Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1457/2022 12.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Əbdürəhmanov Aqşin Qasım oğlunun katibliyi ilə, İddiaçı cavabdeh LPO Cavabdeh ASC-yə qarşı öhdəliklərə xitam verilməsi, ipoteka ilə yüklü edilmiş əmlakın ipotekadan azad edilməsi və məlumatların verilməsi öhdəliyinin qoyulması tələbinə dair mülki işin ərazi aidiyyəti ilə bağlı məhkəmələr arasında fikir ayrılığının həll edilməsi məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh LPO "xxxx" ASC-yə qarşı öhdəliklərə xitam verilməsi, ipoteka ilə yüklü edilmiş əmlakın ipotekadan azad edilməsi və məlumatların verilməsi öhdəliyinin qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli 2(011)-7889/2021 saylı qərardadı ilə həmin mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07 sentyabr 2016-cı il tarixli, 2iqt(81)-2410/2012 saylı qərardadı ilə "xxxx" ASC-nin ləğvedici qismində təyin olunmuş “X1 Company” MMC Əmanətlərin Sığortalanması Fondu ilə əvəz edilmişdir. Əmanətlərin Sığortalanması Fondunun hüquqi ünvanı isə Bakı şəhəri Nəsimi rayonu Bülbül prospekti, 40-dır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli qərardadı ilə mülki işin ərazi aidiyyəti mübahisələndirilmiş və iş ərazi aidiyyətinə dair fikir ayrılığı məsələsinin həll edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Qərardad belə əsaslandırılmışdır ki, məhkəmə araşdırmasının predmeti olan iddia kreditor tələbi ilə bağlı olmamaqla ləğv prosesində olan bankın bilavasitə bank fəaliyyəti ilə bağlıdır. Buna görə də hakim belə hesab etmişdir ki, Bankın ləğv prosesində olması hazırkı iddiaya onun ləğvedicisinin (bankın nümayəndəsi qismində fəaliyyət göstərənin) hüquqi ünvanının yox, öz hüquqi ünvanının olduğu yerin məhkəməsində baxılmasını istisna etmir. Həmin qərardadda qeyd olunmuşdur ki, “İddia ərizəsindən göründüyü kimi iş üzrə cavabdeh qismində cəlb edilmiş LPO Cavabdeh ASC-nin olduğu ünvan Bakı şəhəri Yasamal rayonu Hüseyn Cavid prospekti, 5-dir”. Mülki işin ərazi aidiyyəti məsələsini mübahisələndirən məhkəmə belə hesab etmişdir ki, "xxxx" ASC-nin ləğvedici qismində təyin olunmuş “X1 Company” MMC-nin Əmanətlərin Sığortalanması Fondu ilə əvəz edilməsi hazırkı mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmasına əsas vermir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə görə, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 44.1-ci maddəsinə görə, hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir. Mülki Məcəllənin 59.4-cü maddəsinə görə, hüquqi şəxsin ləğv edilməsi əsaslarından biri də onun müflis olmasıdır. Mülki Məcəllənin 60.2 və 61.7-ci maddələrinə əsasən, hüquqi şəxsin ləğvi haqqında qərarla ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) təyin edilir, bu Məcəlləyə uyğun olaraq ləğvetmə qaydası və müddətləri müəyyənləşdirilir və ləğvetmə prosesi başlayır. Ləğv edilən hüquqi şəxsin kreditorlarına pul vəsaitini ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) ödəmə barədə tələblərin daxil olduğu növbəlilik qaydasında aralıq ləğvetmə balansına uyğun olaraq onun təsdiq edildiyi gündən başlayaraq ödəyir. Bankın adından ləğvedici və ya onun vəkil etdiyi şəxsin hərəkətlərinin hüquqi qüvvəyə malik olması bankın öhdəlikləri və ya tələblərinin ləğvediciyə keçməsi anlamını ifadə etmir. Belə ki, ləğvedici müflis elan olunan bankın adından hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olur və qanunvericilikdə hüquqi şəxsin səlahiyyətli orqanının malik olduğu hüquqları həyata keçirməklə bərabər, müvafiq vəzifələri daşıyır. Belə olan halda ləğv prosesində olan bank mövcudluğuna son qoyulma anına qədər öz hüquq qabiliyyətini saxlayır, bankın müflis elan edilməsi bank fəaliyyəti ilə məşğul olan qurumun hüquq qabiliyyətini dayandırmır, yəni müflis elan olunmuş bank iflas proseduru çərçivəsində hüquqi şəxs kimi fəaliyyətini davam etdirir. Hazırkı işdən göründüyü kimi iddia LPO "xxxx" ASC-yə qarşı qaldırılmışdır. Qanunvericilik ləğv prosesində olan bankın bilavasitə bank fəaliyyəti ilə bağlı olan iddiaların həmin banka qarşı qaldırılmasını istisna etmir. Yuxarıda qeyd olunduğu kimi, mülki prosessual qanunvericiliyə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Rəsmi internet məlumatlarında LPO Cavabdeh ASC-nin hüquqi ünvanı barədə məlumat yoxdur. Ləğv prosesində olan LPO Cavabdeh ASC-nin ünvanı barədə Əmanətlərin Sığortalanması Fondunun rəsmi adif.az saytında olan məlumatlarda isə bankın ünvanı kimi Bakı şəhəri Xətai rayonu Babək prospekti, 16 göstərilmişdir. Həmin ünvan Əmanətlərin Sığortalanması Fondunun faktiki ünvanıdır. Əmanətlərin Sığortalanması Fondunun hüquqi ünvanı isə Bakı şəhəri Nəsimi rayonu Bülbül prospekti, 40-dır. Mülki Məcəllənin 51-ci maddəsinə əsasən, hüquqi şəxsin daimi fəaliyyət göstərən orqanının, siyasi partiyada rəhbər orqanlarının qərargahının yerləşdiyi yer hüquqi şəxsin olduğu yer sayılır. Mülki Prosessual Məcəllənin 35.2-ci maddəsində hüquqi şəxsin ünvanının olduğu yer dedikdə, həmin hüquqi şəxsin rəsmi dövlət qeydiyyatına alındığı hüquqi ünvanı başa düşülür. Hüquqi şəxsin faktiki ünvanı onun hüquqi ünvanından fərqlənə bilər. Hüquqi ünvan hüquqi şəxslərin dövlət reyestrində qeydə alınır və həmin hüquqi şəxsin rəsmi sənədlərində əks olunur. Məhkəmə kollegiyası hesab edir ki, ləğv prosesində olan Cavabdeh ASC-nin hüquqi ünvanı olmadığına görə hazırkı iddiaya müflis elan olunan bankın adından hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun hüquqi ünvanı üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmalıdır. Kollegiya bu nəticəyə gələrkən analoji iddialara Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılması barədə çoxsaylı mülki işlərin olmasını da nəzərə alır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Nəsimi Rayon Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli qərardadında iddia ərizəsinin məzmununa istinad olunmaqla iş üzrə cavabdeh qismində cəlb edilmiş LPO Cavabdeh ASC-nin olduğu ünvanın Bakı şəhəri Yasamal rayonu Hüseyn Cavid prospekti, 5 olması qeyd olunsa da, iddia ərizəsi nəzərdən keçirilərkən ərizədə belə bir məlumatın əksini tapması aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə görə, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 45.4-cü maddəsinə görə, bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.4-cü maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı cavabdeh Ləğv prosesində olan Cavabdeh ASC-yə qarşı öhdəliklərə xitam verilməsi, ipoteka ilə yüklü edilmiş əmlakın ipotekadan azad edilməsi və məlumatların verilməsi öhdəliyinin qoyulması tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-1457/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1457/2022
12.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver