Məhkəmə qərarları › İş №2(103)-1454/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1454/2024

02.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1454/2024 02.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iddiaçı X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qızıl-zinət əşyalarının qaytarılması və ya dəyərinin ödənilməsi barələ mülki iş üzrə QƏTNAMƏSİ (açar sözlər: qızıl-zinət əşyalarının qaytarılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X5 (sədrlik edən və məruzəçi), X9 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi, Cavabdeh1 və onun nümayəndəsi Vəkil1 iştirakı ilə, iddiaçı X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qızıl-zinət əşyalarının qaytarılması və ya dəyərinin ötələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli, 2(005)-687/2023 nömrəli qətnaməsindən iddiaçının verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq İşin halları

1. Cavabdeh1 ilə X3 23 may 2016-cı il tarixdə nikahları bağlanmışdır.

2. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli, 2(005)-1013/2022 nömrəli qətnaməsinə əsasən Cavabdeh1 ilə X3 arasında nikah pozulmuşdur.

3. X4, Cavabdeh1, nümayəndəsi Vəkil1, mülkiyyətçi Məsimov Muradın imzaları ilə təsdiq edilmiş 13 mart 2022-ci il tarixli aktdan görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində X2 məxsus olan cehiz əşyaları, uşaqlara aid geyim əşyaları, Vəfaya aid olan bütün geyimlər, Məsimova Vəfa tərəfindən mülkiyyətçi və keçmiş ər Cavabdeh1 təhvil alınmışdır. Məsimova Vəfa həmçinin orta otaqda olan geyim əşyalarının içərisindən ağ kisədə nişan üzüyünü tapdı və götürdü. Eləcə də Məsimova Vəfa 3 otaq və 1 mətbəxə baxış keçirdi. Özünə aid bütün əşyaların, cehizin, nişan üzüyünün yerində olmasını müəyyən etdi. Mülkiyyətçi Məsimov Murad, Məsimova Vəfa və Cavabdeh1 təsdiq etdilər ki, Məsimova Vəfaya aid bütün cehiz əşyaları, nişan üzüyü yerindədir və Məsimova Vəfaya təhvil verdilər. Məsimova Vəfa brilyant qaşlı nişan üzüyünü, bütün cehizləri, bütün şəxsi əşyaları, bütün geyimləri mülkiyyətçi Məsimov Murad və Cavabdeh1 təhvil aldı və bunu öz imzası ilə təsdiq etdi. Tərəflərin iştirakı ilə Məsimova Vəfa təsdiq etdi ki, gəlin köçən gündən bu ünvanda yaşayıb, bütün əşyaları, cehizləri bu ünvana yerləşdirilib. Hazırki ünvanda Məsimova Vəfaya aid başqa şəxsi əşya, cehiz, zinət əşyası olmayıb. Bu ünvanda yerləşən evdən Məsimova Vəfa özünə aid olan hər şeyi təhvil aldı. Əşyalar, cehiz, geyim və qızıl, yəni nişan üzüyü yerində olduğundan adbaad siyahı tutulub yazılmasına ehtiyac yoxdur. Məsimova Vəfa həmçinin bildirdi ki, bu evdə nişan üzüyündən başqa heç bir zinət əşyası yoxdur. Həmçinin bu evdə mətbəx mebeli, kondisioner, wi-fi aparatı, telefon və 1 ədəd “şifoner” Məsimova Murada olmasını tərəflər təsdiq etdi. Cehiz əşyalarına qablar, qonaq dəsti (güzgülü komod, “qorka” bar şkaf, qonaq stol-stulları, mətbəx stol və stulları, yataq mebelli, çarpayı, 2 tumba, “şifoner”, 3 ədəd çil-çıraq, divan və kreslolar, pərdələr aiddir. Tərəflər heç bir irad, təklif, tələb, şikayət irəli sürmədilər. Ustalar, mülkiyyətçi və Məsimova Vəfanın iştirakı ilə mebellər Vəfa Məsimovanın sifariş etdiyi yük maşınına yığıldı və Sumqayıt tərəfinə aparıldı.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı X4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 dəyəri 3200 manat olan boyunbağı, qolbağ, sırğa, üzük (ağ brilyant qızıl), dəyəri 880 manat olan 11 qram çəkidə sarı qızıl tros boyunbağı, dəyəri 150 manat olan sarı qızıl uşaq qolbağı, dəyəri 200 manat olan sarı qızıl uşaq qolbağı, dəyəri 500 manat olan 6 qram çəkidə sarı qızıl sırğa, dəyəri 400 manat olan 5 qram çəkilə nazik sarı qızıl boyunbağlı, dəyəri 300 manat olan 5 qram çəkidə sarı qızıl üzük, dəyəri 500 manat olan 6 qram çəkidə sarı qızıl uşaq sırğasının və ya onların cəmi dəyəri olan 6650 manatın ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, cavabdehlə 23 may 2016-cı il tarixdə ailə qurmuşdur. Əvvəllər münasibətləri normal olsa da, Saqif ilə sonradan münasibətləri kəskin pisləşmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli, 2(005)-1013/2022 saylı qətnaməsinə əsasən nikahı pozulmuşdur. Cavabdehlə nikah münasibətlərinə girdikdən sonra onlara məxsus Bakı şəhəri, Keşlə qəsəbəsində yerləşən həyət evinə köçüb və uzun illər ailəsi tərəfindən onun üçün hazırlanmış cehiz əşyalarını, şəxsi geyimlərini və ona hədiyyə olunan qızıl əşyalarını həmin mənzilə aparmışdır. Hazırda həmin mənzildə ona məxsus müxtəlif adda cehiz əşyaları və şəxsi istifadəsində olan fərdi əşyaları və atasının, dayısının ona hədiyyə etdiyi qızılları qalmışdır. Cavabdeh isə həmin əşyaların ona geri qaytarılmasından imtina edir. Qızıl əşyaları aşağıdakılardan ibarətdir: dəyəri 3200 manat olan boyunbağı, qolbağ, sırğa, üzük (ağ brilyant qızıl), dəyəri 880 manat olan 11 qram çəkidə sarı qızıl tros boyunbağı, dəyəri 150 manat olan sarı qızıl uşaq qolbağı, dəyəri 200 manat olan sarı qızıl uşaq qolbağı, dəyəri 500 manat olan 6 qram çəkidə sarı qızıl sırğa, dəyəri 400 manat olan 5 qram çəkilə nazik sarı qızıl boyunbağlı, dəyəri 300 manat olan 5 qram çəkidə sarı qızıl üzük, dəyəri 500 manat olan 6 qram çəkidə sarı qızıl uşaq sırğası. Hədiyyə olunan həmin qızıl əşyaları ona məxsus olmuşdur.

6. Nərimanov Rayon Məhkəməsinin 2(005)-687/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Qızıl-zinət əşyalarının əyarı, çəkisi və s. barədə məlumatın ekspert baxışına təqdim edilməməsi səbəbindən məhkəmə-əmtəəşünaslıq ekspertizasının aparılmasından imtina edilmişdir.

7. Birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında iddiaçı tərəfindən şahid qismində dindirilmiş X6 öz ifadəsində bildirmişdir ki, o, iddiaçının bibisidir. Onlar qızıl almağa birlikdə getmişlər. O, Vəfa, Saqifin qardaşının arvadı və Səbadillə birlikdə Moskva Univermağına gedərək, toy mərasimində gəlinə hədiyyə edilən qızılları almışlar. Toy mərasimində hədiyyə edilən zinət əşyalarının hamısı qızıl idi. Onlar bijuteriya olmamışdır.

8. Birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında cavabdehlər tərəfindən şahid qismində dindirilmiş X11 öz ifadəsində bildirmişdir ki, o, cavabdehin qardaşıdır. Həyat yoldaşı iddiaçı ilə qızıl almağa heç bir zaman getməmişdir. Eyni zamanda iddiaçının anası ilə Saqifin münasibətlərinin pis olduğunu iddia etməsi yalnışdır. Anası ilə Saqifin münasibətləri hər zaman yaxşı olmuşdur. Onlar tərəfindən iddiaçıya sadəcə qızıl üzük alınmışdır.

9. Sumqayıt Şəhər Polis İdarəsinə iddiaçı tərəfindən şikayət evdən çıxarkən tərəflərin tərtib etdiyi 13 mart 2022-ci il tarixli aktdan əvvəl olmuşdur.

10. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli, 2(005)-687/2023 nömrəli qətnaməsinə əsasən iddia rədd edilmişdir.

11. Qətnamənin əsaslarına görə, iddiaçı evi tərk edərkən, tərəflər mənzildən götürülən əşyalarla bağlı akt tərtib etmişlər. Həmin aktda nişan üzüyünün iddiaçı tərəfindən götürüldüyü qeyd olunmuşdur. Aktın tərtib olunması işin mübahisələndirilməyən halıdır. Hazırda iddiaçı qızılzinət əşyalarının onların yaşadığı evdə deyil, qaynanasının evində olduğuna istinad edərək, cavabdehlərdən qızıl-zinət əşyalarının və ya onların dəyərinin tutulmasını xahiş edir. Cavabdehlər isə həmin əşyaların onlarda olmadığını bildirərək iddiaya etiraz edir. Yalnız mübahisəli əşyaların mövcudluğunun, iddiaçıya məxsusluğunun və müvafiq dəyərdə olduğunun sübuta yetirilməsi, yaxud cavabdeh tərəfindən bu halların mübahisələndirilməməsi, belə iddiaların təmin olunması üçün əsas ola bilər. Baxılan işin hallarından asılı olaraq məhkəmə iddiaçının evdən getmə şəraitini nəzərə almaqla, tələb olunan əşyaların cavabdeh tərəfdə qaldığı barədə qənaətə gələ, yaxud əşyaların aparıldığını sübut etmək yükünü cavabdeh tərəfin üzərinə qoya bilər. Lakin bunun üçün iddiaçı ilk növbədə həqiqətən də birgə yaşadıqları evi, mübahisəli əmlakları özü ilə aparmaq imkanı olmadan tərk etdiyini sübuta yetirməli, yaxud cavabdeh tərəf bu halı mübahisələndirməməlidir. Hazırki işin hallarından göründüyü kimi, iddiaçı evi rahat şəkildə, mübahisəsiz tərk etmiş, tərk edərkən akt tərtib edilmiş, həmin aktda nişan üzüyünü götürdüyünü, özünə aid bütün əşyaların yerində olduğunu, heç bir irad, şikayət, tələbi olmadığını, həmin mənzildə başqa zinət əşyasının olmadığını öz imzası ilə təsdiq etmişdir. İddia ərizəsində qızılların yaşadıqları evdə olmasının qeyd edilməsinə baxmayaraq, məhkəmə iclasında iddiaçı həmin əşyaların yaşadığı evdə deyil, qaynanasının evində olduğunu, istədiyi vaxt ondan götürərək istifadə etdiyini, sonra isə yenidən ona qaytardığını bildirmişdir. Cavabdeh1 isə izahatında iddiaçının onun anası ilə münasibətinin soyuq olduğunu, bu səbəbdən anasının onların evinə nadir gəldiyini bildrmişdir. Digər Cavabdeh2 dolanışıqlarının çətin olduğunu, uşaqlarını atasız böyütdüyünü, satıcılıqla məşğul olmaqla pul yığaraq oğluna toy üçün yalnız qızıl nişan üzüyü aldığını, iddiaçının toyda taxdıqlarının qızıl olmadığını, onun tələb etdiyi digər əşyalardan isə məlumatlı olmadığını, iddiaçıya məxsus əşyaları heç vaxt onun saxlamadığını bildirmişdir. Məhkəmə hər iki tərəfin izahatında səmimi ifadələr olmadığını nəzərə almış, lakin bununla yanaşı qeyd etmişdir ki, hazırki işdə bilavasitə sübut etmə yükü iddiaçının üzərinə düşür və məhz iddiaçı qaytarılmasını tələb etdiyi qızıl-zinət əşyalarının mövcudluğunu, göstərilən dəyərdə olduğunu, əşyaların onun mülkiyyətində olduğunu və hazırda özgəsinin qanunsuz sahibliyində qaldığını sübuta yetirməlidir. Belə ki, iddiaçı sübut etməlidir ki, o, cavabdehin qanunsuz hərəkətləri nəticəsində mülkiyyət hüququ ilə ona mənsub olan qızıl-zinət əşyalarından məhrum olmuş və həmin əşyalar halhazırda məhz cavabdehin faktiki sahibliyindədir. Yalnız bu hallar sübut edildiyi təqdirdə sübut etmə vəzifəsi (cavabdehin əşyalara sahiblik etməməsi üzrə) cavabdehlərə keçir. Tərəflərin ayrı yaşamalarına baxmayaraq, iddiaçının nikahda olduqları 6 il ərzində qızıllarını qaynanasının evində saxlaması inandırıcı deyil. İddiaçı tərəfin bildirdiklərindən belə çıxır ki, o, həmin əşyalardan istifadə etmək üçün hər dəfə cavabdehin valideyninin evinə getmiş, istifadə etdikdən sonra əşyaları həmin evə qaytarmışdır. İddiaçı tərəfindən dindirilmiş şahid (bibisi) qızılların iddiaçıda olmadığını, cavabdehlərdə qaldığını bildirsə də, bununla bağlı məhkəmə qeyd edir ki, onun həmin halı konkret olaraq görməsi (bilməsi) mümkün deyildir. Hazırki iş üzrə iddiaçı iddiasını təqdim etdiyi fotoşəkillər ilə əsaslandırmışdır. Məhkəmə iddiaçının dəlillərinə münasibətdə qeyd edir ki, iş materiallarına əlavə edilmiş fotoşəkillərdə iddiaçının üzərində əks olunmuş əşyaların iddia ərizəsində göstərilən qızıl-zinət əşyaları olması, onların həqiqətən qızıl və brilliant olması, iddiaçıya hədiyyə olunması, eləcə də qeyd edilən qızıl-zinət əşyalarının hazırda cavabdehlərin qanunsuz sahibliyində olması barədə mötəbər sübutlar təqdim edilməmişdir. Halbuki məhz bu cür halların sübuta yetirilməsi üçün iddiaçının məhkəməyə dəlil təqdim etməsi zəruridir. Hazırki halda isə iddiaçı həmin halları yalnız izahatında bildirməklə kifayətlənmiş, iddiasını mötəbər sübutlarla təsdiq edə bilməmişdir. Həmçinin iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Qızıl-zinət əşyalarının əyarı, çəkisi və s. barədə məlumatın ekspert baxışına təqdim edilməməsi səbəbindən məhkəməəmtəəşünaslıq ekspertizasının aparılmasından imtina edilmişdir. Sonradan məhkəmə baxış iclasında iddiaçı tərəfindən yenidən ekspertiza keçirilməsi barədə vəsatət verilmiş və qızıl-zinət əşyalarının birkası əlavə edilmişdir. Həmin birkalarda “Karvan TH” ticarət mərkəzi qeyd olunmuşdur. Lakin bununla bağlı məhkəmə qeyd edir ki, əvvəlki məhkəmə iclaslarında iddiaçının özü və onun tərəfindən dindirilmiş şahidlər qızılların moskva univermağından alındığını bildirmişdir. Həmçinin keçirilmiş məhkəmə iclaslarında iddiaçı qızıl-zinət əşyalarına dair birkaların onda olmadığını bildirmişdir. Göstərilənlərə əsasən məhkəmə təqdim edilmiş birkaları mötəbər sübut kimi qəbul etməyərək, eləcə də iddiaçının əşyaların cavabdehdə olmasını sübuta yetirə bilmədiyini və prosessual qənaət prinsipini nəzərə alaraq, ekspertiza keçirilməsini zəruri hesab etməmişdir. Göründüyü kimi, əşyaların və onların dəyərinin müəyyən edilməsi üçün prosessual tədbirlər (ekspertiza təyin edilərək, ekspert vəsatəti tərəflərə göndərilsə də) görülsə də, ekspertiza keçirilməsi mümkün olmamışdır. İddiaçının ikinci baxış iclasında təqdim etdiyi Sumqayıt Şəhər Polis İdarəsinə iddiaçı tərəfindən edilmiş şikayətlə bağlı qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəllənin 78.1-ci maddəsinin tələbinə uyğun olaraq, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Təqdim edilmiş sənədlər sübut kimi qəbul olunsa belə, həmin müraciətlər (13 yanvar 2022-ci il tarixli) evdən çıxarkən tərəflərin tərtib etdiyi aktdan (13 mart 2022-ci il tarixli) əvvəl olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddiaçı tələb etdiyi qızıl-zinət əşyalarının mövcudluğunu, onların qızıl olmasını, onun mülkiyyətində olmasını, hazırda cavabdehlərin qanunsuz sahibliyində olmasını sübuta yetirə bilmədiyindən iddia təmin edilməməlidir.

12. Məhkəmə öz mövqeyini Ailə Məcəlləsinin 34.1, 34.2, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 225.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

13. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilməsini, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbindən göründüyü kimi hazırda cehiz əşyalarını və evə gələndə qızıllarından təkcə qızıl üzüyünü götürsə də həmin mənzildə ona məxsus həyat yoldaşı tərəfindən hədiyyə edilən eləcədə atası və dayısı tərəfindən hədiyyə olunan qızılları qalmışdır. Cavabdeh isə həmin əşyaların ona geri qaytarılmasından imtina etmişdir. Birinci instansiyası məhkəməsi 34.1 və 34.2-ci maddələrinin tələblərini pozaraq, qızıl-zinət əşyalarının iddiaçının habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətində olmasına kifəyət qədər sübutların olmasını nəzərə almayaraq, cavabdeh tərəfin mülahizələrinə üstünlük verərək iddiaçının sübutlarına vəsatətlərinə məhəl qoymadan diqqət yetirmədən, iş üzrə təkrar ekspertiza keçirilməsinə maraqlı olmamış cavabdehin qızı-zinət əşyalarının cavabdehdə olmasını araşdırmadan, yalnız iş üzrə cavabdeh tərəfindən təqdim olunmuş formal aktı əsas tutub cavabdehin mövqeyi ilə razılaşmışdır. Halbuki, qeyd olunan maddələrin tələblərinə əsasən, nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Birinci instansiya məhkəməsi, iddiaçının iştirakı ilə aktla əşyaların götürülməsi hissəsi ilə iddiaçı evi rahat şəkildə, mübahisəsiz tərk etməsi, tərk edərkən akt tərtib edilməsini, həmin aktda nişan üzüyünü götürdüyünü, özünə aid bütün əşyaların yerində olduğunu, heç bir irad, şikayət, tələbi olmadığını, həmin mənzildə başqa zinət əşyasının olmadığını öz imzası ilə təsdiqi ilə razılaşmır. Belə ki, akt cavabdeh tərəfindən əvvəlcədən planlı şəkildə öz istəklərinə uyğun tərtib olunmuş və aktın iddiaçı tərəfindən oxunmasına şərait yaradılmadan iddiaçıya tələsik imzalatdırılmışdır. Birinci instansiya məhkəməsi, işə baxarkən qeyd olunan maddələrin təfsirində səhvə yol verib. Belə ki, sözügedən maddələrin mənasına görə qanunvericiliyə görə hədiyyə şəklində verilən əşyalar kimə verilibsə, artıq onun əmlakı hesab edilir. Yəni cehiz və ya qızıl-zinət əşyaları şəxsə hədiyyə şəklində verilən əmlak hesab edildiyi üçün iddiaçının mülkiyyətindədir. Hesab edir ki, iddia ərizəsində sadalanan qızıl-zinət əşyalarının hansı tərəfdə olması və iddiaçının əşyalarını aparanda qızıllarının hamısını aparmadığına birinci instansiya məhkəməsində qiymət verilməmiş iddiaçının təqdim etdiyi foto şəkillərə birkalara eləcədə dəfələrlə münaqişə etdiklərindən polis oqranlarına şikayətlərin olmasını və bunun daimi hal almasına malik olması nəzərə alınmaqla, tərəflərin hər bir dəlilinə, o cümlədən mübahisənin diqqətəlayiq bütün digər hallarına düzgün hüquqi qiymət verilməli idi. Eyni zamanda, iş üzrə obyektiv qərar verilməsinə nail olmaq üçün ekspertizanın aparılmasına nail olmalı eləcədə qızıl-zinət əşyalarının əyarı, çəkisi barədə məlumatı toplamaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzinin ekspertlərinə həvalə edilməli olduğu halda ekspertizanın keçirilməsinə şərait yaratmaqdan iddiaçını məhrum etmişdir. Hazırkı işdə sübutetmə yükünün bütünlüklə və birmənalı olaraq iddiaçının üzərinə qoyulması qanuni və əsaslı sayıla bilməz. Qeyd etmək lazımdır ki, iddaçı anadır, öhdəsində iki azyaşlı uşaqları vardır heç bir yerdə işləmir uşaqların saxlanmasında cavabdehin heç bir köməyi yoxdur. Cavabdeh aliment ödəməkdən hər zaman ödəməkdən imtina etmişdir. Bu halda iddaçı gəlin olaraq hər zaman üstələnmiş təhqir olunmuş tabeçilik, asılılıq baxımından cavabdehin iddaçıya nisbətən daha güclü tərəf kimi çıxış etməsi hamıya məlum olan haldır. Ona görə də hesab edirik ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. İddiaçının ikinci baxış iclasında təqdim etdiyi Sumqayıt Şəhər Polis İdarəsinə iddiaçı tərəfindən edilmiş şikayətlə bağlı qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəllənin 78.1-ci maddəsinin tələbinə uyğun olaraq, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Təqdim edilmiş sənədlər sübut kimi qəbul olunsa belə, həmin müraciətlər (13 yanvar 2022-ci il tarixli) evdən çıxarkən tərəflərin tərtib etdiyi aktdan (13 mart 2022-ci il tarixli) əvvəl olmuşdur. Belə ki, ekspertizanın keçirilmə yeri vaxtı barədə iddiaçının xəbəri belə olmamışdır. Ekspertiza tərəfindən İddiaçının iş materialları məhkəməyə qaytarıldıqdan sonra iddaçı xəbərdar olduqda yenidən öz sübutlarını məhkəmənin dəftərxanası vasitəsilə təqdim etmiş, lakin məhkəmə ekspertizanın keçirilməsində heç maraqlı olmamış özünün mülahizələrdən ibarət qanunsuz qətnaməsini qəbul etmişdir. İşdə kifayət qədər sübutların olmasına şahid ifadəsinə baxmayaraq birinci instansiya məhkəməsi tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etməmişdir. Lakin həm iddia ərizəsində, həm də məhkəmə iclaslarında cavabdehin belə bir tələbi iddiası olmamış, səsləndirməmişdir. Məhkəmə qətnaməsində rəhbər tutduğu maddi hüquq normaları sadalanmamışdır. Belə ki, təqdim edilmiş subutlara münasibətdə maddi hüquq normalarına istinad etməmişdir. Məhkəmə tərəfindən qətnamədə belə münasibət bildirir ki, güya iddiaçının günahı ucbatından Qızıl-zinət əşyalarının əyarı, çəkisi və s. barədə məlumatın ekspert baxışına təqdim edilməməsi səbəbindən məhkəmə-əmtəəşünaslıq ekspertizasının aparılmasından imtina edilmişdir. Lakin iddiaçı ekspertizanın keçirilmə yeri vaxtı barədə xəbəribelə olmamışdır. Ekspertiza tərəfindən İddiaçının iş materialları məhkəməyə qaytarıldıqdan sonra iddaçı xəbərdar olduqda yenidən öz sübutlarını məhkəmənin dəftərxanası vasitəsilə təqdim etmiş, lakin məhkəmə ekspertizanın keçirilməsində heç maraqlı olmamış özünün mülahizələrdən ibarət qanunsuz qətnaməsini qəbul etmişdir. Məhkəmə ekspertizanın eləcədə mütəxəssis rəyi olmadan mülahizələrə əsaslanaraqqətnamə qəbul etməsi absurddur. İddiaçı iş üzrə kifayət qədər sübutlar təqdim etmişdir. İddiaçının ər evində dəfələrlə münaqişə, dava, təhqir nəticəsində Sumqayıt Şəhər Polis İdarəsinə müraciəti iddiaçı tərəfindən edilmiş şikayətlə bağlı vermiş olduğu sübut aydınlaşdırılmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Cavabdeh1 nümayəndəsi Vəkil1 apelyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək şikayətin təmin olunmamasını məhkəmədən xahiş etdi.

17. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı (onun nümayəndəsi) məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmışdır.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

19. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

Apellyasiya baxışının hədləri

21. Apellyasiya şikayəti ilə qətnamənin ləğvi xahiş edildiyindən məhkəmə aktı apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. 23.Məhkəmə kollegiyası qeyd edir ki, bu iddia tələbi mahiyyət baxımından vindikasiya tələbidir və iddiaçı cavabdehin qanunsuz sahibliyində qaldığını iddia etdiyi qızıl-zinət əşyalarının geri qaytarılmasını tələb edir.

24. Apellyasiya şikayətinin əsas dəlilini sübutetmə yükü ilə bağlı məhkəmənin düzgün nəticəyə gəlməməsi təşkil edir.

25. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, tələbin hüquqi əsasını təşkil edən Mülki Məcəllənin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

26. Normanın mənasından aydın olur ki, iddiaçının həmin tələblə çıxış edə bilməsi üçün üç şərtin gerçəkləşməsi zəruridir: 1) iddiaçının əşyanın mülkiyyətçisi olması; 2) cavabdehin əşyanın sahibi olması; 3) cavabdehin əşyaya sahiblik hüququnun olmaması. Qeyd olunan şərtlərin hər biri ödənməlidir və onların mövcudluğunu sübuta yetirmək vəzifəsi iddia edən tərəfin üzərinə düşür.

27. Mülki prosesin əsas prinsipləri olan dispozitivlik və çəkişmə prinsipləri onu tələb edir ki, tərəflər öz istinad etdikləri hallara dair sübutları özləri təqdim etsinlər, öz tələblərini bu sübutlara istinadən əsaslandırsınlar. Bu pinsiplərə əsasən, sübutetmə vəzifəsi ümumi qaydalara əsasən işdə iştirak edən şəxslərin üzərinə qoyulur, məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır. Tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir.

28. Birinci instansiya məhkəməsi sübutetmə yükü ilə bağlı düzgün nəticəyə gələrək qeyd etmişdir ki, məhkəmə iddiaçının evdən getmə şəraitini nəzərə almaqla, tələb olunan əşyaların cavabdeh tərəfdə qaldığı barədə qənaətə gələ, yaxud əşyaların aparıldığını sübut etmək yükünü cavabdeh tərəfin üzərinə qoya bilər. Lakin bunun üçün iddiaçı ilk növbədə həqiqətən də birgə yaşadıqları evi, mübahisəli əmlakları özü ilə aparmaq imkanı olmadan tərk etdiyini sübuta yetirməli, yaxud cavabdeh tərəf bu halı mübahisələndirməməlidir. Hazırki işin hallarından göründüyü kimi, iddiaçı evi rahat şəkildə, mübahisəsiz tərk etmiş, tərk edərkən akt tərtib edilmiş, həmin aktda nişan üzüyünü götürdüyünü, özünə aid bütün əşyaların yerində olduğunu, heç bir irad, şikayət, tələbi olmadığını, həmin mənzildə başqa zinət əşyasının olmadığını öz imzası ilə təsdiq etmişdir. Hazırki işdə bilavasitə sübut etmə yükü iddiaçının üzərinə düşür və məhz iddiaçı qaytarılmasını tələb etdiyi qızıl-zinət əşyalarının mövcudluğunu, göstərilən dəyərdə olduğunu, əşyaların onun mülkiyyətində olduğunu və hazırda özgəsinin qanunsuz sahibliyində qaldığını sübuta yetirməlidir. Belə ki, iddiaçı sübut etməlidir ki, o, cavabdehin qanunsuz hərəkətləri nəticəsində mülkiyyət hüququ ilə ona mənsub olan qızıl-zinət əşyalarından məhrum olmuş və həmin əşyalar hal-hazırda məhz cavabdehin faktiki sahibliyindədir. Yalnız bu hallar sübut edildiyi təqdirdə sübut etmə vəzifəsi (cavabdehin əşyalara sahiblik etməməsi üzrə) cavabdehlərə keçir. Hazırki iş üzrə iddiaçı iddiasını təqdim etdiyi fotoşəkillər ilə əsaslandırmışdır. Məhkəmə iddiaçının dəlillərinə münasibətdə qeyd edir ki, iş materiallarına əlavə edilmiş fotoşəkillərdə iddiaçının üzərində əks olunmuş əşyaların iddia ərizəsində göstərilən qızıl-zinət əşyaları olması, onların həqiqətən qızıl və brilliant olması, iddiaçıya hədiyyə olunması, eləcə də qeyd edilən qızıl-zinət əşyalarının hazırda cavabdehlərin qanunsuz sahibliyində olması barədə mötəbər sübutlar təqdim edilməmişdir. Halbuki məhz bu cür halların sübuta yetirilməsi üçün iddiaçının məhkəməyə dəlil təqdim etməsi zəruridir. Hazırki halda isə iddiaçı həmin halları yalnız izahatında bildirməklə kifayətlənmiş, iddiasını mötəbər sübutlarla təsdiq edə bilməmişdir.

29. Bundan başqa birinci instansiya məhkəməsi tərəfindən əşyaların və onların dəyərinin müəyyən edilməsi üçün zəruri olan prosessual tədbir kimi ekspertiza təyin olunsa da qızıl-zinət əşyalarının əyarı, çəkisi və s. barədə məlumatın ekspert baxışına təqdim edilməməsi səbəbindən ekspertizanın aparılmasından imtina edilmişdir.

30. Şikayətin digər dəlilini yenidən ekspertizanın keçirilməməsi təşkil edir. Məhkəmə kollegiyası bu xüsusatla bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi düzgün qiymətləndirmə apararaq qeyd etmişdir ki, sonradan iddiaçı tərəfindən qızıl-zinət əşyalarının birkası təqdim edilmiş, həmin birkalarda “Karvan TH” ticarət mərkəzi qeyd olunmuşdur. Lakin bununla bağlı məhkəmə qeyd edir ki, əvvəlki məhkəmə iclaslarında iddiaçının özü və onun tərəfindən dindirilmiş şahidlər qızılların “Moskva” univermağından alındığını bildirmişdir. Həmçinin keçirilmiş məhkəmə iclaslarında iddiaçı qızıl-zinət əşyalarına dair birkaların onda olmadığını bildirmişdir. Göstərilənlərə əsasən məhkəmə təqdim edilmiş birkaları mötəbər sübut kimi qəbul etməyərək, eləcə də iddiaçının əşyaların cavabdehdə olmasını sübuta yetirə bilmədiyini və prosessual qənaət prinsipini nəzərə almaqla düzgün olaraq ekspertiza keçirilməsini zəruri hesab etməmişdir.

31. Şikayətin digər dəlilində Sumqayıt Şəhər Polis İdarəsinə iddiaçı tərəfindən edilmiş şikayətin araşdırılmaması olmuşdur. Həmin şikayətlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən müraciət 13 yanvar 2022-ci il tarixdə olunsa da, bundan sonra 13 mart 2022-ci il tarixdə tərəflərin əmlakların götürülməsi ilə bağlı akt tərtib etmişlər. Şikayətin məzmununda isə hazırkı iş üçün əhəmiyyət kəsb edən bir xüsusat mövcud deyildir. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, əgər əmlakların götürülməsi müraciət olunmazdan əvvəl baş versə idi, bununla bağlı həmin müraciətin araşdırılmasına zərurət yarana bilərdi. Lakin şikayət edildikdən 2 ay sonra əmlaklar könüllü şəkildə təhvil verildiyindən bu istiqamətdə araşdırma aparmağa zərurət qalmır.

32. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddiaçının tələb etdiyi qızıl-zinət əşyalarının mövcudluğunu, onların qızıl olmasını, onun mülkiyyətində olmasını, hazırda cavabdehlərin qanunsuz sahibliyində olmasını sübuta yetirə bilmədiyinə görə iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

33. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli, 2(005)- 687/2023 nömrəli qətnaməsindən iddiaçı X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli, 2(005)- 687/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Fərrux Qasimov

Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar