuş 4335 manat zərər məbləği arasında iddiaçının iddia etdiyi kimi mühüm fərq yoxdur. Bundan başqa iş materiallarında olan iddiaçının sığorta şirkətinə ünvanladığı ərizələrin məzmunundan görünür ki, avtomobil iddiaçının razılığı ilə təmir müəssisəsinə təhvil verilmiş və iş bitdikdən sonra iddiaçı tərəfindən təhvil alınmışdır. Hətta iş materiallarından da görünür ki, iddiaçı avtomobili təhvil alarkən təhvil prosesindən heç bir şikayəti olmadığına dair sığorta şirkətinə müraciət etmiş və təşəkkürünü bildirmişdir. Göründüyü kimi, iddiaçı avtomobilini təhvil alarkən təmir-bərpa işindən razı qalmış, lakin hazırda kollegiyanın iclasında maşının keyfiyyətsiz təmir edilməsindən narazı olduğunu bildirmişdir. Apellyasiya şikayətində isə iddiaçı həmin ərizənin onun iradəsi ilə yazılmamasını ərizənin maşının ona təhvil verilməmişdən öncə cavabdeh tərəfindən ondan alınmasını və yazılmasını cavabdehə güvəndiyindən və maşının yaxşı təmir olunduğunu düşünməsi ilə əsaslandırsa ərizənin yazılması zamanı onun iradəsinə hansı formada təsir edilməsinə dair mötəbər sübutlar təqdim etməmiş, həmçinin iş materialları ilə ərizənin iddiaçının iradəsinə zidd yazılması halları müəyyən edilməmişdir. Kollegiya ərizənin yazılmasının səbəb və şəraiti barədə şikayətin dəlilləri ilə bağlı qeyd edir ki, maşının təmirinin hansı vəziyyətdə olacağı bilinmədən əvvəlcədən avtomobili təhvil alması, alarkən təhvil prosesindən heç bir şikayəti olmaması və hətta təmir başa çatıb maşın təhvil verilmədən təşəkkürünü bildirməsinə dair ərizənin iddiaçıya yazdırılması inandırıcı deyildir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin digər dəlillərinə qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən müəyyən olunmuş ilkin qüsur aktında 7 ehtiyyat hissəsinin dəyişdirilməsi göstərilsə də ikinci yekun qüsur aktında bu ehtiyyat hissələrinin sayı əsassız olaraq 12-yə çatdırılması halı belə iddianın əsaslı olmasını təsdiq etmir. Belə ki, məhkəmə kollegiyası hesab edir ki, qüsur aktında qeyd olunan məbləğ avtomobilin təmir-bərpasına xərcləndiyi üçün ekspert rəyi ilə də təsdiq edilmiş həmin məbləğin qarşılığında avtomobilin yetərsiz keyfiyyətdə təmir olunub iddiaçıya təhvil verilməsi ağlabatan qəbul edilə bilməməsinə dair birinci instansiyası məhkəməsinin mövqeyi düzgün olmuşdur. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, tələb əsas hissədə (maddi zərərin əvəzinin tutulması) təmin edilmədiyindən birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, həmin hissədən irəli gələn mənəvi ziyanın tutulması hissəsində də iddia tələbi əsassız hesab edilməlidir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, müvafiq sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə düzgün nəticəyə gəlmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apelyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 02 oktyabr 2024-cü il tarixli, 2(009)- 902/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə