Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-14686/2019 18.12.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Abiddin Qabil oğlu Hüseynov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6966/2019saylı iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Binəqədi rayon Binəqədi Bələdiyyəsinə qarşı Bakı şəhəri Binəqədi rayonu Novxanı bağ massivində yerləşən sahəsi 0,77 ha olan torpaq sahəsinə dair onunla Binəqədi rayonu Binəqədi Bələdiyyəsi arasında alqı-satqı aktının xx.xx.2006-cı il tarixdən bağlanmış hesab edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 2006-cı ildə Binəqədi rayonu Binəqədi Bələdiyyəsinə müraciət edərək Novxanı bağ massivində yerləşən və uzun müddət faktiki istifadə etdiyi torpaq sahəsinin mülkiyyətinə verilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 459 nömrəli xx.xx.2006-cı il tarixli qərarı ilə Novxanı bağ massivində yerləşən uzun müddət abadlaşdıraraq istifadə etdiyi 0,77 ha ölçüdə torpaq sahəsinin alqı-satqı yolu ilə iddiaçının mülkiyyətinə verilməsi qərara alınmışdır. Bundan sonra Binəqədi Bələdiyyəsi ilə iddiaçı arasında torpaqların alqısatqısına dair akt tərtib olunmuşdur. Həmin aktda da qeyd olunduğu kimi iddiaçı torpaq sahəsinin dəyərini tam şəkildə ödəyərək həmin sahəni qanuni əsaslarla əldə etmişdir. Halhazırda qeyd olunan torpaq sahəsi iddiaçının sahibliyində və istifadəsindədir. Bu günə kimi alqı-satqı yolu ilə əldə etdiyi torpaq sahəsi iddiaçının mübahisəsiz və fasiləsiz olaraq ona məxsusdur. İddiaçı qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata aldırmaq istəyərkən Binəqədi Bələdiyyəsi tərəfindən torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsinə dair qərardan irəli gələn tələblərin yerinə yetirilməməsi məlum olmuşdur. Belə ki, həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə görə və Torpaq islahatı haqqında Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən torpağın alqı-satqısına dair tərtib olunmuş akt Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli şöbəsində qeydə alınmalı idi. Bu səbəbdən iddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyatdan keçirə bilmir. Torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi, həmin torpaq sahəsinin fasiləsiz və mübahisəsiz qanuni istifadəsində olması mübahisələndirilməyən hallardır. Lakin cavabdeh tərəfindən torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsinə dair qərardan irəli gələn tələblər tam yerinə yetirilmədiyinə görə tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanması formal olaraq tam şəkildə həyata keçirilmədiyinə görə torpaq sahəsi üzərində hüquqlarını qeydiyyatdan keçirdə bilmir. Buna görə də iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı 2006-cı ildə Binəqədi bələdiyyəsinə müraciət edərək, torpaq sahəsinin dəyərini tam ödəyərək alqı-satqı yolu ilə əldə etmişdir. İddiaçı torpaq sahəsini rəsmi qaydada əldə edənədək və hazırki vaxta kimi həmin torpaqsahəsi hər hansı bir hüquqla digər şəxs və ya şəxslərə verilməmişdir. Hal- hazırda torpaq sahəsi üzərində heç bir yüklülük mövcud deyildir. Ona görə də Bakı şəhəri Binəqədi rayonu Novxanı bağ massivində yerləşən sahəsi 0,77 ha olan torpaq sahəsinə dair iddiaçı ilə Binəqədi rayonu Binəqədi Bələdiyyəsi arasında alqı-satqı aktının xx.xx.2006-cı il tarixdən bağlanmış hesab olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6966/2019 saylı iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Binəqədi rayon Binəqədi Bələdiyyəsinə qarşı Bakı şəhəri Binəqədi rayonu Novxanı bağ massivində yerləşən sahəsi 0,77 ha olan torpaq sahəsinə dair onunla Binəqədi rayonu Binəqədi Bələdiyyəsi arasında alqı-satqı aktının xx.xx.2006-cı il tarixdən bağlanmış hesab edilməsinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçıverdiyi apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia ərizəsinin təmin edilməsi haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, sözügedən qətnamə çıxarılarkən maddi və prosessual qanun normalarının tələbləri pozulduğundan, birinci instansiya məhkəməsi hüquq normalarının tətbiq edilməsində yalnışlığa yol verdiyindən, nəticədə əsassız və qanunsuz qərar qəbul edildiyindən ləğv edilməli, iddia ərizəsinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6966/2019 saylı iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Binəqədi Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 459 saylı qərarının surətindən müəyyən olunur ki, Binəqədi rayonu Novxanı bağ massivində istifadə etdiyi 0,77 ha bağ-torpaq sahəsi sahibkarlıqla məşğul olmaq üçün əlavə olunmuş cizgiyə uyğun olaraq İddiaçı mülkiyyətinə verilməsi qərara alınaraq, Bələdiyyə mülkiyyətinin idarə edilməsi şöbəsinə İddiaçıla müvafiq alqı-satqı müqaviləsinin bağlanması həvalə edilmişdir. İş materiallarında olan Torpaqların alqı-satqısına dair xx.xx.2006-cı il tarixli aktdan müəyyən olunur ki, İddiaçı xx.xx.2006-cı il tarixdə torpaq sahəsi almaq barədə Binəqədi Bələdiyyəsinə müraciət etmiş, ərizəyə bələdiyyənin ümumi iclasında baxılmış və Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin ərazisində yerləşən 7700 m2 torpaq sahəsinin satılması barədə xx.xx.2006-cı il tarixli 454 saylı qərara qəbul edilmiş, bunun müqabilində İddiaçı tərəfindən Binəqədi rayon Binəqədi Bələdiyyəsinə 17248 manat ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Mülki qanunvericiliyin prinsiplərinə əsasən mülki hüquq subyektləri müqavilə azadlığı hüququna malikdirlər. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 389-390-cı maddələri) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsinə əsasən torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır. Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin-küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. Hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara onların qanuni istifadəsində və icarəsində olan bələdiyyə torpaqları daxildir. Bələdiyyə ehtiyat fondu torpaqları aşağıdakılardır: yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; hüquqi və fiziki şəxslərin istifadə və icarə hüququna xitam verilən bələdiyyə torpaqları; ehtiyat məqsədləri daşıyan digər bələdiyyə torpaqları. Bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. Bələdiyyələr bələdiyyə mülkiyyətinə torpaq alınması zəruriyyəti yarandığı hallarda dövlət mülkiyyətindən torpaq almaq barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırır. Həmin Məcəllənin 56-cı maddəsinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərtilə hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız kənd təsərrüfatı istehsalı üçün icarəyə verilə bilər. Bələdiyyə torpaqlarının mülkiyyətə (icarəyə) verilməsi məqsədilə torpaq hərracları və ya müsabiqələrinin keçirilməsi zamanı bərabər təkliflər irəli sürüldükdə aşağıdakı şəxslərə üstünlük verilir: bu torpağın əvvəlki istifadəçilərinə və ya icarəçilərinə; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə əlil olmuş şəxslərə və həlak olanların ailəsinə; yaşına, xəstəliyinə, ştatların ixtisarına, ailə vəziyyətinə görə həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış, 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); sərhədyanı və dağlıq ərazilərdə yaşayan, daimi yaşamaq üçün həmin ərazilərə köçən, təsərrüfatla məşğul olmaq istəyən gənclərə; müvafiq ərazidə müvəqqəti məskunlaşmış məcburi köçkünlərə; müvafiq bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşlarına. Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə bələdiyyənin qərarı (müqavilə) ilə, dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqlar istifadəyə və icarəyə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının və bələdiyyənin qərarı (müqavilə) ilə verilir. Həmin qərarda yerli şərait, torpaq ehtiyatının miqdarı, əhalinin sıxlığı nəzərə alınmaqla, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma layihə sənədlərinə uyğun olaraq, verilən torpaq sahələrinin ölçüləri müəyyən edilir. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Tədqiq olunmuş sübutlarla müəyyən olunur ki, tərəflər arasında tərtib olunan torpaqların alqı-satqısına dair xx.xx.2006-cı il tarixli aktın qeydə alınmaması səbəbindən iddiaçı həmin aktın məhkəmə qaydasında bağlanmış hesab edilməsi barədə məhkəmə aktının qəbul edilməsini, cavabdeh isə iddia tələbini etiraf edərək təmin edilməsini xahiş edir. Torpaq islahatı haqqında Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən Bələdiyyə ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları, Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərin mülkiyyətində olan torpaqlar alqı-satqı müqavilələrinin predmeti ola bilər. Azərbaycan Respublikasında torpaq sahələri üzərində mülkiyyət hüququ mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (şəxslərin razılığı) ilə bilavasitə, torpaq hərracları və müsabiqələri vasitəsilə alınıb satıla bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət hüququ yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Bu Qanun qüvvəyə mindiyi gündən sonra yaşayış evi, həyətyanı və bağ sahəsi üçün Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bələdiyyənin ehtiyat fondundan torpaq sahələri müəyyən edilmiş normalara uyğun olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada satılır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə əlil olmuş şəxslərə və həlak olanların ailəsinə, ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara fərdi yaşayış evinin tikintisi üçün torpaq sahələri bir dəfə pulsuz verilir. Azərbaycan Respublikası vətəndaşları və hüquqi şəxsləri qeyri-kənd təsərrüfatı ehtiyacları üçün bələdiyyənin ehtiyat fondunun kənd təsərrüfatına yararsız torpaqlarını texniki, tikinti və digər müvafiq normativlərə uyğun olaraq müəyyən edilmiş ölçüdə və qaydada satın ala bilərlər. Dövlət, bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda fiziki və hüquqi şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan bütün torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahələrinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Torpaqların alqı-satqısının digər xüsusiyyətləri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilir. Torpağa mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydə alınır. Məhkəmə haqlı olaraq qeyd etmişdir ki, iddiaçının tərəflər arasında tərtib olunan xx.xx.2006-cı il tarixli aktdan irəli gələn hüquqlarının qeydə alınmaması halı Bakı şəhəri Binəqədi rayonu Novxanı bağ massivində yerləşən sahəsi 0,77 ha olan torpaq sahəsinə dair məhkəmə qaydasında İddiaçıla Binəqədi rayonu Binəqədi Bələdiyyəsi arasında alqısatqı aktının xx.xx.2006-cı il tarixdən bağlanmış hesab edilməsi üçün əsas olmadığından, tərəflərin hər biri məhkəmə iclasında verdikləri izahatlarında iddia tələbi ilə bağlı aralarında hər hansı bir mübahisənin olmadığını bildirdiklərindən, məhkəmələr isə bələdiyyə torpaqlarının idarə edilməsi ilə bağlı, habelə bələdiyyələr ilə torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri arasında mübahisələrə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında baxaraq mübahisəni həll etməli olduqlarından, müqavilə bağlamaq hüququ mülki hüquq subyektlərinə aid olduğundan məhkəmə iddiaçının iddia tələbini əsassız, cavabdehin isə əsassız iddia tələbini etirafını qanunsuz hesab edib qəbul etməməklə iddia ərizəsini təmin etmir. Kollegiya qeyd edir ki, müqavilə münasibətlərinə daxil olmaq tərəflərin iradə ifadəsindən asılı olduğundan, hazırki halda iddia tələbinin təmin edilməsi qeyrimümkündür. Belə ki, maddi nemətlərin fərdi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında və ölkəmizin qoşulduğu beynəlxalq- hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, insan hüquqlarının və əsas azadlıqlarının müdafıəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun l-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mülkiyyət hüququ mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında X2 Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı cavabdeh Binəqədi rayon Binəqədi Bələdiyyəsinə qarşı Bakı şəhəri Binəqədi rayonu Novxanı bağ massivində yerləşən sahəsi 0,77 ha olan torpaq sahəsinə dair onunla Binəqədi rayonu Binəqədi Bələdiyyəsi arasında alqı-satqı aktının xx.xx.2006-cı il tarixdən bağlanmış hesab edilməsi barədə iddiasını təmin etməməkdə haqlı olmuşdur. Beləliklə, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin müəyyən edilmiş hallarına və qanunvericiliyin tələblərinə uyğun olmaqla apellyasiya şikayətinin dəlilləri formal mülahizələr olmaqla qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6966/2019 saylı iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçıapellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6966/2019 saylı iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Azad İmanov Hakimlər Abiddin Hüseynov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-14686/2019
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-14686/2019
18.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver