Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1458/2022 02.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə Arif oğlunun, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alğı-satqı müqavilələrin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışların ləğv edilməsi tələbinə dair Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2358/2021 №-li mülki iş üzrə 05 noyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə İddiaçı arasında 49 saylı dövlət notariat kontorunda Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 59-cu sahədə yerləşən 0.12 ha torpaq sahəsinin alqı-satqısına dair 4Ə/2 reyestr nömrəli 06.02.2015-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi və məhkəmədə iddia qaldırmaq üçün ödədiyi 20 manat dövlət rüsumunun əvəzinin İddiaçı xeyrinə ödənilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Əzizbəyov (Xəzər) rayon İcra Hakimiyyəti başçısının 10 yanvar 1995-ci il tarixli 9/13 saylı sərəncamı ilə ona Bakı şəhəri, Xəzər rayonu Qala qəsəbəsi, 59-cu sahədə yerləşən ərazidə 0.12 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi o vaxtdan onun sahibliyində olmuşdur. Maddi imkansızlıqdan həmin torpaq sahəsi üzərində hər hansı bir tikinti işləri aparmamışdır. Bu ilin mart ayında torpaq sahəsi üzərində mülkiyyət hüququnun əldə edilməsi üçün AR İN ƏMDK yanında DƏDRX-in 1 saylı Ərazi İdarəsinə müraciət etmişdir. AR İN ƏMDK yanında DƏDRX-in 1 saylı Ərazi İdarəsi tərəfindən 04 mart 2021-ci il tarixdə **********25 saylı cavab məktubunda həmin torpaq sahəsinin digər fiziki şəxsin adına özəlləşdirildiyi və bu səbəbdən ərizənin icrasının mümkün olmamaması bildirildi. Bundan sonra yenidən 16 mart 2021-ci il tarixdə həmin torpaq sahəsinin kimin adına özəlləşdirilməsi barədə vəkil sorğusu göndərmişlər. 22 aprel 2021 -ci il tarixli AR İN ƏMDK yanında DƏDRX-in 1 saylı Ərazi İdarəsi tərəfindən verilən cavabda həmin torpaq sahəsinin (Bakı şəhəri, Xəzər rayonu Qala qəsəbəsi, 59-cu sahədə yerləşən ərazidə 0.12 ha torpaq sahəsinin) 10 yanvar 2015-ci tarixdə onun adına özəlləşdirildiyi və özəlləşdirildikdən sonra 49 saylı dövlət notariat kontorunda 40/2 reyestr nömrəli 06.02.2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 qeydiyyatdan keşməsi məlum olmuşdur. Eyni zamanda 08.10.2020-ci il tarixdə 50 saylı dövlət notariat kontorunda 4Ə/1275 reyestr nömrəli alqısatqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Bildirmək istəmişdir ki, Bakı şəhəri, Xəzər rayonu Qala qəsəbəsi, 59-cu sahədə yerləşən ərazidə 0.12 ha torpaq sahəsinin nə özəlləşdirilməsində, nə də onun Cavabdeh1 adına keçirilməsində iştirak etməmiş, həmin torpaq sahəsinin özgəninkiləşdirilməsi ilə bağlı kimsəyə etibarnamə verməmişdir. Onun adından torpaq sahəsinin özəlləşdirilməsi, həmin torpaq sahəsinin alqı-satqısı tamamilə saxta sənədlər əsasında həyata keçirilmişdir. Daha sonra iddiaçı Cavabdeh2 cavabdeh qismində cəlb olunmasını xahiş etmiş və sonuncu cavabdeh qismində cəlb edilmişdir. Bundan sonra iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə İddiaçı arasında 49 saylı dövlət notariat kontorunda Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 59-cu sahədə yerləşən 0.12 ha torpaq sahəsinin alqı-satqısına dair 4Ə/2 reyestr nömrəli 06.02.2015-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi, Cavabdeh1 ilə Cavabdeh2 arasında 50 saylı dövlət notariat kontorunda Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 59-cu sahədə yerləşən 0.12 ha torpaq sahəsinin 08.10.2020-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqısatqısına dair müqavilənin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi və məhkəmədə iddia qaldırmaq üçün ödədiyi 20 manat dövlət rüsumunun əvəzinin İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Artırılmış iddia tələbi onunla əsaslandırılmışdır ki, tərəfindən verilmiş sorğular nəticəsində aşkar edilmişdir ki, Cavabdeh1 mübahisəli torpaq sahəsini 08.10.2020-ci il tarixdə 50 nömrəli Dövlət Notariat Kontorunda AN-İ saylı ******* daşınmaz əmlakın alqısatqı müqaviləsi ilə Cavabdeh2 adına özgəninkiləşdirilmişdir. Xəzər Rayon Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh1 arasında Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 59-cu sahədə yerləşən 0.12 ha torpaq sahəsinin alqı-satqısına dair bağlanmış 06.02.2015-ci il tarixli AN-İ№ ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 59-cu sahədə yerləşən 0.12 ha torpaq sahəsinə dair Cavabdeh1 adına verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” RX seriyalı, ******* saylı çıxarışın ləğv edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdeh1 ödənilmiş dövlət rüsumuna görə 10 manat alınaraq İddiaçı ödənilməsi, ödənilmiş qalan 10 manat İddiaçı özünə aid edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 138 manat Cavabdeh1 alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin AZ41NABZ******************** saylı müxbir hesabına ödənilməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnaməni iddianın təmin olunmayan hissəsində ləğv olunması və iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayəti Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi-vəkili şikayəti müdafiə edərək qətnamənin qismən ləğv, iddianın həmin hissədə tam təmin olunmasını xahiş etdi. Cavabdeh2 şikayətə etiraz edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiçı və digər cavabdeh səbəbləri barədə məhkəməyə məlumat vermədən məhkəmə iclasına gəlmədiyindən kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin olunmayan hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni cavabdehlər mübahisələndirməmiş, iddiaçı isə apellyasiya şikayətində iddianın təmin olunmayan hissəsini mübahisələndirmişdir. Apellyasiya baxışının hədləri ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin halları ondan ibarətdir ki, mübahisəli Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 59 saylı torpaq sahəsi DƏDRX-in hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışa əsasən İddiaçı mülkiyyətində olmuş, 49 saylı DNK-nın 4Ə/2 reyestr nömrəli 06.02.2015-ci il tarixli alqısatqı müqaviləsinə əsasən Cavabdeh1 adına qeydiyyatdan keçmişdir. DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışa əsasən Cavabdeh1 mülkiyyətinə keçmişdir. Daha sonra 08.10.2020-ci il tarixli AN- İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 satılmışdır. Birinci instansiya məhkəməsi iddianın cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış mübahisələndirilən digər 08.10.2020-ci alğı-satqı müqaviləsinin etibarsız hesab olunmasına dair hissəni əsassız hesab etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşaraq qeyd edir ki, həmin hissədə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə həmin hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 27.10.2004-cü il tarixli qərarında qeyd etmişdir ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (13 və 29-cu maddələr). Hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyət hüququ toxunulmaz və müqəddəsdir. Bu hüquq beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsi və s.). Azərbaycan Respublikasında mülkiyyət hüququ müxtəlif üsullar, o cümlədən əqd (müqavilə) üzrə əldə edilir. Dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 157.5 - 157.7-ci maddələrinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə çağırış vərəqəsini aldığı vaxtdan götürdüyü və ya götürülməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Qeyd olunmalıdır ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Konstitusiya Məhkəməsinin Plenumu xüsusi qeyd etmişdir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Məhkəmə kollegiyası qeyd edir ki, əqdin etibarsız sayılması üçün mövcud olan hallar əqdin tərəflərinə münasibətdə mövcud olmalıdır. Yəni, əqdin etibarsızlığı halını əqdin bütün tərəfləri əvvəlcədən bilməli və buna baxmayaraq, onlar əqdi bağlamalıdırlar. Hazırkı iş üzrə Cavabdeh1 ilə Cavabdeh2 arasında 50 saylı dövlət notariat kontorunda Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 59-cu sahədə yerləşən 0.12 ha torpaq sahəsinin 08.10.2020-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi (əqd) qanunvericiliyin tələblərinə riayət edilməklə notarial qaydasında bağlanmış və mülki qanunvericiliyin əqdlərin etibarsızlığı və ya ləğvi ilə bağlı nəzərdə tutulan hər hansı maddi hüquq normasının pozulmasına yol verilməmişdir. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilməsi təsbit olunmuşdur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir Göstərilənləri nəzərə alaraq Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2358/2021 №-li mülki iş üzrə 05 noyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-1458/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1458/2022
02.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver